Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın vəfatının ildönümüdür.

Hüquq müdafiə fəaliyyəti daxili güc, səmimi mərhəmət və dəstəyə ehtiyacı olanlarla mənəvi istiliyini bölüşmək hazırlığı tələb edir. Haqsızlığa məruz qalanları müdafiə etmək və çətinliyə düşənlərə yardım göstərmək ağır, lakin son dərəcə vacib bir missiyadır ki, Elmira xanım bunu böyük ləyaqətlə yerinə yetirib. O, güclü xarakterə malik, həm özünə, həm də ətrafındakılara qarşı tələbkar bir şəxsiyyət idi. Onun qəlbi yalnız yaxınları üçün deyil, kömək üçün ona üz tutan minlərlə insan üçün yanırdı.

O, 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Elmira Süleymanova 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

O, 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. Elmira Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

Elmira Süleymanova 2024-cü il aprelin 25-də 86 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Elmira Süleymanovanın fəaliyyəti haqqında ətraflı məlumat

Kimyaçı ixtisasına sahib olan Elmira Süleymanova bu sahədə böyük uğurlar qazanaraq elmlər doktoru olub, çoxsaylı elmi tədqiqatların və ixtiraların müəllifinə çevrilib. Kimya elminin inkişafına verdiyi töhfəyə görə 1979-cu ildə “SSRİ-nin Əməkdar kimyaçısı” fəxri adına layiq görülüb. Onun hesabında neft-kimya sahəsində təxminən 40 ixtira və 200-dən çox elmi iş var. 1970-ci illərdə onun işləmələri əsasında “Mənim Azərbaycanım” və “Şərq nəğmələri” ətirləri yaradılıb. İxtiralarının sənayedə tətbiqinə görə Elmira Süleymanova “SSRİ-nin ixtiraçısı” fəxri adına layiq görülüb.
Elmira xanımın alim kimi peşəkar bioqrafiyası nadir sabitliyi ilə seçilirdi: onun bütün əmək fəaliyyəti Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə bağlı olub. O, burada 25 aprel 1959-cu ildə işə başlayıb və ömrünün sonunadək – ümumilikdə 65 il fəaliyyət göstərib. O, onlarla elmlər namizədi və doktoru yetişdirən gözəl bir müəllim və mentor idi. İnsan hüquqları müdafiəçisi kimi böyük iş yükünə baxmayaraq, elmi və pedaqoji fəaliyyətini davam etdirirdi.
Elmira Süleymanovanın hüquq müdafiə fəaliyyətinə gəlişi


Elmira Süleymanova hüquq müdafiə fəaliyyətinə 1980-ci illərin sonlarında qadın hərəkatında iştirak etməklə başlayıb. Onun üçün mühüm mərhələ 1993-cü ildə Vyana Bəyannaməsi və Fəaliyyət Proqramının qəbulunda iştirakı olub. Məhz bu hadisəni o, hüquq müdafiə sahəsinə həqiqi girişi hesab edirdi. Artıq 1994-cü ildə o, Azərbaycanda qadın hüquqları üzrə ilk elmi-praktik mərkəzi olan “Qadınlar və İnkişaf” təşkilatını təsis edib və bu qurum qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. Sonradan təşkilat qadın və uşaq hüquqlarının müdafiəsi üzrə struktur kimi yenidən formalaşdırılaraq 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusu alıb.

Dünyanın 100 qəhrəman qadınından biri

Beynəlxalq ictimaiyyət də onun fəaliyyətini yüksək qiymətləndirib: 1998-ci ildə Roçester Universiteti onu qadın hüquqlarının müdafiəsi sahəsində “Dünyanın 100 qəhrəman qadını” siyahısına daxil edib. Sonrakı illərdə onun təşəbbüsü ilə yeni layihələr həyata keçirilib: 2000-ci ildə “Uşaqdan uşağa” adlı uşaq sülhməramlı şəbəkəsi, 2001-ci ildə “Liderlik məktəbi”, qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansı, həmçinin yaşlı qadınlar üçün ilk resurs mərkəzi yaradılıb. 2000–2002-ci illərdə o, UNICEF nəzdində Şərqi Avropa və MDB ölkələrinin QHT-lərinin regional komitəsində uşaq hüquqları üzrə milli koordinator vəzifəsini icra edib.

2002-ci ildə ümummilli lider Heydər Əliyev ona ölkənin ilk ombudsmanı vəzifəsini təklif edəndə, o artıq hüquq müdafiəsi sahəsində böyük təcrübə və nüfuz qazanmışdı. Dövlət qurumlarına etdiyi müraciətlər diqqətsiz qalmır, demək olar ki, həmişə nəticə verirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, onun vəsatətləri sayəsində təxminən 700 nəfər həbsdən azad edilib.
Azərbaycanda insan hüquqları müdafiəçisi institutunun yaradılması asan iş deyildi. Elmira Süleymanova bu institutu Azərbaycanın reallıqlarını və xüsusiyyətlərini nəzərə alaraq sıfırdan qurmuşdu. Dünyanın heç bir ölkəsində bir milyon qaçqın və məcburi köçkün, bu qədər müharibə əlili, Birinci Qarabağ müharibəsindən sonra psixoloji və sosial reabilitasiyaya ehtiyacı olan bu qədər insan yox idi. İşin qurulduğu beynəlxalq tövsiyələr bu xüsusiyyətləri nəzərə almırdı. Süleymanova isə möhkəm bir sistem qurdu: onun yaratdığı insan hüquqlarının müdafiə mexanizmi bu gün də uğurla fəaliyyət göstərir.

Ombudsman vəzifəsindən sonrakı fəaliyyət

Ombudsman vəzifəsindən ayrıldıqdan sonra Elmira xanım hüquq müdafiəsi mövzusundan tam uzaqlaşmadı. Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini kimi fəaliyyət göstərərək vəziyyəti izləməyə davam edib.

Elmira Süleymanovanın xidmətləri diqqətdən kənarda qalmadı. Onun fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. O, “Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub. Mükafatları sırasında “Polşa Respublikası qarşısında xidmətlərə görə” ordeni, Beynəlxalq Sülh Mükafatı və digər təltiflər yer alır. 2015-ci ildə o, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvü olub.

Son xəbərlər

LİLPAR CƏMŞİDQIZI : Kamilliyin yolun tapan insan çatar yüzə - FOTO

Üzeyir Hacıbəyli irsi elmi-praktiki konfransda müzakirə olundu - FOTOLAR

Tatlısesin qızının paylaşımı müzakirə yaratdı

Maykl Ceksonun “ikinci ailəsi”ndən şok ittiham - “Bizi əsgər kimi yetişdirmişdi”

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

Yoxsullarla varlıları ayıran 5 vərdiş

Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...

Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Xalq artisti Həmidə Ömərovanın doğum günüdür

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Azərbaycanın 5 sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

Rusiya Dnepri vurdu - Ölən və yaralananlar var

Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb

Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır

İntensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Jirinovskinin sağlığında heç yerdə yayımlanmayan - Fotoları

Daşkəsənlə Gədəbəyə qar yağır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?

İki gün toy edəcəklər

90-cı illərin pop ulduzu indi dam ustası işləyir - Fotolar

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930