MİLLƏTİN BƏXTİNƏ DOĞULANLAR
ELM ADAMI ZƏFƏR KƏRİMOV DƏYƏRLİ VƏTƏNDAŞDIR, VƏTƏN OĞLUDUR
Yaradıcı insan, dəfələrlə deyilmiş fikri bir daha təkrar etsək, bütöv bir dünyadır ki, onun zəngin tarixi, geniş coğrafiyası var. Və bu dünya mənsub olduğu xalqın möhtəşəm dünyasının ayrılmaz tərkib hissəsidir... Zəfərin dünyası kimi...
Müasir ziyalılığın bariz nümayəndələrindən olan Zəfər Kərimov da 1992-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yetirməsidir, mənim qrup yoldaşımdır. Hazırda onun haqqında dost olaraq tam fəxarət, iftixarvə qürur hissi ilə bildiklərimi qələmə alıram. Bu günlərdə işlədiyim yazılarla bağlı bir mənbə axtarırdım. Gözlərimə uzun illər Azərbaycan təhsilinə uğurla rəhbərlik etmiş görkəmli ictimai xadim, professor Misir Mərdanovun belə bir gözəl deyimi rast gəldi: “Ziyalı xalqın düşünən beyni, mənəvi diriliyidir. Ziyalı Vətən və millət yolunda zəkasını, ağlını, intellektual potensialını əsirgəməyən İNSANdır. Ziyalı xalqına, dövlətinə, dövlətçiliyinə sədaqətli xidməti ilə, onlara verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Ziyalı üçün Vətən sevgisindən, millət duyğusundan ali hiss yoxdur!!!”

Professor M.Mərdanovun qeydlərində nəzərdə tutduğu fikirləri məhz Zəfər Kərimova şamil edə bilərik. O da sadalanan milli-mənəvi dəyərləri özündə cəmləşdirən, fəaliyyətində onları gerçəkləşdirən milli ruhlu, vətəndaş qeyrətli, xeyirxah ziyalılardandır...
Zəfər Mahmud oğlu Kərimov 7 may 1961-ci ildə anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə jurnalist ixtisasına yiyələnib.
Vaxtilə “Azərbaycan gəncləri”, “Vətən övladı”, “Çiçəklənən Azərbaycan”, “İnkişaf” qəzetlərində, “Aktual” jurnalında xüsusi müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb.


Eyni zamanda elmi sahələrdə də fəalyyət göstərməyə başlayıb. Belə ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoloğiya İnstitutunda aparıcı elmi işçisi vəzifəsində çalışıb və bu gün də elm adamı kimi öz işini davam etdirir. Elmi iş müdafiə edən Z.Kərimov tarix üzrə fəlsəfə doktoru, dosentdir.
“XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində” ( Bakı, , “Turxan” nəşriyyatı, 2017-ci il, 180 səhifə) adlı elmi monoqrafiyanın müəllifi olan Zəfər Kərimovun 20-yə qədər elmi məqaləsi respublikamızda və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub.
Həyat yoldaşı Sevil xanım evdar qadındır. Oğlu Xəzər Yeraltı keçid və fəvvarələr idarəsində mühafizəçi, o biri oğlu isə çavuş kimi Azərbaycan Ordusunda müddətdən artıq hərbi xidmətdədir.

Qısa tərcümeyi-halından sonra tanışlığımızdan başlamaq istəyirəm. Universitet bizim üçün doğma ev-ocaq olub. Bakıda evimiz olmayanda da, olanda da, subay olanda da, ailəli olanda da bütün varlığımızı ali məktəblə, təhsil almaqla, bir sözlə, gələcək taleyimizi, müqəddəratımızı həll etməklə bağlamışdıq. Bəzən imtahan ərəfəsi çox gərginlik keçirir, bizi verəcəkləri qiymətlərlə sınağa çəkmək istəyən bəzi müəllimlərin bizə olan “münasibəti”ni səbirsizliklə gözləyirdik… Bir neçəsini çıxmaq şərtilə, bizə dərs deyən azman müəllimlər universitetdə ziyalılığın simvolu idilər…
… Həyatımızda çox şey dəyişib, keşməkeşli, acılı-şirinli dünyanın çox üzünü görmüşük, universitetə münasibətdə isə heç bir şey dəyişilməyib. Şirin ömrünün çoxunu öz qoynunda sənə yer verən, kimsəsiz uşaq təki əllərindən tutub səni boya-başa çatdıran universitet qədər doğma, əziz nə ola bilər? O universitet ki, səni elmin və tədrisin çətin, lakin şərəfli yollarından keçirib, həyatda iri, mətin addımlarla addımlamaq şansı verib. Bundan əziz sənə nə ola bilər?

Qayıdım yenə tələbəlik illərimizə. 1992-ci ildə universitetin son kursunda oxuduğumuz vaxtlarda artıq bir çoxumuz müəyyən mənsəb sahibi idik, qalanları isə hələ yollarını müəyyənləşdirə bilməmişdilər. Zəfər də artıq “Azərbaycan gəncləri” qəzetində özünə layiqli yer tutmuşdu. Bizim nəslin və bizim kimi neçə-neçə nəslin xüsusi ansambl təşkil edən ali məktəb müəllimlərimiz olub. Onlar o qədər tam, o qədər bütöv idilər və bir-birilərini o qədər tamamlayırdılar ki, birini yada salanda o birilərini göz qabağına gətirməmək mümkün olmur. Şirməmməd Hüseynov (bizə bir saat belə dərs deməyib, amma onun dərslərində oturmağı özümüzə şərəf hesab etsək də, bu, bizə müyəssər olmadı), Famil Mehdi, Şamil Qurbanov, Təhsin Mütəllibov, “Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev, Ceyran Əbdürrahmanlı, Tofiq Hacıyev, Azad Nəbiyev, Əliyar Səfərli, Cahangir Məmmədli, Əliş Nəbili, Akif Rüstəmov və bir çoxu. Bunlar hamısı müəyyən cəhətdən bir-birinə bənzəyirdi, hamısı əsl müəllim idi, xalqına, vətəninə, doğma Azərbaycana ürəklə, sidq ürəklə xidmət edən müəllimlər; təmiz, müqəddəs, ədadan uzaq, gənc nəslin yolunda şam kimi yanıb əriyən müəllimlər. Onlar həm də başqa-başqa adamlar idilər. Hər birinin öz psixologiyası, öz düşüncə tərzi, öz davranışı, müraciət forması var idi. Hər birinin özünəməxsus mühazirə oxumaq məharəti, yazı üslubu var idi. Ancaq hamısı sevimli idi; onların bütün hərəkətləri bizə xoş gəlirdi.

Biz demək olar ki, sovet dövlətinin, kommunist partiyasının sərt antimilli qanunlarının hökm sürdüyü vaxtların sonuncu tələbələri idik. Həmin müəllim və pedaqoqların, ziyalıların köksündə döyünən milli Azərbaycan türk ürəyi bizə çox şey deyirdi; onların «pıçıltıları», dərslərinin milli zəminlə bağlılığı, ədəbiyyatımızın, dilimizin, tariximizin böyüklüyü və zənginlikləri haqqında ürəkdolusu söhbətləri bizə çox şey deyirdi. Onlar bizə ancaq elm öyrətmirdi, həm də bizə insanlıq dərsi verirdilər, xalqa, vətənə xidmət dərsi verirdilər. Onlar sanki sözləşərək bu həyatdan getdilər, ruhlar aləminə çəkildilər, yerlərini bizə verdilər. Bizə dərs deyəndə onların çoxu lap cavan idi; 35-50 yaş arasında idilər, indi biz yaşca onlardan böyüyük. Onlardan nə saxlamışıq, bugünkü nəslə nə vermişik? Deyə bilmərəm. Görəsən, biz öz müəllimlərimizin xatirəsini yad etdiyimiz kimi, bizim yetirmələrimiz də bizi yad edəcəklərmi?

Bu yazımı ağ vərəqin üzərinə həkk etdikcə düşünürəm ki, belə nəhəng alimlərdən dərs alan elm, təhsil dalınca getməyə bilməz. Haqqında yazdığım Zəfər Kərimov da, onunla eyni sahəni bölüşən Aslan Şirəliyev də, Dövlət İqtisadiyyat Universitetində (keçmiş vaxtlarda “Narxoz” adlanırdı) mühüm vəzifədə çalışan Şaiq Əsgərov da onların təsiri ilə, bu alimlərin tövsiyələrilə özlərini elmə, təhsilə həsr etdilər. Onlar üçün müəllimlər məhəbbət və hörmət obyekti, ümid istinadgahı idilər. Onların həyatları da başqa cür idi. Sevəndə daha dərindən sevirdilər; sevdalı günlərin sevinci də, kədəri də bir cür şirin idi. İnsanlar daha vəfalı, daha səmimi, daha ciddi idilər.


Görünür, tale yazısı həqiqətdir, taledən qaçmaq mümkün deyil. Həm də çox vaxt hər bir adamın həyatı ümumi bir xətt üzərində davam edir. Uşaqlıq, ilk gənclik illərinin həvəsi, çalçağır çağları dərdlərin üstünü örtür, lakin onlar hiss edilmədən ürəyə yığılıb qalır. Çox vaxt da insanın vüqarı onların aşkarlanmasına imkan vermir.
Bizim nəslin taleyinə Azərbaycan elminin – Azərbaycan filologiyasının, tarixinin, fəlsəfəsinin korifeyləri, bir sıra fənlərin formalaşmasında bilavasitə xidmətləri olan müəllimlər düşüb. Zamanın zəhərli havası dəyməyən, bütün varlıqları ilə pedaqoji işə bağlı olan müəllimlər. Onlar bizi yetiriblər, sonra da bir neçə illər onlarla bərabər işləmişik. Əgər bu gün biz universitet adamı sayılırıqsa, universitetə layiq hesab olunuruqsa, müəllim-tələbə münasibətlərinin müqəddəsliyini saxlaya bilmişiksə, öz müəllimlərimizə borcluyuq...
Yaradıcı insan həssaslığı, yaradıcı duyğusu, aliliyi, yüksəkliyi, saflığı və müqəddəsliyi ilə səciyyələnir. Duyub düşünmək qabiliyyəti ümumən insanlara xasdır; şair olmayıb şair qədər həssas olan «sıravi» adamlar da az deyil.

Bu illər hələ kifayət qədər gənc qələm (və coşqun ürək!) sahibinin dünyagörüşünün genişlənməsində, həyatı dərindən öyrənməsində, təşkilatçılıq istedadının mükəmməlləşməsində həlledici rol oynayıb, özünəməxsus (və təkrarsız!) yaradıcı şəxsiyyətini formalaşdırıb. Bu yazımın səbəbkarı Zəfər Kərimovun da yaradıcılığı daim diqqət mərkəzində olub. Mətbuatda çalışdığı dövrlərdə “Azərbaycan gəncləri”, “Vətən övladı”, “Çiçəklənən Azərbaycan”, “İnkişaf” qəzetlərində, “Aktual” jurnalında çap ediləm bir-birindən maraqlı yazıları şəxsən mənim diqqətimi xüsusi cəlb edib. Həmin mətbuat orqanlarını zaman-zaman mənə təqdim edəndə ilk soruşduğum onun yazısının olub-olmaması idi. Üzü güləndə, yəni mənə gülümsər formada cavab verəndə hiss edirdim ki, “əlidolu” gəlib. O yazıları evdə xüsusi vaxtlarda , yəni özümə istirahət ayırdığım zamanlarda oxuyurdum. Bir jurnalist kimi həmin yazılar məni qane edirdi. O, həmin nəşrlərin meydana çıxmasında əzmlə, peşəkarlıqla çalışırdı. Yazdığı bədii, elmi-publisistik əsərlərdə tariximizin, ədəbiyyatımızın, eləcə də eləcə də hamımıza az məlum olan ictimai-siyasi hadisələrin hərtərəfli (və obyektiv!) təhlilini verirdi.

Bütün bunlardan sonra iftixarla deyə bilərəm ki, Zəfər Kərimov bu millətin bəxtinə doğulanlardandır. Zaman onu tamam yeni ruhlu, yeni təfəkkür tərzinə malik, yeni tipli alim kimi yetişdirib. Buna görə Zəfər başqa həmkarlarından, tay-tuşlarından, sözün geniş mənasında, seçilir. Publisistikası, müsahibələri, elmi məqalələri, monoqrafiyaları dediklərimi sübut edir. Tanrının verdiyi ömrü hamı onun müəyyənləşdirdiyi vədədə başa vurur. Lakin heç də hər bir insan həyatının hansısa məqamında arxada qalan ömrə, illərə, görülmüş işlərə, dəyişdirilməsi mümkün olmayan əməllərə baxıb, Zəfər kimi özünəməxsus təvazökarlıqla deyə bilmir: bəli, mən yaşamışam...

Zəfərin sözü də, özü də, elmi də təmənnasız, məsuliyyətdən yoğrulmuş şərəfli taleyini yaşamaqda davam edir.
Və nəhayət, Zəfər haqqında danışarkən, bir məqama da diqqət vermək lazımdır ki, onun şəxsiyyəti, yaradıcılığı, ədəbi fəaliyyəti, illər boyu qazandığı təcrübəsi hamımız üçün bir nümunədir. O alimdir, jurnalistdir, atadır, həyat yoldaşıdır, nəhayət, Azərbaycanın sayılıb-seçilən ləyaqətli vətəndaşıdır. Zəfər sakit təbiətli, mədəni bir ziyalıdır. Qayğıkeşlik onun varlığına hopduğundan o daim xeyirxahlıq etmiş, bir çox insana arxa olub.
Zəfərdə olan milli qeyrət onun bütün yazılarında, rəsmi və qeyri-rəsmi fəaliyyətində özünü göstərir...
Zəfər dəyərli vətəndaşdır, vətən oğludur.


Görkəmli ziyalı, sənətkar, jurnalist, eyni zamanda tarixçi kimi tanınan Zəfər Kərimov 64 illik şərəfli bir ömür yaşayıb və onun tələbə yoldaşları kimi şübhə etmirik ki, bundan sonra da hələ neçə illər Azərbaycan tarixini, Azərbaycan ictimai fikrini özünün dəyərli əsərləri ilə zənginləşdirəcək, tükənməz yaradıcılıq enerjisilə mənsub olduğu Azərbaycan xalqına xidmət edəcək.
Doğum günün mübarək olsun!

BDU-nun Jurnalistika fakültəsinin 1992-ci il məzunları adından;
Daşdəmir ƏJDƏROĞLU









Son xəbərlər

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031