
İki akademiyanın sadiq müdavimi
(Jurnalist dostum, kövrək duyğulu insan Lətif Süleymanlının xatirəsinə və ruhuna etiramla)
Uzun illərin dostu, iş yoldaşı, sirdaşı, sözün elə böyük anlamında, böyük jurnalist Lətif Süleymanlının başabəla, başıbəlalı 2020-ci il dekabrın ortalarında dünyasını dəyişməsi xəbərini Facebook profilində başqa dostum, “Nüanslar” qəzetinin təsisçisi və baş redaktoru Fərhad Əsgərovun səhifəsindən oxuyanda bir anlığa dilim-ağzım əsdi. İlahi, kəmfürsət ölüm bu dostumun da yaxasından yapışdı – deyə fikirləşərək bir müddət özümə gələ bilmədim. İlin əvvəlindən başlayan yarpaq tökümü Lətif Süleymanlı ilə tamamlandı. Qələm dostlarımdan Afaq Dadaşovanı, Fərqanə Mehdiyevanı, Fərman Bağırovu itirdim. Bu itkilərə atamın da itkisi əlavə olundu. Və sonda da...
Mərhumun oğlu Araz Süleymanov mənim yaxın dostumdur. Yaşca məndən xeyli kiçik olmasına baxmayaraq, dostluğumuz var. Xətrini çox istəyirəm. Elə əslində son dövrlərədək Lətif müəllimin ovqatını, sağlamlıq durumunu ondan soruşurdum. Onun özünü narahat etməyim deyə Arazla daha çox əlaqə saxlayırdım. Amma, düzü, son vaxtlar atamın dünyasını tərk etməsiylə bağlı fikrim bir az dağınıq idi, həmçinin hələ də acı fəsadlarını yaşadığımız pandemiya dövrünün sərt qanunları, qaydaları qarşımızda sədd olaraq dayanırdı. Ona görə hal-əhval tuta bilməmişdim. Nəinki xəbər tutmalı, hələ gedib dostuma baş çəkməli, ziyarət etməli idim. İndi oturub fikirləşəndə bunu özümə bağışlaya bilmirəm...
- Atam haqqında söz demək mənim üçün çətindir, çox çətindir, - deyib duruxdu. Telefonda hıçqırtılı səsini eşidəndə sakit dayana bilmədim, bu tərəfdə səsimi gizlətməyə çalışsam da, özümlə bacara bilmədim. Hiss edirdim ki, Araz ürəyində ağlayır, gözlərinin yaş gilələrini silir. Onu da hiss etdim ki, göz yaşlarını ürəyinə axıdır. Hönkürüb uşaq kimi ağlamaqdan özünü güclə saxlayır. Heyrətləndim. Onun kövrək ürəyində, həssas qəlbində, duyğulu könlündə yaşayan atasına sonsuz məhəbbəti qarşısında mən də susdum. Bir müddət danışmadıq. Özü ata olan, övlad böyüdüb tərbiyə edən Araz Süleymanlının ata həsrətinə, ata sevgisinə heyran kəsildim.
– Daşdəmir müəllim (O, həmişə mənə belə müraciət edib), bilirsinizmi, - deyə o, yenidən aramla danışmağa başlayır. – Mən yalnız onun bir ata kimi haqqında söz deyə bilərəm. Siz ki, 30 ildən artıqdır dostsunuz, iş yoldaşı olmusunuz iki qəzetdə. Atam haqqında söz açarkən deyə bilərəm ki, o, başıqarlı uca zirvə idi. Başıqarlı o zirvə gözlərimin önündən getmir. Mən nə qədər can atsam da, o zirvəyə çata bilmərəm.
Atam mənim üçün bir günəş idi. O günəşin şəfəqləri indi də yolumuzu işıqlandırır, ürəyimizi, qəlbimizi öz ilıq şüaları ilə isidir.
Dünyadan tez köçdü atam (Bu, Allahın işi olduğu üçün qarışmıram). 66 yaş nədir ki? Çox yaşamadı. Ancaq az yaşasa da, bu dünyada çox iş görə bildi, cəmiyyət, çalışdığı sahə üçün və ən başlıcası bizdən, ailəsindən ötrü müəyyən izlər qoyub getdi. Uğurları da çox oldu. Adı əbədi olaraq müstəqil media tarixinə yazıldı. Elə ona görə özümü xoşbəxt sanıram ki, Lətif Süleymanlı kimi atam olub. Həyatda öz köməyini heç kimdən əsirgəməyib, hamıya əl tutub, bacardığı köməyi edib, heç kimsəyə haqsızlıq etməyib, hamının gözünün içinə dik baxıb. Çünki ədalətli, haqqın tərəfdarı idi, həmişə zalımın yanında yox, fəqirin, yoxsulun yanında olurdu.
Lətif Süleymanlının 67-yə gedən ömür yolu o qədər də hamar olmayıb. O, ziddiyyətli dövrdə yaşamasa da, qasırğalardan, tufanlardan keçməsə də, hər halda həyatında ağrı-acısı da olub, çoxlu haqsızlıqla da üzləşib. Bunlardan can qurtarmaq, belə bir dövrlə ayaqlaşmaq da asan məsələ deyildi. Xüsusilə əlində qələm olan bir adam üçün o dövrdə fəaliyyət göstərmək daha çətin idi, daha məsuliyyətli idi. Amma bunu Lətif müəllim vətəndaş kimi özünə borc və şərəf bilib. Hətta əsəbləri korlansa, sağlamlıq durumu, səhhəti zəifləsə belə. L.Süleymanlı hər çətinliyə sinə gərib, halallıqla işləyib, çox məhrumiyyətə dözüb, düzlüyü, haqsevərliyi, prinsipiallığı, dəyərli məsləhətləri, söhbətləri ilə, sözün əsl mənasında, doğulub boya-başa çatdığı ailədə ad-san qazanıb.
“Ədalət” qəzetində uzun müddət birlikdə çalışdığım dostum Faiq Qismətoğlunun həmin qəzetə Lətif müəllimin vəfatı ilə bağlı yazdığı “Bu qışın üzü” adlı xatiratdan bir sitat gətirməklə bu xatiratımı daha da zənginləşdirmək istəyirəm:
- Mənim dəyərli dostlarımdan biri də 30 il dostluq elədiyim və 10 il “Ədalət” qəzetində birgə çalışdığım istedadlı jurnalist Lətif Süleymanlı idi. O Lətif Süleymanlı ki, qəzetin yarandığı gündən 10 il müddətində onun yolunda çox əziyyət çəkdi, çox zəhmət çəkdi, çox izlər qoydu. Lətif Süleymanlı tək istedadlı jurnalist kimi deyil, tək istedadlı yazar kimi deyil, həm kollektivimizdə onu mərd, etibarlı, dözümlü, polad iradəli bir ziyalı kimi tanıyırdıq. Və təsadüfi deyil ki, çox vaxt ən ağır işləri, ən çətin işləri Aqil Abbas ona həvalə edirdi ki, Lətif bu işin öhdəsindən gələ bilər. O hər bir çətinliyə, hər cür zəhmətə, hər cür əzab-əziyyətə alışmış insan idi.
O, çox çətin, ağır, məşəqqətli və əzablı bir yol keçmişdi. Öz zəhmətiylə, öz əməyiylə, əzab-əziyyətiylə işləyib çörəkpulu qazanmışdı, sonra Azərbaycan Dövlət Universitetinin filologiyasına daxil olmuşdu, axşam şöbəsini bitirmişdi. O, oxuduğu illərdə həm də “Elm və həyat” jurnalında fəaliyyətə başlamışdı. O “Elm və həyat” ki, orda Aqil Abbas işləyirdi, orda Rəşad Məcid işləyirdi... Onlar hamısı bir tarix idi, bir yaddaş idi, bir ötən günlər idi. 1990-cı ilin iyulunda qəzetimiz açılanda Lətif 7 nəfərin arasında olan bir yazar idi.
O vaxt indiki kimi yazı yazmaq asan deyildi, çox çətin idi. Çünki qəzetimiz Hüquqşünaslar İttifaqının orqanı idi. Və hər gün olmasa da, həftədə bir dəfə Hüquqşünaslar İttifaqının sədri İdris Əliyev iclas keçirirdi. Və çox qəribədir ki, onun çoxumuzun yazısından xoşu gəlmirdi. Yeganə Lətif Süleymanlının yazısından razı qalırdı ki, adam hüquqi, tənqidi mövzuda çox savadlı yazılar qələmə alır. Və həmişə də Aqil Abbas bizə deyərdi ki, görürsünüz, İdris Əliyevin Lətif Süleymanlının yazısından xoşu gəlir. Bax, siz də elə tənqidi yazılar yazın.
Lətif Süleymanlı elə bir yol keçib. “Ədalət” qəzetinin tarixində özünün istedadlı yazıları ilə bir ömür yolu yazıb, bir iz qoyub. Onun xüsusən də tənqidi yazıları heç kimin yaza bilmədiyi orijinal formada, analitik və təhlili yazıları tamamilə fərqlənirdi. Xüsusən də mülki hüquqla bağlı mübahisəli məsələləri özünəməxsus bir formada, özünəməxsus bir üslubda qələmə alırdı və onu qəzetimizin səhifəsinə çıxarırdı. Heç bir neçə gün keçmirdi ki, o yazının təsiri özünü göstərirdi, qaldırılan problem əlaqədar təşkilatlar tərəfindən həll olunurdu. Bütün bunlar onun istedadının, zəhmətinin, əməyinin, savadının bəhrəsi idi. Lətif həm də filologiya elmləri üzrə namizədlik işini müdafiə eləmişdi. O bizim qəzetdə işləyəndə şifahi xalq ədəbiyyatıyla bağlı götürdüyü mövzuda onu müdafiə eləyərək elmlər namizədi adı almışdı. O, həmişə öz sözünə, öz işinə diqqətli bir yazar idi. Harda olsa da, nə olsa da, verilən tapşırığı iki daşın arasında yerinə yetirərdi. Və düşünməzdi ki, bu məsələni ləngitsin və yaxud bir qədər sonraya saxlasın. Çünki həmin dövrdə doğrudan da “Ədalət” qəzetində çox ciddi bir rejim vardı. Aqil Abbas bütün yazıları oxuyub redaktə edirdi. Hətta indiyə qədər yadımdadır, Lətif Süleymanlı Birinci Qarabağ Savaşının ilk günlərində Gədəbəyə getmişdi və ordan birbaşa səngərdən reportaj yazıb gətirmişdi. Onun sərlövhəsini Aqil müəllim də dəyişdi və belə bir orijinal sərlövhə qoydu: “Faşizm iməkləyir”. Lətif də əsgərlərlə tankın üstündə şəkil çəkdirmişdi, əsgərlərlə söhbəti olmuşdu, onların hamısını qəzetimizin səhifəsinə çıxardı. Bu yazılarla Lətif Süleymanlı Birinci Qarabağ Savaşında özünün jurnalist olaraq missiyasını, vəzifəsini şərəflə yerinə yetirdi.
Bu sitatı niyə xatırladım? Görkəmli qələm dostum Lətif müəllimin “Ədalət” qəzetindəki fəaliyyəti ilə bağlı bəzi məqamları göz önünə gətirib, hansı ki, mən də onların şahidiyəm. Mən isə L.Süleymanlının özünün təsis etdiyi “Media Azərbaycan” qəzetində çalışdığım dövrdə üzləşdiyim bəzi məqamlardan söz açacağam. “Ədalət” qəzeti ilə vidalaşandan sonra məni “Elin səsi” qəzetində baş redaktor vəzifəsində işləməyə dəvət etdilər. Mənə kimi bu vəzifə eksperimentə çevrilmişdi. İl ərzində 3-4 baş redaktorun təyinatı sizə yəqin ki, çox şeyi anladar. Mən bu qəzetə gələndə şərtimizi kəsmədik. O şərt kəsməmək mənə baha başa gəldi. 9 ay pulsuz-parasız işlətdikdən sonra nəşriyyatdakı redaksiyanın otaqlarının qapısını üzümə qapatdırdı. Əslində onda (o qədər mundar adam, yalançı adam idi ki, adını burada çəkməyi belə artıq bilirəm. Guya din adamı idi, namaz qılırdı) elə bir hünər yox idi, ola da bilməzdi. Qəzetin borcları olduğu və başqa məramlara xidmət etdiyi üçün işçiləri içəri buraxmamaq barədə nəşriyyatın rəhbərliyinin qərarı var idi. Ona görə dəfələrlə nəşriyyatın qarşısında təsisçinin gəlməsini gözləyən MƏN bir müddətə bura gəlmədim, amma o qəzetdən xəbərsiz təsisçi nəşriyyatda müəyyən adamlara “xod” tapıb işini davam etdirməyə başladı. Bu, mənim jurnalistika sahəsində ən qara səhifəmdir!
Kənarda çalışdığım müddətdə Lətif müəllim məni təzə açılmış qəzetinin redaksiyasına işə dəvət etdi. Mən isə qəlbim sındığı və normal işim olduğu üçün bir müddət nəşriyyata gəlmədim, Lətif müəllimə bir bəhanə gətirib təşəkkürümü bildirdim. Halbuki onda mən işsizliyin nə demək olduğunu daddım. Həyatımın ən ağır anlarını, günlərini yaşayırdım...
Xoş bir təsadüf məni köhnədən tanıdığm insanların yanında işləməyə apardı. Mövzudan yayınmayım deyə bir az qısa yazacağam. Burada işimi təzəcə qurmağa başlamışdım, yaradıcılıq işlərimi görürdüm ki, məni köhnə dostlardan biri öz redaksiyasına çəkib apardı. Onun da şeytan dilinə inandığım üçün bu dəfə də aldandım. İkisi də eyni məkanın övladıydı, bir bezin qırağıydı. O məkan Azərbaycanın tarixinə şərəfli səhifələr yazıb, amma təəssüf ki, belə zatıqırıqları da var imiş…
“Hər şeyin təzəsi, dostun köhnəsi” kəlməsini yada salıb özüm Lətif müəllimin yanında işləməyə getdim. Başıma gələnləri də ona nəql etdim. İnsan olduğu üçün dediklərimin səmimiyyətinə inandı. Çünki biz əvvəldən bir-birimizi tanıyırdıq. Əl-ələ verib qəzetimizi hazırlamağa başladıq. Lətif müəllim bu qəzetdə özünün prinsipiallığını, qətiyyətliliyini, cəsarətini, əsas da illərlə qazandığı təcrübəsini ortaya qoyurdu. Yadımdadır, məmur yerliləri ona nə qədər xahiş-minnət edirdilərsə, adam saldırırdılarsa, o, heç vaxt haqqı nahaqqa vermirdi. Qanun qəzetində çalışdığından həmişə də qanunun tərəfində olurdu. O da yaxşı yadımdadır ki, bir nəfər istedadlı jurnalist (adını etika xətrinə çəkmirəm) mövzunu elə ustalıqla işləmişdi ki, onların məsələsinə baxılan Mətbuat Şurasında xırda bir nöqsan tutmuşdular. Onu da nöqsan saymaq olmazdı. Bütövlükdə isə yazıya görə tanınmış qələm sahibləri, həmkarları Lətif müəllimə təşəkkür edirdilər. Bu, Lətif müəllimin uğurlarından biri idi. Belə məqamların sayını çoxalda bilərəm.
Tədricən məni kitab redaktəsinə yönəldirdi. Bu qəzetdə redaktələrimlə razılaşdığı üçün zəhmət haqqını ödəmək şərtilə əlinə düşən kitabların redaktəsini tapşırırdı. Bir dəfə tanınmış polis zabitlərindən biri, eyni zamanda gözəl qəlbə malik şair təbiətli Vahid Əlioğlunun bir kitabını redaktə və rəy üçün mənə verdi. Amma bildirdi ki, qısa müddətə işi görmək lazımdır. Dediyi müddətdən hətta iki gün qabaq işi ona təhvil verdim. Gözlərinə inana bilməyən Lətif müəllim (yeri gəlmişkən, kitabın redaktəsi və yazdığım rəy Vahid müəllimin də çox xoşuan gəlmişdi) dedi ki, ay Daşı, mən indiyədək sənin belə məsuliyyətli, fərasətli, qələmli jurnalist olduğunu niyə hiss etməmişəm? Cavabımda dedim ki, ay Lətif müəllim, haradan görə bilərdin? “Ədalət” qəzetində necə yükləndiyimdən məgər xəbərin yox idimi? Həm də işimə mane ola bilər deyə baş redaktor imkan vermirdi ki, yazım, bacarıq və qabiliyyətimi göstərim.Jurnalist yazmasa, dəmir kimi paslana bilər. Bir az da belə davam etsəydi, paslanmaqda olan dəmirin vəziyyətinə düşəcəkdim. İşim xoşuna gəldiyi üçün bundan sonra tapşırıqların sayı çoxalmağa başladı. Bax, Lətif müəllim mənə Allahın köməkliyi sayəsində çörək verib, mən o, haqq dünyasında olsa da, onun haqqını dana bilmərəm.
Faiq Qismətoğlunun həmin yazıdakı fikirləri ilə desək, Lətif belə bir ömür yolu keçmişdi... belə bir məktəb keçmişdi. Həmişə deyirdi ki, mən “Elm və həyat” jurnalında Həsən Mehdiyevin məktəbini keçmişəm, burda isə Aqil Abbasın məktəbini keçirəm. Və hər ikisi böyük bir akademiyadı. Bəli, Lətif doğurdan da öz sözü ilə demiş olsaq, hər iki akademiyadan bəhrələnmişdi...
Lətif Süleymanlının özü isə tez-tez deyirdi: “Həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Ədalət insanın ləyaqəti, ədalətsizlik qüsurudur. Ədalət sağlamlığın, ədalətsizlik xəstəliyin xassəsidir. Sağlamlığın kamilliyi qüvvəyə, xəstəliyin kamilliyi isə ölümə çevrilir. Ona görə də son nəticədə ədalət təbiətinə görə hər yerdə, hər zaman ədalətsizlikdən güclüdür. Ədalət gücdə deyil, güc ədalətdədir”.
Lətif müəllimin ailəsində çox olmuşam. Ailəsinə, həyat yoldaşına, övladlarına qarşı qayğıkeş idi Lətif müəllim. İşdə ailədən gələn hər bir zəngə cavab verir, elə iş yerindəcə onları həll edirdi. Mehriban ata, gözəl ailə başçısı, təvazökar insan kimi bizim də, ailəsinin də yaddaşına həkk edilib. Dəfələrlə şahidi olurdum ki, telefonda nəvələri ilə uşaq kimi necə danışır, onları şirin sözlərlə oxşayır, səsi ilə nəvaziş göstərir. Bunu görən hər kəs ancaq heyran qala bilərdi. Bir oğul, bir qız böyüdüb başa çatdırıb. Övladlarına gözəl tərbiyə verib, onların qayğısına qalıb, bir ata kimi onların hər birinin xoşbəxtliyi üçün əlindən gələni əsirgəməyib.
Araz deyir ki, atası şeir, sənət, musiq vurğunu olub. Təbiəti çox sevirdi. Təbiətin gözəlliklərindən ləzzət alırdı. Özüm də şahidi olurdum ki, ayın çox hissəsini Tovuzda, göz açdığı İbrahimhacılı kəndinə tez-tez baş çəkirdi. Bir çiçəyin vaxtsız solmasına (redaksiyanın otağındakı dibçəklərdə gülləri ondan başqa kimsə sulamazdı), bir quşun ölümünə narahat olur, həyəcanlanırdı.
Çox yazmaq olar Lətif Süleymanlı haqqında. Sağlıq olsun, nə vaxtsa Lətif Süleymanlı ömrü kitablaşanda ürəyimizi boşaldarıq.
Ömrü verən də Allahdır, alan da. Yaranan biur gün köçməlidir. Ona görə hamı gərək Lətif müəllim kimi bir-birinə mehriban, dost olsun, xeyirxahlıq, nəciblik göstərsin. Bir-birilərinin süfrəsinə sədaqətlə əl uzatsınlar.
İnsanı ucaldan, ona başucalığı gətirən onun həyatda tutduğu mövqeyidir, gördüyü işlərdir, əməlləridir. Bu mənada mən gördüyü işlərlə, əməlləri ilə, çoxlarının həyatda düzgün mövqe tutmasına kömək etməsi ilə, dünyaya layiqli övladlar verməsi ilə, öz nəslinin yollarına işıq salmasıyla fəxr edirəm. Fəxr edirəm ki, belə ləyaqətli dostum olub. Onun adı həmişə çəkiləndə könlüm işıqlanıb, nura bələnib. Bəli, Lətif müəllim cismən bizi tərk edib, amma qəlbimizdədir, ürəyimizdədir. O, həmişə bizimlədir!
Ruhun şad olsun, əziz və sevimli dost!
Ruhuna dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












