
Xəbərlər
10.04.2023, 00:55
YAXŞI ADAM - FOTO
YAXŞI ADAM
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dəfə məktəbə qədəm qoyduğumuz illərdir. Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın. Və uşaqlıq dövrü yeniyetmə, yeniyetmə dövrü gənclik dövrü ilə əvəzlənir. Və beləliklə, günü günə calayaraq bir də gözlərini açıb görürsən ki, gənclik də bir göz qırpımında ötüşüb keçib, artıq müdriklik dövrünü haqlamısan. Özümə yaxın dost və qardaş bildiyim Xalid Quliyev də həmin dövrə qədəm qoyur.
O mənim üçün çox dogma, əziz bir insandı. Ona görə yox ki, qohumuq, ikimiz də İsmayıllı rayonunun Basqal qəsəbəsində göz açmış, Böyük Vətən müharibəsi qəhrəmanı K.Qasımov adına Basqal kənd orta məktəbini bitirmişik, eyni azman müəllimlərdən həyat dərsləri, savad və bilik almışıq. Uzun illərdi xoş gündə də, çətin məqamda da hər zaman bir-birimizə arxa-dayağıq. Yox, təkcə bu deyil...
Doğulduğumuz yurd yeri kimi ruhən bağlandığımız qədim Basqal bizim üçün müqəddəsdi, digərlərinə baxanda fərqli bir məkandı. Spesifik evləri, dalanları, küçələri, məhəllələri, məscidləri, təbiət guşələri hər an gözlərimizin önündədir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin də sözlə ifadə olunmayacaq dərəcədə yeri var ürəyimizdə... Elə Xalid qardaşımız da Allaha ibadət edən, İslam, şəriət qayda-qanunlarına əməl edən bir mömindir.
Həyatda Xalid kimi qaynar, ünsiyyətcil insanlara çox az rast gəlmişəm, o, ilk dəfə gördüyü adamla ilk ünsiyyətdcə dostlaşa bilir, bir az sonra isə uzun illərin dostları kimi ayrılırlar və bu görüş heç zaman unudulmur. Şirin danışığı, duzlu, məzəli söhbətləri ilə hamıda özünə qarşı rəğbət hissi oyada bilir. Onun güclü yaddaşına isə ancaq həsəd aparmaq olar. Hərdən 30-35 il əvvəllərdə olmuş hadisələrdən, birgə görüşlərdən, Basqalın maraqlı, məzəli adamlarından bəhs edəndə elə xırda detalları xatırlayır ki, adam onda olan dəmir yaddaşa heyrət edir.
60 yaş isə... Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla, zamanla ayaqlaşmaq olmur, vaxt yel qanadlıdı, “uçur”, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma ömrün 60-cı baharını yola salmaq, şübhəsiz ki, çox xoşdur onun üçün. Çünki illəri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi tanınıb qəbul edilməsi, gözəl ailəsi, ləyaqətli, ailələrinə, nəsillərinə başucalığı, şərəf gətirən övladları, ... Ən vacib olanı bax, budur, məncə...
İnsan Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamaq üçün bu dünyaya gəlib və bu şərəfi daşımaq insanın adi borclarından biridir. Həmçinin, insanın içində daim bir ölməzlik arzusu, əbədilik istəyi də var. Həyatda şərəflə yaşamaq sadə adamların çiyninə düşən məsuliyyətdir, yükdür... Xalid Quliyev bu yükü çiynində şərəflə, ləyaqətlə və bacarıqla daşıyan eloğlumuzdur.
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, tufan qarşısında əlində top saxlamaq kimidir. Bir an unutdunsa, bir an boş buraxdınsa, əlindən düşəcək və sənin əvvəlki vəziyyətinə qayıtmağın üçün nə qədər vaxt, nə qədər güc lazım gələcək. Bəli, həyat dediyimiz şey budur. Heç kəs büdrəməkdən, yıxılmaqdan sığortalanmayıb. Ona görə də bu dünya son ana qədər mübarizədir. İstəsək də, istəməsək də... Mən də bu 60 ilin 50 ilində (ömrünün çoxusu deməkdir) Xalid qardaşımızı yaxşı adam kimi tanımışam. Məndən 2 yaş böyük olsa da, mən ona başqalarından fərqli münasibət göstərmişəm, böyük kimi baxmışam.
Arada həmsöhbət oluruq. O qədər incə, ehtiramlı yanaşma tərzi var ki, insanın qəlbində məmnunluq hissləri oyanır, cəmiyyəti, kainatı bu cür adamlarla dolu görmək istəyirsən. Nə ucadan danışar, nə artıq ifadə işlədər, nə də qabalığa yol verər. İşimlə əlaqədar o qədər insanlar görmüşəm ki… Mövlanənin dili ilə desəm, nə insanlar var, üstlərində paltar yox, nə paltarlar var, içlərində insan yox. Həyatda ən gözəl şey davranış mədəniyyətinə sahib olmaqdı. Bu məziyyətlə Xalid ətrafdakılar tərəfindən sevilir, seçilir, insanda özünə qarşı simpatiya yaradır. Bilirsizmi, bir insan ki, zəhmətlə, keşməkeşli yol keçib məqsədə doğru çatmaqda iradəli, məsuliyyətli olmağı üstün tutur, o kamil bir insandır və müvəffəqiyyəti də dadır. Müvəffəqiyyət böyük iş, zəhmət tələb edir. İstedad, üstəgəl zəhmət və bir də şans. Mən elə zəhmətkeş, istedadlı insanlar tanıyıram ki, həyatda şansları gətirmir. Amma elə şanslı insanlar var ki, o biri ikisi yoxdu. Elə insan da var ki, üçünə də sahibdir. Bir də insan həyatında ən önəmli şey vətənpərvərlikdi. İnsan mənəviyyatını müəyyənləşdirən, onu saflaşdıran və zənginləşdirən bir neçə amil var. Bu amillərdən biri də Vətən sevgisi, xalq və millət sevgisidir. Tarix boyu Azərbaycanımızın vətənpərvər övladları dövlətimiz, xalqımız və millətimiz naminə böyük işlər görüb, Azərbaycan adlı məmləkətimizə ucalıq və şərəf gətiriblər. Vətən o vaxt dəyərli olur ki, vətəndaşları vətənpərvər və mərd olur.
Özümüzü dərk edəndən bizə yaşlılara və qocalara hörmət qoymağin vacibliyini öyrədiblər. Hələ bineyi-qədimdən ağsaqqal sözünün kəsəri bütün məsələlərdə özünü göstərmişdir. Bir gün Mövlanə Cəlaləddin Rumi bir məclis qurmuşdu. Baxıb gördü ki, bir dikbaş gənc yaşlılara fikir vermədən, onlara hörmət qoymadan özünə ən başda yer edib. Mövlanə bu gəncə bir söz demir, onun xətrinə dəymir, onu islah etmək üçün sadəcə bir rəvayət danışır. Deyir ki, günlərin birində, səhər tezdən, hələ dan sökülməmiş, Həzrət Əli sübh namazını qılmaq üçün evindən çıxaraq məscidə yola düşür. Yolda özündən qabaqda qoca bir məsihinin getdiyini görür. Qocanın ondan çox-çox yaşlı olduğunu görən Həzrət Əli ona hörmətsizlik etməmək və onu ötüb keçməmək üçün addımlarını yavaşıdır və onun arxasınca gedir. Nəticədə isə namaza yubanmalı olur. Bunun müqabilində isə Allah peyğəmbərə namazı uzatmasını əmr edir və Həzrət Əli namaza yetişir. Namaz əhli namazın uzanmağına təəcüblənir. Peyğəmbər deyir: - Bilin və agah olun, kim ki, özündən yaşlılara və qocalara, uşaqlara hörmət qoyar, Allah da ona bu cür lütf edər. Cəlaləddin Rumi rəvayətini bitirən kimi səhvini başa düşən gənc cəld ayağa qalxır və məclisin başından ayağına keçir. Rəvayətdən də görünür ki, ağsaqqal nəsihətinə həmişə ehtiyac var. Bir evin, bir elin ağsaqqalı olmaq üçün yaşın önəmi yoxdu. Yüksək əxlaq yetərlidi. Əxlaqı yüksək olan evdə də, eldə də, cəmiyətdə də seçilə bilir. Bizim Xalid Quliyev kimi.
Üzündə təbəssüm hər zaman olsun,
Ürəyin sevinclə fərəhlə dolsun.
Sevinclə deyirəm mən bu kəlməni,
Xalid, bu ad günün mübarək olsun.
60-cı baharın mübarək olsun.
Şair qohumunun hədiyyəsi budur,
Onunçün dərman, səninçün sudur.
Deyəcəm şərbət badələrini doldur,
Xalid, bu ad günün mübarək olsun.
60-cı baharın mübarək olsun.
Ürəyin sevinclə fərəhlə dolsun.
Sevinclə deyirəm mən bu kəlməni,
Xalid, bu ad günün mübarək olsun.
60-cı baharın mübarək olsun.
Şair qohumunun hədiyyəsi budur,
Onunçün dərman, səninçün sudur.
Deyəcəm şərbət badələrini doldur,
Xalid, bu ad günün mübarək olsun.
60-cı baharın mübarək olsun.
Sözardı: Rəhmətliklər Nadir əmiylə Şura xalanın ailəsində böyüyüb tərbiyə almış Xalidin böyük qardaşı Kavus Quliyevin də bu gün ad günüdür. Nə xoş ki, hər ikisinin şəhadət günü müqəddəs bir bayram olan Ramazanlı günlərə təsadüf edir. Bunun özü də rəmzi məna daşıyır. Hər ikisi də imanlıdır, əməlisaleh mömindir. Hər iki qardaşı təbrik edib, cansağlığı, sağlam həyat və xoşbəxtlik arzulayıram.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







