Xəbərlər
7.02.2026, 17:13
Şad oldu şəhid ruhları da güldü, Mübariz -FOTO
MÜBARİZ
Milli qəhrəmanımız,
şəhid Mübariz İbrahimova
Sən verdin ümid müjdəsini xalqı var etdin,
Yurd sevgini öz ömrün ilə yurda car etdin,
Düşmənlərə gen dünyanı əzminlə dar etdin,
Mən-mən deyəni cümlə-cahan içrə xar etdin,
Tənha gül idin, qış Vətəni ilk bahar etdin,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Qalxdıqca umudlandı, cana gəldi, Mübariz.
Qorxmazlığını xalqımızın gördü bu aləm,
İllərlə zülüm çəkdi könül, gəlmədi naləm,
Torpaqlarıma çən kimi çökmüş bu kədər, qəm,
Səntək igid oğlanlarımız xalqı edir cəm,
Millət dağılar bir-birinə olmasa həmdəm,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Düşmənləri qeyrət silahın dəldi, Mübariz,
Allah verir hər insana rəhmət ilə bir can,
Bizdən ötəri eyləmisən canını qurban,
Qarşında qürurla baş əyir Azərbaycan,
Ellər adına qoşdu məhəbbət ilə dastan,
Tezliklə zəfər müjdəsidir ruhuna dərman,
Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz,
Şad oldu şəhid ruhları da güldü, Mübariz.
Müzəffər Məzahim
07.07.2020






