Xəbərlər
Zöhrə Qaraqızı : PAYIZ DUYĞULARI - FOTO

Qövsi- qüzeh rəngdə, keflidir payız,
Gündə yeddi rəngə, min hala düşür.
Payız düşüncəsi payız kimidir,
Bəzən duyğuları qəlbimi deşir.
Baxıram payızın min cür oynu var,
Bərəkət ayıdır deyim düzünü.
Bütün yaşıllıqlar solur, saralır,
Sarı saçaqlarla örtür üzünü.
Bu dünya belədir, təbiət belə,
"Bu gün çiçək açan sabah tez solur,"
Nəhəng ağacların budaqlarından
Dəlisov küləklər yarpağı yolur.
Yarpaq tökümüdü, xəzandı adı,
Payız bu ömrümdən nələr apardı.
Atamı, anamı hələ demirəm,
Canımdan canımı, yarı qopardı.
Hər ağacın dibi xəzəllə dolur,
Torpağa hərarət gətirir onlar.
Hər gələn illərdə bu yer üzünə,
Bolluca bərəkət yetirir onlar.
Yaman ədalətsiz, yaman qansızdı,
Bütün fəsillərdən fərqlidir payız.
İyirminci ilin qırxdörd günündə,
Şəhidlər gətirdi hesabsız- saysız.
Qəm- qüssə fəsili deyil tək payız.
Zəfər xoşbəxtliyi verdi o bizə.
Güldü Azərbaycan, güldü Qarabağ,
Zöhrə, sevincimiz döndü dənizə.
21.11.2026










