Vətənimdən gözəl diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana!
Odu qalmaz hər doğulan övladın,
Yad ocaqda ha alışa, ha yana!..

Bilmirəm ki, bu bənd nə vaxt dilimə bənd olmuşdu. Bir də hiss elədim ki, üç bəndlik bir qoşmaya çevrilib. Vətənə övladlıq borcunu anlatmaq istəmişdim. Dünyaya göz açdığı məkan insan övladı üçün Vətən sayılır! Vətənə əsl vətəndaş olmaq çox da asan deyil! Bunun üçün canında-qanında vətənpərvərlik hissi olmalıdır. Bu hiss də ötəri yarana bilməz. Bunun üçün ailədən və cəmiyyətdən mənəvi qida almalısan.
Həyata gələndən Vətən insana ana kimi isti qucaq açır. Əslində, mən də istədiklərimə yetdikcə ilk uğuruma sevinəndə demişəm: ”Vətən, bu nailiyyətim səninki olsun!” Ona görə ki, bir kənd uşağının qazandıqları nə varsa, Allahına, eləcə də Vətəninə bağlıdır. Bu Vətənin övladı olmağımla həmişə qürur duymuşam.

Bəlkə də iki il öncənin söhbətidir. Sosial şəbəkələrdə ana, torpaq, yurd haqqında paylaşdığım yazıların birinin şərh yerində mənə təşəkkürlə yanaşı, irad da bildirmişdilər. Bir qələm dostum gileylənirdi: “...Niyə elə ancaq Kəlbəcərdən danışır, tərifləyir, oranın şəhidlərindən, qəhrəmanlıqlarından yazırsan?!”
Bəlkə də bir azca haqlı idi. Kəlbəcərimizi hər yazımda nümunə çəkirəm, bəlkə də fərqinə varmadan. Amma, axı, bununla yanaşı, yalnız Kəlbəcərimizin deyil, məni bütöv Azərbaycanımızın və daha geniş anlamda TURAN, Türk dünyasının təbliğatçısı kimi də tanıyırlar. Sosial şəbəkələrdəki yazı-pozularım da buna faktdır. Amma mənə tutulan iradı da qəbul edirəm: axı, kəlməbaşı Kəlbəcərimizi nümunə göstərir, həsrətindən 30 il xəstə düşdüyümüzü qələmə alıram. Bu mənada, bəlkə də irad haqlı idi. Hər halda, gözləmədiyim bir rəylə qarşılaşıb, susmuşdum.
Mənə görə, doğulduğu ailəni, boy atdığı kənd-kəsəyini, el-obasını sevməyən heç vaxt Vətən sevdalı ola bilməz! Mən də bu anlamda haqlıyam – kəlbəcərliliyimlə qürur duyduğuma və geniş təbliğ etdiyimə görə.
Əlimə qələm alandan Vətən sevdalı olmağımın da səbəbi yəqin bu imiş. Yaradıcılıq illərimin məhsulu olan 28 kitabım da bunu təsdiqləyir. Bir gün oğlanlarım Sənanla Kənan mənə maraqlı bir təklif etdilər. Sənan böyük olduğu üçün fikrini o açıqladı:
-Ata, sən Türk dünyasından, Qarabağımızdan, Bütöv Azərbaycanımızdan yazmaqdan yorulmadın. Amma, maraqlıdır: niyə özünün doğulduğun kənddən də bir kitab yazmadın? Axı, illər dəyişdiyi kimi, nəsillər də bir-birini əvəz edir.

Sizin tanıdığınız Kəlbəcər, onun ikiaddımlığındakı, tarixi uludan-ulu olan beş kənddən (Yuxarı Qılınclı, Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlağı) yazmağı unutmamalıydın. Axı, biz nəsil dünənkiləri tanımırıq. Biz gənclər bu gün bir-biri ilə necə qohum-əqrəba olduğunu da bilmir. Yaxşı olardı ki, böyüklərinizdən eşidib-bildiklərinizdən bir kitab edərdiniz.
Kənanın son vaxtlar yazı-pozuya meyilli olduğunu bilmişdim. Atası olaraq qürurluyam ki, onun ilk əsərini (“Əl işi” povestini) kitab kimi nəşr etdirmişəm, hələ sosial mediada və ədəbi almanaxlarda yer alan şeirlərini demirəm.
Kənan da qardaşının fikrinə haqq qazandırdı:
-Ata, Sənan düz deyir. Axı, ata-babalarınızın bildikləri, söylədikləri yaddaşınızdan silinib gedir. Bax, sənin “Kəlbəcər – Azərbaycanın qala qapısı” kitabınız kəlbəcərlilər üçün, ən azı, bir məlumat mənbəyidir. Oradakı məlumatların hər biri ayrı-ayrılıqda bir kitablıqdır. Məncə, beş kənd qılışdıların kimliyi, etnoqrafiyası, məişəti barədə məlumat kitabına da ciddi ehtiyac var. Bəlkə bu barədə də düşünəsən?..
Ağıllı fikir olduğunu düşündüm və qəti qərara gəlməmişdən Kəlbəcərimizin tanınmış simalarından olan, əslən beş kəndin yetirmələrindən Sahib Əkbərov başda olmaqla, bəzi ziyalılarımızla da məsləhətləşməli oldum. Sağ olsunlar, Xəqani Kazımov, Azər Elman oğlu Məmmədov, Adil Nəcəfov, Eldar Şahməmmədov, Elman və Elnur Həsənov qardaşları, Hacı Abbas, Tofiq Nəcəfov, Famil Cavadov, Zahid Cəfərov, Tural Tahir oğlu, Kamandar Şükürov... adlarının çəkilməsini istəməyən bir çox doğmalarım da fikrimi bəyənərək, bu müqəddəs işdə dəstək olacaqlarını bildirdilər. Buna görə də elimizin gərəkli, ziyalı, xeyirxahlarına bəri başdan təşəkkür bildirməyi özümə borc bildim və qardaşım İbrahimlə üç il öncə bu işə başlayası olduq.
Kitabın digər nəşrlərdən fəqli cəhətlərinə gəlincə, ilk növbədə onu qeyd edim ki, bu, əslində, bir “yol xəritəsi”dir. Kəlbəcər şəhərinin qərbində (Göyçə mahalı ilə həmsərhəd bölgədə) yerləşən Yuxarı Qılınclı (el arasında əvvəllər Bozkənd kimi də tanınıb), Otaqlı, Dərəqışlaq, Barmaqbinə, Otqışlaq (Əmiralılar) kəndləri haqqında həm də ensiklopedik məlumatlar toplusu olan “Beş kəndin bir kitabı” ciddi ehtiyacdan yarandı. Adlarını çəkdiyim beş kənddə yaşayacaq (kəndlərimiz işğaldan azad edilsə də, hələlik, bərpa edilmədiyinə görə, oralarda yaşayış yoxdur-M.N.) bugünkü nəsil bir-biri ilə yaxın qohumlardan ibarətdir. Kəlbəcərin Ermənistan tərəfindən işğalınadək bu kəndlər bir ərazi idarəetmənin (sovetliyin) tərkibində olub. Beş kəndin mərkəzi, inzibati idarəsi də Yuxarı Qılınclıda yerləşib. Digər kəndlərdə mədəniyyət obyektləri (kitabxana Otaqlı kəndində idi) olmamışdı. Klub, səkkizillik məktəb, Kalinin adına kolxozun idarə binası da Yuxarı Qılınclıda yerləşirdi.
Ümumiyyətlə, rayon mərkəzinin ikiaddımlığında olan bu beş kənddə sosial-mədəni inkişafdan söz açmağa dəyməzdi. Kəndlərin əmək qabiliyyətlilərinin əksəriyyəti rayon mərkəzində müxtəlif sahələrdə və vəzifələrdə çalışırdı. Əvvəllər bu kəndlər də Kəlbəcər qəsəbə sovetliyinin tərkibində olmuşdur. Sonradan sovetlik bir neçə dəfə rayon mərkəzindən ayrılmışdı.
Kəndlərin qadın-qızları həm tütünçülüklə, həm də maldarlıqla (Yuxarı Qılınclı, Otaqlı, Barmaqbinə kəndlərində kolxoza məxsus ictimai mal tövlələri var idi ki, burada da qadınlar sağıcılıqla) məşğul olurdu. Kəndlərimizin qabaqcıl sağıcılarının adları, şəkilləri rayon mərkəzindəki “Şərəf lövhəsi”ni bəzəyənlərin arasında olurdu. Onlardan bəzilərinin adlarını çəkməmək günah olardı: Otaqlı kəndindən Nigar Novruzova, Firəngiz Məmmədxan qızı Əkbərova, Sara Əmrahova, Əntiqə Əmrahova, Güllər Sadıqova...
Xatırlatmaq yerinə düşərdi ki, bizim beş kənd Qılınclı camaatının rayonda “imam övladları” adlandırılması da təsadüfi deyildi. Çünki bu kəndlərin əhalisi, sözün əsl mənasında Allaha, haqqa-həqiqətə bağlı idilər.
Kəndlərin tarixi qədimdən-qədim idi. Kəlbəcərdə son məskunlaşmanın tarixinin 3-4 əsr olması dəqiqləşdirilməsə də, amma burada insan əlinin yaratdığı tarixi yadigarlar Qafqaz Albaniyası döv¬rünün nişanələri idilər. Kəlbəcərin digər ərazilərində olduğu kimi, burada da alban kilsələrinin qalıqları və xristianlıqla bağlı yer adları son il¬lərədək qa¬lırdı. Kəlbəcərdə yeganə dağıdılmayan məscid də Otaqlı kəndində Məşədi Ata¬kişinin tik¬dirdiyi idi. Ona görə də “Məşətakişinin məscidi” adlanırdı. Sovetlər onun bir daşına dəyə bilməsə də, mənfur erməni daşnakları kənd məscidini də darmadağın etdilər. Kəndlərlə bağlı beş bölmədə bu barədə geniş məlumat verilir.
Kəndlərin əhalisinin əsasən beş qardaşın nəsil davamçıları olması da inkar edilməyən faktlarla zəngindir. Kəlbəcərdə sovetləşmə illərində bu kəndlərin də repressiya qurbanları az olmayıb. 1941-45-ci illər müharibəsinə göndərlən yüzdən çox igidin çoxunun adı qayıdıb, özlərinin qayıtmama səbəbləri məlum deyil. Çalışdıq ki, ümumiyyətlə, beş kəndin müharibə itkiləri ilə bağlı məlumatlar da kitabda əks etdirilsin. Məlum oldu ki, bu kəndlərimizin igid oğullarının adları yaddaşlardan tamamilə silinməyib. 1988-1994-cü illərdə Kəlbəcərin müdafiəsində, eləcə də Qarabağın işğaldan azad edilməsində beş kəndin övladlarının da adları tarixə yazılıb. Həm də yalnız döyüşkən oğullarla yanaşı, erməni girovluğunda zülm çəkən qılınclılar haqqında da kitabda ədəbi-bədii formada yazılar verilir.
Beş kəndin tarixi şəxsiyyətləri də az olmayıb. On doqquzuncu yüzilliyin son-larından başlayaraq, bu kəndlərin yetirmələri də kənarda oxuyub təhsil almaq hə-vəsində olublar. Kəndlərdə dünyaya göz açaraq, ziyalılıq mərtəbsinədək yük¬sələn şəxsiy¬yətlərimiz haqqında bilgi verən yurddaşlarımıza minnətdarıq. Yuxarı Qılınc-lıda dünya¬ya göz açan, Azərbaycanda tanınan İsa, Məhərrəm Cahangirovlarla nə-inki kəlbəcərlilər, əslində, xalqımız fəxr edib. Respublika NKVD-nin rəisi vəzifəsinədək yük¬sələn polkovnik İsa Cahangirov haqqında “Qara volqa” roma-nında da ürəkaçan faktlar yer alıb. Əslində, əsərin baş qəhrəmanı kimi təqdim edilən bu cəsur hüquq-mü¬havizə sistemi əməkdaşı ilə hər birimiz qürur duyuruq.
Kəlbəcərdə sovetləşmə illərinin başlancığında idarəetmə orqanlarında çalışan qılınclılar da az olmayıb. Mədət Eyvazov, Hacıbaba Mehtiyev, Əli Səmədov kimi ziyalılarımızın hər birinin həyatı bir əsərlikdir. Çünki belə şəxsiyyətlərin həyatı, fəaliyyəti sonrakı nəsillər üçün bir örnək ola bilir.
Kitabda diqqət çəkən məqamlar az olmamalıdır. Çünki bu yerlərin övladları da, digər kəlbəcərlilərimiz kimi, saza-sözə vurğun olublar. Sevindirici haldır ki, həmin ənənə bu gün də gənclər tərəfindən yaşadılır, qorunub saxlanılır. Beş kənddə dünyaya göz açanların arasında əli qələmli, sinəsi sazlı-sözlü olanları da var. Kitabda onlardın 25 nəfərinin bədii yaradıcılıq nümunələrinin yer alması labüd idi. Onlardan 2 nəfərinin - Güllər Məmmədqızı ilə Kifayət İsmayılqızının adlarını xüsusi qeyd etməsək, haqsızlıq olardı. Çünki müxtəlif sənət və peşə sahibləri olan bu xanım-xatınlarımızın (ana-bacı¬mızın) bədii dünyası digərlərininkindən xeyli fərqlidir. Onların hər birinin yaradıcı¬lı¬ğında klassik ədəbi janrlarla yanaşı, müasir deyim formalarına da rast gəlmək olur.
Beş kəndin əhalisinin bir-biri ilə doğmalığını təsdiqləyən faktlar az deyil. Ən əsası onların yaylaq-oylaq yerlərinin bir olmasıdır. Kəndlərin beşinin bir yaylağı vardı - Dikyurd adlı. İlin beş ayını (may ayından sentyabrın sonunadək) yaylaqda keçirmək həm də təbii sağlamlıq demək idi. Burada uzunömürlülük də diqqətdən yayınmazdı. Məsələn, ömrünün xeyli hissəsini Barmaqbinədə keçirən Nabat Alıkişi qızı bəlkə də, Kəlbəcərdən didərgin salınmasaydı, 150 il yaşayacaqdı. Zalım ayrılıq, didərginlik illərini yaşasa da, Nabat nənə 107 il ömür sürə bildi. 2005-ci il aprel ayının sonlarında Bakıda Kəlbəcərsizlik həsrətinə dözmədi: haqqa qovuşdu.
Kitabı vərəqləyən oxucu, mənə elə gəlir ki, ondan asanlıqla ayrılmayacaq. Çünki bu toplu kitab yazmaq xatirinə qələmə alınmır. Əsillərdən və nəsillərdən soraq verən kitabda müəlliflər bir çox mətləblərə toxunurlar. Hətta kəndlərimizin hər biri ev-ev, məhlə-məhlə təqdim edilir. Belə bir məlumatlı topluya heç yerdə rast gəlməyən oxucu, bununla da köhnə kəndlərlə yenisini müqayisə edə biləcək ki, bu da əsas vacib məqsəd¬lərdən biridir. Təbii ki, Kəlbəcərimiz, eləcə də onun kəndləri işğaldan azad edildikdən sonra yenidən və həm də əsaslı şəkildə qurulur. 124 kəndin birləşərək, müasir 56 yaşa¬yış məntəqəsinə çevilməsi köhnələrin sıradan çıxması anlamını gətirir. Buna görə də yeni kənd və qəsəbələrdə yaşayacaq insanlar ata-baba yurdlarının dünəni haqqında mə¬lu¬mata malik olmalıdır. Bu mənada “yol xəritəsi” formatında kəndlərimizin oxucuya təq¬dim edilməsi çox vacib idi. Buna necə nail olmuşuqsa, bunu da möhtərəm oxucular deyəcək. Buna görə də kitabı vərəqləmək yox, oxumaq üçün yazdıq.
Beləliklə, əziz oxucular, sizin əlinizdəki bu kitabın oxunaqlı olması üçün xeyli çalışdıq. Nəyə nail ola bildiksə, uğurumuzdur, elə sizin də. Kaş, buradan oxuduqlarınızı siz də sonrakı nəsilə çatdırmağı özünüzə borc biləsiniz. Onda yaddan çıxanlarımız ol¬ma¬yacaq və biz də unudulmayacağıq...
Bu da ön sözümün sonuncu abzastı olsun, Vətənə oğulluq hər birimizin borcuna çevrilsin, amin...

Vətənimdən gözəl diyar görmədim,
Nəzər saldım nə zamandı ha yana.
Odu qalmaz hər doğulan övladın,
Yad ocaqda ha alışa, ha yana.

Anda vermə, əzab verir and içə,
Kim deyir ki, yalan yerə and iç, ə?
Oğul odur el başına and içə,
Qeyrətindən kömək uma, hay ana.

Bu sinəmdə bir düyün var - yar andı,
Dərd sinəmdə düyün-düyün yarandı.
Gəl toxunma, yar, könlümə, yarandı,
Məhəmmədəm, qurban olum hayana.


Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı yazıçı-publisist,
“TURAN” Ədəbi Məclisi, ASKEF-in üzvü,
Ç.Aytmatov adına beynəlxalq
“Altın kalem” mükafatı laureatı,
“Yenilik-press” qəzetinin təsisçisi və baş redaktoru

Son xəbərlər

Natella Nur ✍️ : Xoş gəlmisən bu dünyaya ay Sevinc! - FOTOLAR

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

BİR QƏLƏMİM, BİR VARAĞİM,BİR DƏ MƏN... - FOTO

Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır

Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ

Sumqayıtda toyda ölüm

Faciəvi hadisədən sonra bu serialların ssenariləri dəyişir

Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib

DƏRDLİ İNSANIN SƏSSİZ DÜNYASI - FOTOLAR

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

Əhaliyə pul paylamağı təklif etdi

Rza Tamer vəfat etdi

Serialdakı sevgi gerçək oldu

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir - Fotolar

Türkiyədəki faciəyə görə bu seriallar da efirə getmədi

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN APREL GÖRÜŞÜ..

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930