
Xəbərlər
7.02.2026, 00:37
Pak vicdani hiss - FOTOLAR
GÜNƏŞİN ZİRVƏDƏ DOĞAN ANINDAN,
NUR ALIB BU YURDA SƏPƏLƏNMƏSƏK...
NUR ALIB BU YURDA SƏPƏLƏNMƏSƏK...
Pak vicdani hiss
Atalı dünyası uşaqların qayğısız çağları, xoşbəxt sabahlı, bəxtəvər axşamlı, firavanlıq dolu anlarıdır. Atalı dünyada yeyilən hər qismət yavan çörək belə daha dadlı, daha şirindir. Ata əlinin bir sığalı belə insana güc və qüvvət verir, ata sözünün hər kəlməsi belə səadət qoxulu, xoşbəxt bir həyata inam, inanc. Ata öyüdü zəhmətdən bac alaraq həyata, yaşamağa inad... insanlığa yaşıl işıq! Əlbətdə söhbət soykökü nəcib, əslən vicdanı pak, əqidəsi təmiz insanlardan gedir.
Ailə bağları öz soy – kökündən “rişələnər”, həyata davamda da şəcərə kimi izləyərkən nəsilbənəsil kökə bağlılıq yaşam tərzində özünü biruzə verər. Xeyirxahlıq, vicdanlı və əqidə saflığı, vətənpərvərlik, bir sözlə mənəvi dəyər ölçüsü, zənginlik. Ata və ana hər bir nəslin demək olar ki, güzgüsüdür. Həyatda hər şey bumeranqdır. Ona görə də insan öz həyat tarixçəsində bumeranqlığı düşünməlidir.
Mənəvi zənginlik əsil insanlara xas olan xarakterdir. Mənəvi zənginlik halallıqla qazanılan “çörəklə” hasil olur. Bu yaşadığımız zamanda daha bariz şəkildə görünməkdədir. Mənən zəngin olan insanlar vətənpərvər olurlar. Vətənpərvərlər isə tək aid olduğu ailənin deyil, elin, obanın, yurdun təəssübkeş övladlarıdır. Nə qədər çətinliklərlə qarşılaşsalar belə insanın qanında, canında “vətənpərvərlik” hissi varsa, həyatda əldə etdiyi ən adi nailiyyət, uğur belə onu sevindirəcək, həyata nikbin nəzərlə baxacaq. Axı pak vicdani hiss gendən gələr və nəsillərdə özünü biruzə verər.
Ürəyi günəş kimi
Aran yerlərdə günəş daha çox şəfəq saçar. Çünki onun şəfəqləri dağlar kimi “əngəlliklərlə” qarşılaşmaz. Şəfəq saçılanda şəfəq yolu “Çilləkənlərə” ilişməz və torpağa asanca hopar. İslam Teymur oğlu Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmışdı. Bu rayon Azərbaycanın çox sevdiyim bir bölgəsidir. Gəncliyimin ən xoş günlərini keçirmişəm orada.
Tələbə yoldaşım Yaqut Bahadurqızı məhz həmin rayondandır və onun əsli – kökü də Muradxandandır. Çox şirin bir ləhçəsi vardır bu məkanın. İllər sonra Sürəyya Qasım qızı Dünyamalıyeva Qəbələyə gəlin gəlmiş və bizim ailəmizlə çox yaxın ünsiyyətdə olmuşdur. Sürəyyanı qızım kimi çox sevərdim və xətrini çox istərəm. Onun sadə və pak qəlbli, hərtərəfli bir azərbaycanlı xanımı olması onu tanıyanlara onu sevdirmişdi. Ailəsi və qohumlarını tanıyırdım. Bibi dediyi Gülşən xanımdan da danışmışdı. Zəhmətkeş, gözəl xarakterli, övladlarını halal zəhmətlə böyüdən bir azərbaycanlı xanımı olduğunu eşitmişdim. İki oğul övladına həm ata, həm ana idi. Aran zonasından olan Yaqut Bahadırqızı həmişə deyir ki, aran rayonlarının istisi insanlarının da istiqanlı olmasına dəlalət edir.
Çətinliklərdən keçən yol
Gülşən 44 yaşlı ömür – gün yoldaşını itirəndə övladlarından böyüyünün 13, balacasının 6 yaşı vardı. Ailəsini dolandırmaq, övladlarını böyütmək üçün kolxozda işlədi, övladları da təsərrüfat işlərində həmişə anasına kömək edirdilər. Ailənin çətin anları övladlarının istədiyi kimi təhsil almasına imkan vermədi. Atasının qəfl ürəktutmasından dünyasını dəyişməsi ailəni bərk sarsıtmışdı. Ancaq bu acını və çətin sınaqları ailə birlikdə qəbul etdi və birlikdə də çözüm tapmağa çalışdılar. Gülşən övladları böyüdükcə onlara baxıb fərəhlənirdi. Axı uşaqlar evlərində yaşayış tərzinin yaxşılaşdırılması üçün həmişə analarına dəstək olurdular.
İllər quş qanadlı olur deyirlər. Ancaq bu deyim kənardan baxanlar üçündür. Çünki bu illərin hər gününün, hər anının çətinliklərini, acılı – şirinli çağlarını daxilən yaşayanlar bilir. Gülşən xanımın da ev – eşiyinin yarım qalan problemlərini, iki övladı ilə birgə yaşam mücadiləsinin necəliyini ən çox duyan, bilən də bu üçlük olmuşdur. Çox sınaqlardan keçsə də, ətrafındakı insanlar arasında özünə bir azərbaycanlı xanım kimi hörmət qazanmışdı. Övladlarının tərbiyyəsi, özünün zəhmətkeş və işgüzar, halallıqla çulğaşmış xarakteri ilə tanınmışdı. Övladlarının həm atası, həm anası olan Gülşən onları vicdanı təmiz, insanlığa xas xüsusiyyətlərlə formalaşdırmışdı. Ailəsinə, vətəninə, xalqına bağlı, təəssübkeş, vətənpərvər böyütmüşdü onları. Həsən də, İslam da analarının zəhmətini qiymətləndirməyi bacarırdı.
İslam atasını itirdiyi zaman yaşca daha kiçik olduğu üçün bütün meylini anasına salmışdı. Onun zəhmətdən yorulmuş simasına baxdıqca, üz çizgilərində belə zəhmət izlərini “seçir” və ona böyüdükdən sonra gözəl həyat yaşadacağını düşünür və hətta özünə də deyirdi. Həm də bu sevinc hissi ona görə qiymətli idi ki, bu onların körpə zəhmətinin bəhrəsi ilə əldə olunurdu. Bəli, ana övladları ilə, övladları isə anası ilə daha güclü idi.
Kişilik məktəbinin müdavimi
İslam Dünyamalıyev orta məktəbdən çox, böyüdükcə oxuduğu məktəbdən – həyatdan daha çox “dərs alır”dı. Yaşadığı həyat ona öz dərsini anladan ən gözəl və güclü “müəəlim” idi. Düşüncə tərzi də ailədə ana nəsihəti və yaşadığı həyat tərzi ilə formalaşırdı. Torpağa bağlılığı torpağın, heyvanlara sevgisi bütün canlıların, insanlara qayğısı isə insanların xarakterini onun düşüncələrində formalaşdırırdı. Axı o əkin – biçin işində, heyvandarlıqda və insanlara qulluq işlərində, usta və fəhləliklə məşğul ola – ola böyümüşdü. Ona görə də kənddə hamı onu Temur kişinin övladı əsil kişi kimi böyüyür deyirdi. Fəlsəfi şairimiz Məmməd Araz şeriyyətində deyildiyi kimi:
Birinin düzündə çiçək bitirən,
Birinin gözündə bitən olmayım.
Seyrək dumanları qovan, itirən,
Qalın dumanlarda itən olmayım...
Birinin gözündə bitən olmayım.
Seyrək dumanları qovan, itirən,
Qalın dumanlarda itən olmayım...
Bəli, İslam hər kəsin göz aynasında özünəməxsus hörmət qazanan, qalın dumanlarda belə “itən” olmadı. Hər davranışında dürüstlük ona daha çox sevgi qazandırdı. Uşaqkən “böyüdü”. Onu həyat belə “böyütdü”.
İslam Vətən torpaqlarının bir hissəsinin ermənilərin tapdağında olduğunu və öz isti ocağından didərgin düşən insanları həmişə düşünərdi. Hələ kiçik yaşlarından “dava-dava” oyunlarında oynadığı dövrlərdən daha güclü “əsgər” olaraq döyüşərək torpaqlarımızı azad edəcəyini düşünərdi. İkinci Vətən Müharibəsi başlananda da müharibəyə getmək üçün yaşının “çatmaması” onu mütəəssir etmişdi. Əsgərliyə getmək, daha tez “böyümək” istəyirdi.
İslam Dünyamalıyev 2004-cü il iyunun 25-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdu. Elə həmin kənddə orta məktəbdə oxumuş, orta təhsil almışdı. 18 yaşı tamam olan sonra ona hərbi komissarlıqdan çağırış vəsiqəsi gəldi. O, “kişilik məktəbini” keçmək üçün yaşının çatdığına sevinmişdi. Anasının hələ də ona “körpə balam” deməsinə rəğmən artıq böyüdüyü üçün qürurlanırdı.
İslam həqiqi hərbi xidmətə əvvəlcə Gəncədə başladı. 3 ay buradakı təlimlərdən sonra Bakıya, Pereşkülə göndərildi və N saylı hərbi hissədə xidmətini davam etdirdi. İslamgilin çastı tez-tez respublikamızın müxtəlif bölgələrində təlimlərdə olur, hərbin sirləri onlara öyrədilirdi. İslam xidməti dövründə də öz intizamı ilə hörmət qazanmışdı. Əsgəri xidmətini başa vurub doğma elinə qayıtdıqdan sonra ürəyində yığılıb qalan arzularını necə həyata keçirəcəyini hər axşam düşünərdi. Xəyalını qurduğu işlərini gerçəkləşdirəcəyini və bu zaman anasının gözlərinin dərinliklərində gizlənən qəm yükünün yox olacağını gözləri önündə canlandırır və üzündə xoş bir ifadə yaranırdı...
2020 – ci ilin payızında anasının televiziya proqramlarına baxdıqca əsir torpaqlarımızın alınmasına necə sevindiyi və şəhadətə qovuşan igid oğullarımızın ailələrinin acılarının onu necə üzdüyünü bir daha göz önünə gətirir, yuxularında belə anası ilə danışırdı. Ona bildirirdi ki, artıq müsəlləh əsgər kimi hər an Vətənini qorumağa hazırdır, Vətən üçün canından belə keçə bilər, təki ana və ailəsi, xalqı firavan yaşaya bilsin. Kim bilir, bəlkə İslam ürəyində gizlin saxladığı sevdiyi qızın da xəyalı görüşlərini, onunla qurmaq istədiyi gələcəyi də düşünürdü... Ancaq qəfil bir gün və bu günün hadisəsinin onun arzularını çilikləyəcəyini heç ağlına belə gətirməzdi. Belə bir gün isə Zəfər gününün 3-cü il dönümü ərəfəsində, məhz 44 günlük müharibənin başlanma tarixindən 7 gün əvvələ təsadüf etdi. 2023-cü il 20 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Sırxavənd kəndində Gülşən xanımın “körpə balası”,qulluq etdiyi hərbi hissənin isə igid, intizamlı, cəsur oğlu olan İslam Dünyamalıyev şəhadətə yol aldı və insanlığın ən ali rütbəsi olan Şəhid adı qazandı...
Uşaqlığından kişi kimi yaşamaq yolunu seçən, düşüncə və həyat tərzindəki yaşama prosseslərində yaşından da tez “böyüyən” balaca İslam əsgəri xidməti ilə kişilik məktəbində daha da möhkəmlənmək istəmişdi. Ancaq o, daha yüksək bir məqama çatdı...
Şərhsizlik...
İslamın ailə albomundakı şəkillərə baxdıqca, o şəkillər bir bahar ömrünü deyil, sanki bir əsr yaşamış bir insanın həyat hekayələrini anladır insana... Doğru, İslam şəkillərdə heç böyümədi, üzündəki o uşaq məsumluğu, saflığı baxışlarındaki sonsuz həyat hekayələri ilə uyğun gəlməsə də o lal baxışlar onun həyat dastanını çox mükəmməl şəkildə ifadə edir. O baxışlar baharda gözlənilməz qışın şaxta – sazağını da hiss etdirir; bu Gülşən xanımın baxışlarının dərinliyində, söz – söhbətlərinin – nitqinin hüzünlüyündə, qohum əqrəbaların nakam qalmış İslam arzularının nağıl kimi ifadə etməsində hiss olunur. Ailə həmişə onun arzularını gerçəkləşdirmək üçün çalışır. Gülşən ana isə İslamın arzularını reallaşdırmaq üçün yaşama gücü tapır. Nə qədər qürurlu, fəxarətli ölüm olsa belə bala itkisinin acılarını heç nə əvəz edə və məlhəm ola bilmir və bilməz də.
Ana həyata hər baxışında İslamı görür, onunla baxır, onun arzu – düşüncələrilə düşünür. Onun fidan ömrünün xatirə toplumu ilə nəfəs alır, ürəyinin hər ritmi İslam deyir...
Soyuq məzar daşına söykənərək onu isitmək istər qış günlərində. Ancaq daş üzərində olan şəkil nə canlanar, nə də can istisi ilə qızınar... Onun yalnız ruhu göylərdən gülümsər, körpə qəlbinin istəklərinə çatdığı üçün. Vətən torpağının bir parçası olduğunu sübut edə bildiyi üçün. Yaddaşlarda əbədi bir ömür qazandığı üçün... Axı İslam M. Araz şeriyyətində deyildiyi kimi:
Günəşin zirvədə doğan anından,
Nur alıb bu yurda səpələnməsək,
Sən kimə gərəksə,
Mən kimə gərək !
Nur alıb bu yurda səpələnməsək,
Sən kimə gərəksə,
Mən kimə gərək !
İslam bu yurda gərəkli olduğunu sübut etdi... Günəş şəfəqlərinin bir işıq seli kimi yurduna səpələndi...
Onun qəhrəmanlığı “Vətənə xidmətət görə”, “Vətən uğrunda” medallarına layiq görüldü. Ancaq onun ən böyük təltifə qazandığı Şəhid titulu idi. Bu titul isə hər kəsə müyəssər olmur! Məkanın cənnət olsun, İslam bala !
BİBİXANIM.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















