
Xəbərlər
4.03.2026, 13:40
DAŞIN SƏSİ, RUHUN DİRÇƏLİŞİ - FOTOLAR
Sabir Sarvan – yaddaşın sükutunda yaşayan şair...
Azərbaycan ədəbiyyatında elə şairlər var ki, adları böyük tribunaların şüarına çevrilmir, amma qəlblərdə iri hərflərlə yazılır, misraları yaddaşlarda uzunömürlü olur. Ona görə də onlar meydanlarda yox, insanların içində yaşayırlar.
Sözün həqiqi mənasında, o, mənim üçün belə şairlərdən idi...
Onu heç zaman görməmişdim. Deyəsən, hansısa məclisdə üz-üzə də gəlməmişdik. Amma adını, imzasını eşitmişdim. Yalnız adını və imzasını. Həmin imzanın təsdiqi olan misralara hopmuş nəfəsdə sözün ətrini duyub gözəlliyinə heyran qalmışdım.
Yetmişinci illərin sonu idi. Ağsuda, “Birlik” qəzetinin nəzdində fəaliyyət göstərən “Ümid” Ədəbi Məclisində sözün necə doğulduğunu öyrəndiyimiz illər idi...
Məclisin rəhbəri, rəhmətlik Camulla Mürşüd bir şairdən danışırdı. Sözün məsuliyyətini dərk edən bir imzadan elə hərarətlə söz açır, misranın yükündən elə sevgi ilə bəhs edirdi ki, hamı nəfəsini içinə çəkib heyranlıqla qulaq asırdı. O yükün altında əyilməyən şairin şeirlərindən nümunələr gətirirdi.
O imza sahibi Sabir Sarvan idi.
İllər sonra mətbuat səhifələrində həmin adı görəndə qəribə bir doğmalıq hissi keçirirdim. Sanki uzaqdan tanıdığım, amma heç vaxt üz-üzə gəlmədiyim bir qohumum kimi sevinirdim rastıma çıxan hər şeirinə. İnsan bəzən müəllifi tanımaz, amma onun misrasına hopmuş nəfəsi tanıyar...
Həyat bir müddət məni sözün içindən çıxarıb başqa qayğıların içinə atdı. Yaradıcılıq mühitindən uzaqlaşdım. Amma haradasa bir qəzet səhifəsində, bir köşədə, bir şeir sütununda onun imzasına rast gələndə və ya illər ərzində yaradıcı dostların söhbətində adını eşidəndə yaddaşım qapılarını taybatay açırdı. Keçmiş illər, məclis otaqları, müzakirə səsləri yenidən canlanırdı.
Sonralar taleyin qəribə bir oyunu ilə mərhum şairimiz Mətləb Məmmədoğlunun anım tədbirində öyrəndim ki, sosial şəbəkədə uzun müddət dostluq etdiyim Malik Məlikov, haqqında danışmaq istədiyim şair Sabir Sarvanın qardaşı imiş. “Ağsu Yazarları” Ədəbi Birliyinin sədri, alim-şair Raqif Nazimoğlunun təşəbbüsü ilə keçirilən həmin tədbir mənə bir həqiqəti də göstərdi: həyat bəzən insanları söz vasitəsilə tanış edir, gerçəyi isə illər sonra pıçıldayır.
SƏHNƏDƏN ENİB SÖZÜN İÇİNƏ GİRƏN ADAM...
Sabir Soltan oğlu Məlikov – 1956-cı il martın 5-də Ağsunun Pirhəsənli kəndində dünyaya gəlmişdi. O zaman heç kim bilmirdi ki, bu körpə illər sonra sözə sığınacaq, sözü özünə vətən seçəcək.
O da bir çox yaşıdları kimi qayğısız böyüdü, məktəbə getdi, ali təhsil aldı. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdi.
Seçdiyi sənət onu səhnəyə gətirdi. Lənkəran səhnəsində də, Bakı səhnəsində də rol aldı. Tamaşaçı qarşısında dayandı. Amma bir gün səhnənin işıqları sönəndə o, daha güclü bir işığın fərqinə vardı – sözün işığının.
“Şükranlıq” şeirində yazdığı kimi:
Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib...
Və ya “Özümü sözə çevirdim” şeirində dediyi kimi:
Fani ömür sürürdüm,
Altdan işimi görürdüm,
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Bu misralar sadəcə poetik təşbeh deyil. Bu, taleyin seçimi ilə barışmaqdır. O, sözü sənət aləti kimi yox, taleyin özü kimi qəbul etmişdi. Söz onun üçün nəfəs idi.
O inanırdı ki, dünya sözdən yaranıb və yenə sözə dönəcək. Bəlkə də buna görə sözə xəyanət etmədi. Nə pafosa qaçdı, nə də ucuz romantikaya sığındı. Yazdıqlarında səmimiyyət vardı. Ağrı vardı. Həyat vardı.
SUMQAYIT – BETONUN İÇİNDƏ DÖYÜNƏN ÜRƏK...
İnsan harada yaşamasından asılı olmayaraq, yaşadığı məkanı qəlbinə və yaddaşına köçürür.
Onun üçün Vətən məfhumu böyük idi. Amma doğulduğu yurda – Pirhəsənliyə bağlılığı da dillərdə dolaşırdı. Deyilənə görə, hər dəfə kəndə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, hal-əhval tutar, dərd-sərini öyrənər, əlindən gələn köməyi əsirgəməzdi.
Bununla belə, onun adı ən çox Sumqayıt şəhəri ilə yanaşı çəkilir. Bu gün artıq ənənəyə çevrilmiş bir çox ədəbi tədbirlər məhz onun adı ilə bağlıdır. Respublikanın yaradıcı adamlarının əksəriyyəti yaxşı bilir ki, Sumqayıt ədəbi mühitini Sabir Sarvansız təsəvvür etmək çətindir.
O, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yaradıcılarından və ilk rəhbərlərindən olmuş, 1996-cı il dekabrın 21-də bölmənin təsisinə nail olmuş və 2017-ci ilin mart ayınadək – düz iyirmi il – həmin quruma rəhbərlik etmişdir.
Hər şəhərin bir yaddaşı var. O yaddaş kitabxanalarda yox, insanların içində yaşayır. Bəzən o yaddaş bir şairin səsinə çevrilir. O səs tribunaları titrətmir. Sadəcə pıçıltı kimi dolaşır küçələrdə, divarların kölgəsində, küləyin içində.
Sumqayıtda Sabir Sarvan belə səslərdən biri idi. Çünki şəhər onun üçün sadəcə ünvan deyildi – taleyin maddiləşmiş forması idi.
Sumqayıtın tüstülü səması, sərt küləkləri, beton divarları onun poeziyasının fonu yox, ruhu idi.
“YAŞIDIM BİNA” – bu şeirində şair zamanla üz-üzə gəlir.
1956-cı il – həm bir körpənin doğulduğu, həm də bir binanın bünövrəsinin qazıldığı il ;
Sumqayıtda
yaşıdım olan bir bina var,
Binası mən doğulan ili
qazılıb,
Alnının ortasına
1956 yazılıb.
Bu təsadüf deyil.
“Alnının ortasına 1956 yazılıb” misrası binanı insanlaşdırır. Artıq bina daş deyil – taleyin fiziki daşıyıcısıdır. Şair isə həmin zamanın canlı davamıdır.
Divarlar qalxdıqca illər qalxır. Bənnalar kərpic atıb-tutduqca ana körpəni qucağında atıb-tutur ;
Bənnalar onun kərpiclərini
atıb-tutanda,
Anam da məni qucağında atıb-tutub.
Burada həyatla memarlıq eyniləşir. Ana ilə bənna arasında gizli simmetriya yaranır. Bu, Sabir Sarvan poetikasına xas sadə, amma dərin müqayisədir;
Hər divarında rüzgarın izləri,
Gecələr par-par yanır
pəncərə gözləri.
“Pəncərə gözləri” bənzətməsi binanı canlı varlığa çevirir. Rüzgarın izləri zamanın şırım-şırım izləridir.
Və kulminasiya;
Harda olsam...
O bina alın yazısından
bir köynək daha yaxındır mənə.
“Alın yazısı” taledir. Amma şair deyir ki, bina ondan da yaxındır. Deməli, məkan taleyin maddi sübutudur.
Şeirdə qəfil sərtlik də var;
Altında mağazalar,
bir də bir ovçu dükanı...
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam.
Burada nostalji qəfil ölüm düşüncəsi ilə toqquşur. Həyatın başlanğıcı olan bina mümkün sonun da şahidinə çevrilir. Bu, Sabir Sarvanın poetik dürüstlüyüdür – həyatı bəzəmədən göstərmək;
Yer qaçmasa ayağının altından...
Bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidim
təkcə onadır.
İnsan gedər, bina qalar. Daş danışar. Yetər ki, eşidən qulaq olsun. Sabir Sarvan o daşın səsini, danışığını eşidə bilən şair idi.
SÜKUTUN İÇİNDƏ YAŞAYAN AD
Sabir Sarvan böyük titulların şairi olmadı. Gurultulu təqdimatların adamı deyildi. Onun adı reklam plakatlarında yox, xatirələrdə qaldı.
Amma bəzi şairlər var ki, səs salmadan yaşayır və səs salmadan da yaddaşa köçür. Onların misraları insanın içində kök atır.
Sabir Sarvan belə şair idi.
O özü yazmışdı:
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq...
Sabir Sarvan getdi.
Amma söz qaldı.
Daşın yaddaşında.
Şəhərin sükutunda.
Və onu tanıyanların ürəyində.
Sabir Sarvan istənilən mövzuya ürək qoyaraq yanaşan şair idi. Onun üçün mövzu seçimi yox idi – ağrı varsa, yazılmalı idi.
“Çaldıran ağrısı” – tarixin qanayan yeri
“Çaldıran ağrısı” şeiri birbaşa tarixi travma üzərində qurulub. Burada iki tərəf var: Sultan Səlim və Qızılbaş. Lakin şair tərəf seçmir. O, ideologiyanın yox, qardaş qırğınının ağrısını danışır.
Şeirin semantik mərkəzi “zalım qardaş” ifadəsidir. Bu iki söz bütün tarixi faciəni özündə cəmləyir. Çünki burada düşmən yad deyil – doğmadır.
Sabir Sarvan tarixdən siyasi nəticə çıxarmır. O, tarixi hadisəni mənəvi müstəviyə keçirir. Onun üçün əsas məsələ budur: qardaşın qardaşa qılınc qaldırması.
“Qoyma bu vərdiş yerisin” misrası isə artıq keçmişə yox, bu günə ünvanlanır. Qardaşın qardaşa “yeriməsi” təkrar olunan faciədir. Şair xəbərdarlıq edir – tarix yalnız xatırlanmaq üçün deyil, təkrarlanmamaq üçündür.
Bu şeir siyasi manifest deyil. Mənəvi çağırışdır.
“Ölən min dəfə dirilib” – mistik qat
Sabir Sarvanın poeziyasında yalnız sosial və tarixi ağrı yoxdur. Onun düşüncəsi metafizik qatlara da yüksəlir. “Ölən min dəfə dirilib” şeiri buna bariz nümunədir. Cəlaləddin Rumiyə ithaf olunmuş bu mətn artıq başqa bir müstəviyə keçir.
Burada əsas anlayış “MƏN varam”dır.
Bu “MƏN” eqo deyil. Bu, sufi mənada həqiqi “mən”dir. Cismani yox, ruhani varlıqdır. Ölümü aşan şüurdur.
“Üzdən o yana MƏN varam” – forma arxasındakı mahiyyət deməkdir. Bədən ölə bilər, amma mahiyyət qalır. Ölüm burada son deyil, pərdənin dəyişməsidir.
Bu şeir göstərir ki, Sabir Sarvan yalnız şəhərin, tarixin və sosial ağrının şairi deyil. O, həm də varlıq fəlsəfəsi üzərində düşünən, ruhun davamlılığına inanan bir təfəkkür sahibidir.
Şairin - “Ölmədim” –şeiri insanın çılpaq etirafıdır. Burada romantik qəhrəmanlıq yoxdur. Əksinə, insanın qorxusu, zəifliyi, instinkti açıq şəkildə etiraf olunur ;
Cəlladın da var qorxusu,
Qaçır gözündən yuxusu.
Əllərimdə qan qoxusu,
Yıxılıb yatdım...
ölmədim.
“Cəlladın da var qorxusu” – zülm edən də insandır. Bu, güclü psixoloji müşahidədir. Qorxu yalnız məzlumun payına düşmür. Zalıma da toxunur.
“Əllərimdə qan qoxusu” ifadəsi real qətl kimi də oxuna bilər, vicdan əzabı kimi də. Şair burada qaranlıq tərəfi gizlətmir.
Və ən sərt etiraf
Can şirindi, Əzrayıla
Hamını satdım...
ölmədim.
Bu, hiperboladır. Amma bu hiperbola insanın yaşamaq instinktinin çılpaq həqiqətini göstərir. Şair özünü qəhrəmanlaşdırmır. O, insanı olduğu kimi göstərir – qorxan, çırpınan, yaşamaq üçün hər şeyə hazır olan.
Burada qara ironiya pik həddədir. İnsan bəzən yaşamaq üçün mənəvi sərhədləri belə keçə bilir. Amma yenə də nəticə birdir:
“Ölmədim.”
Bu “ölmədim” fiziki yox, mənəvi dirənişdir. Zəiflikdən keçib gələn yaşamaq iradəsidir. Günahı da, qorxunu da boynuna alan, amma yenə ayaqda qalan insanın səsidir.
Sabir Sarvan poeziyası bir istiqamətə sığmır. Onu yalnız şəhər şairi adlandırmaq azdır. Onu yalnız sosial ağrının daşıyıcısı kimi təqdim etmək də natamamdır. O, tarixi faciəni yazır, amma tarixçi kimi yox. O, mistik qatlara enir, amma dərviş iddiası ilə yox. O, insanın zəifliyini etiraf edir, amma ümidsizliyə yuvarlanmadan.
Şair, “Çaldıran ağrısı”nda qardaş qırğınının fəlsəfəsini açır. Tarixi hadisəni ideoloji müstəviyə yox, mənəvi müstəviyə keçirir. “Zalım qardaş” deyərkən bir dövrü yox, təkrarlanan insan faciəsini nəzərdə tutur. Onun mesajı keçmişə ağı demək deyil,gələcəyə xəbərdarlıqdır.
“Ölən min dəfə dirilib” şeirində isə artıq daşdan, şəhərdən, tarixdən uzaqlaşır – ruhun içinə keçir. “Üzdən o yana MƏN varam” deyərkən, insanın cismani varlığını aşan mahiyyətini göstərir. Burada Sabir Sarvan yalnız bir ədəbi mühitin nümayəndəsi yox, varlıq haqqında düşünən bir şair kimi görünür.
“Ölmədim” isə tamam başqa qatdır. Bu şeirdə qəhrəmanlıq yoxdur. Çılpaq insan var. Qorxu var. Günah ehtimalı var. Vicdanın qoxusu var. Və buna baxmayaraq, yaşamaq instinkti var. Çünki can şirindi...
Bu iki söz insanın bütün fəlsəfəsini dağıdır və yenidən qurur. Şair burada özünü ucalda-uclada yox, açaraq göstərir. Onun dürüstlüyü də elə buradan başlayır.
Sabir Sarvan romantik qəhrəman obrazı yaratmır. O, insanı bütün zəifliyi ilə qəbul edir. Amma həmin zəifliyin içində də dirəniş tapır.
Və bu nöqtədə onun poeziyası yenidən “Yaşıdım bina”ya qayıdır.
Çünki bina da, insan da zamanın içində tikilir. Qat-qat, iz-iz.
Divarlarda rüzgarın izləri olduğu kimi, insanın ruhunda da həyatın şırımları var. Bina danışmır deyirlər. Amma şair göstərir ki, danışır – yetər ki, eşidən olsun.
Sabir Sarvanın poeziyasında “daş” sadəcə maddə deyil. Daş – yaddaşdır. Yaddaş – ruhun dirəniş formasıdır.
O, şəhərin tüstüsünü xatirəyə çevirir. Tarixin qanını xəbərdarlığa çevirir. Ölüm qorxusunu etirafa çevirir. Etirafı isə dirənişə.
Sabir Sarvan gurultulu tribunaların şairi olmadı. Amma sükutun içində kök atan şair oldu. Onun səsi qışqırmır. Pıçıldayır. Amma həmin pıçıltı uzunömürlüdür.
Bəzi şairlər səhnədə yaşayır. Bəziləri kitabda. Bəziləri isə yaddaşda.
Sabir Sarvan yaddaşda yaşayan şairlərdəndir.
O, səhnədən enib sözün içinə girən adam oldu. Sözü peşə yox, taleyə çevirdi. Özünü sözə çevirdi.
Və bəlkə də onun poeziyasının ən böyük gücü budur:
O, ölümü də, qorxunu da, tarixi də, şəhəri də yazdı.
Amma heç vaxt sözü öldürmədi.
Çünki özü yazdığı kimi:
-"Ölmədim."
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq...
Sabir Sarvan sözün olaraq getdi.
Amma söz qaldı:- daşın yaddaşında, şəhərin sükutunda, tarixin ağrısında.
Və ən əsas - ruhun dirçəlişində.

AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü."Vətən Övladı" və "Dəyənək" ictimai-siyasi və satirik qəzetin təsisçisi.

















