Biz Sizi heç zaman unutmayacağıq, əziz dost!

Novruz bayramı gələr-gəlməz, bahar girər-girməz 3 yaxın dostumu itirdim: keçmiş iş yoldaşımız Əli Səlimovu, mənim “Ədalət” qəzetindəki keçmiş iş yoldaşım Nicat Rüstəmovu və “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılovu. Üçü ilə də yaxın dost idim, birlikdə işləmişdik. Ard-arda bu xəbərlər məni möhkəm sarsıtdı…
O iki nəfər haqqında yazmışam, paylaşımımı etmişəm, amma Çingiz müəllim haqqında qeydlərimi, bilgilərimi hələ açıqlamamışam. Bu xəbəri hörmətli və dəyərli iş yoldaşım Zəkurə Quliyeva zəng edib deyəndə telefon əlimdə qurğuşuna döndü.
Dost itkisi həmişə ağır olur, yaşın altmışı, yetmişi... haqlayanda ikiqat ağır olur: dostların sayı getdikcə azalır, illərlə qazandığın qəlb sirdaşlarını itirirsən bir-bir...


...Mən onunla 1990-cı illərin əvvəllərində, daha doğrusu, ortalarında, “Qarabağ” qəzeti nəşrə başlyanda tanış olmuşdum. “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində redaksiyalarımız üzbəüz idi. Biri-birimizə gedib gəlir, çay içib söhbət edir, aramızda yavaş-yavaş dostluq münasibətləri yaranırdı. Çingiz İsmayılovla Əli Mahmud da bizim redaksiyanın qonağı olur, “Ədalət”in baş redaktoru Aqil Abbasla dost olduqlarından onu və qəzeti özlərinə ərk, güvən yeri bilirdilər. Çox vaxt Aqil müəllim onlarla zarafatlaşırdı: “Qarabağ”ı mənə verin çıxarım, siz də “Ədalət”i. Beləcə gülüşüb otaqdan çıxırdılar. Həmin dövrdən artıq 36 il keçir. Bizə qalan isə şirin xatirələrdir...
Yanğın düşmüş gur meşəyəm,
Çiliklənmiş bir şüşəyəm.
Boynubükük bənövşəyəm–
Gödək oldu ömrüm mənim...

Bu misralar rəhmətlik Ənvər Rzanındır! Düz otuz doqquz il əvvəl onun yazdığı bu bənd elə bil Çingiz müəllim üçündür. Qəfil ölümü onun boyuna biçilmiş kəfən kimi başsız qoyub getdiyi ailəsini, dostlarını, iş yoldaşlarını, sadəcə, tanıyıb ən azı bircə dəfə salam verdiyi adamları necə də sızım-sızım sızıldadır...
Cəmi-cümlətanı 74 il yaşaya bildi Çingiz Tofiqoğlu. Qarabağ işğal olunandan az sonra qəzetlə birlikdə Bakıya gəlmişdi. “Qarabağ” “Azərbaycan” nəşriyyatında məskunlaşmaqla yanaşı, qəzetin Ağdamda da çalışan əməkdaşları var idi. Odun, alovun içində, atılan mərmilərin vahiməli, tükürpədici səsi altında işləyən Zəkurə Qulieyeva özlərinin əsl şücaətindən, mərhum Sarvan Ağayev Çingiz müəllimlə Əli müəllimin fədakarlığından, Təranə Abbasova isə digər işçilərin, qələm sahiblərinin qorxmazlığından fəxrlə, iftixarla söhbət edəndə valeh olurdum onların danışıqlarına və vaxtilə gördükləri işə. Bilirdim ki, güllə yağışı altında qəzet buraxmaq, səksəkə içində barıt qoxulu yazılar yazmaq, nəsə yaratmaq olduca çətin, həm də qorxuludur: hər an ölüm, itki ola bilər. Bax, həmin qəzetin əməkdaşları belə təhlükənin altına çiyinlərini verib işləyiblər, qəzeti çapa hazırlayıblar. Bu şirin nağıla dönmüş xatirələri rəhmətlik Çingiz müəllim də bizə danışırdı, yada salırdı. Hər dəfə də bu xatırlatma olanda hamısının çöhrəsində qürurverici görünüşün şahidi olurduq.
Mən “Ədalət”dən uzaqlaşandan sonra bir müddət işsiz qaldım, boş-bekar gəzdim, yazı-pozudan, doğma bildiyim işimdən uzaq düşdüm. Belə bir məqamda mənə qucaq açanlar məhz Çingiz müəllim, Əli müəllim və Sarvan qardaşım oldular. Razılaşmağım çox çəkmədi, cəmi bircə gün. Əl-ələ verib işləməyə başladıq, 2003-cü ildən 2015-ci ilədək. Aramızda olduqca mehriban münasibətlər, dostluq var idi. Çingiz müəllim dəfələrlə mənim xətrimi çox istədiyini, yaradıcılığıma hörmətlə yanaşdığını bildirmişdi, bunu özümə də demişdi, kollektivin qarşısında da etiraf etmişdi. Amma arada gəzən qara qüvvələr, arzuolunmazlar mənim oradan uzaqlaşmağıma bais oldular. Hətta o arzuolunmaz elə bir fəndgirlik etmişdi ki, guya bu işi mənim tələbə yoldaşım görüb. Bir müddət tələbə yoldaşımdan incik düşdüm. Üstündən bir neçə il sonra Zəkurə xanımın məsələni aydınlaşdırmasından sonra məlum oldu ki, bu işdə tələbə yoldaşımın qətiyyən günahı yoxdur. Hər ikimiz məsələyə aydınlıq gətirdik, barışdıq. Sadəcə, o arzuolunmaz özünü sığortalamaq üçün bu söhbəti dövriyyəyə buraxmışdı.

Məsələdən uzaqlaşmayım, Çingiz müəllimlə münasibətlərimiz, dostluğumuz öz yerində qalmışdı, harada nə vaxt görüşürdüksə, elə həmin ritmdə, formada. Bir neçə il əvvələdək nəşriyyatın dəhlizində, qapısında tam səmimi görüşür, hal-əhvallaşırdıq. Bir müddət gözümə dəymədi. Zəkurə xanım bildirdi ki, evdə xəstə yatır. İşimin çoxluğundan gedib yoluxa bilmirdim. Qərarlaşdırmışdım ki, bu Novruzda gedib görüşüm, amma qismət olmadı…
Çingiz Tofiqoğlu istedadlı insan idi, yaradıcılıq diapazonu da çox geniş idi. 1954-cü ildə Ağdam şəhərində anadan olmuş, burada orta təhsil almış, sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdi. Ali təhsilli gənc mütəxəssis kimi bir müddət Qarabağın dağlıq hissəsində, azərbaycanlıların yaşadığı kəndlərdə müəllimlik etmiş, savadı və işgüzarlığı sayəsində irəli çəkilmiş, dövrün dövlət idarəçiliyi sahəsində məsul vəzifəyə təyin olunmuş, həmin ərazidə azərbaycanlıların mənafeyinin qorunmasında cəsarətlə çalışmışdı. Erməni separatizmi ilə əlaqədar yaranmış məlum hadisələrdən sonra Xankəndidə işdən çıxmış, bir müddət AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri olmuş, baş verən hadisələrin episentrindən xəbərlər vermiş, azərbaycanlı əhalinin üzləşdiyi faciələr haqqında məqalələr yazmışdı. 1990-cı ilin yayında yeni təsis edilən "Qarabağ" qəzetinə baş redaktor təyin edilmişdir.
Qəzetin fəaliyyəti üçün fədakarlıqla çalışan Çingiz İsmayılovun ömür yolu Azərbaycan jurnalistikasının şərəfli bir dövrünü əhatə edir. O, rəhbərlik etdiyi qəzetin adını, sadəcə, bir başlıq deyil, bir amal kimi yaşatmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, milli ruhun qorunmasında böyük əzm nümayiş etdirmişdi.
Çingiz müəllimlə yuxarıda qeyd etdiyim kimi, dostluğumuzun 40 ilə yaxın yaşı var. Amma elə bilirəm doğulandan onunla bir yerdə olmuşuq. O qədər şirin, maraqlı söhbətlər olurdu aramızda. Hansını deyim, Çingiz müəllim, hansı sözünüzü ayırıb misal çəkim? Hər sözünüz, hər kəlməniz, hər baxışınız, hər duruşunuz qəlbimizin başını göyüm-göyüm göynədir. Allah sizə insaf verəydi, kaş tanımayaydıq biri-birimizi. Etibarsız dünyada, vəfasız aləmdə etibarsızlıq, vəfasızlıq etdiniz, adamı bu qədər yandırıb-yaxan biqafıl ölümü haradan tapdınız? Haradan??? Neyləyək indi, Çingiz Tofiqoğlu? Sizsiz dostların səfi pozulub. Sizsiz yediyimizin, içdiyimizin tamı da qaçıb. Günlərimiz bir neçə gündür mənasızlaşıb, dostlarımız fağırlaşıb. Neçə gündür yoxsunuz, sizsiz heç nəyə adamın əli gəlmir. Canından-qanından artıq sevdiyiniz övladlarınızı, nəfəs aldığınız nəvələrinizi, hər an qayğısını çəkdiyiniz vəfalı ömür-gün yoldaşınız Arzu xanımı, qızınız Mehriban xanımı, can verənədək səsini eşitmək, üzünü görmək istədiyiniz Tofiqi, başınıza pərvanə kimi fırlanan iş yoldaşlarınızı – “Qarabağ”ın əməkdaşlarını, yanlarında hər an rahatlıq tapdığınız, bu gün sayı çox az qalmış biz dostlarınızı, ən nəhayət, canınızdan çox sevdiyiniz “Qarabağ”ı və Qarabağı niyə belə boynubükük qoyub getdiniz?
Duzlu-məzəli sözlərindən ötrü burnumuzun ucu göynəyir və göynəyəcək də. Bütün gün sözümüzün əvvəli də Siz idiniz, sonu da. Vallah, Sizdən sonra belə söhbətləri edə bilmirik. Biri-birimizə zəng etməyə əlimiz də gəlmir. Sanki hamı Sizin zənginizi gözləyir. Sizdən isə səs-səmir yoxdur... Bu qəfil gedişin qayıdışı yoxdur!
Bu ağır itki ilə əlaqədar Sizin ailənizə, doğmalarınıza, yaxın dostlarınıza dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!


Ruhunuza dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031