Baloğlan Əşrəfov nağılı

Baxış Sayı:812

Baloğlan Əşrəfov nağılıBaloğlan Əşrəfov nağılı

(Rekviyem)


Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.
1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.
Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.
"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.
2007-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.
Görkəmli sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Əcəl zaman ikən keçdi...


...Neçə baharın, qışın o tayında düşüb qalıb solğun, körkəmindən yazıqlıq, kimsəsizlik yağan kənd evləri, sükut içində uyuyan, payız yağışlarına, yaz dumanına, qış çovğunlarına sinə gərən kənd çölləri. O çöllərdə erkən yazda bahar suları axır, sular çöllərə fərəh, sevinc yayır, yazın gəlişini xəbər verir. Sonra da qaranquşlar uçub gəlir, hay-küylə. Zəncirotular çiçəkləyir, bahar küləkləri zəncirotuları dünyaya səpələyir.
Bizim yerlərdə əsən bahar küləkləri heç yerdə bizdəki kimi həsrətlə, qüssəylə, aşıb-daşan coşqunluqla əsmir. Hər o yerlərin yazını xatırlayanda, küləklərin, suların, quşların, ağacların dünyanı dolduran, fərəhli, qəhərli, cingiltili səslərini xatırlayanda Baloğlan Əşrəfovun ecazkar səsini eşidirəm:

Gəlib səndən keçən keçdi,
Əcəl zaman ikən keçdi.
Olan oldu, keçən keçdi,
Olan dünya, yalan dünya...


İndiki kimi xatırlayıram, çayda çimirdik, çayın kənarında “Elektronika” adlı sovet maqnitofonunu da qoşmuşduq, oxuyan Baloğlan idi. Ağadadaş Ağayevin də kaseti var idi. Nədənsə çoxumuz Baloğlana üstünlük verirdik. Baloğlanın avazlı səsi adama ləzzət edirdi. Elə bil kimsə yuxarıdan mahnı oxuya-oxuya çayla üzü aşağı gəlirdi. İlahi, bu nə səsdi? Çay, dağ-daş, çayın hər iki sahilindəki meşə, ağaclar səs-səsə vermişdilər. Oxuyanın səsi maqnitofondan gəlirdi, ancaq səsi yeri-göyü titrədirdi. Burada ilk dəfəydi bu cür qulaq asırdım və ayaq üstəcə donub qaldığımdan çimmək belə yadıma düşmürdü...
Balaca bir qutunun necə də möcüzəsi var idi, İlahi?! Bu səs çox eşidildi. Bu səs çay boyunca dalğa-dalğa yayılır, əks-səda verir, daşlara, ağaclara hopur, daşlar, tozlu yollar, çınqıllı cığırlar onun mahnısını onun səsiylə oxuyurdular! Sarsılmışdım, çöl genişliyinə, göy ənginliyinə sığmayan bu səs məni sehrləmişdi, qulaqlarımdan çəkilmirdi. Bugünkü günə qədər də o səsi eşidirəm, yuxularımdan, xatirələrimdən axıb gəlir, süzülüb gəlir, mənə dinclik, rahatlıq vermir. Tam səmimiyyətlə və bu sözün məsuliyyətini başa düşərək deyirəm, o səsdən məmləkətimizdə olmayıb, bundan sonra olacağına da inanmıram!
Bilirəm, bu sətirlər bəzilərinin xoşuna gəlməyəcək, amma mən həqiqəti yazıram. Sabir Rüstəmxanlıda gözəl deyim var, yurdun şöhrəti boldu, hamıya çatar. Boldu yurdun şöhrəti, hamınıza çatar! Öz haqqınıza, öz şöhrətinizə sahib durun! Allah-Təalanın verdiyi ilahi vergiyə, sənətinə, səsinə görə halalca haqqını ala bilməyən, əksinə, həmişə haqsızlıqlarla üzləşən bir sənət adamı haqda uzun illərdən sonra həqiqəti, haqq sözü yazmaq kimisə qəzəbləndirməsin gərək. Qoy heç olmaya uzun illərdən sonra bilsinlər kim kim olub, kimləri itiririk, kimlər gedir, özü də birdəfəlik gedir! Qoy bilsinlər, başa düşsünlər ki, bu itkinin yerini heç nəylə doldurmaq olmayacaq! Qoy heç olmaya xalq öz böyük oğullarından xəbər tutsun.
Özgə nə amalımız, məqsədimiz ola bilər?


...boğula-boğula qaldım o gün...



...1985-ci ilin sonları idi. Mən köhnə sovetlər birliyinin mərkəzi şəhəri olan Moskvadan əsgərlik həyatına son deyib geri, evə qayıdırdım. Bir neçə gün Moskvada qalıb Yeni ili qarşılayandan sonra “həvəsdir, bəsdir” deyib Vətənə qayıtdım. Haradasa 1986—cı ilin soyuq yanvar ayının ilk günləriydi. Doğulub boya başa çatdığım Basqala dönürdüm. Evə girəndə valideynlərimin, qohum-əqrəbamın sevincləri, hətta sevinc göz yaşları ilə üzləşdim. Xoş-beşdən sonra öyrəndim ki, sabah qonşuluqda toy olacaq. Deməli, bir qonşum – adlı-sanlı kişi arvadını boşayıb qonşu kənddən bir qızı özünə arvad etmişdi. Toyuna da oxumağa Baloğlanı dəvət etmişdi. Mən əsgərlikdən təzə qayıtdığım üçün həmin toya getməyə utanırdım. Amma həyətdə qurulmuş mağardan Baloğlanın səsi gəlirdi. Onunla görüşməyə, uşaq vaxtı maqnitofondan ucalan səsin sahibini görməyə tələssəm də, utanırdım. Mənə onu o toyda görmək qismət olmadı, kəsilə-kəsilə qaldım. Bu hiss məni boğurdu, ilahi, uşaqlıqdan bu səsin həsrətində olasan, özünü görmək istəyəsən, amma indi əlçatmaz olsun. Nəsə, boğula-boğula qaldım o gün...
Sonra Bakıda toylardan birində gördüm. O qədər sevinirdim ki... Balaca uşaq konfet əlində sevinən kimi. Allahıma şükür etdim ki, onda qismət etmədiyini indi yetirdi. Çay boyunca dilsiz-ağızsız bir qutudan ucalan və səsi ilə yeri-göyü titrədən həmən Baloğlan bu imiş ki...
Bir maraqlı hadisəni də yazmasam olmaz. Təxminən 10-12 il əvvəl Azərbaycan televiziyasında “Gecə kanalı”nda adlı bir veriliş yayımlanırdı. Aparıcılardan biri korifey sənətkarımız, mərhum Yaşar Nuriyev idi. Yaşar müəllim hər dəfə bu verilişə Maraqli adamları çıxarırdı. Bu dəfə qonaqlarından biri Baloğlan müəllim idi. Böyük yeznəm də oturub maraqla baxırdı. Yorğunluqdan yuxu onu necə tutmuşdusa, mahnıların hamısına qulaq asmağı belə unutmuşdu. Dəqiqələrin birində Baloğlan müəllim Segah üstündə “Ana” muğamını ifa etməyə başladı. Bayaqdan yerində mürgüləyən yeznəmin kövrəkliyini duydum, gözlərindən axan aramsız göz yaşlarını sözlə ifadə edə bilmirəm. Kənardan baxanda belə təsəvvür yarana bilərdi ki, yəqin anasını itirdiyi üçün hönkürtülü ağlayır. Bəli, yeznəm bir neçə il əvvəl xanım-xatın anasını itirmişdi... Və mən də ona qoşuldum, təskinlik verə bilmədim. Çünki Baloğlanın “Ana”sı ikimizi də kövrəltmiş, içdən ağlatmışdı...


koronavirus heç cür rəhm etmədi...



Bəli, bu iki sənətkarın səhhətində həmin illərdə problem yaranmışdı. İkisinə də yaxşı adamlar əl uzatdılar, yardımlarını etdilər, sağaldıb xalqa verdilər. Bu xalq da həmişə özünün sevimli sənətkarının qədrin bilib, hörmətini saxlayıb, yaxşı səsi də, yaxşı rolu da qiymətləndirib. Dediyim odur ki, hər ikisi yaxşı adamlardan ilham alıb əvvəlki coşqu, əvvəlki ilham və istəklə fəaliyyətini davam etdirdi. Çünki tamaşaçıları onları gözləyirdi, özü də intizarla... Allah rəhmət eləsin, Yaşar Nuriyev bir neçə il öncə bu həyata əlvida dedi, amma onda korona deyilən düşmən yox idi. Bu günlərdə isə digər sevimli sənətkarı koronavirus adlı düşmən, xəstəlik əlimizdən aldı. O dövrdə də ala bilərdi ikisini. Ulu Yaradanımızın onlara rəhmi gəldi, yaşatdı. Amma koronavirus heç cür rəhm etmədi...


Nağıllı ömrün şirinli-acılı günləri


Baloğlan oxuyurdu, yenə də həmən səsdi, məclis iştirakçılarını sehirləmişdi. Hər xalqın musiqisi onun qan, gen yaddaşıdı, tarixidi. Mənim xalqımın musiqisi də onun tarixi, keçmişi, gələcəyidi, qan yaddaşıdı. Baxır kim o yaddaşı necə çatdırır. Baloğlan oxuyur, möcüzəli, su kimi axan şaqraq səs gecənin qaranlığını yarır, dalğa-dalğa yayılırdı. Məni öz aləmimdən ayırmışdı, qoynuna alıb uzaqlara aparırdı və mənə elə gəlirdi bu səsi yuxuda eşidirəm. Reallıqda belə şey ola bilməzdi. Əsrlərin o üzündən, karvan yollarından, ilxılar səpələnən, igidlər qılınc oynadan oğuz çöllərindən, nağıllardan, göyün özündən gəlirdi bu səs!
Baloğlan Əşrəfov, o günlər, o anlar yadındamı?
Ömrün də bir nağıl olduğunu, şirinli-acılı bir nağıl olduğunu bilirdinmi? Əsl nağıllardan fərqli olaraq bizim nağıllarda göydən heç nə düşmədiyini necə, bilirdinmi?


Baloğlan Əşrəfov Xalqın artistiydi


Sonralar mənə elə gəlirdi Baloğlanın səsi düşüb qalıb bahar küləklərinin əsdiyi o yaz çöllərində. Gedən kimi eşidəcəyəm, daşlar, otlar, çiçəklər özlərinə hopdurublar o səsi. Xəyalən gedib o çölləri gəzib dolaşdım, eşitmədim o səsi. Daşlar oxumurdu, ağaclar susmuşdu, çöllərin üzərində günahkar bir ab-hava var idi. Qüssəli sükuta dalmışdılar, sükutu ara-sıra bir-birlərini səsləyən balaca çobanların səsi pozurdu. O səsdən əsər qalmadığı kimi, o çöldən də əsər qalmamışdı. Tozlu yolların, otların arasından gözə dəyən boz çöl daşlarının, adamı sıxan qayalıqların da görkəmi həmən deyildi.
Bu torpaq ikinci Baloğlanı yetirməz yəqin. O səsi dünyaya yalnız bahar sevincləri içində ilğımlanan bənzərsiz çöllər, meşələr, mamırlı daşlar, bahar küləkləri gətirə bilərdi. Yox idilər, yəqin olmayacaqlar da. Olmayacaqlarsa, o səs də olmayacaq.
Baloğlan sehrli, ilahi səsə sahib olsa da, Azərbaycanımızda bütün istedadlı adamlara xas olan tale ondan da yan keçmirdi. Bakıya gəldi, oxudu, yeri-göyü titrədən səsi ilə bir müddət daşqəlbli insanların qəlbini titrədə bilmədi. Yurdun şöhrəti bol olsa da, hamıya çatsa da, ona yaşıl işıq yandırmalı olan adamlar şöhrətlərinə xələl gələcəyindən qorxdular. Bir neçə il əvvəl ciyərində yaranmış problemlə əlaqədar Türkiyədə yatarkən sağalmağa ümidi heç yox idi. Onu sevənlərin ürəklərinə dağ çəkmək istəyirdi Baloğlan. Allah və yaxşı insanlar onu qorudu. Elə xəstəxanada ikən ona “Azərbaycanın Əməkdar artisti” fəxri adını verdilər. Bu adam gözünü dünyaya açandan oxuyurdu, o illərədək heç bir adı yox idi. Amma bir-iki zövqsüz mahnıyla, çılpaq geyimləri ilə meydan oxuaanlar var ki, çoxdan Xalq artistiydilər. Baloğlan Əşrəfov isə Xalqın artistiydi və xalqın artisti olaraq da qaldı yaddaşlarda. Fakt bu idi ki, Baloğlan oxuyan yerdə kim qulaqlarımızı yağır eləmiş basmaqəlib səslərə qulaq asardı? Sanki bağlamışdılar qapıları Baloğlanın üzünə. Bütün istedadlı adamlara xas olan bəla, - vüqar, qürur Baloğlana da xas idi, daha başqa qapını döymədi. Sanki incimişdi bu adamlardan, yuxularında gördüyü, xəyallarında yaşatdığı böyük şəhərdən. Suya düşmüşdü xəyalları, acı bir həqiqəti kəşf eləmişdi, heç bu şəhər də ona doğma deyilmiş, az qala müqəddəs şəxslər bilib pərəstiş elədiyi adamlar da düşündüyü kimi deyilmişlər.
Amma bunlara baxmayaraq Baloğlan oxuyurdu, hey oxuyurdu. Bir dəfə də gileyini, küskünlüyünü dilə gətirmədi, biruzə vermədi. Yenə də öz dəsti-xətti ilə başıbəlalı Vətəninin qəlb didən mahnılarını oxuyurdu. Sanki səsindəki ağrıyla, yanğıyla, harayla demək istəyirdi sözünü. Yenə də səsi mamırlı daşlara, yonca çəmənliklərinə, çobanyastığı, qoyunqıran çiçəklərinin hüznlə yırğalandığı yamaclara hopurdu. Paustovskidə gözəl deyim var: «Uçan mahnılar». Onun da mahnıları uçurdu, kənd evlərinin taxta qapılarını döyürdü, güləyən kənd qızlarının saçlarına çələng kimi hörülürdü, dolaylardan, gədiklərdən ötüb keçirdi!
Oxuyanda onu duymaq, başa düşmək lazım idi. Hansı qəlb ağrısıyla oxuyur, səsində nə qədər həsrət, yanğı, ağrı vardı, başa düşən olurdumu?
Baloğlan haqqında bu sətirləri yazanda Cabir Novruzun məşhur “Sağlığında qiymət verin insanlara” şeiri yadıma düşür. Onu başa düşmək lazım idi. Gözlərimizin önündə böyük sənətkar yaşayırdı, fərqində deyildik. Elə bilirdik bu çöllər də həmişə belə qalacaq, bu yollar da, bu Bakı da, Baloğlan da... O ilahi səsin də həmişə yaşayacağına şübhəmiz yox idi. Başa düşənlər var idi, Azərbaycan musiqisinin önündə olanların əksəriyyəti bu səsi eşitmişdi, Baloğlanın nəyə qadir olduğunu yaxşı bilirdilər. Nə yazıq ki, elə buna görə də qarşısına çəpər çəkilmişdi...


Azərbaycana lay-lay deyən Baloğlanın qədri bilindimi


Aprel ayının 27-si... Səhər açıldı, Bakının başının üstünü duman almışdı, duman üzü aşağı, Xəzərə doğru sürünürdü. Havada qüssəli bir ovqat var idi. Bu qüssə, sən demə, Baloğlanın ölümünə bir işarə imiş... Acı xəbər ildırım sürətilə bütün şəhərə yayıldı. İçimizdən nələr keçmirdi, İlahi?!
Baloğlanın yaxın qohumu, əziz dostu, dəyərli qələmdaşım, şair Şərafəddin İlkin həmin gün mənə zəng etmişdi. Sadəcə, səhhətimlə bağlı telefona, kompüterə elə də çox yaxın durmuram. Zəngi gec gördüyümdən ağlıma belə gətirməmişəm ki, Şərafəddin məni niyə axtarsın. Axı necə və haradan gələ bilərdi ki? Haradasa 10 gün əvvəl telekanallardan birində qonaq idi, gözəl mahnılarıyla bizi feyziyab edirdi. Hətta bir ana onu çoxdan axtarıbmış, görmək istəyibmiş. Aparıcı onu istəyinə çatdıranda ananın da, Baloğlanın da gözlərindən axan sevincləri gərək görəydiniz, duyaydınız...
Bir dəfə rəhmətlik gitaraçı Rəmişdən soruşublar: “Heç gitarada nəvələrinə lay-lay çalıbsanmı?” Kədərlə gülümsəmişdi. “Bütün Azərbaycana lay-lay çaldım, qədrimi bildilərmi?”
Bütün Azərbaycana lay-lay çaldın, Baloğlan, qədrini bildilərmi? Dağnan dağlara qoşuldun, çaynan çaylara qoşuldun, sular kimi axıb ketdin, küləklər kimi əsib keçdin, hayladın, harayladın, səsinə səs verən oldumu? Vermədilər, hansı hissləri keçirdin o anda? Haqsızlıqlar incitdimi, ağrıtdımı səni? 70 yaşının tamamına 5 ay qalmış sənə sahib çıxmamanı gördükcə qəlbində hansı duyğular qövr elədi?
Gecmi, tezmi haqq yerini tapır, amma nəyisə geri qaytara bilmir. Bizlər alnımıza yazılan uzaqlıq, ucqarlıq, ögeylik taleyindən qaça bilmədik, nə yazıq ki, sən də qaça bilmədin.


Bu əfsanə deyil, nağıldır.
Baloğlan Əşrəfovun nağılı...



Artıq bir neçə gündür sən yoxsan! Öz axirət dünyandasan. Çaykənarında qulaq asdığım bal səsi hər dəfə xatırlayanda illərin o üzündən axıb gedən dağ çayını görürəm. Baloğlan çayla üzü aşağı düşüb oxuya-oxuya gedir. Gedir, səsinə dağlar, daşlar, ağaclar səs verir, oxuyur, oxuduqca yer-göy dillənir, dünyeyi-aləmin bütün səsləri susur, donur, dünyanı ancaq Baloğlanın səsi doldurur.
Gedir Baloğlan asimana, göyün ənginliklərinə doğru. Səsi isə qalır, bütün dünyaya səpələnir, uçur mahnıları yollar, çöllər boyunca.
Miflərə, əfsanələrə inanmıram, amma inandığım nağıllar da var. Sabir Rüstəmxanlıda: «Öz ana dilimdə haraylanaramsa, inan məzardan da qalxıb gələrəm!» deyimini hər oxuyanda başımda tüklərim qalxır! Mənə elə gəlir yazqabağı o çöllərə gedib: «Baloğlan, he…ey!» deyə haraylasam, harda olsa Baloğlan Əşrəfov gələr, yenə də öz ilahi, bal səsiylə oxuyar, daşları, dağları dilləndirər. Uşaqlıq xatirələrimdə olduğu kimi.
Bu əfsanə deyil, nağıldır.
Baloğlan Əşrəfovun nağılı.

***
P.S. Əzizlərini itirmiş çoxu üçün lay-lay oxuyan, çoxunu bu mahnının sirri ilə ovundurmağa çalışan, musis və sözlərlə ovsunlayan Baloğlan Əşrəfov dünyasını dəyişib haqq dünyasına qovuşanda onnu oxşayıb lay-lay deyən oldumu? Axı buna Yerlə göy qədər haqqı vardı...

Və bu da sonu:

Gəlib səndən keçən keçdi,
Əcəl zaman ikən keçdi.
Olan oldu, keçən keçdi,
Olan dünya, yalan dünya...


***

Və sonda dostum Əzizə Ağahüseynqızına təşəkkür edib onun dəyərli sənətkarımıza həsr etdiyi şeiri yazının sonunda sizə təqdim edirəm.

MUSİQİNİN BALOĞLANI KÖÇÜRDÜ....
(Əməkdar artist Baloğlan Əşrəfovun vaxtsız ölümünə....)


Hava tutqun, baxışlarım mükəddər,
Külək neytək pıçıldayır bir xəbər,
Bu karvanın sükutunda var kədər,
Musiqinin Baloğlanı köçürdü....


Aparırdı bal oğlanı yel kimi,
Ağlayırdı həzin,qəmli dil kimi,
Sızıldayan,inildəyən tel kimi,
Musiqinin Baloğlanı köçürdü...


"Uçan quşlar" göydə qanad saxladı,
Qara xəbər sevənləri haxladı,
Sanki, yer, göy məhvərindən laxladı,
Musiqinin Baloğlanı köçürdü..


Son segahı bir Qu sayaq oxuyub,
Mahnı - mahnı ətir saçıb, qoxuyub,
Nəğmələrlə könülləri toxuyub,
Musiqinin Baloğlanı köçürdü...


Ulduz - ulduz səmalarda sayrışan,
Bu dağlara, bu ellərə yaraşan,
Sevgi olub talelərə qarışan,
Musiqinin Baloğlanı köçürdü...


Dodağında Qarabağın zəfəri,
Nəğmələşər neçə aydın səhəri,
Ürəyində Qorqudumun təpəri,
Ana yurdun Bal oğlanı köçürdü....

Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
27.04.2021
Daşdəmir ƏJDƏROĞLU

Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı
Baloğlan Əşrəfov nağılı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR