Xəbərlər
2.12.2024, 19:39
HACIMƏMMƏD MƏMMƏDOV : VƏTƏNPƏRVƏR İNSAN, YORULMAZ HƏKİM - FOTO
Özünü təsdiq edən insanların ömrü onların əməlləri ilə ölçülür. 50 ilə yaxın həkim işləyən Şahmurad Hümbət oğlu Şirəliyevə Tanrı gözəl istedad bəxş edib, özü də birini yox, bir neçəsini - dərin savad, möhkəm iradə, həyata, hadisələrə ali münasibət, insanlara qayğı, hörmət... amma onu başqalarından fərqləndirən əsas cəhət əməllərində həmişə dürüst, bildiklərini hamı ilə paylaşmaq, işində dəqiqlik və yaradıcı olmasıdır.
Şahmurad Şirəliyev. Onun təmtəraqlı təqdimata ehtiyacı yoxdur. Əslində ismayıllılar bu adı, soyadı yaxşı tanıyır və sevirlər. Xalqın gözü ən yaxşı meyar, “tərəzi”di. Kimin kim olduğunu gözəl bilir. Şahmurad da bu yaxşıların siyahısındadır.
Şahmurad Şirəliyev 1946-cı ilin dekabr ayının 3-də İsmayıllı şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1964-cü ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra, həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1970-cil ildə universiteti yaxşı və əla qiymətlərlə bitirərək təyinatla Qəbələ rayonuna göndərilib. 1977-ci ilə qədər ucqar dağ kəndində həkimlik fəaliyyəti ilə məşğul olan müddətdə həkimliklə yanaşı öz şəxsi müşahidələrinə əsaslanan bir sıra elmi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib.
Təbiətdə yenilik axtarmaq, müalicələri elmi səviyyədə qurmaq onun əsas devizi olub. 1976-cı ildə “Bir daha uzun ömürlülük haqqında” yazdığı məqaləsi geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. 1977-ci ildən Qəbələ rayonundan İsmayıllı rayonuna dəyişdirilmişdir. O, çalışdığı İsmayıllı rayonunda həkimlik fəaliyyəti ilə yanaşı, elmi, praktik axtarışlarını da davam etdirməyə başlamışdı.
1987-ci ildə sosioloji tədqiqatlar mərkəzinə “Tədris islahatı sağlamlığın meyarı olmalıdır” adlı məqaləsi ilə müraciət edib. Onun 1990-cı il “Azərbaycan tibb jurnalı”nda “Şəkərli diabetlə yanaşı gedən hipertoniya xəstəliyinin müalicəsində qarşıya çıxan çətinliklər” adlı məqaləsi nəşr edilib.
1990-1991-ci illərdə Şahmurad həkim öz şəxsi müalicəsinə əsaslanan və praktikada öz əksini tapan yeni müalicə metodu - “Ekdermal müalicə metodu” haqqında fikirlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi şurasına təqdim etmiş və münsiflər heyəti tərəfindən yekdilliklə bəyənilmişdir.
Şahmurad Şirəliyev 1992-ci ildə təşəbbüsü ilə xarici ölkələrin təbabəti ilə maraqlanmaq və yeniliklər əldə etmək üçün iki ay müddətində Türkiyə Respublikasının bir sıra xəstəxanalarında həkimlərin iş prinsipləri ilə tanış olub.
1997-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin attestasiya komissiyası Şahmurad Şirəliyevi ali dərəcəli terapevt kateqoriyasına layiq görüb.
1998-ci ildən Avropanın ən nüfuzlu tibb təşkilatı olan “Hisaft” Beynəlxalq Tibb Təşkilatı ilə əməkdaşlıq edir və mütəmadi olaraq bütün dünyada gedən tibbi yeniliklərdən xəbərdar olur.
2002-ci il noyabr ayının 2-də Şahmurad Şirəliyevə “Əməkdar həkim” fəxri adı verilir. Şahmurad həkim uzun illər İsmayıllı rayon Mərkəzi xəstəxanasının nəzdində yaradılmış, elmi praktiki konfransın rəhbəri və aparıcısı olub. İldə bir neçə dəfə tibbin yenilikləri haqqında mütəmadı olaraq mühazirlələr və söhbətlər aparıb. 2005-cil il iyun ayında xəstəxananın terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Şahmurad Şirəliyev özünəməxsus, bənzərsiz, fərdi bacarığı olan həkimdir. Tibb aləminin böyük şəxsiyyətlərindən biridir. Tanıyanlar onu xalqımız üçün qənimət adamlardan hesab edirlər. Çünki Şahmurad həkimlə doğmaları, dostları, davamçıları haqlı iftixar hissi keçirirlər. O, namuslu vətəndaş, ləyaqətini qoruyub, dövlətin və xalqın mənafeyinin hər şeydən üstün tutub, el-obada, cəmiyyətdə nüfuz və söz sahibi olub. Bu xoşbəxtlik isə hər adama nəsib olmur. Onun həyat və fəaliyyətinə zaman və məkan baxımından nəzər salsaq, görərik ki, sadalanan keyfiyyətlərə yiyələnmək heç də asan başa gəlməyib. Ş.Şirəliyev yaşının bütün dövrlərində çətinliklə üzləşsə də, onun şəxsiyyəti və nüfuz dairəsi heç vaxt kölgə altında qalmayıb, simasını dəyişməyib. Həmişə bir sifəti olub. Əlbəttə, onun həqiqətən namuslu vətəndaş, ləyaqətli ziyalı kimi tanınmasında bütün bunların böyük rolu var.
Uzun illərdən bəri xarakterinə və şəxsiyyətinə yaxından bələd olduğum Şahmurad həkimi bütün səy və bacarığı ilə həyatının mənasını xalqının sağlamlığı keşiyində durması, hamıya kömək etməsidir.
Kimlərisə nəyinsə xatirinə və kimə görəsə tərifləməyi xoşlamıram. Doğru-dürüst, imanlı, etibarlı, ləyaqət və şərəfini qoruyub saxlamağı bacaran, əqidəsi bütöv insanlara həmişə hörmətlə yanaşıram. Yazımın qəhrəmanı Şahmurad həkim də belə insanlardan biridir. O, insana xas olan ən gözəl keyfiyyətləri özündə cəmləşdirən, yoldaşa, dosta etibarlı, sədaqətli, sözübütöv, bilikli, bacarıqlı həkimdir.
Tibb aləminə böyük töhfələr vermiş Ş.Şirəliyev özünün çoxşaxəli fəaliyyəti ilə tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamış, çoxsaylı tədqiqatları, elmi məqalələri bu istiqamətdə əsaslı araşdırmaların aparılmasına və müalicə işində tətbiq edilməsinə geniş imkanlar yaratmışdır. Şahmurad həkimin müəyyən etdiyi metodikalar və gəldiyi elmi nəticələr öz aktuallığı, fundamental-nəzəri əhəmiyyəti ilə elmi ictimaiyyətin böyük diqqət və marağına səbəb olmuş, təklif etdiyi səmərəli üsullar onu yaradıcı bir həkim kimi tanıtmışdır.
Şahmurad Şirəliyevin həyat və fəaliyyətindən, elmi məqalələrindən bəhs edən “Sağlam həyat, sivil cəmiyyət” kitabında maraqlı məqamlar çoxdan çoxdur. Onlara diqqət yetirsək Şahmuradın necə istedadlı, peşəkar həkim olmasının şahidi olarıq. Şahmurad həkimin müalicə işində tətbiq etdiyi üsullar öz aktuallığı ilə xüsusi əhəmiyyət kəsb edir. İctimaiyyətin böyük diqqət və marağına səbəb olub. Təklif etdiyi səmərəli üsullar onu ölkəmizdə yeni tədqiqatlar məktəbinin yaradıcılarından biri kimi tanıtmışdır. Kitabın aktuallığı ondadır ki, mövzuların bir çoxu üç dildə - Azərbaycan dili, rus dili və ingilis dillərindədir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın maraqlı və dəyərli cəhəti ondan ibarətdir ki, müəllif təbabətin önəmli problemləri barədə bilinənlərlə bərabər, özünün çoxillik təcrübəsinə və məntiqinə əsaslanıb, orijinal fikirlərini qələmə almışdır. Kitab sağlam, uzunömürlü olmaq arzusunda olan hər kəs, həmçinin gənc və təcrübəli həkimlər üçün də maraqlı vasitədir.
Kitabda elmi-nəzəri məqalələr öz dolğunluğu ilə nəzəri cəlb edir. Müəllif müasir dövrdə ürək-damar, əsəb, xərçəng, tənəffüs yolları və böyrək xəstəliklərinin əmələ gəlməsi səbəbinin mərkəzi sinir sistemində gedən pozulmalarla əlaqələndirir. Əksər xəstəliklərə səbəb ətraf mühitin mənfi emosiyalarının mərkəzi sinir sisteminə mənfi təsirlərindən danışır. Mənfi emosiyalardan qorunmağın yollarını göstərir.
Şahmurad həkim öz təcrübəsində qədim tibb nümunələrindən geniş istifadə edir. Xəstələrinə də bunu məsləhət görür. O, xəstəyə çoxlu dərman verməyin və yazmağın əleyhinədir. Bunu hər həkim etmir. Şahmurad həkim xəstələrin ürəyini oxumaq, dar gündə onların dadına çatmaq üçün yaranıb. Sanki hər bir xəstənini kədəri onun kədəri, sevinci sevincidir. Şahmurad işgüzar, tələbkar, istedadlı, qayğıkeş, səmimi insandır. Kimsə ona müraciət etsə o dərhal təmənnasız kömək etməyə tələsir. Bu xüsusiyyətinə görə ismayıllıların hörmət və rəğbətini qazanıb. Ondan hamı razılıq edir. Çünki o, adamları başa düşür, onların səmimi və gülərüzlə, şirin dillə öz yaxını kimi qarşılayır... Onun şəxsiyyəti haqqında dastan yazmaq olar...
Şahmurad Şirəliyevin bu yaşında əli işdən soyumur. Gənclik təravəti ilə bu ünvana – İsmayıllı Sağlamlıq Mərkəzinə hər səhər işə tələsir. İstirahət günləri və axşamlar isə şəxsi evində xəstələri qəbul edir. Onlardan tövsiyyə və bacarığını əsirgəmir. Onu belə sağlam, gümrah saxlayan da elə budur. Gənclik həvəsi ilə yaşayan təcrübəli həkim həmişə olduğu kimi insanların sağlamlığı keşiyində bütün qüvvə və bacarığını səfərbər edir. Şahmurad nümunəvi ata, babadır, dörd övlad atasının altı nəvəsi var.
Şahmurad həkim 1970-ci ildən bu günə qədər fasiləsiz işlədiyi həkimlik fəaliyyəti ilə yanaşı, əhali arasında apardığı səhiyyə maarifi işi xüsusi ilə tərifə layiqdir. O, ədəbiyyatımıza, mədəniyyətimizə xüsusi diqqət yetirəndir. Böyük mütaliəçidir. Söz sərrafıdır. Odur ki, şair və yazarlarımız da onu çox sevir, ona olan sonsuz hörmət və sevgilərini poeziya dili ilə tərənnüm edirlər. Yazını Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Şahməmməd Dağlaroğlunun Şahmurad həkimə həsr etdiyi şeirlə bitirmək istərdim.
Dar günü tuş oldum, dostları gəzdim,
Yenə səni gördüm vəfalı, həkim!
Canımı can deyib əzizləməzdim,
Ömür-gün sayımmı bu halı, həkim?
Daralır ürəyim bu gen dünyada,
Özümçün özümü atmadım oda.
Tapıb ünvanımı xəstəlik, qada,
Dərd ucuz, dərmanlar bahalı, həkim!
Yaxşını pis günə yaman salıbdı,
Üstümə kölgəni duman salıbdı.
Mənim öz əlimlə zaman salıbdı
Sinəmin üstünə bu xalı, həkim!
Qəlbinə qayğılar dolur şairin,
Çöhrəsi açılır, solur şairin.
Ümid çırağında olur şairin,
Gecəsi, gündüzü ziyalı, həkim!
Mənim, Dağlaroğlu, şüarım budur-
¬Hər şeydən baş olsun təmiz ad, qürur.
Ürəyimdə şəfqət, gözlərində nur,
Əlin əlim üstə şəfalı, həkim!
Yenə səni gördüm vəfalı, həkim!
Canımı can deyib əzizləməzdim,
Ömür-gün sayımmı bu halı, həkim?
Daralır ürəyim bu gen dünyada,
Özümçün özümü atmadım oda.
Tapıb ünvanımı xəstəlik, qada,
Dərd ucuz, dərmanlar bahalı, həkim!
Yaxşını pis günə yaman salıbdı,
Üstümə kölgəni duman salıbdı.
Mənim öz əlimlə zaman salıbdı
Sinəmin üstünə bu xalı, həkim!
Qəlbinə qayğılar dolur şairin,
Çöhrəsi açılır, solur şairin.
Ümid çırağında olur şairin,
Gecəsi, gündüzü ziyalı, həkim!
Mənim, Dağlaroğlu, şüarım budur-
¬Hər şeydən baş olsun təmiz ad, qürur.
Ürəyimdə şəfqət, gözlərində nur,
Əlin əlim üstə şəfalı, həkim!
(1997-ci il)
Kaş, el-obada sizin kimi həkimlər çox olaydı. Biz sizi sevir, sizinlə fəxr edirik. Sizdə həqiqətən həkim siması və əxlaqı var...
Dünyada ən böyük nemət başqalarının məhəbbətini qazanmaqdır. Siz əməlinizlə bu məhəbbəti qazanmısınız. Ömrün daim işıqlı və sağlam olsun, Şahmurad qardaşımız!..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






