RUHLARIN SƏMİMİ QOVUŞMASI

Həyat insan övladına həm fərəhli sevinclər, həm də çətin mənəvi sınaqlar bəxş edir. Sevincimizi bölüşmək, xoş günlərimizdə yan-yana dayanmaq asandır, çünki fərəh hər kəsi özünə cəlb edən bənzərsiz parıltıdır. Lakin insanın ruhu qaranlığa qərq olanda, qəlbinə vaxtsız itkinin, sızıltılı dərdin kölgəsi düşəndə həyatın ən ali, ən müqəddəs həqiqəti baş qaldırır. Bu, dərd ortaqlığıdır. Dərd ortaqlığı, sadəcə, başqasının kədərinə kənardan acımaq və ya təsəlli sözləri demək deyil; bu, özgəsinin fəryadını, ağrısını öz daxili asimanında hiss edib, o ağır mənəvi yükü təmənnasız olaraq çiyinlərinə götürmək fəlsəfəsidir.

Həqiqi dərd ortaqlığı


heç bir süni maskaya, başqa birisinə bənzəmək cəhdinə sığmır. O, insanın öz xalis, səmimi xislətindən doğur. Bir ocağın, bir dostun qapısını qəfil bir kədər döyəndə, xüsusilə gələcək arzuları, sevincləri yarımçıq qalan fədakar insanın və ya ömrünün baharında solan gəncin vaxtsız ölümü zamanı ətrafındakıların göstərdiyi vəfadarlıq dərd ortaqlığının ən uca rəmzidir. Belə anlarda həqiqi dostlar, qohum-əqraba, yaxın-yörə, onu əhatələyən dostları ətrafa nur saçan, lakin öz daxilini fəda edən yanan bir şam kimi yaralı qəlblərə işıq paylayırlar. Bu ortaqlıq sarsılan ürəklərə mənəvi rahatlıq bəxş edir və insana bu dünyada tək olmadığını səmimi şəkildə pıçıldayır.

Biz bir millət kimi dərd ortaqlığının nə qədər qüdrətli, birləşdirici qüvvə olduğunu yenidənqurma dövründə yaşamışıq. Nə qədər doğmamızı, əzizimizi itirmişik. Belə məqamlarda dərd ortağı kimi birləşmiş, ağlayıb sızlamışıq. Ona görə dərd ortaqlığı dedikdə o, həm də keçmişə vəfalı olmaq, dünyasını dəyişən ləyaqətli insanların arxasında buraxdıqları təmiz adı, ləyaqətli imzanı unutmamaq və yaşatmaqdır. Yarımçıq qalan oçerki, məqaləni, ömür dastanını qəlblərdə qorumaq xatirə vəfadarlığıdır. Çünki ölüm cismi bu dünyadan qoparıb aparsa da, dərd tərəfdaşlarının səmimi duaları və sevgisi o ruhları hər zaman uca tutmağa qadirdir.
Dərd ortaqlığı insanı mənən ucaldan, ona uca mənəviyyat bəxş edən ən ali duyğudur. Sevinclər bu dünyada keçici xoş təəssüratlar yarada bilər, lakin insanlığı ayaqda saxlayan, milləti bütöv, dostluğu isə sarsılmaz qılan yeganə qüvvə çətin günlərdə bəyan olan o xalis dərd ortaqlığıdır. Nə qədər ki qəlblərimizdə bu səmimi duyğu yaşayır, insanlıq hər zaman uca və sarsılmaz olaraq qalacaq.

Yaralı qəlblərin səssiz dialoqu


İnsan həyatı səs-küylü sevinclər və səssiz kədərlər arasında qurulmuş kövrək körpüdür. Çox vaxt elə düşünürük ki, çəkdiyimiz mənəvi ağrılar, daxilimizdə qopan tufanlar yalnız bizə məxsusdur və bizi kimsə tam mənası ilə anlaya bilməz. Lakin fərqli talelərin, ayrı-ayrı insanların eyni mənəvi sınaqlardan keçərək eyni nöqtədə qovuşduqlarını gördüyümüz an həyatın ən kövrək fəlsəfəsi baş qaldırır. Bu, tale oxşarlığıdır. Tale oxşarlığı – eyni ağrını fərqli zamanlarda və məkanlarda yaşayan yaralı qəlblərin heç bir söz olmadan biri-birini səmimi şəkildə duyması, ruhların eyni tezlikdə döyünməsidir.
Bu mənəvi asiman heç bir süni pafosa və ya başqa birisinə bənzəmək cəhdinə sığmır. Təqlidçilik insanı özündən uzaqlaşdırsa da, tale oxşarlığı insanı öz xalis xislətinə və kökünə qaytarır. Bir anlıq təsəvvür edək: ömrünün baharında solan gəncin vaxtsız ölümü ilə sarsılan atanın və vəfalı dostun qəfil, faciəli gedişi qarşısında aciz qalan insanın daxili dünyası eyni sızıltı ilə döyünür. Onların çəkdikləri yoxluq əzabı fərqli insanlara aid olsa da, içlərində açılan o mənəvi boşluğun rəngi, sükutun musiqisi eynidir. Bu oxşarlıq insanları kənar parıltılardan uzaqlaşdırır, biri-birinin ağrısına qarşı ətrafa işıq paylayan fədakar şam kimi xeyirxah və təmkinli olmağa səsləyir.

Belə dərd ortaqlığını və tale oxşarlığını biz bu günlərdə - Xaliq İlham oğlu Qasımovun, ardınca da Kamran Mirzəağa oğlu Ağayevin yas mərasimlərində yaşadıq. Gərək o anlarda ürəyi yaralanmış, paralanmış İlham atanın, İradə ananın gözlərinə baxaydınız. Baxa bilərdinizmi? Əsla yox. Mən baxdım, amma doluxsunub gözlərimi yana çəkdim. Yaxud Kamran Mirzəağa oğlu Ağayevin boynubükük ömür-gün yoldaşının, oğul-qız övladlarının, dayılarının, bacılarının halını soruşa bilərdinizmi? Əsla yox! Mən soruşdum, amma ürəyim yana-yana, gözlərim doluxsuna-doluxsuna...
Onların gözlərində sanki bir sükut var idi. Bu, dərdin yaratdığı əzabın, ağrının sükutu idi. Həyatın ən ağır sınaqları bəzən kənardan görünməyən, insanın öz daxili asimanında – iç dünyasında, sükutun ən dərin qatlarında yaşanır. Bu mənəvi ağrıların ən sızıltılısı, heç bir təsəlli ilə ovunmayan növü insanın içində çəkdiyi yoxluq əzabıdır. Yoxluq əzabı, sadəcə, insanın, doğmanın fiziki gedişi deyil. O, qəlbin mərkəzində açılan elə bir boşluqdur ki, zaman keçsə də, həmin yer hər an sızıldamağa, insan ruhunu içdən-içə əritməkdə və göynətməkdə davam edir...
Yaxşı xatırlayıram, illər öncə yaxın qohumlar İlham və Rövşən Zeynalovlar da eyni taleni yaşamışdılar, eyni dərdi bizlərə yaşatdılar. 10-12 il əvvəl isə yenə qohumlar Sabir və Vidadi Zeynalovlar 15 günün içində dünyanı, bizləri, yaxın qohumları tərk etdilər. Sakit ölümləri ilə qohumları ağlatdılar, sızlatdılar. Belə faktlar yetərincədir. Bu dünyanı tərk edib gedirlər, bizlərə cismani və mənəvi əzab verirlər

Bu əzab insanı çox vaxt səssizliyə məhkum edir. Kənardan baxanlar üçün həyat öz axarı ilə davam edir, insan gülür, danışır, gündəlik işlərini görür, bəlkə də sevincini yaşayır. Lakin geyinilən bu səmimi maska daxildəki tufanı gizlətmək üçün bir sipərdir. İnsan özü ilə, xatirələri ilə tək qaldığı an o yoxluq əzabı bütün çılpaqlığı ilə baş qaldırır. İtirilən bir gəncin vaxtsız ölümü, ocağın yanan şamının qəfil sönməsi və ya vəfalı dostun faciəli gedişi arxada qalanlar üçün ömürlük yoxluq coğrafiyası yaradır. O insanın oturduğu boş stul, yarımçıq qalan işi, evinin divarına hopmuş əl izi hər dəfə göz önünə gələndə içindəki o gizli sükut sarsılır...
Yoxluq əzabı çəkən insan həyatın süni parıltılarından, başqa birisinə bənzəmək cəhdindən və təqlidçilikdən uzaqlaşır. Bu mənəvi ağrı ruhu kənar qatışıqlardan təmizləyir, insanı daha xeyirxah, daha təmkinli bir ziyalıya çevirir. O, ətrafına işıq paylamaq üçün ömrünü yanan şam kimi əridən fədakar insanların qədrini daha dərindən dərk edir.

Qasımovlar və Ağayevlər kimi dərdləri bənzər olan insanlar biri-biri ilə qarşılaşanda böyük sözlərə, bəlağətli cümlələrə ehtiyac qalmır. Bir baxış, təmkinli bir sükut və ya səmimi bir əl sıxma hər şeyi izah edir. Bu oxşarlıq insanı eqoizmdən xilas edir, ona öz dərdinin içində boğulmaq deyil, başqasının da yarasına məlhəm olmaq üçün dərd ortaqlığı etmək gücü verir. Şəxsi sevinclər, fərdi uğurlar keçici xoş təəssüratlar yarada bilər, lakin insan ruhunu saflaşdıran, insanı insana vəfalı edən məhz daxildə daşınan o müqəddəs ağrıların bənzərliyidir.
Dərd ortaqlığı və tale oxşarlığı bu fani dünyada yaralı qəlblərin biri-biri üçün ucaltdığı ən ali mənəvi abidədir. O, bizi daxilən sızıldatsa da, mənəviyyatımızı uca tutmaq, keçmişə sadiqliyimizi və mərhumlarımızın, itirdiyimiz əzizlərin müqəddəs xatirələrini qorumaq üçün unikal bağdır. Nə qədər ki cəmiyyətimizdə başqasının ağrısını öz ağrısı kimi hiss edən, dərdləri bənzəyən səmimi insanlar var, insanlıq hər zaman məğrur, uca və sarsılmaz olaraq qalacaq.
Allah sizə rəhmət eləsin, Xaliq və Kamran qardaşlarım!
Allah sizə rəhmər eləsin Rövşən və İlham Sabir və Vidadi Zeynalovlar!


Daşdəmir ƏJDƏROĞLU









Son xəbərlər

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31