Xəbərlər
Beynəlxalq Ahıllar Günü münasibətilə pensiyaçılar üçün xüsusi səhər yeməyi təşkil olunub!
Beynəlxalq Ahıllar Günü münasibətilə cəmiyyətimizin dəyərli yaşlı nəslinin nümayəndələri üçün xüsusi səhər yeməyi təşkil olunub. “Sosial Tərəfdaş” layihəsi və “Tambura” restoranının birgə təşəbbüsü ilə baş tutan tədbir səmimi ünsiyyət və xoş anlarla yadda qalıb.
Tədbir çərçivəsində pensiyaçılara “mygov” mobil tətbiqindəki “Sosial Tərəfdaş” endirim kartı vasitəsilə tətbiq edilən endirimlər haqqında ətraflı məlumat verilib. Ahıllara tətbiqdə qeydiyyatdan keçmək qaydası addım-addım izah olunub, sistemdən istifadə ilə bağlı praktiki dəstək göstərilib.
Görüşün əsas məqsədi ahılların sosial həyatda fəal iştirakını təşviq etmək, onların sosial imkanlar barədə məlumatlılığını artırmaq və “Sosial Tərəfdaş” layihəsinin təqdim etdiyi güzəştlərdən rahat şəkildə yararlanmalarına dəstək olmaqdır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan şəxslər üçün müxtəlif sahələr üzrə xüsusi endirim imkanları yaradılıb. Layihənin əsas məqsədi bu şəxslərin gündəlik xərclərinin azaldılmasına və sosial rifahının yüksəldilməsinə töhfə verməkdir.
Endirimlərdən yararlanmaq üçün:
• “mygov” mobil tətbiqini yükləyin;
• tətbiqdə qeydiyyatdan keçin;
• tətbiqdəki “Sosial Tərəfdaş” endirim kartını tərəfaş müəssisələrdə kassirə təqdim edin;
• endirimdən yararlanın.
Ətraflı məlumat və mövcud endirim təklifləri ilə tanış olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə / WhatsApp: 010 712 73 12
















