Xəbərlər
26.10.2026, 01:11
KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR
Çox eşitmişdim: şəkil adamla danışır, yaxud adam şəkillə danışır. Düzü, əvvəllər dəfələrlə yaxınlarımın, əzizlərimin, xətrini istədiyim bir çox insanların şəkilləri ilə üz-üzə qalmışam. Ürəyimdən keçənləri demişəm, gileyimi bildirmişəm, arzularımı dilə gətirmişəm. Bəlkə də elə belə hallara görə deyirlər: «Şəkillə danışırsan» və ya «Şəkil səninlə danışır».
Amma əvvəlki hallarla müqayisədə ruhum heç vaxt bu qədər narahatlıq hiss etməmişdi.
Paylaşımlarda bir şəhid balamızın şəklini gördüm. İlahi, nə qədər məsum baxışları vardı! Körpə görkəmində, körpə baxışlarında elə bir məsumluq duyulurdu ki... Dodaqları da sanki hələ uşaq təbəssümünün istiliyini qoruyub saxlamışdı. Bəlkə də şəklini çəkdirəndə nəsə deyirdi...
Ancaq hərbi formada elə məğrur görünürdü ki, üzündəki uşaqlıq cizgiləri belə həmin formaya xüsusi bir gözəllik qatırdı. Elə bil uşaqlıq cizgiləri hərbi formasının üzərindəki qələbələrdən qazanılmış mükafat, orden-medal idi. Bu körpə məsumluğunun hərbi formaya verdiyi yaraşıq insana onun yaşını, hələ uşaq olduğunu unutdururdu.
Xeyli duruxdum şəklin qarşısında. Ürəyimdən keçən gileyləri də, qınaqları da içimdə dilə gətirdim. Hamısı qəlbimdə özünə yer etdi. Amma bir qürur hissi vardı ki, bütün digər duyğuları ürəyimdən sıxışdırıb çıxarır, mənə bu balaca şəhidimizin məğrurluğunu, cəsurluğunu yaşadırdı. Gözlərim onun baxışlarına, yanaqlarına, dodaqlarına dikilib qalırdı. Hərdən nəzərlərim saç düzümünə də yönəlirdi, bu körpə balamızın...
Bir anlıq yenidən duruxdum. Şəklin altındakı yazını neçə dəfə oxumuşdum, özüm də bilmirdim. Bütün varlığımla elə bil bu körpə balanın gözlərində, üzündə, duruşunda, baxışlarında, hətta saç düzümündə belə nəsə axtarırdım. Bəlkə də məhz buna görə dəfələrlə oxumağıma baxmayaraq, adını tam olaraq yaddaşıma həkk edə bilməmişdim. Çünki bu körpə bala duruşu və baxışları ilə məni elə ovsunlamışdı ki, sanki saçından ayrılan bir tel belə mənə nəsə söyləyirdi.
Odur ki, yazını yenidən oxudum. Bu dəfə isə adını yaddaşıma həkk etdim:
BALACA ŞƏHİDİMİZ ELMİN BAYRAMOV.
Axtarış verib balaca şəhidimiz Elmin Bayramov haqqında məlumatları nəzərdən keçirməyə başladım. Videoçəkilişlərə baxdım. Süjetdə balamızın babası, atası, anası, qardaşı və əmisi qürurla danışsalar da, onların sızıltılarını, ağrılarını hiss etməmək mümkün deyildi.
Demə, şəhid balamız hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu valideynlərinə bildirirmiş. Hərbi formanın insana verdiyi qürurdan, məğrurluqdan danışır, yaxınları ilə bu barədə şirin söhbətlər edirmiş.
TANIŞLIQ:
ELMİN ELMƏDDİN OĞLU BAYRAMOV
Elmin Bayramov 24 iyun 2002-ci ildə Mübariz İbrahimov kimi bir qəhrəmanı dünyaya bəxş etmiş Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya göz açıb. 2008–2019-cu illərdə doğulduğu Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay olub.
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və xidmətini Ağcabədi rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə keçib.
Vətən müharibəsi başlayanda Elmin Bayramov cəmi üç aydır əsgər həyatı yaşayırmış.
Cəmi üç ay idi ki, anasının dəfələrlə: «Dur, ay bala, günorta oldu, yeməyini verim, mənim də əlimdə işim var», — deyərək gəlib onu yuxudan oyatması adəti növbətçi əsgərin «Durun!» əmri ilə əvəzlənmişdi.
Cəmi üç ay idi ki, hər dəfə yatanda sabah dostları ilə görüşmək, qarşıda onu gözləyən hərbi təlimlər barədə düşüncələri əsgər həyatının yeni-yeni təəssüratları ilə qarışırdı.
Elmin Bayramov mənfur düşmənlə başlayan İkinci Vətən müharibəsində könüllü olaraq ön cəbhəyə gedir. Sentyabrın 27-dən oktyabrın 6-dək qızğın döyüşlərin içində olur bu körpə balamız.
İnanmaq olarmı? Ağır artilleriyanın, avtomatların, pulemyotların vahiməsi altında dayanmağın belə dəhşət saçdığı bir zamanda bu bala düşmənin üzərinə cəngavər kimi şığıyırmış!
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olur.
Nəşi 6 oktyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Əsgərabad kəndində, uğrunda canından keçdiyi torpağa tapşırılır.
Şəhid balamız göstərdiyi şücaətə görə dövlətimiz tərəfindən «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif edilir.
Bu cümlələri yazıb bitirəndən sonra gözlərim yenə balamızın baxışlarına sataşır. Həqiqətən də, baxışları şəhidliyindən qürur duyurmuş kimi son dərəcə məğrur görünürdü.
Allahdan siz şəhid balalarımız üçün haqq etdiyiniz, halal haqqınız olan mərhəməti diləyirik. Bizə yaşatdığınız qürura görə ruhunuz şad, məkanınız cənnət olsun!
Sizlər ölmədiniz, qəlbimizə köçdünüz. Elə buna görə də gələcək nəsillər şəkillərinizə qürurla baxacaq, sizinlə fəxr edəcək, sizdən sonra gələnlər də bu gün bizim yaşadığımız duyğuları yaşayacaqlar. Bizdən sonra da sizin adınız, surətiniz, məğrur baxışlarınız yaşayacaq. Nəsillər dəyişəcək, amma şəhidlərimizin üzündəki o məsumluqla məğrurluğun yaratdığı qürur heç vaxt dəyişməyəcək.
Allah sizlərə rəhmət eləsin!
Qarşınızda baş əyirik, şəhid balalarımız!
Elxas Comərd
AYB-nin üzvü,
Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










