
Xəbərlər / Nesr
24.03.2023, 04:05
Zülfüqar HƏBİBİ - 60 - FOTOLAR
Zülfüqar HƏBİBİ - 60
Səmimiyyət və xeyirxahlığın təcəssümü
Məni bu dostumdan cəmi iki yaş ayırır: onun 60 illiyidir, mənimsə 58-im tamam olacaq. Allah ikimizə də bərəkətli ömür versin. Bir neçə il əvvəl onun ilk kitabı işıq üzü görəndə yazdığım rəyin bir yerində söz vermişdim ki, 60 illik yubileyinə öz adına layiq bir dost sözü yazacağam. Budur, həmin məqama çatmışıq. Haqqında söz açdığım həmin dəyərli dost, yaradıcı insan, bütün məziyyətləri ilə qarşılaşdığı insanları ovsunlayan Zülfüqar Hacı Həbib oğlu Tağıyevdir (Zülfüqar Həbibi).
60 yaşına bildiyim fikirləri, gördüyüklərimi ünvanladığım Zülfüqar Həbibinin bitib-tükənməyən arzuları ürəyində çoxdur. O, yaxşı oğul, yaxşı qardaş, sədaqətli dost, gözəl ailə başçısı kimi tanınır. Xarizmatik xarakterinə görə, gənc yaşlarından ağıllı, müdrik insanlarla əhatə olunub. Bəli, bəxti onda
gətirib ki, taleyinə yaxşı dostlar düşüb. O, bütün məsələlərdə müdrik insanlarla, nurlu ziyalılarla, dünyagörmüş dostları ilə məsləhətləşib.
Zülfüqar 60 illik ömründə özünəməxsus həyat tərzi yaşayıb. O böyüyüb, boya‑başa çatdığı ailəsinə, onun hər bir üzvünə həmişə diqqətli olub. Bu da onun tərbiyə aldığı ailədən, Hacı Həbibdən irəli gəlib. Yaxınları, dostları çətinliklərlə üzləşəndə ən ağır yükü üzərinə məhz Zülfüqar qardaşımız götürüb.
Bunlar Zülfüqar Həbibinin keçdiyi ömür yolundan qısa fraqmentlərdir. Amma bu yol çox enişli-yoxuşlu olub. Dolanbaclardan keçib. Uğurdan başı gicəllənməyib, çətinlikdən qorxmayıb, illəri şərəflə yola salıb, 60 yaşın zirvəsinə qalxıb.
Zülfüqar qardaşımdan yazmaq istəyərkən onun hansı məziyyətlərini önə çəkmək barədə çox düşünüb-daşındım. Ömrünün bir hissəsini ədəbiyyatçılar, şairlər, qəzəlxanlar ailəsində keçirməsindən, doğma el-obasına layiq olduğundan, özünün xeyirxah əməlləri ilə onun adını doğrultmasından, nəcib xeyirxah insan olduğundan söz açımmı? İnsanlığın ən ali zirvəsi olan sadəliyindən, səmimiyyətindən danışımmı? Gözəl ailə başçısı, mehriban ata, istəkli baba olduğunu vurğulayımmı?
Çox maraqlı keçmişi olan doğma Basqal torpağı - qədim Şirvanın əsrarəngiz guşəsi onun üçün unudulmaz yurd yeridir. Basqalın axar‑baxar tabloları, Əmrəki, İsitmə, Bədo onun beynində yeniyetməlik illərinin xatirələri kimi yaşayır. Bu təbiət gözəllikləri onun daim müşahidə etdiyi peyzajlardır…
Çox füsunkar təbiətə, maraqlı coğrafi relyefə malik qədim Basqalla bağlı xatirələri onnnu bir an belə rahat buraxmır, o xatirələr çözələndikcə qəlbində coşqun həyat həvəsi oyanır. Bu məkanın alimi də var, dövlət xadimi də, Xalq yaçıcısı da, şairi də, jurnalisti də, Böyük Vətən müharibəsi qəhrəmanı da, Vətən müharibəsi qəhrəmanı da, şəhidləri də, qaziləri də. Basqal məhz bu oğulları ilə də yadda qalıb. Basqalın hazırda elm, təhsil sahəsində çalışan ziyalıları da az deyil. Zülfqar qardaşımız başqa sahədə fəaliyyət göstərsə də, yaradıcılıqla da məşğul olur. Müxtəlif janrlarda yazıb-yaradır, həm doğulub boya başa çatdığı məkanı vəsf edir, həm də müxtəlif formal poeziya nümunələri ilə oxucularının yaddaşında qalır.
Onun bir xüsusiyyəti daha çox məni cəlb edir. Bu da Zülfqar qardaşımızın ağayana hərəkətləridir. O, həmişə özünü yaşlı adamlar kimi aparır. Bu da ondan irəli gəlirdi ki, o, adət‑ənənələrə hörmət edən bir ailə tərbiyəsi alıb.
Yaşlı adamları daha tez başa düşür və onların qayğısına qalmağı sevir. Həddən artıq istiqanlı, şirindilli insandır. Uşaqlarının və ailəsinin xöşbəxt olması üçün gecə‑gündüz çalışır. Doğma, dadlı‑duzlu ləhcəsi bütün koloriti ilə həyatına hopmuşdu. Həmişə emosional, çılğın, şən, gümrah görünür, sözlərində saxtalıq, ifratçılıq olmayıb. Ona görə də dostları onun xətirini çox istəyirlər. Sənin haqqında indi daha çox qürurla yazıram. Çünki ləyaqətli ömrü ilə ailənin, yaxın qohumlarının, ellilərinin, dostlarının fəxr edəcəkləri qədər ən böyük nümunədir və bu nümunəviliyi qoruyub saxlayacağına tam əminəm.
Mən Zülfüqara həmişə gələcəyi olan bir insan kimi baxmışam. Qeyd etdiyim kimi, məndən iki yaş böyükdür.
Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, Xızır kimi köməyimizə çatırlar.
Dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar” mənalarını verir. Dini ədəbiyyatda bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur.
Dostsuz, yoldaşsız yaşamaq çətindir. Həyat dostlar və səmimi insanlarla mənalı olur. Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır. Kərbəlayi Zülfüqar Həbibi kimi!
O Zülfqar Həbibi ki, onun Azərbaycan türkcəsində saf sular kimi axıcı nitqini, səmimi söhbətini, iddiasız çıxışlarını, barışdırıcı, birləşdirici şəxsiyyətini sevirəm və yüksək dəyərləndirirəm. Hər şeyi – dünyanı, insanı, tarixi iki rəngdə: ağ-qara görmək və aradakı yüzlərlə rəngi, çaları unutmaq yanlışdır.
Müxtəlif tədbirlərdə, Azərbaycan Televiziyasının hazırladığı ədəbi-bədii verilişlərdə Z.Həbibini çox dinləmişəm, çox müşahidə etmişəm. Hər dəfə onun təvazökarlığına, səmimiyyətinə heyran qalmışam.
Onun gözəl bir qəzəlxan olduğunu heç kəs dana bilməz. Bütün şeirləri dil-üslub, poetic tələblər baxımından səhvsizdir desəm, mübaliğəyə yol vermərəm. Bu klassik üslubda yazılmış bədii nümunələr də Zülfüqar Həbibinin daim çiçəklənən yaradıcılığının bizə və gələcək nəsillərə örnək ola biləcək nümunələrdir.
Onu da qeyd etməyə bilmərəm ki, Zülfüqar kərbəlayidir və mübarək dinimizin, şəriətimizin şərtlərini, qayda-qanunlarını yerinə yetirən əməlisaleh ziyalılarımızdan biridir.
Zülfüqar Həbibinin göz açdığı qranit kimi sağlam, qızıl gül yarpağı kimi zərif, saf, ailəsində kərbəlayi Abduləhəd Tağıyev kimi ziyalı-alimin, Hacı Qulamın, Abbasəlinin, Hacı Məmmədyarın olması şəxsən məni olduqca sevindirir.
Arzu edirəm ki, bu müqəddəs ailənin bin-bərəkəti, şan-şöhrəti, nuru dünyayla bir olsun, millətimizə, bütöv Azərbaycanımıza - Güneyli-Quzeyli Vətənimizə ümid versin, dirək, təsəlli olsun.
Yuxarıda qeyd etdiyim kimi, onun ilk kitabı haqında ürək sözlərimi, duyğularım barədə bir neçə kəlmə yazmışdım. Yazı boyu “Zülfüqar – əzəmət” assosiasiyası beynimdən çəkilmir, məni onun şeirlərini tale işığına tutmağa, yazılarında onun, eləcə də bizim – dünyanın tozlu yolları boyunca yarım əsrdən artıq ayaq döyüb yaşı 55-I, bu günsə 60-ı haqlamış nəslin bəxtinə düşən, qədərinə çevrilən taleyin izlərini axtarmağa, əks-sədasını soraqlamağa təhrik edirdi…
Ancaq Zülfüqarın ömür yolu o qədər eniş-yoxuşlarla, sərt sınaqlarla, eləcə də işıq və enerji ilə doludur ki, onun özü boyda yazısını ümumiləşdirmək, başqaları ilə ortaqlaşdırmaq çox çətin görünür. Z.Həbibinin ömür yoluna güzgü tutan yaradıcılığında, ədəbiyyatşünaslıq dili ilə desək, “tipik obraz” axtarıb tapmaq çox çətindir.
Ömrünün aqillik dövrünü yaşayan Zülfüqar Həbibinin 60 yaşı tamam olur. Ziyalı ömrünü yaşayan, hər gününü axtarışlara, yaradıcılığa həsr edən qardaşımızı bu münasibətlə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Nəhayət, mən yazının başlığında və başında bəhs etdiyim qismən açmağa çalışdığım sirrin adını dəqiqləşdirmək istəyirəm.
Bu sirr sadədən sadədir: səmimiyyət və xeyirxahlıq...
Allah qorusun. Amin.
Və sonda özünün 60 illiyinə yazdığın bir qitəni diqqətə çəkmək istərdim.
Ömrümüzdən bir on il keçdi yenə,
Keçdi bir yel kimi həm sürət ilə.
Yaşımız doldu bu il altımışa,
Baxırıq keçmişə bir heyrət ilə.
Fələyin çərxi amansızmış əcəb,
Durmadan dövr eləyir ibrət ilə.
Bu həyat çox seyi öyrətdi bizə,
Alırıq dərs dəvamiyyət ilə.
Gördük həm ruzigarın hər üzünü,
Qarşılaşdıq neçə ziddiyyət ilə.
Dərin hörmət və ehtiramla:
Daşdəmir ƏJDƏROĞLU
P.S.
Hər bir gecənin bəlli ki,sübhü sabahı var.
Hər bir günün öz hökmü var,öz intibahı var.
Bir gün açılar bağlı qalan hər qapı,ey dost,
Hər müşkülün axır ki,sonunda rifahı var.
Dərd etmə düşərsənsə əgər darə,çözüm gəz,
Həll olmayan işlərdə səbəb var,izahı var.
Mümkün deyil abad ola zülm ilə bu dünya,
Məzlumların aləmdə yəqin bil ki, ahı var.
Ta ruzi-əzəldən belə gəlmiş-belə getmiş,
İnsan olanın dəhrdə bir çox günahı var.
Heç kimsə xətasız ola bilməz ki,əzizim,
Ardında bu yanlışların həm sərbirahı var,
Çox müşkülümüz sözlə çözülmüş,ey Həbibi,
Şair olanın söz kimi kəskin silahı var.
Zülfiqar Həbibi. (Bakı,09.10.2021-ci il)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






















































