Xəbərlər
28.07.2026, 13:00
Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO
...Mən, adamları (çiyinlərimdə) özlərinin düşmək istədikləri dayanacağa qədər daşıyıram.
Dünən (biri) məndən (öz adından) bir yazı istədi, dedim, incimə, vaxtım və əhvalım yoxdur, sabah yazaram, dedi yox, indi lazımdır, “yox” dedim, dərhal incidi. Beləsinin yüz gün işinə yara, bir gün (bu və ya digər səbəbdən) “yox” de, kim olduğu bilinəcək...
İndi onun məndən inciməyə, ya küsməyə nə haqqı var?
...Mən, adamları (çiyinlərimdə) özlərinin düşmək istədikləri dayanacağa qədər daşıyıram. Məndə kimisə yarı yolda buraxmaq marağı yoxdur, içimdəki Allah xofu buna (zərrə) imkan vermir...
(Mənim) iki dəftərim var, biri ürək, (o) biri ömür səhifələridir. Meracına, qeybinə əmin olduqlarımı əvvəlcə ürək dəftərimə həkk edir, sonra (onlara) ömür salnaməmdə yer verirəm. Kimlər ki, Lövhi-Məhfuz qorxusunun nə olduğunu bilir, surət və vücudlarını olduğu kimi saxlamağa müvəffəqdirlər, onların ürək və ömür dəftərimdə qayıbları yoxdur. Kimlər ki, israfçı tərifdən uyur, qayıbları çoxalır, onları elə öz çirkin niyyət və istəkləri o dəftərlərdən silir...
Əcəba, bu yaşda içimdə neçə Adəm övladının fövqü var? Təəssüflə deyirəm, ürək dəftərimdə (hələlik) yeddi, ömür dəftərimdə (hələlik) beş adamın ağırlığı qalıb. Qalanları öz qələt və günahları üzündən çıxdaş olublar. Rəhmətlik Fikrət Qoca demiş: “İnsan axtarıram mən...”.
Bilirsiniz, bəşəri məhvə sürükləyən əsl faciə nədir? Məsələn, zərrəbinlə (lupa ilə) də axtarsan, yüz, min adam içində bir insan surəti yoxdur... İndi anlayıram, Həzrəti İsa nə üçün deyib: “Mən təkar yer üzünə gələndə əcəba saleh bir insan tapacağammı? Əsla!”. Bax, bu, doğrudan da əsl faciədir...
Bu, zaman-zaman da belə olub, indi də belədir, insan surəti olmayan birinə salam vermək üçün əl uzadırsan, əlini geri çəkəndə görürsən ki, iki, ya üç barmağın yoxdur.
Yaxud, birinə səmimiyyət ifadə edirsən, düşünür ki, məndən asılıdır, ya mənə yaltaqlanır, ya hansısa umacağı var və s.
Birinə ürəyin yanır, (ona) şərait yaradırsan, üç gün keçmir, mitilini çölə atdırır.
Digər birinə ağızucu tərif deyirsən, beş gün keçmir, səni bəyənmir, deyir, nə bilirsənsə, hamısını mən öyrətmişəm...
Dədələrin sözü burada kara gəlir: “Heç kimə qədərindən artıq dəyər vermə...”.
Ancaq bu həlim ürəklə bunları etmək mümkünmü? Vallah, mümkün deyil. Mən daşürək ola bilmirəm. Onsuz, yaxşı da, pis də Allaha aparılacaq, demək ki, hesabı Allah soracaq. O halda mən yaxşıya da, pisə də ehtiram ifadə edirəm. Bunu Allah belə istəyir (belə əmr edir).
İndi deyəcəksiniz, madam ki, yaxşıya da, pisə də səmimisən, o zaman nə üçün ürək və ömür dəftərində az adam saxlamısan? Hə, haqlı sualdır. Mən dəmir və ya daş deyiləm. Adamam. Arada ağılca hərəkət etmək, zəkaca düşünmək də gərəkdir... İkincisi, içimdə tutduğum adamlar özləri məndən qopmaq istədilər, mən də mane olmadım. Şeytanca düşünənlərin içimdə qalmalarına nə hacət var ki? Mən içimə Allah sevdalı, içi-çölü bir olanları buraxıram...
Qısası, mən belə surətəm, mən, adamları (çiyinlərimdə) özlərinin düşmək istədikləri dayanacağa qədər daşıyıram...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

