Turaztv.az » Xəbərlər » CÜMŞÜD AYDƏMİR : Ömür keçdi,gün keçdi... - FOTO
Xəbərlər

CÜMŞÜD AYDƏMİR : Ömür keçdi,gün keçdi... - FOTO

06.02.2026, 12:33 154

Şəhərdə yaşaya bilmirəm,qardas,
Mənimki rayondu,səfalı kənddi.
Bakıda ürəyim darıxır,qardaş,
Ruhum alaçığa, ocağa bənddi.

Kənddən ayrılmışam,rayon əhliyəm,
Yurdu yada salır tikdiyim ocaq.
Saçı qırovluyam, üzü şehliyəm,
Məni xatırlayan çoxmu olacaq?

Sot yarım torpaqda əkdiyim xurma,
Albalı,zoğaldı , nar agacıdı.
Kişmisi üzümü o saçı burma,
Bu kiçik bağçamın lap baş tacıdı.

Səbirsiz oluram Bakıda , dostum,
Şəhərin səs-küyü çox sıxır məni.
Evə tələsirəm Bakıda dostum,
Xudat öz qoynuna çağırır məni.

Vətən, hər bucağın əzizdir mənə,
Ata ocağından pərvazlanmışam.
Heyranı olduğum ey gözəl sənəm,
Bir zaman eşqindən havalanmışam.

Qəlbimdə qövr edib bir arzu daim.
Ömür vəfa etsə, kam ala bilim.
Digahda uçulan ata evimin,
Yerində babatın ucalda bilim.

Onda bilərəm ki,hələ sağdılar,
Atamın-anamın ruhları göydə.
Onda bilərəm ki,hələ yaşayır,
Onlar da bizimlə həminki evdə!...

Qorxulu yuxular görmərəm daha,
Kimsəsiz evləri uçurmaz fələk.
Yuxuda ağlayıb durmaram daha,
Məni qorxudammaz əsən bir külək.

Şəhərdə yaşaya bilmirəm,qardaş,
Mənimki rayondu,səfalı kənddi.
Bakıda ürəyim darıxır,qardaş,
Ruhum alaçığa,ocağa bənddi.

Xudat. 4-5.02.26.

Oxşar xəbərlər