Milli Məclisin iclasında 21 məsələ müzakirə olunub
Noyabrın 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası açan S.Qafarova iclasın gündəliyinə 21 məsələnin daxil edildiyini və gündəliyin birinci məsələsinin Milli Məclisin bəyanatı olduğunu deyib.

O, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən, daha sonra sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etməsindən, həmçinin Ermənistanın törətdiyi təxribatlardan danışıb, bu ilin sentyabrında keçirilən antiterror tədbirlərinin məqsədini xatırladıb.

S.Qafarova Ermənistanın sülh naminə çalışmaq əvəzinə, hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını, ölkəmizə qarşı kampaniyada bütün imkan və platformalardan istifadə etdiyini deyib, son dövrlərdə bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qeyri-obyektiv və ədalətsiz qətnamələrin qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, daha bir sənəd noyabrın 15-də ABŞ Senatı tərəfindən qəbul edilib. Sənəddə bölgədən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə ziddir.

Sonra məsələ ətrafında müzakirələr aparılıb.

Komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Tural Gəncəliyev, Elman Nəsirov, Sahib Alıyev, Musa Qasımlı, Fəzail Ağamalı çıxış edərək, ABŞ Senatı tərəfindən qəbul edilmiş “2023-cü il erməniləri müdafiə aktı”nın Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan, ikili standartlara söykənən ədalətsiz bir sənəd olduğunu, Cənubi Qafqazda separatizmi, terrorizmi dəstəklədiyini söyləyiblər.

Deputatlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş hərəkətləri qəbuledilməz adlandırıb, həmçinin ABŞ-ın bir sıra dünya ölkələrində həyata keçirdiyi destruktiv fəaliyyətini pisləyiblər.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin 5 prinsipdən ibarət sülh müqaviləsi təşəbbüsünü irəli sürdüyü vurğulanıb.

İclasda Milli Məclisin ABŞ Senatının qərarı ilə əlaqədar bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb, sədri və üzvləri seçilib.

Deputat Kamilə Əliyeva bəyanatı səsləndirdikdən sonra ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı səsə qoyularaq qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 12 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir (ikinci oxunuş). Gündəliyin 2-ci məsələsi olan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Qeyd olunub ki, birinci oxunuşda deputatlar sənədi konseptual baxımdan dəstəkləyərək, bir sıra təkliflər səsləndiriblər. Təqdim olunan makroçərçivənin iqtisadi imkanlara uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanının yaradılacağını qeyd ediblər.

Məsələ ətrafında aparılan müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Azay Quliyev, İltizam Yusifov, Sabir Hacıyev çıxış edib, fikir və qeydlərini səsləndiriblər.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, növbəti ilin dövlət büdcəsinin Milli Məclisin komitələrində və plenar iclaslarında müzakirələrinin səmərəli keçdiyini qeyd edərək, deputatların bir sıra məsələlər qaldırdıqlarını söyləyib. Nazir həmin məsələlərin aidiyyəti dövlət orqanlarında baxılaraq, nəticələri barədə parlamentə məlumat veriləcəyini bildirib.

Samir Şərifov deputatların büdcə layihəsinin strukturu, elm və təhsilin maliyyələşməsi, bəzi ərazilərdə təbii qaz, su təchizatı, nəqliyyat, təhsil və digər infrastrukturların yenidən qurulması, əsaslı təmiri və digər məsələlərə dair təklif və tövsiyələrinin də təhlil edildiyini, bununla bağlı məlumatın təqdim olunacağını deyib.

Nazir vergilərin azaldılmasına dair irəli sürülən təkliflərlə bağlı fikirlərini açıqlayıb.

Samir Şərifov qarşıda duran əsas vəzifələrdən birinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlı olduğunu və bu məqsədlə hər il dövlət büdcəsindən vəsaitin təmin edilməsinin vacibliyini bildirib və bu məsələlərin də təqdim olunmuş layihədə öz əksini tapdığını deyib.

Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Fasilədən sonra iclasda büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılıb.

Gündəliyin 3-cü və 4-cü məsələlərinin - “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” (ikinci oxunuş) və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.

Məsələlərlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hər iki qanun layihəsi barədə birinci oxunuşda ətraflı məlumat verilib. Qanun layihələrinin mətnində heç bir dəyişiklik edilmədiyini qeyd edən komitə sədri fondların gəlirləri və xərclərinin əsas parametrlərini səsləndirib.

Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Etibar Əliyev, Vahid Əhmədov, Soltan Məmmədov, Elşən Musayev, Rüfət Quliyev çıxış edərək fikirlərini açıqlayıblar.

Deputatların səsləndirdikləri fikirlərə komitə sədri Musa Quliyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev münasibətlərini bildirib aydınlıq gətirəndən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə Tahir Mirkişili məlumat verib. O bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin layihə barədə müsbət rəyini diqqətə çatdırıb. Deputat Etibar Əliyevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Musa Quliyev gündəliyin 6-cı məsələsi olan "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.

Tahir Mirkişili rəhbərlik etdiyi komitənin layihə barədə müsbət rəyini diqqətə çatdırıb. Qanun layihəsinin müzakirəsində deputatlar Aydın Hüseynov, Vüqar Bayramov və Əli Məsimli fikirlərini bildirdikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

O, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, təqdim edilmiş qanun layihəsi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə dəyişiklikləri ehtiva edir. Komitə sədri layihənin maliyyə sektoru və kapital bazarları, səhiyyə, kənd təsərrüfatı, nəqliyyat, yükdaşıma, turizm, biznes və digər sahələr üzrə vergi güzəştləri, vergidən azadolmanın ləğv olunması istiqamətləri barədə danışıb.

Deputat Rəşad Mahmudovun layihə ilə bağlı fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Sənəddə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə nizamnamə kapitalına maya qoyması və ya əlavə buraxılmış səhmləri əldə etməsi, maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə isə bu prosesin maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu sənəd barədə müsbət rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

O, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, layihə pərakəndə satış sahəsində və tibb müəssisələrində bir nəzarət-kassa aparatının çekinin bir əməliyyat sayılmasını özündə ehtiva edir.

Sonra Tahir Mirkişili “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, ləğv edilən sığortaçının aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Sənədə əsasən, bu baş verdiyi halda dövlət büdcəsinə ödənilməli olan vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi nəzərdə tutulur.

Komitə sədri, eyni zamanda, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. O vurğulayıb ki, sənəddə müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənməsi təklif olunur.

Sonra Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, Qanunun 14-cü maddəsinə təklif olunan dəyişiklikdə texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi nəzərdə tutulur.

T.Mirkişili “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı da məlumat verib. Qeyd olunub ki, sənəd mal, xammal və avadanlıqların idxalını dəstəkləmək məqsədilə müvafiq qurumlar (Mərkəzi Bank, hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslər və sair) tərəfindən bir sıra malların idxalının, eləcə də müəyyən məqsədlər (humanitar yardımın göstərilməsi, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı və sair) üçün malların idxalının gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinin başa çatdığını deyib və iclasda iştirak etdiklərinə görə hökumət üzvlərinə öz təşəkkürünü bildirib.

Spiker gündəlikdəki növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu söyləyib. O, qeyd edib ki, layihə beynəlxalq sənədlə bağlı olduğuna görə müvafiq Konstitusiya qanununun tələbinə əsasən, bir oxunuşda baxılıb qəbul ediləcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının 50-yə yaxın Afrika ölkəsi ilə diplomatik əlaqələri mövcuddur və 6 Afrika ölkəsində bizim səfirliklərimiz var. Komitə sədri qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi biz Afrika ölkələri ilə əlaqələrimizi genişləndirmək istiqamətində böyük işlər görürük. O, bu baxımdan Ruanda ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Xüsusilə diplomatik və xidməti pasportların sahiblərinin vizasız gediş-gəlişinin təmin olunması ilə bağlı məsələnin əhəmiyyətindən danışıb.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bu sənəd və dövlət qulluğu ilə əlaqədar deputatların səsləndirdiyi fikirlərə münasibət bildirildiyini söyləyib.

Sənəd Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsini "Dövlət qulluğu haqqında" Qanunda təsnifləşdirməklə həmin vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələri üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Ə.Hüseynli, həmçinin “Dövlət qulluğu haqqında” Qanunda və Azərbaycanın 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, dəyişikliklər miqrasiya orqanlarında qulluqkeçmə və rütbə dərəcələri ilə bağlıdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin sonuncu beş məsələsinin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və məzmunca bir-birinə yaxın olduğunu diqqətə çatdırıb.

S.Qafarova bu məsələlərin Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının siyahısı”nın təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə həmin məsələləri təqdim edib. O, qanun layihələri barədə birinci və ikinci oxunuşlar zamanı ətraflı məlumat verildiyini, müzakirələrin aparıldığını, bu dövrdə komitəyə heç bir təklifin daxil olmadığını söyləyib, sənədlərin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Gündəlikdəki son 5 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Son xəbərlər

Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib

ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək

Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə

Ərdoğanın bəyanatı təşviş yaratdı – Türkiyə müharibəyə qoşulur?

Keniyada icmalararası toqquşmalarda 18 nəfər həlak olub

Sevinc Yunuslu : “Həyat ağacım”.. - FOTO

Tramp bu şəxslərə ölüm cəzası verilməsini istəyir

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub - FOTOLAR

Münhendən Antalyaya uçan təyyarənin eniş zamanı təkəri partladı

ABŞ-də ermənilər 54 milyon dollardan çox pulu mənimsəyiblər

Ürək xəstəliyini üzə baxaraq necə müəyyən etmək olar? - Doqquz xarici əlamət

Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

ABŞ Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə zərbələr endirib

Gülafət Hacıqızı : "Düşünməkdən yorulmayın" - FOTO

Ermənistanda zəlzələ oldu

Yollarda duman olacaq - XƏBƏRDARLIQ

Leyla Abdullayeva Fransadakı tələbələri Azərbaycan həqiqətlərini çatdırmağa çağırıb - FOTOLAR

Sumqayıtda toy mərasimində ölüm qeydə alınıb

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

Ağsuda yeniyetməni ilan sancıb

Ruhun şad, məkanın cənnət olsun Şəhidim FOTO

TƏBİB sədri bu xanıma yüksək vəzifə verdi - FOTO

Toya gedən müğənninin maşını aşdı - Foto

Arvadını, 4 uşağını və özünü öldürdü - Türkiyədə ailə faciəsi

İlham Əliyev İspaniya Kralını təbrik edib

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031