“Çevirəm misraya, sözə, şeirə,
Yenə özüm duram yiyə dərdimə.”

Bəzən insanın taleyində elə anlar olur ki, o anlar sadəcə xatirə kimi qalmır — düşüncəyə, duyğuya, hətta baxışa çevrilir. Onunla ilk tanışlığım da belə anlardan biri idi. “Ağsu Yazarları” Ədəbi Birliyinin növbəti toplantısına gedərkən, Bakıdan Ağsuya uzanan yol mənim üçün yalnız məsafə deyil, həm də bir insanın daxili aləminə açılan səssiz bir pəncərə önündə düşüncələrə dalmaq kimi bir hal idi...
Həmin gündən illər keçsə də, onun yaradıcılıq nümunələrini görüb oxuyanda, haqqında bir söz eşidəndə, özümdən asılı olmayan səbəblərlə yol yoldaşlığında düşdüyüm o vəziyyəti xatırlamışam.

O vaxt, bəlkə də yol boyu sakit qalmağımın bir səbəbi səsimdə yaranan problem idisə, digər əsas səbəbi isə onun şeirlərindən, sözlərindən qəlbimə hopan o simanın, baxışın dərinliklərində gizlənmiş üzüntü və iztirabın yaddaşımda canlanması idi.
Çünki bütün bunlar elə ilk baxışdan hiss olunurdu. Hiss olunurdu ki, bu insanın sözündə də, səsində də, hətta sükutunda belə gizli bir ağrı var. O, şeir deyəndə yalnız misralar səslənmirdi — sanki hər sözün arxasından bir ömür boyu yığılan nisgil boylanırdı. Gözlərindəki dərinlik isə sadəcə baxış deyildi, yaşanmışların, itirilmişlərin və deyilməmişlərin səssiz yaddaş harayı idi.
Elə o vaxtdan — yol boyu olduğu kimi, indi də onun haqqında yazmaq düşüncəsinə dalanda — o iztirabın, nisgilin ağrısı içimdə yenidən sızlayır.
Atasının, anasının vəfatından, həyat yoldaşının xəstəliyindən böyük ağrı ilə danışırdı. Onu da itirəndə sanki dərdinin üstünə bir dərd də gəldi.
Bəlkə də bu insan şeirdən kənar bir dillə danışıb ürəyini açsaydı, içində yığılan ağrılar bir ömürlük sükutu yarıb daşardı. Çünki dərdli insanın ən böyük dili bəzən elə susqunluğun özüdür.
Dərdli insanı tanımaq üçün onun sözlərinə deyil, daha çox sükutuna qulaq vermək lazımdır. O, hamı kimi gülə bilər, amma o gülüş heç vaxt tam işıqlı olmur. Çünki ürəyində daşıdığı yük onun sevincinə də kölgə salır. Dərd — insanın daxilində səssizcə böyüyən, zaman keçdikcə kök atan və onu dəyişdirən bir həqiqətdir.
Belə insan üçün həyatın ən adi hadisəsi belə fərqli məna kəsb edir. Bir xatirə onun üçün bir ömürlük yükə, bir söz isə sağalmayan yaraya çevrilə bilər. O, danışmaq istəmir — yox, danışa bilmir. Çünki anlayır ki, hər sözün qarşısında onu anlayacaq bir ürək tapılmır. Sözlər isə bəzən onun dərdinə dar gəlir. Və o zaman insan susur və gücünü sözə, poeziyaya verir. Bu susqunluqun yaratdığı poeziy, sadəcə səssizlik deyil — bu, ən ağır etirafdır.
Dərdli insanlar çox vaxt güclü görünürlər. Onlar şikayət etməz, dərdlərini nümayiş etdirməz, əksinə, başqalarına dayaq olmağa çalışarlar. Lakin bu güc zahiri bir sipərdir. Onun arxasında yorğunluq, sınmış ümidlər və deyilməmiş sözlərin ağırlığı gizlənir. Onların ən böyük mübarizəsi başqaları ilə deyil, öz daxilində gedir.
Onlar unutmur. Keçmiş onlar üçün keçib getmiş zaman deyil — hər an yenidən yaşanan bir həqiqətdir. Bir səs, bir baxış, bir xatirə kifayətdir ki, insanı illər öncəyə aparsın. Və bəzən o keçmişdən qayıtmaq mümkün olmur. Çünki orada itirilmiş bir şey qalır, bir insan, bir ümid, ya da insanın özündən bir parça.
Bütün yuxarıda söylədiklərini və yazı boyu deyəcəklərim o insanın xarakterində daha güclü görünür. Hamıya həyan olmağa çalışır, hamının ağrısına şərik olmağa, qayğısını daşımağa hazır görünür. Onunla, ilk tanışlıqdan bu günə qədər bütün müşahidələrimə gördüklərim bunları belə deməyə əsas verdi.
O, sevilərək yaşamağa davam edir. Bəzən bir misrada, bəzən bir baxışda, bəzən də bir sükutun dərinliyində özünü ifadə edir. Çünki dərd onu yalnız zəiflətdiyi qədər də kamilləşdirir, onu başqalarından fərqləndirir, ona dərinlik qazandırır.
Və sonda bir həqiqət dəyişməz qalır. Bu cür insanlar həyatı anlayaraq, qəbul edər və dərdi sözə çevirərək onunla yaşamağı öyrənir. Bu isə insanın əldə edə biləcəyi ən ağır, eyni zamanda ən qiymətli mənəvi qazanclardan biridir.
Söhbət açmaq istədiyim insan, hamının sevimlisinə çevrilmiş, çox dəyərli ziyalımız, hörmətli şairimiz, gözəl xanım Əzizə xanım Ağahüseynqızıdır. Əzizə xanımın yaradıcılığına bir neçə dəfə müraciət etmişəm. Hər dəfə onun istənilən səpgidə yazdığı yazılarda ən azından bir misra, bir bənd onun öz iç dünyasını ağrılarından bəhs etdiyini görüb və duymuşam. Elə buna görə də, onun yaradıcılığına bu dəfə onu iztirablı ağrılara yükləyən poeziyasına müraciət etmək ruhuna köklədi...
RUHUN BAYATIYA SIĞINAN HARAYI
Əzizə Ağahüseynqızının poeziyasında dərd və yaddaş

Əzizə Ağahüseynqızının poeziyası oxucuya sadəcə misralar təqdim etmir — o, insan ruhunun ən incə qatlarına toxunan, yaddaşın ağrılı nöqtələrini oyadan bir səsdir. Bu səs bəzən bayatı kimi kövrək, bəzən fəryad kimi gur, bəzən də susqun peşmanlıq kimi ağırdır.
Bu gün yuxarıdakı düşüncələrimə uyğun onun yaradıcılığından dörd şeir seçməklə münasibətimi bildirmək qərarına gəldim. Təqdim olunan bu dörd şeirdə ortaq bir xətt aydın görünür. İtirilənlərin ardınca çağırış, deyilməmiş sözlərin yükü və dərdin müxtəlif obrazlarla ifadəsi. Bu şeirlərdə ana, yar, ömür-gün yoldaşı və ümumiyyətlə insanın öz iç dünyası ilə dialoqu baş verir.
Əzizə Ağahüseynqızının - “BİR BAYATI DE” – şeiri Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatıya müraciət üzərində qurulub. Burada bayatı sadəcə poetik forma deyil, həm də ruhun təsəlli vasitəsidir.

"Hardasan ay dinim, imanım ana?
Gəl, yaman günümdü, bir bayatı de.
Oxşayıb, laylasın çala bilmirəm,
Gəl, yaman günümdü, bir bayatı de."


Şeir anaya müraciətlə başlayır. “Dinim, imanım ana” ifadəsi ananı sadəcə valideyn yox, mənəvi dayaq, müqəddəslik simvolu kimi təqdim edir. "Oxşayıb, laylasın çala bilmirəm," - misrası isə dərdli insanın harayı və ümidsizliyinin poetik zirvəsidir.

"Yarım əldən gedir, karvanı köçdə,
Ömür sarayının günləri heçdə...
Dəstələ, bir neçə bayatı seç də,
Gəl, yaman günümdü, bir bayatı de."


“Karvan” və “ömür sarayı” obrazları klassik Şərq poeziyasını xatırladır. "Yarım əldən gedir, karvanı köçdə,"-deməklə şair həyatın keçiciliyi və itkinin qaçılmazlığını vurğulayır.

"Fəryadım od tutub ərşə dayandı,
Şər vaxtı mələklər səsə oyandı,
Gözümdə kainat qara boyandı...
Gəl, yaman günümdü, bir bayatı de."


Fəryadın “od tutub ərşə dayanması” artıq dərdin ilahi səviyyəyə çatdığını, "Gözümdə kainat qara boyandı..." - deməklə isə şair, dünyanın gözündə qaranlığa büründüyünü göstərir. Bu, şeirdə psixoloji çöküşün poetik təsviridir.

"Bilmədim küləklər hayandan əsdi,
Əsdi, yaman əsdi, əhdimi kəsdi,
Can candan ayrılan o son nəfəsdi,
Gəl, yaman günümdü, bir bayatı de."


Şair, - "Can candan ayrılan o son nəfəsdi, Gəl, yaman günümdü, bir bayatı de."-misraları ilə ölüm motivini açıq şəkildə göstərə bilir. Bu insan həyatın ağır səhnəsi olsada, tam açıq, - “Son nəfəs” - ifadəsilə ayrılığın geri dönüşsüzlüyünü bildirir.

Qu quşları ayrı gəzməz- deyirlər,
Qu quşları ayrı üzməz- deyirlər,
Qu quşları ayrı dözməz- deyirlər,
Gəl, yaman günümdü, bir bayatı de.


Şair burada folklora söykənərək, - "Qu quşları ayrı gəzməz – deyirlər..."- poetik bir el misalına gediş edib. Həmdə, "Qu quşu" - klassik olaraq sədaqət və ayrılmazlıq simvoludur. Şeirə bu mifoloji obrazı gətirərək şair, öz dərdinin daha da dərinliyini göstərir. Əgər Qu quşları ayrılmazsa, bəs insan niyə ayrılır?

"Qada hardan gəldi başa, ağlayaq,
Bu gediş gəlmədi xoşa, ağlayaq,
Sən anam, mən balan, qışa ağlayaq,
Gəl, yaman günümdü, bir bayatı de.
Gəl, yaman günumdü, bir bayatı de.


Şeirin bu bəndində artıq müqavimət yoxdur. Qəbul var. Ana və bala birlikdə ağlayır – bu, dərdin paylaşılması ilə yüngülləşməsi ideyasını verir.
Əzizə xanımın yaradıcılığından seçib götürdüyüm ikinci, - “ƏMANƏTİM VAR” – şeiri, sevginin, daha doğrusu həyat yoldaşının torpağa əmanəti burada əsas xətti tutur. Şair burada ömür - gün yoldaşını əmanət etdiyi "Dədə Qorqud" qəbristanlığına üz tutub,- “ƏMANƏTİM VAR”-deyir;

"Dədə Qorqud", yarım səndə uyuyur,
Qoy saxlasın bir əmanət, ağuşun.
Əzəlindən kəm gəlibdi taleyi,
Toxunmayıb gəvəsinin naxışı."


Həm də şair, bir insan yaşantısının qismətin açır;-"Əzəlindən kəm gəlibdi taleyi", hələ, - "Toxunmayıb gəvəsinin naxışı."-deməklə həyatın nakamlığından giley edir.
Bu şeir konkret ithaf üzərində qurulduğundan onu daha da təsirli edir. Burada ölüm son deyil — əmanətdir.

Əkmirsənsə özun dedin xeyri nə?
Bu torpağı qorumasan seyri nə?
Bir dən kimi basdırmışam, ayrı nə?
Cücərdəcək, odur gəlir yağışı.


Şair burada - “Bir dən kimi basdırmışam, ayrı nə?" - deməklə, dəfn aktını “toxum əkmək”, "Cücərdəcək, odur gəlir yağışı.”-isə göz yaşını yağış kimi təqdim edir. Bunlar, çox güclü bənzətmədir. Ölüm, torpaq, torpaq, yağış, göz yaşı isə cücərtmə və davamlılıqdır.

Hər işində "yox" cavabı yaşadı,
Tanrısına qul savabı yaşadı,
Bu dünyada gor əzabı yaşadı,
Buludlanıb, şimşəklənib baxışı.


Şair bu bəndlə insanın sağ ikən çəkdiyi əzabın ölüm qədər ağır olduğunu göstərir. Hər işində - "yox"-cavabı almasını, amma yenə - "Tanrısına qul savabı - şükürlüdü yaşamasını verməklə,“Bu dünyada gor əzabı yaşadı”-deyib, daha sonra;

Qol qaldırıb oynamadı boyunca,
Əcəl aldı baş yasdığa qoyunca,
Bu dünyadan kam almadı doyunca,
Yeri, göyû yandıracaq çaxışı."


-bir insan həyatının mənzərəsini yaradıb.
Dəyərli şairimiz Əzizə xanımın,-“NƏSƏ DEMƏLİYDİM O AXŞAM SƏNƏ”–şeirində isə, deyilməyən sözün, deyilmədiyi məqam yaşadığı faciədən və sözün deyilməyəndə yaratdığı peşmanlığın ən saf formasını çatdırır. Burada faciə baş verməyib. Faciə baş verməmiş bir sözün yoxluğudur.
“Susdum... sevə-sevə sevgimi dandım”
Bu misra insan daxilindəki daxili konfliktin zirvəsidir. Sevgi var, amma etiraf yoxdur.
“Bir üzüm payıza, bir üzüm qışa”
Şair burada "Bir üzüm payıza" və "bir üzvüm qışa" - deyərək, zaman bölgüsü ilə insanın daxili parçalanması verib. Bu şeir göstərir ki, bəzən insanın ən böyük itkisi itirdiyi insan yox, demədiyi sözdür.
Sevimli şairmizin -“DƏRDİMİ”–şeirini hələ o vaxt, Ağsu səfərimiz zamanı deyiləndə bütün varlığımı hər bənddə silkələmişdi. Burada, sadəcə dərdin ünvan axtarışı deyil.

Qəlbi isitməyə oda istərəm,
Umman təşnəsiyəm, ada istərəm,
Halıma yanmağa ata istərəm,
Çırpa, şillələyə, döyə, dərdimi.


Şair burada-"Halıma yanmağa ata istərəm, Çırpa, şillələyə, döyə, dərdimi".-insanın dərdi olanda güvənc yerini göstərir.
Bu şeir olduqca daha fəlsəfidir. Burada şair dərdini kimə və ya nəyə yönəldəcəyini bilmir:-“Verim dəyirmana bəlkə üyünsün”, “Ya gedim danışım suya dərdimi?”-deməklə inancı ortaya qoyur ;

Qaranlıq düyünlər xeyrə çözülsün,
Göz yaşım sevincdən axıb süzülsün,
Verim dəyirmana bəlkə üyünsün,
Ya gedim danışım suya dərdimi?


Şair burada dərdi maddiləşdirir. Düşünür ki, dərd dəyirmanda üyüdülə və axar suda axıdıla bilər. Bu bir xalqın kökdən gələn inanc bağlılığıdı.
Bu yazının yarım başlığına çıxardığım kimi;- Yaradıcı insanlar - “Çevirəm misraya, sözə, şeirə, Yenə özüm duram yiyə dərdimə.”-deyə bilir.

Amma, qorxuram ki, yağdıra yerə,
Təzədən leysantək sağdıra yerə,
Çevirəm misraya, sözə, şeirə,
Yenə özüm duram yiyə, dərdimə.


Elə şeirin də kulminasiyası budur. Yəni, nəticə etibarilə dərd paylaşılmır, yalnız sənətə çevrilir və yenə sahibinə qayıdır.
Əzizə Ağahüseynqızının, illərlə ilk tanıyandan düşüncəmdə gəzdirdiyim bir insan xarakterinin açılışı üçün seçdiyim bu dörd şeiri bir bütöv kimi oxunmalıdır. Burada ana, itkidə olsa son anda təsəlli, həyat yoldaşının itkisi ağır və əzablı, həmdə torpağa əmanəti və eləcədə tam deyilməmiş söz peşmanlıqının etirafıdır.
Bu dörd şeirdə daxili “mən”, dərdlə mübarizədə keçən xətlər bir-birini tamamlayır.
Əzizə xanımın poeziyasında elə ən diqqət çəkən cəhət də budur.
Dərd heç vaxt susmur, ya bayatı olur, ya xatirə, ya da şeir.
Gözəl insan, dəyərli ziyalımız, hörmətli şairimiz Əzizə Ağahüseynqızına yeni yaradıcılığında sevgi dolu poetik ruh diləyib, uca Yaradandan ona sağlam can sağlığı, uzun ömür, doğmalarından sevincli günlər arzulayıram.
P. S. Doğrusu bu yazını çoxdan başlamışdım, bir neçə dəfə cəhd etdim tamamlamağa. Amma hər dəfə yarımçıq qaldı.
Bu günlərdə eşitdim ki, gözəl insan, dəyərli ziyalımız, hörmətli şairimiz Adil Cəfakeşin rəhbərliyi altında, 19. 04. 2026-cı il tarixdə, "SARI AŞIQ" Ədəbi Məclisinin aprel məclisində gözəl şairimiz Əzizə xanım Ağahüseynqızının yaradıcılığına həsr edilmiş görüş olacaq, dedim yox, mütləq yazını çatdırmalıyam. Sanki hər gün barmağımı sayıram ki, neçə gün qalıb. Şükür edirəm ki, çatdıra bildim.
Sonda onuda bildirim ki, dəyərli şairimizin 20 aprel həmdə doğum günü imiş. Bu da məndən bir sürpriz oldu. Ad günün mübarək gözəl insan, dəyərli ziyalımız, hörmətli şairimiz Əzizə xanım Ağahüseynqızı. Bu ömür yolunuzda bundan sonra uca Yaradandan sizə sağlam can sağlığı, uzun ömür, doğmalarından, dostlarından, əzizlərindən sevinc dolu günlər və yaradıcılıq uğurları arzulayıram. Allah qorusun sizi gözəl insan.
Bəzi nöqsanlara görə yəqin ki, yazını oxuyan şəxslər məni baxışlamağa əsas tapacaq. Əvvəlcədən hər birinizə ən səmimi arzularımı çatdırıram və uca Yaradandan hər birinizə sağlam can sağlığı, uzun ömür, doğmalarından sevincli günlər və yaradıcılıq uğurları diləyirəm. Allah qorusun siziləri...

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin
və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.














Son xəbərlər

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Binədə mağaza yanıb

Dünyada 10 milyona yaxın insan həyatını itirə bilər

ABŞ onlara viza vermədi

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı

Mətanətdən Vüqar Muradova ağır sözlər

Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930