Turaztv.az » Xəbərlər » BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar
Xəbərlər

BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar

20.11.2026, 17:38 2
BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar

Çin Xalq Respublikasının sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin 2026-cı il noyabrın 19-da Çinin Şençjen şəhərində görüşünün yekununda dördbəndlik "Sülh haqqında Bəyannamə" qəbul edilib. Bəyannamənin ilk iki bəndi BMT islahatlarına və enerji təchizatına həsr olunub. ABŞ, Çin və Rusiya BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verməsi üçün islahat aparmaq öhdəliyini ifadə edib, neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq niyyətini açıqlayıb. Görüşün yekun sənədinin hər iki müddəası Azərbaycanın uzun illərdir, tərəfdar olduğu mövqelərlə uzlaşır.

BMT-də islahat və qətnamələrin icrası

BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü Bəyannamənin birinci bəndində islahatın məqsədini təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas missiyasını daha səmərəli yerinə yetirməsi ilə əlaqələndirir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin iki konkret tərəfini illərdir, gündəmə gətirir. Bunlardan biri Təhlükəsizlik Şurasının bugünkü dünyanı nə dərəcədə təmsil etməsi, digəri isə qəbul etdiyi qərarların necə icra olunmasıdır.

İlham Əliyev hələ 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasında bəzi qətnamələrin bir neçə gün ərzində icra edildiyini, Azərbaycanla bağlı qətnamələrin isə illərlə yerinə yetirilmədiyini və Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmadığını bildirmişdi. Prezident bunu ikili standart kimi qiymətləndirmiş və qətnamələrin icra mexanizminin yaradılmasını BMT-də islahatın əsas istiqamətlərindən biri kimi göstərmişdi.


Azərbaycan bu problemi öz təcrübəsində görüb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tuturdu.

Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə 28 sentyabr 2020-ci il tarixdə (44 günlük Vətən müharibəsinin ilk günlərində - red.) videokonfrans formatda görüşündə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və həmin qətnamələr əsasında həllinin vacibliyini vurğulamışdı.

Dövlət başçısı 2026-cı il oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda həmin sənədlərin təxminən 30 il kağız üzərində qaldığını, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına bərpa etdiyini xatırladıb.

"Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik", - deyə İlham Əliyev Forumda çıxışında bildirib.

Bakının Təhlükəsizlik Şurasının genişləndirilməsi təklifi

Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrlik etdiyi dövrdə Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında QH-yə, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına veto hüququ olan daimi yerlər ayrılmasını təklif edib. Dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda rotasiya prinsipini izah edib:

"Bizim təklifimiz bundan ibarət idi ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin və məsələn, Hərəkata hazırda sədrlik edən ölkə veto hüququna malik daimi üzv kimi Təhlükəsizlik Şurasında təmsil olunsun. Eyni qaydada bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır. Hesab edirəm ki, bu, Təhlükəsizlik Şurasında daha ədalətli tarazlıq yaradardı".

Prezident qeyd edib ki, bu, mütləq baş verməlidir, əks təqdirdə, Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq.

Bu gün ABŞ, Çin və Rusiyanın islahatla bağlı ortaq mövqe nümayiş etirməsi prosesə siyasi çəki verir. BMT Nizamnaməsinin 108-ci maddəsinə əsasən, düzəlişlərin qüvvəyə minməsi üçün Baş Assambleya üzvlərinin üçdə ikisinin lehinə səs verməsi, o cümlədən Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin onları ratifikasiya etməsi lazımdır.


Şençjen Bəyannaməsi islahatın ümumi məqsədini müəyyənləşdirir. Şuranın tərkibi, veto hüququ və qərarların icra mexanizmləri gələcək müzakirələrin mövzusudur. Azərbaycanın illərdir, irəli sürdüyü təkliflər bu müzakirələr üçün konkret əsas yaradır.

Enerji keçidi və sabit təchizat

Bəyannamənin ikinci bəndində ABŞ, Çin və Rusiya bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq niyyətini açıqlayıb və enerji təchizatının sabit saxlanmasının vacibliyini vurğulayıb. Bu mövqe İlham Əliyevin COP29-un Liderlər Sammitində səsləndirdiyi yanaşma ilə uzlaşır. Prezident 2024-cü ilin noyabrında bu mötəbər tədbirdə Azərbaycanın yaşıl keçidi dəstəklədiyini, bununla yanaşı, dünya bazarının mövcud tələbatının nəzərə alınmasının vacibliyini bildirib:

"Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq".

İlham Əliyev 2026-cı il iyunun 1-də 31-ci Bakı Enerji Forumunun da daxil olduğu Bakı Enerji Həftəsinin açılışında bu fikri davam etdirib. Prezident dünya iqtisadiyyatının ənənəvi enerji mənbələrinə ehtiyacını vurğulayıb və enerji təhlükəsizliyi ilə bərpaolunan mənbələrə sərmayənin paralel şəkildə nəzərə alınmasına çağırıb. Şençjen Bəyannaməsi bu yanaşmanın enerji təchizatına bağlı hissəsi ilə ahəngdir. Üç ölkə neft məhsullarının tədarükünün sabitliyini önə çəkir, Azərbaycan isə həmin sabitliyi qorumaqla yanaşı, yeni enerji güclərinin yaradılmasına da sərmayə yatırır.


Cənub Qaz Dəhlizi "Şahdəniz" yatağından hasil olunan qazı Avropaya çatdırır və istehlakçılar üçün əlavə təchizat mənbəyi yaradır. Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ildə imzalanan enerji tərəfdaşlığı memorandumu bu marşrutla qaz tədarükünün artırılmasını və bərpaolunan enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Avropa Komissiyasının məlumatına görə, 2021–2024-cü illərdə Azərbaycandan Aİ-yə qaz tədarükü 40 faizdən çox artıb.

Azərbaycan eyni zamanda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonalarını inkişaf etdirir. Ölkənin yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpaolunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 2170 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1 443,5 MVt gücündə 65 su elektrik stansiyası, 306,5 MVt gücündə 6 külək elektrik stansiyası, 378,2 MVt gücündə 10 günəş elektrik stansiyası, 37 MVt gücündə BİO elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpaolunan enerji mənbələri ümumi enerji gücünün təxminən 21,5%-ni təşkil edir.

2030-cu ilədək elektrik enerjisi istehsalı üzrə qoyuluş gücündə bərpaolunan mənbələrin payını ən azı 30 faizə çatdırmaq strateji hədəfdir. Günəş və külək elektrik stansiyaları daxili elektrik istehsalında qaz sərfini azalda və ixrac infrastrukturu imkan verdikdə xarici bazarlara əlavə qaz tədarükünə şərait yarada bilər.

Beləliklə, Şençjen görüşünün Azərbaycan üçün siyasi əhəmiyyəti ondadır ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü Bakının illərdir, diqqət çəkdiyi iki məsələyə birgə sənədin ilk bəndlərində yer verib. Azərbaycan təcrübəsi islahatın və enerji keçidinin nəticəsini hansı meyarlarla qiymətləndirməyin mümkün olduğunu da göstərir. BMT üçün bu meyar qəbul edilən qərarların vaxtında icrasıdır. Enerji siyasətində isə meyar yeni istehsal gücləri yaradılarkən istehlakçılara sabit təchizatın qorunmasıdır.

Oxşar xəbərlər