Xəbərlər
19.04.2026, 00:03
RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR
“Adı çəkilməyən insan”
Müasir Azərbaycan ədəbiyyatında elə şair və yazıçılar var ki, sanki səs-küydən uzaqlaşıb öz daxili aləmlərinə çəkilərək yalnız sözlə yaşayırlar. Çünki onlar gündəm şairləri deyirlər. Onlar, imzalarını artıq ədəbiyyatımızda möhürləmiş, sözün həqiqi mənasında öz poetik dünyasını qurmuş şairlərdəndir.
Mənim düşüncəmdə bu cür yazarlardan biri də Zahid Sarıtorpaqdır.
Uzun zamandır Zahid müəllimin yaradıcılığı haqqında düşüncələrimi oxucularla bölüşmək istəyirdim. Hər dəfə sosial şəbəkədə qarşıma çıxan yeni şeirləri məndə bu istəyi bir qədər də gücləndirirdi. Amma eyni zamanda tərəddüd də edirdim – görəsən, yazdıqlarım ona necə təsir edər? Bəlkə də məni saxlayan bu məsuliyyət hissi idi...
Lakin bu səhər qarşıma çıxan şeiri – sanki bütün tərəddüdlərimi aradan qaldırdı. Öz-özümə dedim: “yazacam, nə olur-olsun…”
Zahid müəllimin "köhnələrdən"(əksər hallarda o şeirlərini bu üsulla paylaşır) yazıb paylaşdığı, məni bu yazıya çəkib gətirən şeiri yuxarıdakı fikirlərimin tam təsdiqi idi. Əslində, insanın özünü səs-küy içində deyil, məhz sükutun ən dərin qatlarında axtarmasının poetik ifadəsi idi. Çünki bu şeirdə sükut danışır. Hər misra isə qışqıran bir ruhun səssiz etirafına çevrilir.
Zahid Sarıtorpağın şeirləri ümumiyyətlə bu cür oxunur. Orada sadəcə sözlərin düzümü yoxdur – insanın özünə ünvanladığı, lakin cavablandırmağa cəsarət etmədiyi sualların poetik forması var. Bu yazıya səbəb olan şeir də məhz belədir. Görünən obrazın arxasında görünməyən bir “mən”, deyilən hisslərin arxasında isə adlandırıla bilməyən bir varlıq dayanır. Və bütün misralar bir sualın ətrafında cəmlənir:
“Kimdir o?”
"düz bu boşluq boydadır təkliyi, yalqızlığı
çöllüyün də ölçüsü ürəyilə düz gələr
günəşlə yolu birdir – o bilməz yol azlığı
lap işıqlı sükutdan əlli cürə səs gələ
qəfildən zülmət düşüb itirsə tarazlığı
lap gözünün içinə işıq salsa güzgülər
deyər: “hər şey yaxşıdır…” kor olsa da inciməz…
kim deyər, o kimdi bəs?.."
Şeirin bu bəndində təqdim olunan obraz təkliyin ölçüsünü öz daxilində daşıyan bir varlıqdır. Burada “boşluq boyda təklik” ifadəsi sadəcə poetik bənzətmə deyil – bu, insanın öz içində yaratdığı uçurumun təsviridir. Çöllüyün ölçüsünün ürəklə “düz gəlməsi” isə göstərir ki, insanın daxili aləmi ilə xarici aləmi arasında sərhəd artıq pozulub. Bu obraz günəşlə yol yoldaşıdır, yəni işığa doğru gedir, amma “yol azlığını bilməz” – çünki bu, məqsədsiz hərəkətin, yaxud istiqamətsiz ümidin simvoludur.
Daha maraqlı məqam isə “işıqlı sükutdan əlli cürə səs gəlməsi”dir. Bu, daxili ziddiyyətlərin, susqunluğun içində qaynayan düşüncələrin poetik ifadəsidir. İnsan bəzən susduqca daha çox danışır – amma bu danışıq yalnız öz içində eşidilir. Elə bu səbəbdən də, qəfil zülmət düşəndə belə, o, “hər şey yaxşıdır” deməkdən vaz keçmir. Bu, bəlkə də insanın özünü aldatmaq instinktidir – həqiqəti görmək istəməmək, ya da görə bilməmək.
Bu obraz işıqla dostdur, günəşlə eyni yolu gedir. Amma qəribədir – o, yolun azlığını hiss etmir. Sanki məqsəd yox, sadəcə hərəkət var. Bu, müasir insanın faciəsidir. O gedir, amma hara getdiyini bilmir. Və bu bilinməzliyin içində, “işıqlı sükutdan” gələn səslər onun iç dünyasının parçalanmış əks-sədasıdır;
"hər dəfə bir gül əkir könül xarabasında
il qovrulur, ay solur, zaman gülür, gün yanır…
ağlı çaşır taleyin sevgi quramasından
anlaya da bilmir heç kim od vurur kim yanır
boynu buruq ümidi əlil arabasında
gözlərini döyməkdən qançır edir dünyanı
bilmir ki, kimdir kölə, bilmir ki, kim hakimdi
kim deyər, bəs o kimdi?"
Şeirin bu bəndində isə, biz zaman və tale anlayışları ilə qarşılaşırıq. Burada insanın hər dəfə “könül xarabasına bir gül əkməsi” ümidsizliyin içində ümid yaratmaq cəhdidir. Lakin bu ümid zamanın amansız axını qarşısında solur: “il qovrulur, ay solur, gün yanır.” Zaman burada sadəcə keçən anların ölçüsü deyil, insanın daxili yanğısını daha da alovlandıran bir qüvvədir.
“Sevgi quraması” ifadəsi isə xüsusi diqqət çəkir. Bu, taleyin insanı sevgi ilə sınaması, yaxud sevgini əlçatmaz etməsi kimi yozula bilər. Nəticədə insan çaşır – nəyi, kim üçün yaşadığını anlamır. “Kim od vurur, kim yanır?” sualı isə artıq fərdi çərçivəni aşaraq ictimai, hətta fəlsəfi səviyyəyə yüksəlir. Bu, həm də ədalət anlayışına bir işarədir :- kim günahkardır, kim qurban?
“Boynu buruq ümidin əlil arabasında olması” – bu misra şeirin ən güclü metaforalarından biridir. Ümid artıq hərəkət qabiliyyətini itirib, o, yalnız sürüklənir. Bu isə insanın daxili enerjisinin tükənməsi, ruhun yorulması deməkdir.
"könlü ipək köynəkdi ruhu incədən incə
deyər söz dəysə od tək tut sinənə sıx buzu
odlar görmüş içində bir işıq səyriyincə
xumar-xumar şellənər qabar-qabar ağrısı
deyər sevgi də haqqın bir oyunudu məncə
adam lap çaş-baş qalır qurşanınca, doğrusu
nə tövşüyüb tər tökər, nə də ki, o təntiyər
bəs kimdi o, kim deyər?..."
Şeirin bu bəndində isə obraz daha da incəlir, daha da zərifləşir.“Könlü ipək köynək”-olan bu varlıq həddindən artıq həssasdır. Onun ruhu -“incədən incədir”–yəni ən kiçik toxunuş belə onu yaralaya bilər. Burada ağrı ilə sevgi arasında qəribə bir əlaqə qurulur. Sevgi artıq ilahi bir həqiqət yox,-“haqqın oyunu”- kimi təqdim olunur. Bu isə insanın inamının sarsıldığını, həyatın mənasına dair şübhələrin artdığını göstərir.
Şeirin kulminasiya nöqtəsi isə dəyişmir – hər bənd eyni sualla bitir: “Kimdir o?” Bu sualın cavabı verilmədikcə, şeir tamamlanmır – əksinə, oxucunun daxilində davam edir.
“Kimdir o?”
Bu şeir əslində konkret bir şəxsin portreti deyil. Bu, müasir insanın daxili portretidir – yorulmuş, çaşmış, lakin hələ də ümid əkməkdən vaz keçməyən bir insanın. O, həm işıqdır, həm zülmət, həm sevəndir, həm yanan, həm də bütün bunların fərqində olmayan bir varlıqdır.
Və bəlkə də ən doğru cavab budur:
“O” – hər birimizin içində yaşayan, amma adını qoymağa cəsarət etmədiyimiz özümüzük.
Bu şeir bir güzgüdür. Amma adi güzgü yox – o, üzü yox, ruhu göstərir. Və o güzgüyə baxmaq hər adamın cəsarət edə biləcəyi bir şey deyil.
Bəlkə də buna görə şair cavabı demir.
Çünki ən ağır cavab insanın özüdür.
Şairin digər,- "köhnələrdən" - olan bir şeiri isə, insanın özü ilə üz-üzə qalmasının çox səmimi və ağrılı etirafıdır. Burada əsas mövzu – insanın həm öz qurucusu, həm də öz dağıdıcısı olmasıdır. Sanki müəllif öz ruhunun həm memarıdır, həm də dağıdıcı qüvvəsi.
Elə ilk bənddən güclü daxili paradoks başlayır:
"ruhumun, canımın şah sarayını
tikən də özüməm, sökən də özüm.
heç kim eşitməyən hay-harayımın
önündə dizimi bükən də özüm…"
Şair, burada - “tikən də özüməm, sökən də özüm”- deməklə onu çatdırır ki, insan taleyində xarici qüvvələrdən çox, öz daxili qərarları rol oynayır. Şair burada məsuliyyəti tam şəkildə öz üzərinə götürür. Bu, həm cəsarətdi, həm də ağır bir yükdür.
“heç kim eşitməyən hay-harayımın, önündə dizimi bükən də özüm…”
Burada isə tənhalıq kulminasiyaya çatır. İnsanın içində qopan fəryadın eşidilməməsi və sonda onun qarşısında yenə özünün aciz qalması çox təsirli verilib. Bu, artıq sosial yox, tamamilə ekzistensial bir tənhalıqdır.
İkinci bənddə isə şair, ümidsizliklə mübarizə aparır:
"deyirlər inanma torpağa, suya
hər şey düzələcək belədə guya…
…hər gün itələyib zülmət quyuya
əl atıb özümü çəkən də özüm…"
“hər gün itələyib zülmət quyuya, əl atıb özümü çəkən də özüm…”-deyən şair, iki əks istiqamətin eyni anda işlədiyini göstərir. Çünki, insan özünü həm uçuruma sürükləyir, həm də xilas etməyə çalışır. Bu, daxili mübarizənin ən saf formasıdır. Şeir burada psixoloji dərinlik qazanır.
Beləliklə üçüncü bənddə isə fəlsəfi bir baxış açılır:
"nə ömür bir quşdur, nə ölüm laçın
gərdişə gülənin yoxdur əlacı…
…ölsəm, çiçək açan hər bir ağacın
gizlincə dirilləm kökündə özüm…"
Şair burada, - “nə ömür bir quşdur, nə ölüm laçın”-deməklə klassik simvollar (quş – azadlıq, laçın – ölümün qüdrəti) inkar olunur. Yəni şair artıq hazır metaforalarla razılaşmır, öz həqiqətini axtarır. Ardınca gələn fikir isə çox poetik və ümidlidir:-“ölsəm, çiçək açan hər bir ağacın, gizlincə dirilləm kökündə özüm…”
Bu misralarda ölüm son deyil, transformasiyadır. İnsan torpaqla, təbiətlə birləşərək başqa bir formada yaşamağa davam edir. Bu, həm mistik, həm də çox incə poetik təsəvvürdür.
Son bənd isə yenə birinci şeirdə olduğu kimi, özünüaldatma və özünüdərk üzərində qurulub:
"qara olanı da mən ağ sayıram
beləcə haqqı da günahlayıram…
sanıram hamıya gün ağlayıram
bir gör nə gündəyəm, nə gündə özüm…"
Şair,-“qara olanı da mən ağ sayıram”, “sanıram hamıya gün ağlayıram”-deməklə, insanın özünü necə aldatdığını, özünü “yaxşı” kimi təqdim etdiyini, amma əslində daxildə necə dağınıq olduğunu göstərir. Bu misra şeirin ən final misrası, şeirin zirvəsidir:-“bir gör nə gündəyəm, nə gündə özüm…”
Bu, həm də oxucuya müraciətdir, həm də özünə bir aynadır. Burada artıq maska yoxdur, tam çılpaq bir həqiqət var.
Zahid Sarıtoraqın bu şeir çox güclü daxili monoloqdur. Burada, özünüdərk və özünümühakimə, daxili ziddiyyətlər, tənhalıq və səsiz fəryad, eləcədə həyat–ölüm fəlsəfəsi var.
Şairin bütün şeirlərində dil üslubu çox sadədir, adi danışıq dilidi, amma yüklüdür. Bənzətmələr ağır deyil, amma dərin işləyir. Şeirin ən böyük üstünlüyü isə səmimiyyətdir. şeir elə bil “yazılmayıb”, sanki “etiraf olunub”.
Zahid müəllimin (köhnələrdən) paylaşmasının birində, bir yerdə iki şeiri verilib. Hər iki şeir, ilk baxışda fərqli ovqatda görünsə də, əslində eyni mənəvi xəttin – insanın daxili parçalanması, zamanla və ilahi güclə münasibəti – üzərində qurulub. Onları bir yerdə oxuyanda sanki iki mərhələli bir ruh yolçuluğu təsiri yaranır. İlk öncə birinci şeirə nəzər yetirək;
"deməzsənmi gördüm səni
ona pənah aparırdın
sevgiylə doluydu yükün
həm də günah aparırdın
çiynində bir üzgün mələk
varmı, yoxmu - hardan bilək
dodağından öpən külək
isti bir ah aparırdı
aramızda Söz dururdu.
o Söz bizi susdururdu
məni şeytan azdırırdı
səni Allah aparırdı…"
Bu şeir daha çox etik və mənəvi qarşıdurma üzərində qurulub. Burada iki obraz var – “mən” və “sən” – amma bu, sadəcə iki insan deyil. Bunla, bir tərəfdə günah, ehtiras, şeytani cazibə, digər tərəfdə isə ilahi yön, təmizlik və qurtuluş kimi təqdim olunur.
Şeirdə, - “məni şeytan azdırırdı, səni Allah aparırdı…-” misrası şeirin ideya zirvəsidir. Bu, klassik Şərq poetikasında tez-tez rast gəlinən dualizmi xatırladır. İnancımız görə insan həm torpağa, həm də göyə bağlıdır.
Şeirdə diqqət çəkən əsas məqamlar,
“Söz”ün obrazlaşdırılması, və “aramızda Söz dururdu” ifadəsidir. Söz burada həm ayrılıq, həm də həqiqətin simvoludur.
Sevgi ilə günahın yanaşı verilməsi – “sevgiylə doluydu yükün, həm də günah aparırdın”. Bu, sevginin də bəzən pak olmadığına işarədir.
Ümumilikdə şeir daha çox psixoloji və mənəvi dramatizm daşıyır.
Bu şeir bir növ, insanın içindəki iki yolun qarşıdurmasıdır.
Şairin ikinci şeir isə ;
"ömür elə cür şütüyür,
bilmirsən gün, ya ay keçir...
elə bil dar bir dalandan
köhnə bir tramvay keçir...
göyün yeddinci qatında,
kimsə Söz deyir adından...
nədən, könlünün çatından
O-na oxşar haray keçir...
dərd yürüşüdü, ya səlib? –
can bayraq kimi dikəlib...
Ölüm də çırmanıb gəlib,
zalım elə bil çay keçir..."
- daha geniş miqyaslıdır. Şeir artıq fərdi münasibətdən çıxıb zaman, ömür və varlıq fəlsəfəsinə keçir. Burada əsas xətt, zamanın sürəti və amansızlığı (“ömür elə cür şütüyür…”), insanın kiçikliyi və acizliyi
və ölümün qaçılmazlığıdır.
Şeirdə çox uğurlu obrazlar var:-“dar bir dalandan köhnə bir tramvay keçir” – həyatda dəyişməni qaçılmaz edir. Şeirdə, - “göyün yeddinci qatında kimsə Söz deyir adından” – burada artıq Söz ilahi səviyyəyə yüksəlir.
“Ölüm də çırmanıb gəlib, zalım elə bil çay keçir” – ölümün qarşısıalınmaz, axıcı gücünü göstərir.
Bu şeirdə birinci şeirdəki fərdi konflikt artıq kosmik və metafizik ölçü alır. Hər iki şeiri birləşdirən əsas xəttlər, - “Söz” anlayışıdır.
Eləcədə hər iki şeirdə “Söz” sadəcə ifadə vasitəsi deyil, ilahi və taleyüklü bir gücdür.
Birincidə – ayırır, susdurur.
İkincidə – göydən gəlir, insanın adından deyilir. İnsan və ilahi münasibəti önə çəkilir.
Birinci şeirdə, insan seçim qarşısındadır (şeytan vs Allah).
İkinci şeirdə, artıq seçim yox, təslimiyyət və axın var.
Bu iki şeir birlikdə belə bir mənəvi trayektoriya yaradır. İnsan əvvəlcə daxilində seçim edir, sonra isə zaman və taleyin axınına düşür. Və düşüncəni hisslə birləşdirə bilir.
Elxas Comərd.
Şair - publisist.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay