SÖHBƏT LƏYAQƏT NÜMUNƏSİ, SƏDAQƏT SİMVOLU, ZİYALILIQ ETALONU ABDULƏHƏD TAĞIYEVDƏN GEDİR

Bəzi insanların həyat yoluna nəzər salanda onların keçdikləri illəri, sadəcə, tarixlərin, vəzifələrin, iş yerlərinin ardıcıllığı kimi təqdim etmək kifayət etmir. Çünki insanı insan edən, onun xarakterini, dünyaya münasibətini, zəhmətə və ailəyə baxışını formalaşdıran görünməz bir mənəvi xətt də var. Bu xətt bəzən bir evin divarları arasında, ata söhbətlərində, ana nəsihətlərində, ailənin gündəlik həyatında, böyüklərə münasibətdə, halal zəhmətə verilən qiymətdə formalaşır və illər keçdikcə insanın bütün ömrünə sirayət edir.

Azərbaycanımızın ləyaqətli vətəndaşı, incə qəlbli insan, uzun müddət elmi sahədə çalışmış gözəl dost Abduləhəd Tağıyevin həyat yoluna nəzər salarkən belə bir mənəvi xətt aydın görünür. Onun ömür kitabının səhifələrində yurdumuzun əvəzolumaz parçası olan Basqalın qədim mühiti, ziyalı ailəsi, zəhmət və təhsil, mühəndislik fəaliyyəti, elmə bağlılıq, ailə məsuliyyəti və övlad tərbiyəsi biri-birindən ayrı deyil. Bunları birləşdirən əsas cəhət isə ailədən gələn mənəvi dəyərlərə sədaqətdir. Abduləhəd m üəllim 14 may 1949-cu ildə qədim və tarixi-mədəni mühiti ilə seçilən Basqal kəndində ziyalı ailəsində dünyaya göz açıb. Onun uşaqlıq və yeniyetməlik illəri belə bir mühitdə keçib ki, burada insanın dəyəri yalnız tutduğu mövqe ilə deyil, mənəviyyatı, tərbiyəsi, zəhmətsevərliyi və cəmiyyətə münasibəti ilə ölçülürdü.

AİLƏDƏN BAŞLAYAN MƏNƏVİ YOL


Abduləhəd Tağıyevin şəxsiyyətinin formalaşmasında ailəsinin xüsusi yeri olub. Bu ailə mühitini səciyyələndirən mühüm cəhətlərdən biri də dini-mənəvi dəyərlərə bağlılıq idi. Atası Hacı Həbib ailədə yalnız ata kimi deyil, həm də dini-mənəvi dəyərləri yaşadan, övladlarına halal həyatın, düzgünlüyün və insanlıq borcunun mahiyyətini aşılayan şəxs kimi seçilirdi. Onun möminliyi və dinə bağlılığı ailənin ümumi mənəvi atmosferinin əsas dayaqlarından biri idi.
MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU  - FOTO
Hacı Həbib üçün din yalnız müəyyən ayinlərin yerinə yetirilməsi deyildi, o, mənəviyyatı insan davranışının əsas ölçülərindən biri hesab edirdi.
Belə ailələrdə uşağın tərbiyəsi sözlə başlayıb davranışla davam edir. Böyüyə hörmət, kiçiyə qayğı, halal zəhmət, doğru danışmaq, ailənin adına layiq olmaq, insanın qazancına və əməyinə məsuliyyətlə yanaşmaq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Abduləhəd müəllimin xarakterində sonralar özünü göstərən təmkin, məsuliyyət və ailəyə bağlılığın köklərini də məhz bu mühitdə axtarmaq mümkündür. Lakin bu mənəvi mühit yalnız ata xətti ilə məhdudlaşmırdı. A.Tağıyevin anası da dinə bağlı, mömin və mənəviyyata böyük dəyər verən qadın kimi ailənin mənəvi dayaqlarından biri idi. Ana ocağının insan həyatında rolu heç vaxt yalnız məişət çərçivəsində qalmır. Ana övladın ilk müəllimidir. Onun danışığı, davranışı, böyüyə münasibəti, səbir və mərhəməti uşağın xarakterində iz buraxır. Anası Naridə ananın da möminliyi və dini-mənəvi dəyərlərə bağlılığı ailədə bu ruhun daha da möhkəmlənməsinə səbəb olub. Beləliklə, o, həm ata, həm də ana tərəfindən mənəvi dəyərlərin qorunduğu bir ailə mühitində böyüyüb.

Ailənin digər övladlarında da bu mənəvi xətt özünü göstərirdi. Abduləhəd müəllimin qardaşları da dinə bağlı, mömin insanlar kimi tanınırdılar. Bu fakt ailənin dini-mənəvi dünyasının ayrı-ayrı şəxslərin fərdi seçimi deyil, bütöv ailə ənənəsi olduğunu göstərir. Belə bir ailədə böyüyən A.Tağıyev üçün mənəviyyat sonradan qazanılmış anlayış deyil, uşaqlıqdan həyatının təbii hissəsinə çevrilmiş dəyər idi. Atası Hacı Həbibin dini-mənəvi mövqeyi, anasının möminliyi və qardaşlarının dinə bağlılığı onun dünyagörüşünün formalaşdığı ailə mühitini tamamlayırdı. Bu mənada Abduləhəd Tağıyevin həyatını yalnız onun təhsil və əmək fəaliyyəti ilə ölçmək doğru olmaz. Onun ömür yolunun arxasında bir ailə məktəbi, bir mənəvi tərbiyə sistemi dayanır.

BASQALIN MÜHİTİ VƏ UŞAQLIQ İLLƏRİ

Basqal, sadəcə, Abduləhəd müəllimin doğulduğu məkan yox, onun yaddaşının, xarakterinin və dünyaya baxışının formalaşdığı doğma yurd yeridir.
Qədim Basqalın özünəməxsus mühiti insanda tarixə, ailəyə, kökə və ənənəyə bağlılıq hissini gücləndirir. Burada keçmişlə bu gün arasında görünməz bir körpü həmişə mövcuddur. İnsan böyüdükcə doğulduğu yerin küçələri, evləri, insanları, ailə söhbətləri onun yaddaşında özünəməxsus iz buraxır.

A.Tağıyev də belə bir mühitdə böyüyüb. Onun uşaqlıq illəri ailə tərbiyəsi ilə Basqalın mənəvi mühitinin qovuşduğu bir dövrdür. Bir tərəfdən ailədən gələn dini və əxlaqi dəyərlər, digər tərəfdən doğma mühitin insanı kökünə bağlayan ruhu onun şəxsiyyətinin formalaşmasına təsir göstərib. Sonrakı həyatında hansı işdə çalışmasından, hansı məsuliyyətləri daşımasından asılı olmayaraq, həmin illərin izlərini onun xarakterində görmək mümkündür. Təmkinli olmaq, zəhmətdən çəkinməmək, ailə məsuliyyətini dərk etmək və insanlarla münasibətdə ölçünü qorumaq kimi keyfiyyətlər bir gündə yaranmır. Onlar illərlə formalaşan tərbiyənin nəticəsidir.

TƏHSİL VƏ ZƏHMƏT YOLLARI


Qəhrəmanımın həyatında təhsil mühüm mərhələ təşkil edib. Ziyalı ailəsində böyüyən gənc üçün təhsil yalnız diplom əldə etmək vasitəsi deyil, dünyanı dərk etmək, özünü cəmiyyət üçün faydalı bir insana çevirmək yolu idi. O, həyatının sonrakı mərhələsində mühəndislik sahəsini seçərək öz bilik və bacarıqlarını konkret əmək fəaliyyəti ilə birləşdirib. 1966–1976-cı illərdə “Giproazneft”də layihəçi-mühəndis kimi çalışması onun peşəkar həyatının mühüm mərhələlərindən biri olub. Layihəçi-mühəndis işi dəqiqlik, məsuliyyət və texniki düşüncə tələb edir. Burada təsadüfi qərarlara yer yoxdur. Hesablamanın, layihənin, sənədin və verilən qərarın arxasında ciddi məsuliyyət dayanır. Abduləhəd müəllimin bu sahədə uzun illər çalışması onun peşəsinə münasibətinin göstəricisidir.

Onun əmək yolu bununla bitməyib. 1976-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda mühəndis kimi fəaliyyət göstərməsi onun həyatında yeni bir mərhələ açıb. Beləliklə, texniki təcrübə ilə elmi mühit biri-birini tamamlayıb. İstehsalat və layihələndirmə mühiti ilə elmi müəssisədəki fəaliyyət arasında müəyyən fərqlər olsa da, hər ikisinin ortaq bir tələbi var: məsuliyyətli olmaq, işi bilmək və gördüyün işə vicdanla yanaşmaq.
A. Tağıyevin əmək bioqrafiyasında diqqət çəkən məqamlardan biri də məhz budur - o, uzun illər öz peşəsinin tələb etdiyi intizamı və məsuliyyəti qoruyub.

ƏMƏKDƏ SƏSSİZ MƏSULİYYƏT


Həyatda elə insanlar var ki, onların fəaliyyətləri gurultulu ifadələrlə müşayiət olunmur. Onlar gördükləri işi özləri üçün xüsusi təqdimat vasitəsinə çevirmirlər. Sadəcə, işləyir, üzərlərinə düşən məsuliyyəti yerinə yetirir və həyatlarını öz zəhmətlərinin nəticələri üzərində qururlar.

Oçerkimin qəhrəmanının əmək yolu da belə bir səssiz məsuliyyət anlayışı ilə xarakterizə olunur. 1966-cı ildən başlayan əmək yolu müxtəlif mərhələlərdən keçərək uzun illər davam edib. Layihəçi-mühəndislikdən elmi müəssisədə mühəndis fəaliyyətinə qədər uzanan bu yol bir insan ömrünün mühüm hissəsini əhatə edir. Bu illər ərzində dəyişən yalnız iş yerləri və vəzifələr deyildi. Zaman dəyişir, texnologiyalar yenilənir, cəmiyyət yeni mərhələlərə keçir, insanların gündəlik həyatı dəyişir. Lakin peşəyə vicdanlı münasibət, zəhmətə hörmət və məsuliyyət kimi dəyərlər dəyişməz qalır. Bəlkə də Abduləhəd Tağıyevin həyat yolunun ən səciyyəvi cəhətlərindən biri məhz bu sabitlikdir.

AİLƏ - ÖMRÜN İKINCİ MƏKTƏBİ


İnsan peşə sahibi ola, müəyyən nailiyyətlər qazana bilər. Ancaq ailə onun xarakterinin ən mühüm sınaq meydanlarından biridir. Burada insanın necə ata, necə həyat yoldaşı, necə ailə böyüyü olduğu üzə çıxır. Dəyərli dostumuz Abduləhəd Tağıyev üçün ailə həmişə xüsusi əhəmiyyət daşıyıb. O, ailə qurub, iki oğul atası olub. Böyük oğlu Amin 1979-cu ildə İsmayıllıda dünyaya gəlib. Ali təhsil alıb və “Azərsığorta”da çalışıb. Kiçik oğlu Adil isə 1984-cü ildə Bakıda doğulub, orta ixtisas təhsili alıb və özəl müəssisələrdən birində əmək fəaliyyətini davam etdirib.

Övladların həyat yoluna nəzər salanda burada da ailədən gələn zəhmət, təhsil və məsuliyyət xəttinin davamını görmək mümkündür.
Ata üçün övladın uğuru yalnız onun hansı vəzifədə çalışması ilə ölçülmür. Əsas məsələ övladın necə insan olmasıdır. Ona hansı dəyərlərin aşılandığı, həyata hansı prinsiplərlə yanaşdığı, ailəyə və cəmiyyətə münasibəti daha böyük məna daşıyır. Abduləhəd müəllimin öz ailəsində də bu düşüncənin mühüm yer tutduğunu söyləmək olar. Çünki insanın övladına ötürdüyü ən böyük miras maddi sərvətdən əvvəl mənəvi dəyərlərdir.

İMANDAN GƏLƏN MƏNƏVİYYAT


Hacı Həbibdən Abduləhədə, Abduləhəddən isə onun övladlarına uzanan mənəvi xətt var. Bu xəttin başlanğıcında iman, ailə tərbiyəsi, halal zəhmət, düzgünlük, böyüyə hörmət və insanlıq dayanır. Anası Naridə xalanın möminliyi, qardaşlarının dinə bağlılığı da bu ailə mənzərəsini tamamlayan mühüm cəhətlərdir.
Mənəvi irs həmişə yazılı sənədlərlə ötürülmür. Bəzən bir davranış, bir ailə qaydası, bir nəsihət, bir böyüyün nümunəsi ilə nəsildən-nəslə keçir. Ata öz övladına yalnız “nə et” deməklə tərbiyə vermir. O, öz həyat tərzi ilə övladına “necə yaşamaq” sualının cavabını da göstərir.

A.Tağıyevin həyatında da ailədən gələn bu dəyərlərin izlərini görmək mümkündür. Onun uzunmüddətli əmək fəaliyyəti, ailəsinə bağlılığı, övladlarının təhsil və əmək yolları ilə bağlılığı həmin mənəvi tərbiyənin həyatdakı davamıdır. Bu baxımdan onun övladlarına ötürdüyü ən böyük miras yalnız ata adı deyil, həm də bir həyat fəlsəfəsidir: zəhmət çək, düzgün yaşa, ailənin adına layiq ol, mənəviyyatını qoru.
Hacı Həbibin evində din yalnız danışılan mövzu deyil, yaşanan mənəvi dəyər olub. Övlad tərbiyəsində dürüstlük, halal zəhmət, insan haqqına hörmət, böyüyün sözünü eşitmək, ehtiyacı olana əl tutmaq kimi prinsiplər ön planda dayanıb. Abduləhəd müəllim də ilk mənəvi dərslərini məhz bu ailə ocağında alıb. Bəlkə də onun sonrakı həyatında müşahidə olunan təmkinin, məsuliyyətin və insanlara münasibətdə ölçülü davranışın köklərini burada axtarmaq lazımdır. Çünki insanın xarakterinin ilk məktəbi ailədir. Məktəb ona bilik verir, həyat ona təcrübə qazandırır, amma insanın mənəvi təməlini çox vaxt ata ocağı qoyur.

Oğul da atasından gələn bu mənəvi irsi öz həyatında yaşatmağa çalışıb. Onun möminliyi nümayişkaranə deyil, sakit və təbii xarakter daşıyıb. İman onun üçün yalnız dini mərasimlərin deyil, gündəlik həyatın da mənəvi ölçüsü olub. Halal zəhmətə, ailə dəyərlərinə, ata-anaya ehtirama, insanlarla xoş münasibətə verdiyi önəm bu mənəvi dünyagörüşünün davamı kimi qiymətləndirilə bilər.
Belə ailələrdə din qorxu ilə deyil, əxlaqla öyrədilir. Uşağa “yaxşı insan ol” deməklə kifayətlənmirlər; yaxşılığın nə olduğunu öz davranışları ilə göstərirlər. Hacı Həbibin oğluna, eləcə də digər qardaşlara ötürdüyü ən böyük miras da bəlkə elə bu olub: insanın var-dövləti yox, adı; vəzifəsi yox, əxlaqı; danışdığı yox, yaşadığı həyat onun əsl qiymətidir. Bu baxımdan Abduləhəd Tağıyevin ömür yoluna yalnız mühəndis, əmək adamı və ailə başçısı kimi deyil, atasından aldığı mənəvi dəyərləri həyatında yaşadan mömin bir insan kimi də baxmaq mümkündür.
Basqalın qədim mənəvi mühitində Hacı Həbibdən Abduləhədə keçən bu xətt bir ailənin dini dünyagörüşündən daha böyük məna daşıyır. Bu, nəsildən-nəslə ötürülən iman, əxlaq, halal zəhmət və insanlıq ənənəsidir.

BİR ÖMRÜN MƏNASI


O, artıq ömrünün böyük bir hissəsini arxada qoyub. Uzun illərin zəhməti, müxtəlif iş mərhələləri, ailə qayğıları, övladların böyüməsi və həyatın gətirdiyi saysız-hesabsız xatirələr artıq onun ömür kitabının səhifələrinə çevrilib. Hazırda təqaüddə olan Abduləhəd Tağıyev üçün keçmişə baxmaq həm də görülən işlərin, yaşanan illərin və yetişdirilən nəslin hesabatıdır.

İnsan ömrünün mənası yalnız neçə il yaşamaqla ölçülmür. Əsas məsələ həmin illərin necə yaşanmasıdır. Hansı izlərin qoyulması, hansı insanların yetişdirilməsi, hansı dəyərlərin qorunmasıdır. Onun həyatına bu prizmadan baxanda ömür yolunda üç mühüm xətt biri-birini tamamlayır: ailədən gələn mənəvi tərbiyə, zəhmətlə qurulan peşə həyatı və övladlara ötürülən dəyərlər. Bu üç xətt insan ömrünün bütöv mənzərəsini yaradır.
Bir tərəfdə Hacı Həbibin dini-mənəvi dünyası, digər tərəfdə mömin ananın ailəyə gətirdiyi mənəvi istilik, qardaşların dinə bağlılığı dayanır. Bu ailə mühiti Abduləhəd müəllimin xarakterinin formalaşdığı mənəvi zəmin olub. Sonra həmin zəmin üzərində təhsil, əmək, mühəndislik və elmi fəaliyyət illəri başlayıb. Daha sonra isə ailə qurmaq, övlad böyütmək və ailədən gələn dəyərləri yeni nəslə ötürmək mərhələsi gəlib. Beləcə, bir ailənin mənəvi yaddaşı bir insanın ömründə davam edib.

YADDAŞDA QALAN İNSAN


İnsan haqqında ən doğru söz bəzən onun gördüyü vəzifələrin siyahısında deyil, onu tanıyanların yaddaşında yaşayır. Abduləhəd Tağıyevin həyat yolu da ilk növbədə insanın öz kökünə bağlılığının, ailə tərbiyəsinə sədaqətinin və zəhmətlə keçən ömrünün nümunəsidir. Basqalda başlayan bu yol onu müxtəlif əmək və elm mərhələlərindən keçirib. “Giproazneft”də layihəçi-mühəndis kimi çalışdığı illər, 1976-cı ildən AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutundakı fəaliyyəti onun peşə bioqrafiyasını təşkil edir. Amma bu bioqrafiyanın arxasında görünməyən başqa bir tarix də var - ailə tarixi.
Hacı Həbibin mənəvi dünyası, mömin ananın tərbiyəsi, dinə bağlı qardaşların nümunəsi Abduləhədin həyatında bir başlanğıc nöqtəsi olub. O isə bu irsi öz həyatında yaşatmaqla kifayətlənməyib, ailəsinə və övladlarına ötürüb.
Bu mənada Abduləhəd Tağıyevin ömrünü bir cümlə ilə ifadə etmək lazım gəlsə, bəlkə də belə demək olar: o, ailəsindən aldığı mənəvi mirası zəhmətlə yoğuraraq öz həyatına çevirmiş və həmin dəyərləri övladlarına ötürmüş bir ömür sahibidir.
İllər keçir, insanların iş yerləri, vəzifələri, gündəlik həyatın qayğıları dəyişir, amma mənəvi dəyərlər qorunanda nəsillər arasında bağ qırılmır. Ata öz atasından aldığı dəyəri oğluna ötürür, oğul onu öz övladlarına çatdırır. Beləliklə, bir ailənin mənəvi yaddaşı zamanın sərhədlərini aşır.
Abduləhəd Tağıyevin həyat yolunun əsas mənası da elə bundadır: kökdən gələn dəyəri qorumaq, zəhmətlə yaşamaq, ailəyə dayaq olmaq və gələcək nəslə insanlığın ən qiymətli sərvəti olan mənəviyyatı ötürmək!

Basqalın qədim yaddaşından başlayan bu ömür yolu bu gün də ailə daxilində, övladların həyatında və xatirələrdə öz davamını tapır. Çünki insanın həyatda qoyduğu ən dərin iz gördüyü işlərdən çox, yetişdirdiyi insanlar və yaşatdığı dəyərlərlə ölçülür. Ləyaqətli valideyn Abduləhəd Tağıyevin ömrünün əsas salnaməsi də məhz bu dəyərlər üzərində qurulub…

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031