Xəbərlər
21.08.2022, 22:06
O UŞAĞIN ANASI (HEKAYƏ)
Universitetdə oxuduğum illərdə bir qızla tanış olmuşdum. Adı Aynur idi. Aramızda yaş fərqinə gəldikdə məndən iki- üç bayram kiçik olardı. Bizim münasibətlərimiz dostluq səviyyəsindən o tərəfə keçmirdi. Aynur savadlı, mədəni, yüksək dünyagörüşə malik sadə bir qız idi. Sözü yerində deməyi bacaran , oturuşuna- duruşuna fikir vermək kimi yüksək əxlaqi dəyərləri ilə sadaladlğım müsbət keyfiyyətləri daha da zənginləşdirirdi. Hər dəfə onunla söhbət edərkən kübar insanlara xas olan dəyərlərin qızın təbiətində cəmləşməsinə əminliyim daha da artırdı. Danışdığımız mövzulara yanaşma tərzi mənim maraq dairəmi daha da genişləndirirdi. Dünya tarixindən, ədəbiyyatdan, incəsənətdən həvəslə danışır və sitatlar gətirirdi. Elə bir sahə tapa bilməzdin ki, o haqda məlumatlı olmasın. Onun dolğun məlumata, hərtərəfli biliyə və natiqliq qabiliyyətinə qibtə edirdim. Ali məktəbdə dərslərimi yaxşı oxusam da , Aynurla tanışlıqdan sonra elmim, savadım düşündüyüm səviyyədə olmadığı qənaətinə gəlirdim.
O Əhmədli metrosunun yaxınlığında yaşayırdı. Biz söhbət edə- edə onun yaşadığı binaya çatmağa az qalmış geri qayıtmağımı xahiş edirdi."Qohumlar, qonşular bizi bir yerdə görməsinlər, başqa şey başa düşərlər" deyirdi. Təbii ki, mən də onu başa düşüb dediklərinə sözsüz əməl edirdim. Birlikdə addımlayarkən geri dönmək " işarəsinə" çatanda ixtiyari olaraq dayanır və sağollaşıb ayrılırdım. Bu hərəkət, artıq məndə vərdiş halını almışdı. Bu minvalla günlərimiz çox maraqlı keçirdi.
Günlər keçdikcə qəlbimdə Aynura qarşı başqa hisslər baş qaldırmağa başlayırdı. Bunu dostluq münasibətlərinin daha da möhkəmlənməsi, yoxsa qəlbimdə sevgi duyğularlnın cücərtisi olduğunu ayırd edə bilmirdim. Özüm də bilmədən ürəyimdə o qıza qarşı bir istək oyanmışdı. Son vaxtlar isə Aynurla söhbətdən doymur, ayrılıb evə də getmək istəmirdim. Ayaqlarım sözümə baxmırdı. Ürəyimlə ayaqlarım arasında vəhdət pozulmuşdu. Nəsə sehrli bir qüvvə getməyimə mane olurdu. Növbəti görüş gününü səbrsizliklə gözləyirdim. Görüş saatlarını gözləmək mənə üzücü gəlirdi. Həmin saatlar mənə sovet əsgərlik xidmətində olan " Stodnevkanı " xatırladırdı.
Uzun müddət götür- qoydan sonra bir gün sevgimi o qıza mütləq bildirəcəyimə söz verdim. Ancaq məhəbbətimi necə və hansı yolla bildirməyim müşkül məsələyə çevrildi. " Sevirəm" sözünü Aynura deməyə cəsarət etmirdim. Düşünürdüm ki, bu kəlməni ona desəm, məndən küsər və bununla da onun üzünə birdəfəlik həsrət qala bilərəm. Bu haqda düşünərkən, uşaqlıq illərindən qalan bir əhvalat yadıma düşdü. Əhvalat belə idi: " Bir oğlan bir qızı dəlicəsinə sevir. Amma məhəbbətini sevdiyinə bildirməkdə özündə cəsarət tapa bilmir. Nəhayət, bir gün oğlan özünü toparlayaraq qıza deyir:- Əzizim, məndən sənə bir söz deməyiblər ki? Əvvəlcə qız heçnə başa düşmür. Təccüblü halda başını yırğalayaraq " yox" deyir. Fürsəti əldən verməyən oğlan qayıdır ki:- bəs sənə deməyiblər ki, mən səni sevirəm?...
Yadımda qalan sevgi əhvalatından mən də yararlanmaq qərarına gəldim. Bu, mənim köməyimə gəldi. Əhvalatı olduğu kimi Aynura danışdım. O uğunub özündən getdi və nə demək istədiyimi başa düşdü. Amma özünü o yerə də qoymadı.
O gündən sonra biz tez- tez görüşməyə başladıq. Sevgi ilə yaşanan hər anın nə qədər şirin və mənalı olduğunu mən o zaman duydum. Ancaq bizim sevgi münasibətlərinin ömrü çox uzun çəkmədi. Atalar demişkən " Sən saydığını say, gör fələk nə sayır"
Gözlənilmədən qarşılaşdığım xırda bir məsələ münasibətlərimizi alt- üst etdi. Bir dəfə görüşə gedərkən , bir az gecikməyim onun bərk xətrinə dəydi.O məndən küsdü və çıxıb getdi. Bir daha onun üzünü görmədim. Onun əksər keyfiyyətlərinə yaxından bələd olsam da, belə dəymə - düşər olmağı ağlıma da gəlməzdi. Bu barədə dostlarımla söhbətləşərkən, hamı təccüblə çiynini çəkdi. Yəni, xırda bir məsələ üstündə münasibətlərə son qoymaq çoxlarına inandırıcı gəlmədi.
Aradan on beş il zaman ötüb. Taleh elə gətirdi ki, mən də yaşayış yerimi dəyişib Əhmədliyə köçməli oldum. Ürəyimdən Aynuru yenidən görmək arzusu keçdi. Bu vaxta qədər onun taleyindən xəbərsiz idim. Amma inanırdım ki, şəhərdə nə vaxtsa üz- üzə gələcəyik.
Bir gün oğlumu bağçadan evə aparırdım. Birdən qulağıma tanış qadın səsi gəldi. Ani olaraq dayandım. Bağça həyətinin giriş qapısında sarısaçlı bir qadınla bağça müəlliməsi ilə söhbət edirdi. Həmin qadın bağça müəlliməsiylə qarşı- qarşıya dayandığından üzünü görə bilmirdim. Qadının yanında isə kök, topuş bir oğlan uşağı var idi. Oğlum həmin uşaqla salamlaşdı. Bu zaman qadın ixtiyari olaraq biz tərəfə dönməyə məcbur oldu. Baxışlarımız qarşılaşdı. Bir anlıq mən də ona nəzər yetirdim. Gözlərindən və sifət quruluşundan tanıdım. Yaddaşım məni aldatmamışdı. Bu, o idi.. On beş il bundan qabaq itirdiyim, nə qədər axtarsam da , bu günə qədər tapa bilmədiyim Aynur. Qəlbimdən silinməyən siması yenidən qarşımda idi. Çox dəyişilmişdi. Arıqlamış, yumru gözləri bir az da kiçilmişdi. Ani olaraq fikrə getdim. Gözlərimin önündə Aynurun o zamanki cəlbedici baxışları canlandı. Onun bu qədər dəyişilməsində bir göz qırpımında ötən illərin də təsiri az olmamışdı. Xəyalımda o illər kino lenti kimi bir anlıq canlandı.
- Ata, niyə dayandın, gedək də... Oğlumun qolumdan tutub silkələməsi məni xəyal dünyasından ayırdı.
Biz yolumuza davam etdik. Aynur isə müəllimə ilə söhbətini davam etdirirdi.Yol gedərkən oğlumdan bayaq salamlaşdığı
uşağın kim olduğunu soruşdum.- "Bağça yoldaşımdır" deyərək uşaq şıltağlığı ilə başını yırğaladı. Özümdən asılı olmadan"- Bəs, o uşağın anasının adının nə olduğunu bilirsən"? deyib əlimlə oğlumun başını sığalladım. Oğlum isə" yox, bilmirəm" cavabını verdi.
Üç il ötüb keçdi. Kiçik yaş qrupunda olan balacalar bağça həyatı ilə vidalaşırdılar. Onlar birinci sinifə getməyə hazırlaşırdılar. Bununla bağlı bağçada tədbir keçirilirdi. Xatirə olaraq hər uşağa bağça həyatı ilə bağlı disk paylandı.
Bir gün evdə oturub həmin diskə baxırdıq. Ekranda bir- bir qrup uşaqlarını göstərirdilər. Növbə Aynurun oğluna çatanda oğlum gözləmədiyim halda mənə tərəf baxaraq ucadan dedi: - Ata, sən o uşağın anasının adını məndən soruşurdun, hə? Ortaya sükut çökdü. Utandım. Bilmədim, nə cavab verim? Bundan sonra evdə nələrin baş verdiyini təsəvvür etmək çox çətin idi. Mənə isə təsəlli olaraq , üç il bundan qabaq oğluma verdiyim sualı, hələ də unutmadığına görə, onun hafizəsinə həsəd aparmaq qaldı...
Elxan Çıraqlı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











