Xəbərlər
17.10.2026, 21:25
Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)
Görüşlərin sevincinə, ayrılıqların göz yaşına şahid olan vağzallar...
Vağzallar qəribə yerlərdir. Burada zaman sanki başqa cür axır. Kimlərsə saatlarla gözlədiyi doğmasını qarşılamaq üçün səbirsizliklə ətrafına boylanır, kimlərsə göz yaşlarını gizlətməyə çalışaraq yola saldığı əzizinin ardınca baxır. Bir tərəfdə gülüşlər, qucaqlaşmalar, sevincdən titrəyən səslər, o biri tərəfdə isə ürəkləri parçalayan ayrılıqlar...
Vağzallar insan ömrünün kiçik bir parçası deyil, sanki bütöv bir həyatın səhnəsidir. Buradan kimlər gəlib keçir, kimlər gedir, kimlər qayıdır, kimlərsə isə bir daha heç vaxt geri dönmür...

Həmin gün vağzal həmişəki kimi izdihamlı idi. Əlində çamadan tutmuş insanlar gah gediş cədvəlinə baxır, gah da perrona tərəf tələsirdilər. Uşaqların səs-küyü, qatarların fit səsi, elanların gurultusu bir-birinə qarışmışdı.
Ancaq bu izdihamın içərisində bir qadın vardı ki, heç yerə tələsmirdi. Əlində köhnə bir çanta, çiyinlərində illərin ağırlığı, gözlərində isə bitib-tükənməyən intizar dayanmışdı. O, vağzalın giriş qapısına baxır, gələn hər gəncin üzündə kimisə axtarırdı.
Bəlkə də o, illər əvvəl bu vağzaldan yola saldığı oğlunu gözləyirdi...
Oğlunu sonuncu dəfə görəndə onun cəmi iyirmi yaşı vardı. Gənc oğlan anasının əllərindən öpüb demişdi:
‐ Ana, narahat olma. Tezliklə qayıdacağam. Sənə çoxlu hədiyyələr gətirəcəyəm.
Ana onun üzünü ovcuna alıb alnından öpmüşdü.
‐ Mənə heç nə lazım deyil, bala. Təki sən sağ-salamat qayıt. Mənim ən böyük hədiyyəm sənsən.
Qatar hərəkətə gələndə ana vaqonun pəncərəsi ilə yanaşı qaçmış, oğlunun əlini son dəfə tutmağa çalışmışdı. Sonra qatar uzaqlaşmış, onun ardınca çəkilən dəmir yolu sanki ananın ürəyindən keçmişdi.
İlk vaxtlar məktublar gəlirdi. Sonra zənglər seyrəldi. Bir gün isə xəbər kəsildi...
İllər bir-birini əvəz etdi. Oğlunun getdiyi gündən bəri ana hər qatar səsində diksinir, hər gələn sərnişinin üzündə onun cizgilərini axtarırdı. Bəzən öz-özünə deyirdi: «Bəlkə bu gün gələcək? Bəlkə qapıdan içəri girib: “Ana, mən gəldim!” - deyəcək?»
İnsan ümidlə yaşayır. Xüsusilə də ana ürəyi...
Yaşlı qadın ağır addımlarla oturacağa yaxınlaşdı. Yanında əyləşən gənc qız onun yaşarmış gözlərini görüb soruşdu:
- Nənə, kimisə gözləyirsiniz?
Qadın gülümsəməyə çalışdı.
‐ Oğlumu gözləyirəm, qızım. Çoxdandır yola çıxıb. Bəlkə bu gün gələr...
Gənc qız nə deyəcəyini bilmədi. Qadının əllərindən tutdu. O əllər ki, illərlə bir körpənin saçını tumarlamış, məktəbə gedən uşağın çantasını düzəltmiş, əsgər oğlunun ardınca dualar etmişdi.
Qızın gözləri doldu. O, anasının qucağında böyümüşdü, hər səfərdən dönəndə onu qarşılayan doğmalarının varlığını dünyanın ən adi neməti sanmışdı. İndi isə başa düşürdü ki, insanın həyatında ən böyük xoşbəxtlik qayıdanda səni gözləyən birinin olmasıdır.
Elə həmin vaxt qatarın fit səsi eşidildi. Sərnişinlər perrona tərəf axışdılar. Yaşlı qadın da ayağa qalxdı. Əlləri titrəyirdi. Gözlərini vaqonların qapılarına zilləmişdi.

Bir-bir sərnişinlər düşürdülər. Kimsə anasını qucaqlayır, kimsə atasının boynuna sarılır, uşaqlar sevinc içində valideynlərinə tərəf qaçırdılar.
Qadın hər gələnə baxdı.
Amma oğlu gəlmədi...
Qatar boşaldı, qapılar bağlandı. İnsanlar dağılışdı. Vağzal yenidən öz adi səs-küyünə qərq oldu. Qadın isə bir müddət yerindən tərpənmədi. Sonra başını aşağı salıb çantasını götürdü.
- Eybi yoxdur, qızım, - dedi. ‐ Bəlkə gələn qatarda...gələcək.
O, əsasına dayanaraq asta addımlarla uzaqlaşdı.
Gənc qız onun ardınca baxa-baxa düşündü: görəsən, neçə ana belə gözləyir? Neçə ata qapıya baxır? Neçə övlad doğma evinə qayıtmaq həsrəti ilə yaşayır? Neçə insanın taleyi vağzalların divarları arasında danışılmamış bir hekayə kimi qalıb?
Vağzallar çox şeyə şahiddir. Burada kasıb da vidalaşır, varlı da. Burada xoşbəxtlikdən gülən də var, dərddən düşüncələrə dalan da. Bəzən bir qatar iki insanı bir-birindən ayırır, bəzən isə illərin həsrətinə son qoyur.
Hər vağzalın görünməyən bir yaddaşı var. O yaddaşda ilk dəfə evdən ayrılan gəncin həyəcanı, əsgər oğlunu yola salan ananın duası, uzaq ölkələrə çörək dalınca gedən atanın nigaran baxışları, sevgilisinin ardınca ağlayan qızın göz yaşları yaşayır.
Bəzən insanlar vağzala birini yola salmağa gəlirlər, amma özlərindən də nəyisə orada qoyub gedirlər: uşaqlıq illərini, gənclik arzularını, bir ömrün xoşbəxtliyini...

Bəzən də bir insanın gəlişi bütün ömrü yenidən başlamağa səbəb olur.
Mən düşünürəm ki, vağzalların ən böyük dərdi qatarların gedib-gəlməsi deyil. Onların ən böyük dərdi qayıtmayanlardır. Gözlənilən, amma gəlməyənlərdir. Bir vaxt «tezliklə qayıdacağam» deyib gedən və bu sözünü yerinə yetirə bilməyənlərdir.
Kaş bütün gedənlər qayıda biləydi! Kaş hər ayrılığın sonunda bir görüş, hər intizarın sonunda bir sevinc olaydı! Kaş heç bir ana vağzalda gözləri yolda, ürəyi intizarda qalmayaydı!
Çünki vağzallar təkcə yolların başlanğıcı və sonu deyil. Onlar həm də insan qəlbinin ən kövrək duyğularının ünvanıdır.
Və hər qatarın arxasınca bir ümid gedir...
Hər qatarla bir ümid qayıdır...
Amma bəzən bir ömür boyu gözlənilən o qatar heç gəlmir.
Onda vağzalın səs-küyü içində yalnız bir səs eşidilir: bir insanın ürəyində fırtına qoparan intizarın səsi...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


