
Xəbərlər
10.03.2026, 19:08
Birilyant Atəşin yaradıcılığı yalnız poeziya nümunəsi deyil, həm də milli-mənəvi irsimizin bədii ifadəsi kimi dəyərləndirilə bilər - FOTO
SÖZÜN GÜCÜ - MİLLİ DƏYƏRLƏR VƏ POEZİYA
Brilyant Qurbanovanın yaradıcılığının işığında...
Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və qədim adət-ənənələri ilə tanınır. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərindən keçməsinə baxmayaraq, xalqımız öz mənəvi sərvətlərini qoruyub saxlamış, onları ən qiymətli irs kimi nəsildən-nəslə ötürmüşdür.
Hər bir xalq öz tarixi, mədəni irsi və adət-ənənələri ilə digər xalqlardan fərqlənir. Bu fərqlilik isə millətin kimliyini, ruhunu və mənəvi dünyasını müəyyənləşdirən əsas amillərdəndir. Minilliklər boyu formalaşan bu dəyərlər zaman keçdikcə daha da zənginləşmiş, müasir dövrə qədər yaşayaraq xalqın yaddaşında qorunmuşdur.
Azərbaycan xalqı da qədim köklərə söykənən, zəngin mədəniyyətə və dərin mənəvi dünyaya malik millətlərdəndir. Bu baxımdan milli-mənəvi dəyərlər təkcə keçmişin yadigarı deyil, həm də keçmişlə bu gün, bu günlə isə gələcək arasında möhkəm bir körpüdür.
Milli-mənəvi dəyərlər ictimai şüurun formalaşmasında, vətəndaş həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayır. Xalqımız tarix boyu ən çətin və keşməkeşli dövrlərdə belə öz milli dəyərlərinə sadiq qalmış, onları qoruyub yaşatmışdır.
Bu dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində söz sənətinin, xüsusilə poeziyanın rolu əvəzsizdir. Sözün gücü poeziyada milli ruhu, tarixi yaddaşı və mənəvi irsi yaşadan ən təsirli vasitələrdən biridir. Azərbaycan poeziyası xalqın dilini, adət-ənənələrini və mənəvi dünyasını gələcək nəsillərə çatdıraraq milli mədəniyyətin zənginləşməsinə xidmət edir.
Poeziya xalqın qədim mədəniyyət nümunələrini qoruyur, tarixi varislik prinsipini yaşadır və milli ruhun daşıyıcısına çevrilir. Ümumiyyətlə, poeziya milli dəyərlərin yaşadılmasında söz sənətinin ən güclü və təsirli formalarından biridir.
Xalqımızın mənəvi simasını əks etdirən bir çox milli dəyərlər – bayramlar, milli geyimlər, oyunlar və zəngin mətbəx mədəniyyəti – milli kimliyimizin ayrılmaz hissəsidir. Bu dəyərlər içərisində xüsusilə milli bayramlar və milli geyimlər xalqımızın əxlaqını, dünyagörüşünü və estetik zövqünü özündə əks etdirir.
Bu milli simvollardan biri də Azərbaycan qadınının zəriflik və ləyaqət rəmzi sayılan kəlağayıdır. Qədim tarixi minilliklərə söykənən kəlağayı zamanında saray xanımlarının baş örtüyü kimi də istifadə olunmuşdur. XIX əsrdə isə Basqal, Şəki və Gəncə kimi bölgələrdə onun istehsalı geniş yayılmışdır.
Kəlağayı təbiətin möcüzəsi sayılan ipək saplardan hazırlanır və həm zərifliyi, həm də daşıdığı simvolik mənalarla seçilir. O, qadının ləyaqətini, ismətini və mənəvi statusunu ifadə edən milli simvol kimi qəbul olunur. Bu səbəbdən kəlağayı yalnız bir geyim elementi deyil, həm də xalqımızın mənəvi irsinin qiymətli nümunəsidir.
Bu irsin yaşadılmasında və təbliğində öz yaradıcılığı ilə fərqlənən sənət adamlarından biri də şairə Birilyant Atəş Qurbanovadır. Onun milli dəyərlərin qorunması və təbliği istiqamətində keçirilən müxtəlif tədbirlərdə iştirakı və bu mövzuda yazdığı şeirlər mənim də bir dost kimi daim diqqətimi cəlb etmişdir.
Məhz bu səbəbdən qələmə aldığım bu yazıda məqsədim Birilyant xanımın yaradıcılığına nəzər salmaq, onun milli dəyərlərimizə – xüsusilə kəlağayı kimi qədim irsimizə göstərdiyi diqqəti və bu dəyərlərin gələcək nəsillərə çatdırılmasında oynadığı rolu işıqlandırmaqdır.
BİRİLYANT ATƏŞİN YARADICILIĞI.
Şairin həyatı və yaradıcılığı...
Şairin həyatı və yaradıcılığı...
Birilyant Cahan qızı Qurbanova (ədəbi təxəllüsü Birilyant Atəş) 1958-ci ildə Tovuz rayonunun Aşağı Ayıblı kəndində fəhlə ailəsində anadan olmuşdur.
1975-ci ildə orta məktəbi bitirdikdən sonra Kirovabad Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini başa vuraraq Sabirabad rayonunda müəllimlik fəaliyyətinə başlamışdır.
Dörd kitabın müəllifi olan Birilyant xanım iki oğul, bir qız və beş nəvə sahibidir.
Uşaqlıq illərindən şeirə maraq göstərən şairin yaradıcılığı sözə olan dərin sevgisi ilə diqqət çəkir. Onun şeirlərində söz təkcə ünsiyyət vasitəsi deyil, həm də insan ruhunun, duyğularının və təbiətə bağlılığının poetik ifadəsi kimi təqdim olunur.
Söz və şeir: İlahi bir vəhdət
Birilyant Atəşin şeirlərində söz sadəcə danışıq vasitəsi deyil, insanın daxili dünyasını əks etdirən güclü mənəvi mənbədir.
Onun poeziyasında söz, insan ruhunun təzahürüdür, gözəlliyə və kamilliyə aparan yoldur, duyğuların mənalı ifadəsidir.
Şairin “Sığmayır” şeirində bu fikir aydın şəkildə özünü göstərir:
Qəlbim dolub, köksü meydan eyləyir,
Şahə qalxıb bu meydana sığmayır.
Gah enişə, gah yoxuşa yan alır,
Alovlanıb heç bir yana sığmayır.
Bu misralarda qəlbin sözlə dolaraq özünü ifadə etmək istəyi, ilhamın coşqunluğu və duyğuların sərhəd tanımayan gücü hiss olunur. Şair burada sözün azadlıq və ruh enerjisi daşıyan qüdrətini göstərir.
Şair digər bir, “Sənin”- şeirində sözün obrazlı gücü vasitəsilə sevginin incə çalarlarını poetik dillə belə ifadə edir:
Nə yaman gözəlsən, ay vəxtəvərli,
Qondu könlüm quşu bağına sənin.
Allah qismət edə, qonaq olaydım,
Ürəyim istəyən çağına sənin.
Burada “könül quşu” obrazı şairin sevgi və həyəcanını simvolik şəkildə ifadə edir. Misraların ritmik axıcılığı oxucuda sanki musiqi effekti yaradır. “Allah qismət edə” ifadəsi isə sevginin mənəvi və ilahi çalarlarını vurğulayır.
Şairin digər başqa bir - “Sor məni”- şeirində milli köklərə bağlılıq və mənəvi irsə sədaqət açıq şəkildə özünü büruzə verir :
Bir karvanam, bir qoşquyam çəkənə,
Dən toxumam münbit torpaq səpənə.
Bir qalayam, bir mahalam tikənə,
Tərpədəmməz boran, tufan, qar məni,
Dədəm Qorqud soyundanam, sor məni...
Bu misralarda karvan, toxum və qala kimi bənzətmələr şairin mənəvi möhkəmliyini və xalqın tarixi köklərinə bağlılığını ifadə edir. Dədə Qorqud soyuna istinad isə milli kimliyin poetik şəkildə təsdiqidir.
Təbiət və poeziyanın harmoniyası
Birilyant Atəşin şeirlərində təbiət motivləri də xüsusi yer tutur:
Günəş salır şəfəqini üstünə,
Arı durub çiçəklərin qəstinə,
Şair düşüb bu gözəllik məstinə,
Şirələnmiş bal ləçəkdə oynayır.
Burada təbiət obrazları poetik ahənglə təqdim olunur. Günəş, çiçək və arı kimi obrazlar həyatın gözəlliyini və təbiətin harmoniyasını əks etdirir. Birilyant Atəşin yaradıcılığının əsas xüsusiyyəti sözün obrazlı, mənalı və ruhani gücünü poetik şəkildə ifadə etməsidir. Onun poeziyasında, söz insanın daxili dünyasının aynasına çevrilir.
Söz milli-mənəvi dəyərlərin daşıyıcısı olur.
Söz insan və təbiət harmoniyasını poetik şəkildə birləşdirir.
Bu baxımdan Birilyant Atəşin yaradıcılığı yalnız poeziya nümunəsi deyil, həm də milli-mənəvi irsimizin bədii ifadəsi kimi dəyərləndirilə bilər.
( əvvəlin ardı )
Dəyərli şairimiz Birilyant Atəş haqqında bu yazını hazırlayarkən ilk növbədə onun yaradıcılığı ilə yanaşı, milli dəyərlərimizin qorunması istiqamətində göstərdiyi ictimai fəaliyyəti diqqətimi xüsusilə cəlb etdi.
Bu fəaliyyətin mütəşəkkilliyi, milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslə sevə-sevə çatdırılması böyük məsuliyyətlə yanaşı, həm də uzun illərin zəhmətini, əzm və səbrini tələb edən bir yoldur. Çünki milli dəyərləri qorumaq təkcə onları xatırlamaq deyil, həm də yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə ötürmək deməkdir.
Məhz buna görə düşündüm ki, Birilyant xanımın fəaliyyəti təkcə şair yaradıcılığı ilə məhdudlaşmır. O, həm də milli-mədəni irsimizin qorunması və təbliği istiqamətində yorulmadan çalışan, təşkilatçılıq qabiliyyətini yaradıcılıq fəaliyyəti ilə vəhdətdə davam etdirən ziyalı xanımlardan biridir. Onun bu sahədə göstərdiyi səylər bir daha sübut edir ki, söz adamı yalnız yazmaqla kifayətlənməməli, eyni zamanda xalqın mənəvi dəyərlərinin qorunması üçün də fəal mövqe nümayiş etdirməlidir.
Yazını hazırlayarkən mövzunu götür-qoy edərkən Birilyant xanımın milli dəyərlərimizin qorunması naminə göstərdiyi bu fədakar fəaliyyəti diqqətdən kənarda qoya bilmədim. Bu səbəbdən milli-mədəni irsimizin ən qədim və qiymətli nümunələrindən biri olan, nənələrimizin və xanımlarımızın baş örtüyü kimi bu günə qədər yaşadılan kəlağayı haqqında apardığım araşdırmaları da yazıya daxil etməyi qərara aldım.
Araşdırma zamanı əldə etdiyim məlumatlar göstərdi ki, kəlağayı yalnız bir geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik dünyagörüşünü və mənəvi dəyərlərini özündə daşıyan bir mədəniyyət nümunəsidir. Bu mövzu üzərində işlədikcə bir daha əmin oldum ki, milli dəyərlərimizin qorunması və təbliği istiqamətində çalışan ziyalıların fəaliyyəti yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Birilyant xanımın yaradıcılığı və milli-mədəni dəyərlərimizlə bağlı apardığım araşdırmalar bir-birini tamamlayan bir mövzu kimi qarşıma çıxdı. Bu da mənə həm şairin yaradıcılığına, həm də milli irsimizin dərin qatlarına daha yaxından nəzər salmaq imkanı verdi.
Yazının daha maraqlı və oxunaqlı olması, eyni zamanda oxucunu yormamaq məqsədilə mövzunu hissələrə bölməyi məqsədəuyğun hesab etdim.
KƏLAĞAYI VƏ MİLLİ-MƏDƏNİ DƏYƏRLƏR
Azərbaycanın milli baş örtüyü olan kəlağayı tarix boyu qadınların həm gündəlik həyatında, həm də müxtəlif mərasim və məclislərdə baş tacı olmuşdur. Tarixi minilliklərə dayanan bu sənət nümunəsi yalnız geyim mədəniyyətinin bir hissəsi deyil, eyni zamanda xalqımızın mənəvi dünyasının, estetik zövqünün və milli kimliyinin ifadəsi kimi formalaşmışdır.
Tarixi mənbələrdə qeyd olunur ki, hələ qədim dövrlərdə, eradan əvvəl Dara dövründə saray xanımları baş örtüyü kimi ipək parçadan hazırlanmış örtüklərdən istifadə etmişlər. Zaman keçdikcə bu ənənə daha da inkişaf edərək Azərbaycan qadınlarının milli geyim mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
XVIII–XIX əsrlərdə Azərbaycanın Basqal, Şəki və Gəncə bölgələrində kəlağayı istehsalı xüsusi inkişaf mərhələsinə çatmışdır. Bu bölgələrdə fəaliyyət göstərən sənətkarlar ipək parça üzərində əl üsulu ilə incə naxışlar salaraq kəlağayını əsl sənət əsərinə çevirmişlər. Bu sənətin incəlikləri ustadan şagirdə ötürülərək nəsillər boyu yaşadılmışdır.
Kəlağayı yalnız gözəllik və bəzək vasitəsi deyil, həm də qadının əxlaqını, ləyaqətini, namus və ismətini ifadə edən mənəvi bir rəmz kimi qəbul edilmişdir. Azərbaycan cəmiyyətində qadının baş örtüyünə verilən hörmət və ehtiram bu sənət nümunəsinin də yüksək dəyər qazanmasına səbəb olmuşdur.
Kəlağayı təbiətin möcüzəsi sayılan ipək saplardan hazırlanır. İpəkqurdunun tut yarpağından əldə etdiyi baramadan çəkilən sap ustaların əli ilə incə naxışlara çevrilərək zərif və bədii kompozisiyalar yaradır. Bu proses həm böyük səbr, həm də yüksək sənətkarlıq bacarığı tələb edir.
Kəlağayının bizə gəlib çatan məşhur növləri bunlardır:
Albuxarı, Abı, Yeləni, İstiotu, Heratı və Soğanı.
Hər bir kəlağayı növü özünəməxsus rəng çalarları və naxış xüsusiyyətləri ilə seçilir. Bu naxışlar təkcə estetik məqsəd daşımır, həm də müəyyən simvolik məna ifadə edir. Bəzi naxışlar bolluq və bərəkəti, bəziləri isə sevgi və sədaqəti simvolizə edir.
Kəlağayı sənət əsəri olmaqla yanaşı, milli-mənəvi simvolikanı da özündə daşıyır. O, qadının namus, ismət və ləyaqətinin rəmzi kimi qəbul edilmişdir. Azərbaycan ailə ənənələrində kəlağayıya xüsusi hörmətlə yanaşılmış, o, evin və ailənin mənəvi dəyərinin bir parçası kimi qəbul edilmişdir.
Toy mərasimlərində kəlağayı gəlinin başını bəzəyən ən zərif elementlərdən biri olmuşdur. Qızıl və digər zinət əşyaları ilə birlikdə istifadə edilən kəlağayı qadının zərifliyini, incəliyini və ailə qurmağa hazır olduğunu ifadə edən rəmzi məna daşımışdır.
Gündəlik həyatda isə kəlağayı qadının ailə və cəmiyyət içindəki mövqeyini göstərən bir element kimi qəbul edilmişdir. Bu baxımdan kəlağayı həm sosial, həm də mənəvi məna daşıyan bir atribut kimi Azərbaycan qadınının həyatında mühüm yer tutmuşdur.
Kəlağayının rəmzi mənalarından biri də nənələrimizdən bizə miras qalan ənənə ilə bağlıdır. Hörmət edilən və etibar göstərilən insana kəlağayı bağışlamaq həmin şəxsə ehtiram və etibarın ifadəsi kimi qəbul olunurdu.
Bu simvolik məna klassik şair və yazıçılarımızın əsərlərində də öz əksini tapmışdır.
Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazır:
Sanki bir pəridir, pəri yox bir Ay,
Qəhrəman bir qızdır başda kəlağay.
Aşıq Ələsgər isə belə deyir:
Ay qız, sənin nə vədəndi
Kəsilib qısa tellərin.
Kəlağayı əlvan qıyğacı
Üstündən basa tellərin.
Bu nümunələr göstərir ki, kəlağayı yalnız geyim elementi deyil, həm də gözəlliyin, zərifliyin və mənəvi dəyərin poetik ifadəsi kimi ədəbiyyatımızda geniş yer almışdır.
Son illərdə kəlağayı milli mədəniyyətimizin ayrılmaz hissəsi kimi yenidən diqqət mərkəzinə gəlib. Məhz buna görə də kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir.
Ölkəmizdə hər ilin 26 noyabr tarixi “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunur. Bakı, Suraxanı, Xətai, İsmayıllı, Şəki və digər bölgələrdə hər il bu münasibətlə müxtəlif kəlağayı festivalları və mədəni tədbirlər keçirilir.
Bu tədbirlər milli irsin qorunması, tanıdılması və gənc nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Belə demək olar ki, kəlağayı yalnız sənətkarlıq nümunəsi deyil, həm də şair və yazıçılar üçün ilham mənbəyinə çevrilmişdir. Məsələn, Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin əsərlərində kəlağayıdan 141 dəfə bəhs olunması bu rəmzin ədəbiyyatımızda nə qədər dərin məna daşıdığını göstərir.
Bu mövzuya Birilyant Atəşin yaradıcılığında da rast gəlmək mümkündür. Onun “Sor məni” şeirində belə misralar yer alır:
Yolumuzu Haqq yoluna düzəldək,
İstəmirəm ayaq altda xəzəltək
Tapdalanam, boğar qeyrət, ar məni,
Nurlu Ağam, Bisütuntək yar məni.
Burada “Bisütuntək” obrazı qadının saflığını, mənəvi möhkəmliyini və milli dəyərlərin qorunması uğrunda əzmkar addım atan qadın obrazını simvolizə edir.
Beləliklə, kəlağayı Azərbaycan qadınının tarix boyu daşıdığı mənəvi statusun və milli dəyərlərin rəmzidir. Şair və yazıçılar bu rəmzdən obrazlı şəkildə istifadə edərək xalqımızın mənəvi dünyasını, estetik zövqünü və milli kimliyini bədii formada ifadə etmişlər.
( ardı var )
Elxas Comərd,
AYB-nin, "İti Qələm"
Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
"Vətən Övladı" və "Dəyənək" ictimai-siyasi və satirik qəzetin təsisçisi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












