Bəzən bir uşağın taleyinə baxırsan, orada bütöv bir elin tarixini görürsən. Bir adın arxasında bir yurdun həsrəti, bir baxışın dərinliyində bir dağın kölgəsi, bir nəğmənin içində illərin ağrısı dayanır...

Nuray Elxan qızı Şahsuvarlı... Sumqayıt şəhərindəki İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 9-cu sinfində oxuyan bu qızın kökləri Laçına bağlıdır. O Laçına ki adı çəkiləndə adamın ürəyindən bir dağ yeli keçir. O Laçına ki hər daşı bir xatirə, hər cığırı bir nisgil, hər dağı bir vüqar kimi yaddaşımızda yaşayır…
Bəlkə də insan doğulduğu torpağı yalnız ayaqları ilə tanımır. Bəzən onu qanında, ruhunda, eşitdiyi laylalarda, nənələrin danışdığı köhnə əhvalatlarda tanıyır. Bəzən bir yurdu görmədən də onun həsrətini daşımaq mümkündür. Çünki yurd təkcə yaşadığın yer deyil, həm də içində yaşatdığın müqəddəs bir duyğudur.

Nuray musiqi yolunu da bu duyğuların işığında seçib. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin muğam sinfini bitirib. İndi isə həmin məktəbdə fortepiano təhsilini davam etdirir, üçüncü sinifdə oxuyur.
Muğam... Bu sözün özündə bir ana nəfəsi, bir el ağrısı, bir torpaq qoxusu var. Muğam insanın danışa bilmədiyini dilə gətirir. Sözün aciz qaldığı yerdə ürəyin səsini eşitdirir. Bəzən bir muğamın içində bir elin toy-büsatı da var, bir ananın göz yaşı da, Vətənə qayıtmaq ümidi də...
Nuray muğamın məktəbindən keçib. İndi fortepianonun ağ-qara dillərində öz musiqi yolunu davam etdirir. Bu dillər ağdır, qaradır, amma onların danışdığı dilin rəngi yoxdur - o dil ürəyin dilidir. Barmaqlar pianonun dillərinə toxunduqca bəlkə də uzaqlarda qalan Laçın dağlarının sükutu, bulaqlarının zümzüməsi, doğma yurdun yaddaşı bir nəğməyə çevrilir.
Kim bilir, bəlkə bir gün Nurayın ifasında səslənən bir musiqi kiminsə qəlbində unudulmuş bir xatirəni oyadacaq. Bəlkə bir laçınlının gözləri dolacaq, bəlkə bir ana öz uşaqlıq illərini xatırlayacaq, bəlkə də kimsə həmin melodiyada doğma yurdunun yollarını görəcək.
Axı sənət yalnız ifa etmək deyil. Sənət həm də yadda saxlamaqdır. Özündən əvvəlkilərin ağrısını, sevincini, sevgisini gələcəyə daşımaqdır.
Bu gün Nuray həm məktəbli, həm də musiqi təhsili alan gənc bir qızdır. Qeyd edək ki, 1 nömrəli məktəbdə təhsil alan zaman bu təhsil ocağının rəhbəri Kəmalə Hüseynovanın xüsusi qayğısını görüb. Musiqi məktəbinin direktoru Samir İsmayılov da gənc istedadın yetişməsi üçün əlindən gələni əsirgəmir. Nuray Şahsuvarlı muğamdan ixtisas müəllimi Əsgər İsmayılovdan, fortepiano müəllimi Sevinc xanımdan, eləcə də digər müəllimi Könül xanımdan razılıq edir, ağızdolusu söbət açır. Deyir ki, onlar təkcə dərs keçmirlər, onlar həyat dərsini də öyrədirlər.
Nurayla Musa Yaqubun ayın 22-də Bakı Ekspo Mərkəzi XII Bakı Beynəlxalq Kitab Sərgisi "SOCAR təqdimat zonası"nda keçirilmiş "Gül bağça" kitabının təqdimat mərasimində tanış oldum. Onun istedadını şair, Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu da, yazıçı-publisist Seyran Səxavət də gördü, heyranlıqla tamaşa etdilər. Söhbət əsnasında Nuray bildirdi ki, ona bu həvəs babası Yusif Məmmədovdan gəlib. Hazırda səhhətində problem olan Yusif babaya şəfa arzuladım. Nurayın qardaşı Nurlan Şahsuvarlı DİA-nın 4-cü kurs tələbəsidir.
Bu qeydlərdən sonra deyək ki, qarşıda onu öyrənəcəyi çoxlu əsər, keçəcəyi çoxlu yol, fəth edəcəyi zirvə gözləyir. Hər yeni dərs, hər yeni ifa onun gələcəyinə atılan bir addımdır. Ən əsası isə, o öz köklərini unutmadan böyüyür. Çünki insanın qanadları nə qədər uzağa açılırsa-açılsın, kökləri torpağın dərinliyində olmalıdır.
Laçın onun mənsub olduğu yurddur. Sumqayıt onun böyüdüyü şəhər, təhsil aldığı, arzularını böyütdüyü məkandır. Bu iki ünvan arasında isə bir qızın ürəyi döyünür. Bir tərəfində doğma yurdun adı, o biri tərəfində gələcəyin arzuları...
Arzu edək ki, Nurayın barmaqlarından qopan hər musiqi səsi gözəlliyə, mərhəmətə, Vətən sevgisinə xidmət etsin. Qoy o, fortepianonun dillərində öz nəğməsini tapsın, muğamın ruhunu heç vaxt unutmasın. Qoy bir gün onun ifasında Laçının dağları da danışsın, bulaqları da zümzümə etsin, yolları da sevincə açılsın.
Çünki hər bir gəncin içində bir gələcək yatır. Hər bir sənətkarın qəlbində bir Vətən yaşayır.
Nurayın da ürəyində bir Laçın var...
O Laçın ki bəzən bir ad kimi səslənir, bəzən bir xatirə kimi kövrəldir, bəzən də piano dillərində gələcəyə uzanan bir ümidə çevrilir.
Və insan anlayır ki, yurd sevgisi bəzən bir ömrə sığmır. Nəsildən-nəslə keçir, bir nəğməyə çevrilir, sonra da bir uşağın barmaqlarında yenidən dünyaya gəlir...





























Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031