Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

“Qafqazinfo”nun məlumatına görə, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq ediləndən sonra artıq ikinci dəfədir Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.

Son xəbərlər

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031