Qələbə və Azərbaycan Ordusunun rəşadətiAzərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı.
Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Ermənistanın daxilindəki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-yə, o cümlədən Şuşa şəhərinə, ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.
Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlandı və imzalandı. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbçilərinin regionda qalmasını istisna edir.
Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də bizim yanımızdadır və artıq real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.
Qarabağa heç bir status verilmədi. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğradı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi, Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.
Əsas budur ki, erməniləri himayəyə götürən Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu.
Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlandı. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etdi.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031