
Xəbərlər
5.12.2024, 19:51
Daşdəmir ƏJDƏROĞLU : SƏNİN YOXLUĞUN...
Bəzi insanlar var ki, varlığı nə qədər səs-küylü, şən, şux, enerji dolu olarsa, yoxluğu bir o qədər sakit, səssizcə olar. Bu dünyadan gedişləri də eləcə səssiz, barmaqlarının ucunda, ehmalca olar. Sanki gedişləri ilə sevdiklərini incitməkdən, narahat etməkdən çəkinərlər, ya da qıymazlar. Hər zaman sərbəst, son dərəcə səliqəli, zövqlü geyimi, şuxluğu, yüksək əhval-ruhiyyəsi ilə diqqət çəkən Amilin qəfil ölümü xarakteri ilə heç uyuşmadı. Ancaq burada da Amil yanıldı. “Planladığı” səssiz gedişi baş tutmadı. Bu gediş onu tanıyanların qəlbini bir alov kimi yandırdı, zəlzələ kimi silkələdi... Heç kəs inanmırdı ki, Amil bu dünyanı da, ailəsini də, doğmalarını da buraxın axirət dünyasına gedəcək...
Əgər böyüklərimizin ta uşaqlığımızdan bizə təlqin etdikləri kimi o dünya deyilən yer varsa və o dünyaya nə vaxtsa, məktub yazmaq mümkün olsaydı, yəqin ki, Amilə yazardım və hər kəsin ona səsləndiyi kimi səslənib deyərdim: “Ən son gününə qədər bu dünyada ona layiq olduğu dəyəri görmədiyindən gileylənən anası İradə xanım, onu yarı yolda qoyan ürəyinə de ki, rahat uyusun, dostları və sevənləri onu unutmayacaqlar və sevəcəklər. Sevmək ayrı, sevdirmək ayrı. Onların Amilə olan sevgisi o qədər səmimi, içdən və möhtəşəmdir ki, heç zaman onu görməyən, onui tanımayan insana belə sirayət edir, onun da ürəyində Amilə sevgi, hörmət yaradır. Elə mənim kimi...
Bu dünyadan bir Amil keçdi...
... Məncə, hamı tanıyırdı onu. Uzun müddət idi ki, Bakıdakı xəstəxanalardan birində müalicə alırdı. Dəfələrlə bu xəstəxanada həkimlərin şəfqətini görmüşdü. Yaxşı yadımdadır, Amillə görüşlərimizin birində oradan elə şirin söhbətlər danışırdı ki, adam ona heyran qalmaya bilmirdi. Yaxşı rəssamlığı var idi, əl işləri hansısa sərginin eksponatı ola bilərdi. Xəstəxanada çəkdiyi şəkilləri anası evdə ən əziz hədiyyə kimi saxlayırdı. Həm də oğlu və onun işləri ilə fəxr edirdi. Evdə olanda bir yerdə qərar tutmazdı. Yolda gördüyü hər kəsə salam verərdi, hal-əhval tutardı. Heç kimlə işi olmayan fağır insan idi Amil. Ailələri elə də normal yaşayış həyatı sürməsə də, heç kimin malında gözü olmayan biri idi Amil...
Artıq onun haqqında da keçmiş zamanda danışıram. Dünyasını dəyişdi iki gün əvvəl... Keçdi və köçdü bu dünyadan... Məhz, onun ölümü bir çox şeyi dəyişdi məndə. Söz vermişdim İradə xanıma ki, bu cümə günü birlikdə gedib Amili xəstəxanada ziyarət edək. Amma... bu mənə qismət olmadı...
Evlərində olanda bir dəfə ona sual verdim ki, ay Amil, bu qədər siqaret çəkməkmi olar? Vaxtilə mən də möhkəm siqaret çəkən biri idim. 2000-ci ilin Bakı zələzələsi zamanı bu pis vərdişdən əl çəkdim, sağlamlığımın qayğısına qalmağa başladım. O gündən özümü gümrah hiss edirəm. Ona görə Amilə də tövsiyyə edirdim ki, bundan əl çəksin. Hər dəfə mənə söz versə də, bu vərdiş onu buraxmırdı, elə bil siqaretin, tüstünün əsirinə çevrilmişdi. İradə xanım xəstəxanaya gedəndə onun üçün blokla siqaret alırdı. Deyirdi ki, siqaretini kəssəm, özünə qəsd edər. Amma o özünə qəsd etmədi, əcəl onu apardı...
Mən Amilin ölüm xəbərini bu gün (dünən) eşitdim. İradə xanımın hıçqırtıyla, hönkürtüylə mənə “Amil keçinib, aparıb dəfn etmişik. Nə əcəb gəlməmişdin” sualına bilmədim nə cavab verim. Həm qəfil xəbər, həm də xətrini çox istədiyim bir insanın – ANAnın hıçqırtısı, hönkürtüsü... Dedim, vallah, xəbərim olmayıb. Dedi ki, dünən onun cənazə namazında molla "haqqınızı ona halal edin" dedi. Bu cümləylə ayaqüstə öldüm mən. Düşündüm ki, o bizə haqqını halal etdimi görəsən? Xəstəykən ziyarətinə getmədik. Kim bilir, kimlərin onu ziyarət etməsini istədi? Gözləri qapıda qaldı yəqin ki... Halını soruşan olmadıqca, nə düşündü görəsən? Düşündümü ki, mən axı heç kimə pislik etməmişəm, niyə insanların üzü döndü məndən? O bizi bağışladımı?!
Onun haqqında onu məndən daha yaxşı tanıyanlar, dostları, yaxınları xatirələr yazacaqlar yəqin ki. Fələyin belə tezliklə onu bizim aramızdan aparmasına heç vəchlə inana bilmirəm. Qəlbində, baxışlarında, gözlərinin dərinliklərindəki dağ boyda qüssə-kədəri daşıyan bir ürək sahibi bəlkə də çox yaşaya bilməzdi...
Anası İradə xanımın dilindən: “Hardasan, gözüm nuru, qəlbim atəşi?! Sən məni görürsənmi? Mən hər gün Sənin xəyalınla danışıram. Məni duyursanmı?.. Səndən uzaqda yaşadığımçün məni hər zaman qərib bilərdin. Bir dəfə mənə dedilər ki, bayatı deyib məni oxşayır, ağlayırsan. Mənim gözəl sonam, indi mən səni oxşayıb ağlayıram. Hansı daha üzücüdür - dünyasını dəyişənə ağlamaq, yoxsa bu dünyada yaşayana...
Mən kədərli bir neyəm ki, için-için ağlaram,
Mən sahilsiz dənizəm ki, sularımda çağlaram,
Mən sonsuz bir həsrətəm ki, yollarına baxaram,
Mən sənsizəm, sənsiz dünya mənə dardır, gəl, gülüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...
Mən qanadsız bir quşam ki, istəsən də uçmaram,
Mən gur selli yağışam ki, öz damıma yağaram,
Mən bəzəksiz naxışam ki, hər ilmədə çaşaram,
Mən zülmətəm, işığımı gözlərində qoy görüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...”
Mən sahilsiz dənizəm ki, sularımda çağlaram,
Mən sonsuz bir həsrətəm ki, yollarına baxaram,
Mən sənsizəm, sənsiz dünya mənə dardır, gəl, gülüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...
Mən qanadsız bir quşam ki, istəsən də uçmaram,
Mən gur selli yağışam ki, öz damıma yağaram,
Mən bəzəksiz naxışam ki, hər ilmədə çaşaram,
Mən zülmətəm, işığımı gözlərində qoy görüm,
Sevincimi, istəyimi gəl ki, səninlə bölüm...”
Allah sənə rəhmət eləsin, Amil! Ruhun şad, məkanın cənnət olsun!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

