Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib)

Bu il “Muğanın səsi” qəzetinin 95 illik yubileyidir. Bu münasibətlə “turaztv.az”ın təsisçisi Cəmil Zəbhullaoğlu qəzetin baş redaktoru Elçin Nəsiblə region mətbuatının fəaliyyəti ilə bağlı söhbət etdi.


Qısa tanıtma:

Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib) 1958-ci il aprelin 16-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə kitabxana müdiri kimi başlayan E.Nəsib öz taleyini jurnalistika ilə bağlayıb.
1976-cı ilin fevralından Sabirabad rayonunda çıxan “Muğan”qəzetində (indiki “Muğanın səsi”) müxbir, yerli radionun redaktoru, həmin qəzetdə sənaye, tikinti və nəqliyyat, kənd təsərrüfatı, aqrar-sənaye, iqtisadiyyat şöbələrinin müdiri, baş redaktorun müvini vəzifələrində çalışıb.
Bir sıra respublika mətbuatının bölgə müxbiri,“Yeni Muğan” qəzeti baş redaktorunun I müavini, “Respublikaçılar” qəzetinin baş redaktoru olub. Xarici ölkələrin mətbuatında bir sıra maraqlı yazılarla çıxış edib. Eyni zamanda onun haqqında xarici ölkələrinin mətbu orqanlarında maraqlı yazılar dərc olunub. Bir sıra video-çarxlara ssenarilər yazıb. 2022-ci ilin oktyabrından “Muğanın səsi” qəzetində baş redaktor olmaqla bərabər, ”Muğan-Şirvan” qəzetinin təsisçisi və baş redaktorudur.


E.Nəsib ailəlidir, 2 övlad atasıdır. Böyük oğlu Ərtoğrul Aprel döyüşlərində və Vətən müharibəsində, kiçik oğlu Nəsib isə 2022-ci ildə antiterror əməliyyatında iştirak etmişdir.
E.Nəsib Sabirabadda ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. 25 ildir ki, “Suqovuşan” Ədəbi Məclisinin rəhbəridir. Ədəbi məclisin kitab-almanaxlarını çapdan buraxır. O, Azərbaycan Yazıçılar Birliyi Aran Bölməsinin orqanı “Aran” jurnalı baş redaktorunun müavinidir. “İllər aparır bizi”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “Sabirabad mətbuatı tarixi”, “Ədəbi düşüncələr”, “Xatirələrdə yaşayanlar”, “İgidlər yenilməz, şəhidlər ölməz”, “Sabirabad qarpızı”, “Musahibə”, “Sabirabad teatrı” kitablarının müəllifidir. Onlarla kitabın tərtibçisi, ön söz yazanı, redaktoru olan E.Nəsibin “Sabirabad futbolu” kitabı da çap olunmaq üzrədir. Bir sıra mükafatlara layiq görülüb.

-Elçin müəllim, “Sabirabad mətbuatı tarixi” kitabının müəllifi kimi, istərdim öncə 95 yaşlı qəzetin keçdiyi inkişaf yoluna nəzər salaq...

-Sabirabad mətbuatının tarixi 1930-cu il avqustun 8-dən başlayır. Əvvəllər iki səhifəlik olan bu qəzet 1930-cu ildə “Pambıq cəbhəsində” adı ilə buraxılmışdır. Əslində rayon qəzetini zaman özü yaratmışdır. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu verilməklə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul olunmuşdur. Bir il sonra rayona Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin adı verilmişdir. Qəzet bir vərəq, yəni iki səhifə həcmində, A-3 formatında buraxılmışdır. Materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. Əvvəllər qəzetin tirajı 500 nüsxədən yuxarı olmamışdır. Qəzet yalnız iki nəfərin hazırladığı materiallar əsasında buraxılmışdır: redaktor və məsul katib. Qəzetin şöbələri yox idi. Qəzetin ilk redaktoru Qafur Yəhyayev olmuşdur. Q.Yəhyayev həmin qəzetdə on ildən artıq redaktorluq etmişdir.

Böyük Vətən müharibəsi illərində “Pambıq cəbhəsində” qəzeti də bir sıra çətinliklərlə qarşılaşmışdır. Müharibə başlanan kimi redaktor Q.Yəhyayev cəbhəyə getmişdir. Qəzetə Yusif Məhərrəmov rəhbərlik etməyə başlamışdır. Müharibənin qızğın dövründə Rusiyanın kağız istehsal edən müəssisələri ilə əlaqə kəsildiyindən 1942-ci ilin oktyabrında qəzetin mətbəəsi müvəqqəti bağlanmış, 1943-cü ilin əvvəlindən isə onun işi yenidən qaydaya düşmüşdür...
“Pambıq cəbhəsində” qəzetinin 1948-ci il yanvarın 7-də kiril əlifbası ilə çıxmış birinci nömrəsini nəzərdən keçirdikdə şpigelində verilmiş yazıdan aydın olur ki, həmin vaxtadək “Pambıq cəbhəsində”nin 777 nömrəsi çapdan çıxmışdı. Qəzet İnqilab küçəsi, 16-da (indiki İsmət Qayıbov küçəsi) 1000 tirajla buraxılmışdır. İki səhifə həcmində çıxan bu qəzetin nəşrinə Mehdi Məmmədov rəhbərlik etmişdir.
Poliqrafiya bazasının kasadlığına, fəhlə-kəndli müxbirlərin azlığına, oxucular arasında yayılmasının çətinliyinə baxmayaraq, qəzet rayonun iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamışdır.
Bildiyimiz kimi, 30-cu illərdə və hətta 40-cı illərin ortalarınadək respublikamızda qəzet və jurnallar latın əlifbası ilə çıxmışdır. Sonralar təzədən kütləvi surətdə kiril əlifbasına keçilmişdir. Bu isə bir sıra çətinliklər yaratmışdır. “Pambıq cəbhəsində” qəzeti də kiril əlifbası ilə çıxmağa başlayanda onun buraxılması və yayılması çətinləşmişdir. Buna baxmayaraq, qəzet rayonun ən ucqar kəndlərində belə oxunur, fəhlə-kəndli müxbirlərdən məktublar alırdı.
Qəzetin 1948-ci, 49-cu və 50-ci illərdə çıxmış nömrələrinin tikmələrini vərəqlədikcə görürük ki, o dövrün bir sıra digər mühüm ictimai-siyasi problemləri də “Pambıq cəbhəsində”də öz əksini tapmışdır. Qəzet qabaqcıl təcrübənin ümumiləşdirilməsi və təbliği sahəsində səmərəli iş aparmışdır. Qəzetin səhifələrində vətənpərvərlik təşəbbüsləri, qabaqcıl kollektivlərin iş təcrübələri barədə müntəzəm olaraq yazılar dərc edilmişdir. O illərdə qəzetə Paşa Nuriyev rəhbərlik etmişdir. Ayrı-ayrı vaxtlarda isə Babaş Zeynalov, Zəhra Səlimova, Bilal Əhmədov məsul redaktoru əvəz etmişlər.

Sabirabad mətbuatı tarixindən kitab yazarkən vaxtilə qəzetə rəhbərlik etmiş şəxslərlə görüşüb söhbət etmişdim. Qəzetin keçmiş redaktoru mərhum Paşa Nuriyev o günləri belə xatırlayırdı: “O vaxtlar qəzetin hörmət və nüfuzu yüksək idi. Redaktor raykomun büro üzvü, rayon Sovetinin deputatı olurdu. Məlum olduğu kimi, sovet dövründə hər il sosializm yarışı keçirilirdi. Sosializm yarışının nəticələri redaktorun iştirakı olmadan yoxlanılmırdı. O illərdə qəzetdə dövlət sirlərini vermək olmazdı. Buna nəzarət etmək üçün raykomda qlavlit deyilən bir nəzarətçi vardı. Qlavlit qəzeti yoxlayıb sonra çıxmasına icazə verirdi. Biz qəzetdə tənqidə çox yer verirdik. O vaxtlar hətta raykom işçilərini də tənqid etmək olardı. Mən redaksiyaya gələndə qəzet əllə fırlatmaqla çap edilirdi. Çap məsələsini qaldırdım. Elektriklə işləyən çap maşını alıb qurdurdum. Şrift sarıdan çətinliklər var idi. Yeni şriftlər alıb gətirdim”.
Qəzetdə çıxış edən əməkdaşlar tərkib etibarilə müxtəlif idilər. Yəni onların arasında ictimai-siyasi mövqeyinə, həmçinin şəxsi istedad və biliyinə görə fərqlənən, seçilən ziyalılar var idi. Qəzetdə dərc edilən materiallar əsasən M.Məmmədovun, Ə.Ağayevin, Ə.Hüseynovun, A.Dadaşovun, Ə.Səlimovun və başqa əməkdaşların imzaları ilə verilmişdir. Onların oxunaqlı məktubları qəzetin sütunlarını zinətləndirirdi.
Qəzet təkcə peşəkar jurnalistlərin qələminin məhsulu deyildir. Fəhlə-kəndli müxbirlər və fəal oxucular da redaksiya ilə müntəzəm əlaqə saxlamış, yerli həyatın daha dolğun işıqlandırılmasına kömək göstərmişlər. Qəzetin Süleymanov (Həşimxanlı), Habil Quliyev (Narlıq), Yusif Qasımov (Quruzma), Hüseyn Rzayev (Kolanı), Mərdan İmanov (Abdulian) kimi kənd müxbirləri olmuşdur. Onlar kənddə baş verən yeniliklər, əmək qabaqcılları və s. barədə yazmışlar.
Məlumdur ki, sovet dövrünün qəzetləri keçmiş rejimi tərənnüm etmişlər. Kommunist Partiyasının ideologiyasını yaymışlar. O illərdə mətbuat vahid bir məqsədə, amala xidmət etmişdir. Strateji məhsul olan pambığa mühüm əhəmiyyət verildiyindən hətta rayonda çıxan qəzetə də onun adı verilmişdir. Qəzetə “pambıq cəbhəsində” adının verilməsi də mühüm dövlət siyasətindən irəli gəlmişdir. Doğrudur, bu ad indi bizim üçün primitiv səslənir. Lakin “ağ qızıl”ın Sabirabad rayonunun iqtisadiyyatının inkişafında, camaatın güzəranının yaxşılaşmasındakı rolunu nəzərə alsaq “pambıq cəbhəsində” sözlərinin dəyəri göz önünə gələr.

1951-54-cü illərdə “Pambıq cəbhəsində” qəzetinin redaktoru olmuş mərhum Ağaşirin Aslanov o dövrü belə xatırlayırdı: “ O dövrdə nizam-intizama, qayda-qanuna ciddi riayət olunurdu. Hərə öz işinə vicdanla, böyük məsuliyyətlə yanaşırdı. “Pambıq cəbhəsində” də öz vəzifəsini layiqincə yerinə yetirirdi. Kənd təsərrüfatının, yerli sənayenin inkişafına kömək göstərirdi. Qəzetin səhifələrində qabaqcılların əməyini tərənnüm edən, sosializm yarışının genişləndirilməsi işinə fayda verən yadda qalan yazılar dərc olunurdu”.
Sonrakı illərdə, yəni 1954-cü ildən 1962-ci ilədək olan dövrdə qəzetə mərhum Əjdər Zeynalov rəhbərlik etmişdir. Yaşlı adamların sözlərinə görə Ə.Zeynalov təcrübəli, savadlı mütəxəssis kimi öz dərin məntiqi ilə həmişə seçilmişdir. O, təkcə qəzetdə deyil, habelə raykomun ikinci katibi işləyəndə də, başqa sahələrdə çalışanda da öz dövrünün tale yükünü daşıyan ziyalılarımızdan olmuşdur.
Qəzetin redaktorları sırasında mərhum Atamoğlan Dadaşovun da adı vardır. O, 1962-ci ilin mart və aprel aylarında “Pambıq cəbhəsində” qəzetində redaktor işləmişdir.

- Bəs sonrakı illərdə qəzetin fəaliyyəti necə olub?

-Rayonlararası istehsalat birlikləri yaradılması ilə əlaqədar 1962-ci ildə rayon qəzetlərinin buraxılmasında dəyişiklik edilmişdir. Həmin il mayın 28-də “Pambıq cəbhəsində” qəzeti öz işini dayandırmışdır. 1962-ci il iyunun 1-dən qəzet “Muğan” adı ilə çıxmağa başlamışdır. “Muğan” rayonlararası qəzet kimi Sabirabad mətbəəsində buraxılmış, Sabirabad, Saatlı, və Əlibayramlı (indiki Şirvan) rayonlarının siyasi, iqtisadi və mədəni həyatını işıqlandırmışdır. “Muğan”ın əhatə dairəsi böyük olduğundan qəzet geniş formatda, 4 səhifə həcmində çıxmışdır. Qəzetin əməkdaşlarının sayı artmış, şöbələr yaradılmışdır. Sonralar Əlibayramlı və Saatlı rayonları ayrıldığından istehsalat birliyi ləğv edilmişdir.
Beləliklə, 1965-ci ilin dekabr ayından “Muğan” Sabirabad rayon Partiya Komitəsinin və zəhmətkeş deputatları Sovetinin orqanı kimi fəaliyyətə başlamışdır. Qəzetin 3 şöbəsi- partiya həyatı, kənd təsərrüfatı və zəhmətkeş məktubları şöbələri olmuşdur.
1962-ci il may ayından ömrünün sonunadək, yəni 1968-ci ilin fevralınadək qəzetə yüksək insani keyfiyyətləri ilə seçilən Əlipaşa Nuriyev redaktorluq etmişdir. O, Sabirabad rayon Partiya Komitəsinin büro vzvü, rayon Sovetinin deputatı seçilmişdir.
Gözəl insan, mehriban dost olmuş mərhum Zəbulla İmanov qəzetdə işlədiyi dövrü belə xatırlayırdı: “Ədəbi işçi (müxbir) kimi jurnalistlik fəaliyyətinə “Muğan” qəzetində başladım. Cəmi bir neçə il müddətində əvvəlcə zəhmətkeş məktubları, sonra isə kənd təsərrüfatı şöbələrinə müdir və nəhayət qəzetin məsul katibi təyin edildim”.
Zəbulla İmanov bu vəzifələrə qələmindən çıxan kəsərli yazıların, felyetonların sayəsində, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğuna görə yüksəlmişdir. Onun felyetonu, tənqidi yazıları hər dəfə rayon partiya komitəsinin bürosunda müzakirə edilirmiş.

Zəbulla İmanov 1987-ci ildən ömrünün sonunadək-2002-ci il iyulun 26-dək Saatlı rayonunda çıxan “Dönüş” qəzetinin redaktoru işləmişdir
1968-1992-ci illər arasında “Muğan” qəzetinə 1990-1995-ci illərdə Azərbaycan Parlamentinin deputatı olmuş Məmmədağa İsayev rəhbərlik etmişdir. Mərhum M.İsayev qəzetə rəhbərlik etdiyi illərdən söz düşəndə bunları söyləmişdir: “Bu illərin hər biri rayon jurnalistləri üçün əsl yaradıcılıq, axtarış ili olmuşdur. Qəzet o dövr üçün xüsusi əhəmiyyət kəsb edən mövzuları ardıcıl olaraq işıqlandırmış, daxili nöqsanların və ehtiyat mənbələrinin üzə çıxarılmasına, nöqsanların aradan qaldırılmasına səy göstərmişdir. Müəyyən illərdə taxıl, pambıq yığımı mövsümlərində qəzet gündəlik çıxmışdır. O dövrdə Sabirabadda 112 min ton pambıq istehsal edilmişdir. Həmin illərdə qəzetin maliyyə imkanları geniş olduğundan tirajı 20 min nüsxəyə, qəzetin tarixində ən yüksək həddə çatmışdır. Həmin vaxtlar qəzet sovet dövrünün bir sıra fəxri adlarına layiq görülmüşdür. Bunlardan SSRİ Jurnalistlər İttifaqının diplomunu, “Qızıl qələm”, Ulyanov adına mükafatları və s. göstərmək olar”.
Məlum olduğu kimi, yaxın keçmişimizdə həyatın bütün sahələrində dəyişikliklər baş vermiş, cəmiyyətdə yeniləşmə yaranmış, sovet imperiyası dağılmış, demokratiya təşəkkül tapmışdır. Doğma Azərbaycanımız müstəqillik əldə etmişdir. Həmin illərdə Azərbaycan mətbuatında da dönüş yaranmış, plüralizm və söz azadlığına meydan açılmışdır.
Azərbaycan KP Sabirabad Rayon Komitəsinin və rayon Xalq Deputatları Sovetinin orqanı “Muğan” qəzeti 1991-ci il avqustun 29-dan rayon Xalq Deputatları Sovetinin orqanı kimi çıxmışdır. Qəzetin tarixində ilk dəfə olaraq 1991-ci il sentyabrın 25-də gizli (qapalı) səsvermə yolu ilə redaktor seçkisi keçirilmişdir. Sabirabad rayon Xalq Deputatları Soveti və redaksiyanın yaradıcı kollektivi qəzetin təsisçisi olmuşdur. Azərbaycan Respublikasında icra hakimiyyətləri strukturları yaradıldıqdan sonra, 21 noyabr 1991-ci ildən etibarən qəzet Sabirabad rayon İcra Hakimiyyətinin və Xalq Deputatları Sovetinin orqanı olmuşdur. 1992-ci il mayın 21-də “Muğan” Sabirabad rayonunun ictimai-siyasi qəzeti kimi çıxmışdır. Rayon icra hakimiyyəti, rayon soveti və redaksiyanın jurnalist kollektivi qəzeti təsis etmişlər.

Qəzetin redaktoru Məmmədağa İsayev istefa ərizəsini təqdim etdikdən sonra redaksiyada yenidən seçki keçirilmişdir. Əvvəllər qəzetin redaktor müavini işləmiş Əməkdar jurnalist Pakizə Məmmədova gizli (qapalı) səsvermə yolu ilə redaktor seçilmişdir. 1992-ci il iyun ayının 1-dən 2012-ci il dekabr ayınadək qəzet onun redaktorluğu ilə çıxmışdır. Oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq qəzetin adı da dəyişdirilərək rayonumuzda Kür və Araz çaylarının qovuşmasının rəmzi kimi “Suqovuşan” adlandırılmışdır. 1992-ci il iyulun 22-dən qəzet “Suqovuşan” adı ilə çıxmağa başlamışdır. Respublikamız müstəqillik qazandıqdan sonra da qəzet rayonun ictimai-siyasi həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır.
Rayon sovetlərinin fəaliyyəti dayandırıldıqdan sonra, 1995-ci il noyabrın 23-dən qəzet Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatı və redaksiyanın jurnalist kollektivinin təsisçiliyi ilə çıxmışdır.
2003-cü ildə “Muğansutikinti” MMC-nin təsisçisi, Əməkdar mühəndis Vaqif Qurbanov çox xeyirxah addım ataraq rayon qəzeti redaksiyasının köhnə, yararsız binasının yenidən qurulmasını öz üzərinə götürdü. Bina əsaslı təmir olunaraq yeni, müasir görkəmə salındı.
3 yanvar 2005-ci ildən “Suqovuşan” “Muğanın səsi” adladırılıb. Qəzetin təsisçisi RİH olub.
2007-ci il dekabrın 1-dən “Muğanın səsi” yenidən “Suqovuşan” adlandırılıb.
28 sentyabr 2020-ci ildən qəzet “Muğanın səsi” adı ilə çıxır.
Sonrakı illərdə qəzet Namizəd Əliyevin (2012-2020), mərhum İlham Əsgərovun (2020-2022) redaktorluğu ilə çıxmışdır. 2022-ci ilin oktyabrından qəzet mənim rəhbərliyimlə nəşr olunur.

Vətən müharibəsi dövründə redaksiyanın əməkdaşları şəhid və qazi ailələrində olmuş, operativ yazılarla qəzetin saytında və səhifələrində çıxış etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun göstərişi ilə redaksiyanın binası əsaslı təmir olunmuşdur.

-Bölgə mətbuatının hazırkı durumu Sizi qane edirmi? Yerli oxucuların qəzetə marağı necədir?

-“Muğanın səsi” bu gün də özünün ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır, hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir. Lakin bu gün qəzet həlli son dərəcə müşkül olan problemlər məngənəsində qalmışdır. Maliyyə vəziyyətinin ağırlaşması ucbatından yaradıcı qüvvələr zəifləmiş, qəzeti çıxarmaq çətinləşmişdir.
Qəzetin 95 illiyi xalq yanında alnıaçıq, nurani bir ağsaqqalın yaşıdır. “Muğanın səsi” Sabirabadın 95 illik ömrünün tarixi salnaməsidir. 1930-cu ildən bu yazı hazırlanadək qəzetin 7693 nömrəsi çap edilmişdir. Qəzetin fəaliyyəti neçə-neçə jurnalist nəslinin gərgin əməyi, minlərlə fəal oxucunun diqqət və qayğısı ilə əlamətdar olmuşdur. Ötən dövr ərzində qəzetdə çalışmış jurnalistlər öz vəzifələrini vicdanla yerinə yetirməyə səy göstərmişlər. Onlar Azərbaycan dövlətçiliyi, sosial ədalət prinsiplərinin müdafiəsinə, ictimai-siyasi proseslərin obyektiv şərhinə çalışmışlar.
Unutmamalıyıq ki, gələcək nəsillər öz keçmişlərini, babalarının tərcümeyi-hallarını məhz mətbuatımızdan öyrənəcəklər. Keçmiş dövrlərdə olduğu kimi, elə indinin özündə də mətbuata kömək, el yardımı olmadan qəzet yaşaya bilməz. Buna görə də biz bu gün mətbuatımızı yaşatmağa borcluyuq.

Söhbətləşdi: Cəmil ZƏBHULLAOĞLU,
AJB-nin üzvü,şair-publisist

Son xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

“Kür-Araz” qəzeti redaksiyasında oxucularla görüş keçirildi - FOTO

Zülfiyyə İsmayıl : Mərd adamlar - FOTO

Hamını güldürən və ən hazırcavab insanlar bu 4 tarixdə doğulur

Fransada Yelisey sarayında axtarış aparılıb

Makron Trampla İrandakı vəziyyəti müzakirə edib

Keyn “het-trik” etdi - “Bavariya” Almaniya Kubokunu qazandı

Atlaz Rzayi : Yollar - FOTO

ÜST-dən daha bir - Xəbərdarlıq

Təcili təhlükəsizlik iclası çağırdı

"ALLAHIN HƏDİYYƏSİ" adlı roman kitabı şükürlər olsun çapdan çıxdı - FOTO

XƏLİL MİRZƏ : Yaxşı ki, ömrümə döndü xatirən - FOTO

Azərbaycanın diplomatı İranda faciəvi şəkildə vəfat etdi - FOTO

Daha bir güləşçimiz Avropa çempionu oldu

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Qadın karateçimiz Avropa çempionu oldu

Əfsanəvi idmançının evinə basqın edildi - Yaralıdır

Arif Musa : Mən kimi - FOTO

“Çin bölgədə 100-dən çox gəmi yerləşdirib”

Azərbaycanda sənaye meşələri salınacaq

Azərbaycanda meşələrə dronlar nəzarət edəcək – Nazir AÇIQLADI

Kitab təqdimatı :: “ƏLVİDA DEYİRƏM AYRILIQLARA”- FOTO

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb

WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib

Bakıda Üçüncü Kəlağayı Festivalı təşkil olunub - FOTOLAR

İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib

QIZBƏS QƏBƏLƏ : QARMON İFASI - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031