
Xəbərlər
27.07.2026, 22:08
Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir
MƏTBUAT GƏLƏCƏYƏ TARİXİ SƏNƏDDİR
(Redaksiya kollektivi ilə müsahibə)
Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir.Çünki ta yarandığı gündən qəzetlər ən operativ təbliğat və təşviqat vasitəsi hesab olunmuşdur.Jurnallara rəğmən qəzetlər gündəlik nəşr olunurdu.Oxucu kütləsi arasında bir mətbuat " aclığı" hiss olunurdu.İllər bir- birini əvəz etdikcə, zaman öz hökmünü göstərir.
Hazırda texnologiyanın günbəgün inkişaf etdiyi bir dövrdə yaşayırıq.Telefon,internet, sosial mediya qəzetçiliyə öz təsirini göstərir və göstərməkdədir.Ancaq qəzetlər həyatı faktiki olaraq təbliğ edir, zamanın nəbzini olduğu kimi " tutur".Çünki qəzet tarixi bir sənəd kimi vərəqləri saralsa,köhnəlsə belə gələcək nəsil,sabahımız üçün qalıcıdır.Həm də sensasiya xarakterli yazılardan demək olar ki,uzaqdır.Müasir dövrün qəzetçiliyi ilə bağlı " Qəbələ səsi" qəzetinin əməkdaşları və redaksiya kollektivi ilə Milli mətbuatımızın 151 illiyi ərəfəsində müsahibə apardıq. Dəyirmi masa arxasında keçən müsahibəmizlə oxucularımızı tanış edirik.
- Azad müəllim, " Qəbələ səsi" qəzetinin baş redaktoru kimi,sizin qəzetçilik fəaliyyətinin msuliyyəti haqda fikirlərinizi bilmək istərdik.
- Bu gün müasir texnologiyanın, son internet üstünlüklərinin dövründə çap fəaliyyətini yaşatmaq bir sıra problemləri üzə çıxarır.Tək qəzet yox, həmçinin kitab və jurnalın da oxucular tərəfindən qarşılanmasında da ötən illərdən fərqli münasibət izlənilir.Sosial şəbəkələrdən əldə edilən məlumatlar oxucu kütləsini çap materiallarından uzaqlaşdırır.Bu gün oxucu ölkədə və dünyada baş verən siyasi hadisələri sosial şəbəkələrdən, hansısa bloger məlumatından alır.Nəticədə qəzet və kitab oxuyanların sayı sürətlə azalır. Çox təəssüf ki, internet materialları, yoxsa çap materialları daha obyektiv, dürüst məlumatları özündə ehtiva etdiyini oxucu araşdırmır. Odur ki,qəzetin növbəti nəşrini çapa hazırlayarkən daha məsuliyyətli olmaq lazım gəlir. Çap materialları daha etibarlı mənbələrə istinad etməlidir.Çünki qəzetdə verilmiş hər hansı bir məlumat reallığa istinad etməzsə ,o ,qəzetə olan etimadı azaldar.
-Azad müəllim , əvvəl işlədiyiniz və rəhbəri olduğunuz kollektivlərə rəğmən , çoxsaylı, yoxsa sayı az olan kollektivlə işləmək- hansı daha maraqlı və məsuliyyətlidir? Bu kollektivimiz və oxucularımız üçün də maraqlı olar.
-" Azsaylı , yaxud çoxsaylı kollektiv" termini ilə razılaşmıram.Mənim üçün ən önəmlisi işinin məsuliyyətini dərk edən,savadlı və işgüzar işçi daha önəmlidir.
- Qəzetimizi yaşatmaq üçün jurnalist və redaksiya kollektivinin başlıca vəzifəsi nə ola bilər?
- Oxucunun maraq dairəsini bilmək, ən müasir və real hadisələri araşdırıb şərh edərək oxucuya çatdırmaq.
- Qəzet rayon əhalisinə nə verir?
- Vaxtı ilə bir sıra oxunaqlı qəzetlər əlbəəl gəzirdi.Səhərlər qəzet köşklərinin qarşısı qəzet alan insanlarla dolu olardı.Çünki məlumat " aclığı" vardı.Son və lazımi məlumatlar qəzetdən alınardı.İndi sosial şəbəkə məlumatları insanları yanlış istiqamətdə məlumatlandırır.Çünki bu cür məlumatlar həqiqətə söykənmir.Bu gün Qəbələ əhalisinin çox hissəsi rayonumuzda aparılan quruculuq- abadlıq işlərindən, rayonda keçirilən tədbirlərdən xəbərsizdir.Çünki internet səhifələrində bu işlər işıqlandırılmır." Qəbələ səsi" qəzeti bu məlumatları oxuculara şərh edərək təqdim edir.Rayon əhalisi buradan yeni iş yerləri, hüquqları,aparılan quruculuq - abadlıq işləri barədə düzgün məlumat əldə edə bilər.
- Milli - mətbuat bayramı ilə əlaqəli oxucularımıza sözünüz?

Oxucular,xüsusilə gənclər sosial şəbəkə məlumatlarının doğruluğunu araşdırsınlar, insan psixologiyasına, sağlamlığına zərərli olan vərdişlərdən uzaq olsunlar. Daha çox kitab,qəzet, jurnal və digər çap materiallarına istinad etsinlər, oxusunlar.Vaxtı ilə təhsil, mədəniyyət müəssisələrində gənclər və yaşlı nəsil arasında kitabların,əsərlərin müzakirəsi keçirilərdi.Bu ənənələr bərpa olunmalı, yaşadılmalıdır.Çox təəssüf ki, bunlar həyat səhifəmizdən çıxarılıb...
-Bibixanım müəllimə, mətbuat və həyat! Bu haqda öz fikirlərinizi oxucularımızla bölüşə bilərsinizmi?
İnsan bioloji baxımdan mətbuatsız yaşaya, mövcud ola bilər, ancaq müasir sosial- siyasi,mədəni həyat mətbuat olmadan qeyri - mümkündür.Mətbuat və mediya cəmiyyəti məlumatlandırmaqla bərabər,ictimai nəzarət mexanizmi rolunu oynayır.Kütləvi informasiya cəmiyyətin görən gözüdür,o olmasa idarəetmə şəffaflığını itirər və qərarlar qəbul edərkən manipulyasiyalara qarşı müdafiəsiz qalar.Mətbuat hakimiyyət və qurumların fəaliyyətini izləyərək şəffaflığı və hesabatlılığı təmin edir.Həmçinin ictimai müzakirələr üçün platforma qurur, tarixi sənədləşdirir.
- Sosial medianın mətbuatı əvəz edib - etməməsi məsələsi haqqında oxucularımıza nə deyə bilərsiniz?
-Yaşadığımız zamanın ən qlobal mediasıdır sosial media.O heç də mətbuatı tamamilə ıvəz etməyib, əksinə onu transformasiya edərək yeni bir məlumat ekosistemi yaradıb.Ənənəvi mətbuat etibarlılıq və peşəkarlıq funksiyasını qorusa da,sosial media xəbərlərin çatdırılma surətinin və auditoriya ilə interaktivliyi artırıb.
Ənənəvi mətbuat aeaşdırmaçı jurnalistika,faktların yoxlanılması və peşəkar redaktə prinsiplərinə əsaslanır.Sosial mediada isə dezinformasiya ( saxta xəbərlər) riski yüksəkdir.Bu, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır.
- Hazırkı dövrdə ayrı- ayrı rayonlarda qəzetlərin ( rayon qəzetlərinin) nəşr olunması lazımdırmı?
- Rayon qəzetləri yerlimicma üçün mühüm əhəmiyyət daşıyır.Onlar regionun tarixini arxivləşdirir, dövlət qərarları barədə yerli əhalini məlumatlandırır və internetə çıxışı məhdud olan yaşlı nəsil üçün etibarlı məlumat mənbələrindən biri sayılır.Ancaq rəqəmsallaşma və qəzetlərin çatdırılmasında vaxt itkiləri onların əhəmiyyətini müəyyən mənada azaldır.
Rayon icra hakimiyyətinin qərarları, yerli təyinatlı elanlar və rəsmi sənədlər əhaliyə əsasən bu qəzetlər vasitəsilə çatdırılır.Həmçinin rayon qəzetləri yerli xəbərləri, mədəni hadisələri və rayonun tanınmış şəxsiyyətləri, bir sözlə, bu bölgənin mövcudluğunu sənədləşdirərək gələcək nəsillər üçün yazılı arxiv yaradır.
- Müasir oxucu və müasir jurnalist necə olmalı?
- Müasir jurnalist tarixi keçmişini unutmadan zamanın inkişaf yolunu faktiki olaraq qələmə almalıdır.Unutmamalıdır ki,qələminin izi sabahkı nəsil üçün sənədli bir tarixdir.Buna görə də ,dezinformasiyadan uzaq olmalıdır- istər qəzet və jurnallarda,istərsə də sosial mediada.Bu onun peşəsinə məsuliyyət və hörmətinin ən bariz nümunəsidir.
Müasir oxucu isə zamanın nəbzini tutarkən həqiqət carçısını tanımalı, həyatın sağlamlıq tərəfini düşünməlidir.Unutmamalıdır ki, " Əkinçi"- dən 151 il ötməsinə baxmayaraq, bu gün də həqiqət carçısı kimi xatırlanır.Bir sözlə, qəzet hər kəs, hər oxucu üçün önəmlidir və önəmli olmalıdır.
-İlahə xanım, qəzetimizin gənc əməkdaşl kimi mətbuat və qəzetçilik - bu haqda düşüncələrinizi oxucularımızla bölüşərsinizmi?
- Çox sağ olun ,bu maraqlı və aktual suallara görə.Qəzetimizin gənc bir əməkdaşı kimi öz düşüncələrimi oxucularımızla bölüşməkdən məmnunluq duyuram.Bu gün mətbuat və gənclik arasındakı münasibət tamamilə yeni bir mərhələyə qədəm qoyub.Gənclik dinamikdir,çevikdir və informasiyanı anındaca mənimsəməyə meyllidir.Müasir mətbuat isə gənclərin dinamikasına uyğunlaşmalı, sadəcə xəbər ötürən yox, həm də gəncləri düşündürən, onlara platforma yaradan bir vasitəyə çevrilməlidir.Gənc jurnalistlərin mətbuata gəlişi isə media orqanlarına yeni nəfəs, fərqli baxış bucağı və müasir texnologiyaların gətirdiyi üstünlükləri bəxş edir.
Yeni nəslin nümayəndəsi kimi deyə bilərsinizmi, oflayn , yoxsa onlayn fəaliyyət? Hansı müasir jurnalist üçün daha maraqlıdır?
- Müasir jurnalist üçün bu iki format bir - birini təkzib etmir,əksinə tamamlayır.
Onlayn fəaliyyət: çeviklik,operativlik və geniş auditoriyaya çıxış deməkdir.Sosial media,vixual məzmunlar,instant xəbərçilik gənc jurnalistlər üçün böyük yaradıcılıq meydanı açır.
Oflayn fəaliyyət: prestij, arxiv dəyəri və dərin təhlil deməkdir.Çap olunmuş bir yazının,müsahibənin və reportajın çəkisi və analitik dərinliyi hələ də öz əhəmiyyətini qoruyub saxlayır.Nəticə olaraq isə müasir jurnalist üçün ən maraqlı və effektiv yol Hibrid modelidir- onlayn platformaların çevikliyini çap mediasının dərinliyi və etibarlılığı ilə birləşdirmək.
- Rayon qəzetinin fəaliyyətini təmin etmək üçün nə etməli? Fikirlərinizi öyrənmək istərdik.
-Rayonbqəzetləri yerli camaatın güzgüsüdür.Bildiyiniz kimi, dövrümüz internet dövrüdür və bir düymə vasitəsilə artıq dünyanın o biri tərəfindən xəbər tuta bilirik.Ona görə də, zəmanənin tələblərinə cavab vermək və xüsusilə gənc oxucuları cəlb etmək üçün müəyyən addımlar atılmalıdır.Rayonun yalnız rəsmi xəbərlərinə deyil, insan hekayələrinə üstünlük verilməlidir.Yeni gənclərin uğurları,sənətkarlar, fermerlər, maraqlı taleyi olan sakinlərlə müsahibələr diqqətdə olmalıdır.Nəzərə alsaq ki ,indiki dövrdə qəzet oxumayanlar içərisində gənclər çoxluq təşkil edir, ona görə də gəncləri maraqlandıran mövzulara- təhsil, karyera,idman və asudə vaxtın təşkilinə daha çox yer ayrılmalıdır. Bir rayon qəzetinin- Qəbələnin mətbu orqanı " Qəbələ səsi" qəzetinin gənc jurnalisti , gənc vətəndaş kimi bu şərəfli və məsuliyyətli işdə bütün həmkarlarıma işlərində müvəffəqiyyətlər arzu edirəm. Qəzetimizin isə uzunömürlü və bol oxuculu olmasını diləyirəm!
- Rais müəllim,qəzet materiallarının yerləşdirilməsi,dizayn işi sizə auddir.Müasurboxucunu qəzetimizin dizaynı qane edirmi?
Dizayn işi ilk baxışdan görünən işə verilən qiymətdir!Mənim fikrimcə , qəzetimizin dizaynı oxucularımızın zövqünə uyğundur. Həm maketləşdirmə, həm şəkillərin yerləşdirilməsi, şriftlərin növlərindən düzgün istifadə razılıqla qarşılanır.İşlədiyim müddət ərzində demək olar ki, qəzetimizin dizaynı haqqında həmişə qənaətbəxşlik eşitmiş, qəzetimizin dizayn işinin bir çox qəzetlərin içində fərqlənməsini duymuşam. Bu da mənim işimə məsuliyyətimi artırır.
- Səhrab müəllim, 56 ildir ki, rayon qəzetinin fotoqrafısınız! Sizin fikrinizcə qəzetimizin səhifələrində telefonla, yoxsa foto - aparatla çəkilən şəkillər daha effektlidir?
-İllərin təcrübəsinə əsasən deyə bilərəm ki, ümumilikdə götürdükdə belə , foto - aparatlarla çəkilən şəkillər daha effektli və uzunömürlü sayılırlar.Qəzet səhifələrində isə telefonla çəkilən şəkillər nəşr zamanı effektini itirir və şəkillər çox keyfiyyətsiz hal alır.Məhz buna görə də,şəkillər foto- aparatlarla çəkilib qəzet,jurnal və kitablarda,onların səhifələrində yerləşdirilməlidir!
Müsahibəni apardı:
BİBİXANIM İSAYEVA.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

