Turaztv.az » Xəbərlər » Ustadların işığında göyərən söz - FOTO
Xəbərlər

Ustadların işığında göyərən söz - FOTO

27.11.2026, 01:31 7
Ustadların işığında göyərən söz - FOTO
Rəfayət Əlimirzəyeva

Azərbaycan poeziyasında elə mövzular var ki,illər ötsə də,aktuallığını itirmir,yeni nəsil qələm sahiblərini düşünməyə və yazmağa sövq edir.Xalq şairi Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" şeiri poeziyamızda zaman keçdikcə yeni duyğular oyadan,ədəbi dialoqa çevrilən nümunələrdəndir.Şimal bölgəsi ədəbi mühitində fəaliyyət göstərən şair Cümşid Aydəmirin də böyük sənətkarların - Musa Yaqubun və Məmməd Arazın "qara daş" polemikasına müraciət etməsi təsadüfi deyil. Onun ustadların poetik dialoquna qoşularaq yazdığı "Bu dünyanın qara daşı göyərsə..." adlı şeiri bir neçə gün əvvəl, 22 noyabr 2026 -il tarixində Turaz TV az.portalında dərc olunub.
Cümşid Aydəmir Vətənimizin Şimal bölgəsin- də (Quba-Xudat) yaşayıb yaradan, bölgənin ədəbi-mədəni mühitinin canlanmasında böyük xidmətləri olan qələm sahiblərindən biridir. Bir neçə regional ədəbi məclisin fəal üzvü olan şair əsərlərini Azərbaycan və ləzgi dillərində yazır, tərcümə ilə məşğul olur.Azərbaycan ədəbiyyatı- nın görkəmli nümayəndələri M.Yaqub,M.Araz,
R.Rövşən,R.Qusarçaylı kimi şairlərin şeirlərini ləzgi dilinə çevirir.Həmçinin ləzgi xalqının ədəbi nümunələrini Azərbaycan dilinə tərcümə edir. İxtisasca iqtisadiyyatçı olan Cümşid Aydəmir hələ gənc yaşlarından ədəbiyyata,şeirə həvəs göstərib, yaşantılarını,duyğularını ifadə etmək üçün sözə,poeziyaya üz tutub.Onun yaradıcılı- ğında vətənpərvərlik,Vətənin bütövlüyü,tarixi,
milli yaddaşa bağlılıq ,ictimai ədalət axtarışı, mənəvi dəyərlərin tərənnümü mühim yer tutur. Lirik duyğular,təbiət lövhələri,gənclik xatirələri- nin nostalgiyası incəliklə qələmə alınır.Şeirləri sadə ,xalq dilinə yaxın üslubu və aydın bədii qayəsi ilə şeçilir.O həm də ictimai-əxlaqi məsə- lələrə,ailə-cəmiyyət dəyərlərinə həsr olunmuş publisistik yazıları ilə çıxış edən ziyalıdır.

Cümşid Aydəmir klassik heca ənənəsinə və xalq şeiri ruhuna sadiq şairdir.O , M.Yaqub və M.Araz kimi ustad şairlərdən bəhrələnir, onları özünə mənəvi müəllim hesab edir.M.Araza həsr etdiyi "Ruhuna min rəhmət,ay Məmməd Araz" ("Ədalət"qəzeti 22.08.2023) şeiri sənətkarın poeziyasına olan dərin sevgisinin ifadəsidir.

"Səndən bir ömürlük xatirə" qaldı,
Minlərlə şeirlər,nəzirə qaldı,
"Bir tale oyunu çüt zərə"qaldı,
Şeirdə zirvəsən,əlim də çatmaz,
Əhsən!Böyük kişi,ay Məmməd Araz!


Elə "Bu dünyanın qara daşı göyərsə..." şeiri də Cümşid Aydəmirin ustadlara böyük sevgi və ehtiramı, onların yaratdıqları "qara daş" obrazını öz düşüncə və arzuları ilə yenidən mənalandır- maq cəhdidir.
Müəllif şeiri təqdim edərkən giriş sözündə oxuculara Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz" (1977) şeirinə 100-dən çox nəzirə yazıldığını bildirir.Eyni zamanda,ustad Məmməd Arazın "Göyərdi" (1981) rədifli şeirini də yüksək dəyərləndirir. Bu mövzuda şeir yazmaq barədə uzun müddət düşündüyünü,ilk cəhdinin istədiyi kimi alınmadığını ,nəhayət, fikrini reallaşdıraraq mənəvi rahatlıq tapdığını söyləyir.
M.Yaqubun şeirinə yazılmış çoxsaylı nəzirə- lər,ilk növbədə,bu poetik nümunənin yaratdığı bədii-fəlsəfi təsirin göstəricisidir. M.Arazın "Göyərdi" şeiri "qara daş" polemikasını yaradan və ona verilən ən yaddaqalan cavablardan biridir.Ustad şairlərin şeirlərini ölməz edən əsas cəhət "qara daş"ın -adi təbiət elementinin dərin fəlsəfi, ictimai-milli rəmz səviyyəsinə yüksəldil- məsidir. Bu mövzuda yazılan digər şeirlərin dəyəri isə müəlliflərin həmin obrazı ustadlarını təkrarlamadan hansı yeni poetik tapıntılarla zənginləşdirə bilmələrindən asılıdır.
M.Yaqubun "bu dünyanın qara daşı göyərməz" hökmündə "qara daş" obrazı dünyanın sərtliyi, haqsızlığı,insanın dəyişməyən ağrıları,bəzən isə ümidin belə gücsüz olduğu reallağını ifadə edir. "Daşın göyərmə"məsi dünyanın,mənəvi aşınma- nın,ədalətsizliyin dəyişməzliyinə dair ağrılı qənaətdir.Şairin poetik dünyasında bu hökmün arxasında barışmaz bir kədər dayanır.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

"Göyərdi" şeirində M.Araz şair dostuna müraciət edərək onun gəldiyi qənaətə,çıxardığı hökmə etiraz edir.O,məsələyə ümumi fəlsəfi müstəvidən yanaşmaqla kifayətlənmir, mövzu-
nu milli yaddaş və milli tale müstəvisinə keçirir.

Musa Yaqub,gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi,
Göyərmədi istədiyin bircə dən,
Savalanın qara daşı göyərdi.


Şair "Xətainin qılıncını suvardım,Məmməd Araz karandaşı göyərdi"-əminliyi ilə xilas yolunu milli yaddaşa qayıdışda,haqsızlığa qarşı barış- mazlıqda və sənətkarın vətəndaşlıq mövqeyin-
də görür.Dünya öz-özünə dəyişməyəcək.Onu dəyişdirəcək qüvvə milli iradə və mübarizə əzmidir.
Cümşid Aydəmir "Bu dünyanın qara daşı göyərsə.." şeiri ilə ustadların bu poetik dialoqu- na qoşulur.Lakin o nə M.Yaqubun hökmünü olduğu kimi qəbul edir, nə də M.Arazın milli mübarizə çağırışını təkrarlayır. "Qara daşın göyər"məsi ehtimalından çıxış edərək fəqli bir dünya təsəvvürü yaradır .

Musa Yaqub,arzuların gül açar,
Araz,Samur həsrətindən dil açar,
Durulmazlar durular lil qaçar,
Bu dünyanın qara daşı göyərsə...


Müəllfin ilk misradakı müraciətində ustad şairə ehtiramla yanaşı,onun arzularının gerçək- ləşəcəyinə inam da ifadə olunur.M.Yaqubun dünyanın sərtliyindən doğan şikayətinə cavab olaraq şair, "daşın göyər"əcəyi halda insanları ayıran sərhədlərin- "daş barı"ların, ölüm rəmzi olan "məzar daşı,sinə daşı,baş daşı"nın belə əvvəlki mənasını itirəcəyini düşünür
.
Ucaldılmaz qara daşdan daş barı,
Məzar daşı, sinə daşı,baş daşı,
Əntiq olmaz qarasından daş-qaşın,
Bu dünyanın qara daşı göyərsə...


Cümşid Aydəmir şeirdə M.Arazın mövqeyini də diqqətdən qaçırmır.Onun Təbriz və Savalan həsrətinə "Araz, Samur həsrətindən dil açar" misrası ilə qoşulur.Eyni zamanda şairin "Namərdinən mərd yanaşı göyərdi" fikrini milli yaddaşla, "Kitabi -Dədə Qorqud" dastanının obrazı ilə əlaqələndirərək mövzunun məna dairəsini genişləndirir.

Qoca dünya nizamını itirməz,
Mərd qovulmaz,namərdini bitirməz,
Ana torpaq Yalıncıqlar yetirməz,
Bu dünyanın qara daşı göyərsə...

Şairin poetik təsəvvüründə "qara daşın göyər- mə"si dünyanın mövcud nizamının dəyişməsi deməkdir.Bu halda insanları bir-birindən ayıran sərhədlər aradan qalxar,ziddiyyətlər öz kəskin- liyini itirər. Şair "qara daşın göyər"məsini arzula- maqla mənəvi harmoniyanın bərqərar olacağı- na inanır.

İki dünya bir mənzilə sığışar,
Yaxşı-yaman bir-birilə barışar,
Dağ düz olar,düz dağa qarışar,
Bu dünyanın qara daşı göyərsə...


Bu bənddə müəllif ziddiyyətlərin aradan qalxdığı ,qarşıdurmaların barışla əvəz olunduğu bir dünya təsəvvür edir. Lakin mövcud nizamın dəyişməsi fikrinin bədii təsir gücü daha çox ümumi arzu səviyyəsində qalır. Şairin nəzərində "qara daşın göyər"məsi insanın mənən dəyiş- məsi,həm də daha ədalətli ,daha bütöv və barış- mış dünyanın yaranması deməkdir.
Ustad şairlərin şeirləri eyni bədii obraz üzərin-
də qurulsa da,onların dünyaya baxışları və gəl- dikləri nəticələr fərqli istiqamətlərdə inkişaf edir. Musa Yaqubun " göyərməz" hökmündən Məmməd Arazın "göyərdi" təsdiqinə keçidi poetik baxımdan bir cavab və etrazdır. Bu şeir- lər Azərbaycan poeziyasında fəlsəfi ümidsiz- liklə milli yaddaş ,iradə və mübarizə əzminin dialoqunu yaradır.
Cümşid Aydəmir isə bu dialoqda hər iki şairin poetik düşüncələrindən bəhrələnərək fərqli mövqe nümayiş etdirir.Dünyanın dəyişməsini "qara daşın göyər"məsi şərti ilə bağlayır. Bu,dünyanın dəyişməsi,həyatın yeniləşməsi, ədalətin və mənəvi tarazılığın bərpası üçün qoyulan poetik şərtdir.Həmin şərtin arxasında arzu olunan gələcək, mənəvi harmoniya, ideal dünya təsəvvürü dayanır.
Beləliklə,"qara daş" obrazı bir şairdən digərinə keçərkən məna dairəsini genişləndirir, hökm (göyərməz) ,etiraz və təsdiq ( göyərdi) , ehtimal və arzu ( göyərsə) kimi üç fərqli poetik nəticə yaradır. Eyni obrazın üç fərqli məna çalarında işlənməsi mövzunun tükənməzliyini,yeni poetik düşüncələrə imkan verdiyini göstərir.
M.Yaqub və M.Araz kimi ustadların şeirlərin- də hər sözün öz yeri,öz çəkisi var.Onların yara- dıcılığında sözün seçimi, misranın ritmi,qafiyə- nin təbiiliyi və obrazın gücü vahid poetik bütöv- lük yaradır.Sözün zərgər dəqiqliyi ilə işlənməsi həmin şeirlərin bədii kamilliyini şərtləndirən əsas cəhətlərdəndir.
Cümşid Aydəmirin "Bu dünyanın qara daşı göyərsə..." şeirinin ideya istiqaməti və müəllifin poetik niyyəti aydın olsa da, bu düşüncəni fərdi poetik obraz səviyyəsinə yüksəldə bilən söz və ifadələr bəzən kifayət qədər dəqiqliklə seçilmir. "İki dünya bir mənzilə sığışar", "yaxşı- yaman bir -birilə barışar" kimi ifadələr məna baxımından anlaşıqlı olsa da,obrazlılıq baxımından bir qədər ümumi səciyyə daşıyır. Son bənddə işlənmiş "çönər həsrətin taxtı" metaforasında isə obrazın məna tutumu və ifadə aydınlığı tam açılmır. Şeirin uçüncü bəndində qafiyə baxımından müəyyən uyğunsuzluq hiss olunur. Bu da şeirin axıcılığına təsirsiz qalmır.
Əlbəttə, bu qeydlər "Bu dünyanın qara daşı göyərsə..." şeirinin bədii-estetik dəyərini inkar etmir.Əksinə,ustadların yaratdığı poetik ənənəyə müraciət edən qələm sahiblərinin qarşısında duran sənətkarlıq məsuliyyətini xatırladır.Mövzuya yeni mənanın verilməsi,onu fərdi poetik tapıntılarla zənginləşdirmək istəyinin özü də yaradıcılıq cəsarəti tələb edir.
Cümşid Aydəmirin ustad şairlərin poeziya zirvəsində yaratdıqları ədəbi dialoqa müraciət etməsi və bu ənənəni yaşatmaq cəhdi onun yaradıcılığında diqqətlayiq addımdır. Ustadların işığında göyərən bu sözün özünəməxsus poetik nəfəs qazanması isə gələcək yaradıcılıq axtarışlarının uğurundan asılıdır.

Oxşar xəbərlər