Turaztv.az » Xəbərlər » Müəllimlik peşəsini şərəflə yaşadan Əmirağa Eyyubov
Xəbərlər

Müəllimlik peşəsini şərəflə yaşadan Əmirağa Eyyubov

27.11.2026, 14:02 21

Müəllim təkcə bilik mənbəyi deyil , həm də insanlıq simvoludur. Dünyanı dəyişən , tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib. Cəmiyyətdə yüksək nüfuza malik olan, pedaqoji fəaliyyəti ilə tanınan müəllimlərimizin sayı da yetərincədir. Belə müəllimlərdən biri uzun müddət Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin direktoru Əmirağa Böyükağa oğlu Eyyubovdur.
Əmirağa Eyyubov 1957 –ci ildə Şamaxı (indiki Qobustan) rayonunun Çuxanlı kəndində anadan olmuşdur.1964 cü ildə həmin kənddəki səkkizillik məktəbin birinci sinfinə qəbul olub. Səkkizinci sinfi bitirdikdən sonra təhsilini Leninabad (indiki Təklə) kənd orta məktəbində davam etdirib. Orta təhsilini başa vurduqdan sonra həmin məktəbdə kitabxana müdiri vəzifəsində çalışıb. 1975 - ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) riyaziyyat fakultəsinə qəbul olub. 1979 - cu ildə həmin ali məktəbi bitirdikdən sonra təyinatla Ərəbşalbaş kənd orta məktəbində ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Əmirağa müəllimin işgüzarlığını və bacarıqlığını nəzərə alıb onu 23 sentyabr 2003 - cü ildə məsul vəzifəyə - Qalib Ələkbərov adına Çuxanli kənd tam orta məktəbinə direktor təyin ediblər.

Əmirağa müəllim söhbət əsnasında bildirdi ki, işlədiyim bu dövrdə təlim-tərbiyənin yüksəldilməsi, mənə göstərilən etimadı doğrultmaq üçün səylə işə başladım. Yüksək naillyyətlərimizə görə həmişə qabaqcıl məktəblər sırasında olduq. Ulu öndər Heydər Əliyevin anadan olması ilə əlaqədər hər il keçirilən “ən yaxşı təqdimat” müsabiqəsində həmişə şagirdlərimiz fəal iştirak etmiş və mükafatlandırılmışdır. Məzunlarımızın bir çoxu hər buraxılışda bizi sevindirmişdir. Onların əksəriyyəti yüksək balla ən nüfuzlu ali məktəblərə qəbul olmuşdur. Müəllimlərimizin də dərslərdəki gərgin əməyini hər an qiymətləndirirəm. Atalar yaxşı deyib ki, tək əldən səs çıxmaz.

Qobustan Rayon Təhsil Sektorunun əməkdaşları həmişə bizə köməkliklərini göstəriblər. Vətənpərvər ruhda böyüyən məzunlarımız istər Birinci Qarabağ, istərsə də Vətən Müharibəsində ərazilərimizin işğaldan azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmanlıq göstərmişlər. Onlardan dörd nəfəri Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalmışdır. 44 günlük Vətən Müharibəsində on nəfərdən yuxarı gəncimiz bu müharibəyə qatılmışdır ki, hamısı da düşmənə qarşı göstərdikləri igidliyə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif olunmuşlar. İşlədiyim bu uzun dövr ərzində əməyimə yüksək qiymət verilib. 2008 –ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamlarına əsasən 2009 –cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2015-ci ildə “əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Qobustan Rayon İcra Başçısının, YAP Qobustan Rayon Təşkilatının, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qobustan Rayon Komitəsinin fəxri fərmanları mənə təqdim olunub. Hamısına da minnətdaram.

YAP Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov - Deyərdim ki, müəllim loğmandır, elə loğman ki, səsində, sözündə bir məlhəm var. Uzun müddət məktəb direktoru işləyən Əmirağa müəllimin də danışığında, səmimiyyətində bu məlhəm hiss olunur. O , həm də YAP Oobustan Rayon Təşkilatının Çuxanlı ərazi partiya təşkilatının sədridir. Bir partiya sədri kimi bu işdə də fəaldır. Paylaşımlarımızı müntəzəm izləyir, bəyənir, paylaşır. Etdiklərini heç vaxt dilə gətirmir. Partiyamızın ən aktivlərindən biri kimi rayonda keçirilən bütün tədbirlərdə fəal iştirak edir. İctimai fəallığına görə tərəfimizdən mükafatlandırılıb. Əmirağa müəllimə yaşının bu çağında uzun ömür və can sağlığı arzulayıram.

Qobustan Rayon Təhsil Sektorunun müdiri Anar Osmanov - Əmirağa müəllimi coxdan tanıyıram. Müəllim yalnız öyrədən, bilik verən deyil, həm də gələcək nəsli tərbiyələndirən, onların şəxsiyyət kimi formalaşmasında rol oynayan şəxsidir. Əmirağa müəllim də belə şəxslərdəndir. Həmişə göstərilən təlimatlara düzgün riayət edir. Onun rəhbəri olduğu Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədə olmuş, dərsdən yayınma hallarına yol verilməmişdir. Deyərdim ki, ən gözəl sevgi şagirdlərin sevgisidir. Bunu da Əmirağa müəllim öz səmimiliyilə qazanıb. Bir yaşlı pedaqoq kimi gənc məktəb direktorlarına da köməkliyini əsirgəmir. İşinə görə həmişə ondan razı qalmışam.

Qobustan Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Kənan Rəhimli - Əmirağa müəllim iyirmi ildən yuxarıdır ki, məktəb direktoru vəzifəsində çalışır. O bu məsul vəzifənin öhdəsindən layiqincə gəlib. Onun rəhbəri olduğu məktəbin şagirdləri Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə həmişə fəal iştirak etmişlər. Respublika fənn olimpiadalarında da yüksək nəticə əldə ediblər. Məktəbdə olarkən Əmirağa müəllimin dərs zamanı riyaziyyat fənninin şagirdlərə metodik cəhətdən aşılanmasının şahidi olmuşam. Onun işi həmişə əlaqədar təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Əmirağa müəllimin yaxın dostu, təqaüddə olan müəllim Ağamurad Ağayev –Onunla eyni fakültədə oxusaq da o məndən aşağı kursda idi. Amma yataqxanada bir qalırdıq. Həmişə bir çalışırdıq, birlikdə də istirahət edirdik. Zaçot və imtahanlardan əla qiymətlər alırdı. Müəllim – professor heyyəti onun oxumasından razılıq edirdilər. Ali məktəbi bitirdikdən sonra bugünədək ailəvi dostluğumuz davam edir. Hər işimizdə bir-birimizin dayağı oluruq. O, vəfalı dost və dostluğa sadiqdir.

Məhəmməd Bayramov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər