
Xəbərlər
30.09.2025, 11:35
Sucuklu yumurta Guinness Dünya Rekordu qazandı - FOTO
Beynəlxalq Gastro Afyon Turizm və Ləzzət Festivalı möhtəşəm keçdi
UNESCO tərəfindən “Gastronomiya Şəhəri” kimi təsdiqlənmiş Afyonkarahisar, “Tarixlə Mayalanan Şəhər” mövzusu ilə 19–21 sentyabr 2025 tarixlərində keçirilən 7-ci Beynəlxalq Gastro Afyon Turizm və Ləzzət Festivalı çərçivəsində zəngin mətbəxini və saysız-hesabsız ləziz yerli məhsullarını bir həftə boyunca yemək həvəskarlarının zövqünə təqdim etdi.
Festivalın təşkilatçıları
Afyonkarahisar Valiliyinin və Afyonkarahisar Bələdiyyəsinin təşəbbüsü ilə, Afyon Kocatepe Universiteti, Afyonkarahisar Ticarət və Sənaye Palatası, Afyonkarahisar Ticarət Birjası, Zafer İnkişaf Agentliyi, Afyonkarahisar Peşəkar Aşpazlar Dərnəyi və ZAFTODER-in əməkdaşlığı ilə festival Afyonkarahisar Motor İdmanları Mərkəzi Festival Meydanında baş tutdu.
Festivalın açılış mərasimində Afyonkarahisar Valisi Dos. Dr. Kübra Güran Yiğitbaşı, millət vəkilləri İbrahim Yurdunuseven, Ali Özkaya, Hasan Arslan, Mehmet Taytak, Bələdiyyə Başqanı Burcu Köksal, AFPAD başqanı Şef Hamza Kalkan, idarə rəhbərləri, şəhər protokolu, ölkə xaricindən və Türkiyənin müxtəlif şəhərlərindən gələn aşpazlar, media nümayəndələri, qastronomiya maraqlıları və çoxsaylı vətəndaş iştirak etdi. Çıxış edən rəsmi şəxslər Afyonkarahisarın bənzərsiz mətbəxə sahib olduğunu, “Marka Şəhər” statusu ilə həm Türkiyəyə, həm də dünyaya tanıdıldığını və festivalın yalnız bir ləzzət bayramı deyil, Afyonkarahisarın dünya standartlarında gastronomiya şəhəri olması baxımından strateji əhəmiyyət daşıdığını vurğuladılar.
Guinness Dünya Rekordu
Bu il 7-ci dəfə keçirilən Beynəlxalq Gastro Afyon Turizm və Ləzzət Festivalı tarixi bir uğura da şahidlik etdi. Festival çərçivəsində AFPAD başqanı Şef Hamza Kalkanın rəhbərliyi ilə 1 ton sucuq və 15 min sərbəst gəzən toyuq yumurtası istifadə olunaraq, 25 kvadratmetrlik xüsusi istehsal olunmuş xrom tavada bişirilən 1.930 kq-lıq nəhəng “sucuklu yumurta” ilə Guinness Dünya Rekordu qırıldı.
Guinness Dünya Rekordları Türkiyə Hakimi və Nümayəndəsi Şeyda Subaşı, aparılan ölçü və nəzarətlərdən sonra 1.930 kq-lıq bu nəhəng “sucuklu yumurtanın” rəsmən dünya rekordu kimi təsdiqləndiyini açıqladı. Festivalda Cengiz Kurtoğlunun möhtəşəm konserti böyük maraq doğurdu, həmçinin Afyonkarahisar Şəhər Orkestri də səhnə aldı.
Festivalın Gala Gecəsi
Gala gecəsi Korel Thermal Resort Clinic & SPA Hotel-də keçirildi.
7-ci Beynəlxalq Gastro Afyon Turizm və Ləzzət Festivalının təşkilatçısı AFPAD başqanı Şef Hamza Kalkanın rəhbərliyi ilə Korel Resort-un təcrübəli baş aşpazı Nuri Erbil və komandası tərəfindən hazırlanan gala menyusu belə idi:
Damaq açarı: turş maya ilə bişirilmiş Afyonkarahisar kartof çörəyi, vişnə qaymaqlı emulsiyası.
Soyuq başlanğıc: albalı talaşında tüstülənmiş Afyonkarahisar basdırması, ilabada otu, nar şirəli zeytun yağı, Afyonkarahisar xaşxaş pestisi.
Ara isti yeməklər: mərcili sucuk içlikli bükmə, mağara yoğurdu, pomidor şərbəti.
Əsas yemək: duz odasında bişirilmiş quzu incik, balqabaqlı püresi, ilikli alma şərbəti.
Şirniyyat: ekmek kadayıfı, camış qaymağı, vişnə balı, susamlı arı poleni.
Xüsusilə quzu incik son illərdə yediyim ən ləzzətli yeməklərdən idi. Gala yeməyində Afyonkarahisar protokolu, Tokat valisi və xanımı, qastronomiya, media və digər sahələrdən tanınmış simalar iştirak etdilər. Gecədə Türk Sanat Musiqisinin ustadı Umut Akyürek və Türk Xalq Musiqisi ifaçısı Oktay Ertuğrul möhtəşəm musiqi ziyafəti təqdim etdilər.
Korel Thermal Resort Clinic & SPA Hotel fərqli imkanları, keyfiyyətli sosial sahələri, SPA növləri və termal su imkanları ilə “sözlə deyil, yaşanacaq” bir məkandır. Bu otel, bölgədə Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmış yeganə “C qrupu” sağlamlıq müəssisəsi və fiziki terapiya-klinik reabilitasiya mərkəzinə sahibdir. Burada iki ixtisaslı həkim və çoxsaylı mütəxəssislər çalışır. Qonaqpərvərlik və xidmət baxımından möhtəşəmdirlər.
Bizləri ən yaxşı şəkildə qonaq edən AFPAD başqanı Şef Hamza Kalkan və komandasına, jurnalist Veysel Kavrayana, Korel Resort Hotel-in baş direktoruna və komandasına sonsuz təşəkkürlərimizi bildiririk. Azərbaycan üçün Türkiyə çox önəmli və dəyərlidir. Bu festival sayəsində mən bilmədiyim bir bölgəni tanımaq fürsəti qazandım. Qonaqpərvər Afyonkarahisar xalqına Azərbaycandan salamlarımızı çatdırırıq.
UHA / İnternational News Agency və TÜHA / TÜRKUAZ İnternational News Agency Ankara bölgə təmsilçisi və xəbər-koordinatoru Veysel Kavrayanın qeyd etdiyi kimi:
“Gözəl Afyonkarahisardan doymadan arxada xoş xatirələrlə dolu bir təşkilat buraxdıq.”
Aytən Rəhimova
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



