Xəbərlər
19.05.2025, 22:21
70 İLLİIK ÖMRÜ NAĞIL KİMİ OXUNAN İNSAN - FOTO
70 İLLİIK ÖMRÜ NAĞIL KİMİ OXUNAN İNSAN
(Bu gün həmin insanın - Yusif Seyidin 70 yaşı tamam olur)
Bir gün Sokratdan soruşurlar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?”. Filosof tərəddüd etmədən cavab verir: “İnsaniyyətliyi”.
Həqiqətən, insanlıq zirvəsini fəth etmək hər kəsə nəsib olmur. Bundan ötrü gərək ən azı ətrafdakılara yaxşılıq etmək, qayğı, xeyirxahlıq, mərhəmət göstərmək və digər yüksək keyfiyyətlərə sahib olasan.
Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü (missiyanı) qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açılan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol alır…
YUBİLEY YUBİLEYƏ QARIŞIB...
Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə ona verilən tutiya ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını daşımalı olduğunun da fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda büruzə verir.
Bu yazını yazmaq üçün bu tarixi xeyli müddətdir gözləyirdim. Nəhayət, mayın 20-si günü gəlib çatdı və uzun müddət apardığım müşahidələrimə görə, bu yükü, məqsədi və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına can-başla xidmət edən şəxsiyyətlərdən öndə olanı,böyük hörmət bəslədiyim, 40 ilə yaxın sirdaşlıq etdiyim, ünsiyyətdə olduğum Yusif Seyidi (Yusif Əhmədov) təbrik etmək bir dost kimi mənə qismət oldu. Özü də mənim üçün xüsusi önəm daşıyan 60 illik yubileyim ərəfəsində… Yusif qardaşımızla ilk tanışlığımız ikimizin də bir məkanda – “Azərbaycan” nəşriyyatında” çalışdığımız dövrdən başlayıb. Mən o vaxtlar “Ədalət” müstəqil hüquq qəzetində, o isə nəşriyyatın mətbəəsində çalışırdı. Qəzetimiz linotip sexində hazırlanıb plyonka şəklində montaj sexinə göndərilir, oradan da dəmirlərə həkk etdirilir və sonda çap maşınlarına bərkidilib çapa buraxılırdı. Hər dəfə bu proseslərin hamısında katibliyin işçisi və həmin günə təyin edilmiş qəzetin məsul növbətçi iştirak edirdi. Bizim məsul katib qrup və iş yoldaşım Rəşid Faxralı idi. O, çap sexinə düşəndə məni də dəvət edirdi ki, özü olmayanda proseslərdən baş çıxara bilim. Belə səfərlərdən birində Yusiflə qarşılaşdıq. İlk baxışdan zahirən xoşuma gəldi, amma danışıqlarını tuta bilmirdim. Çünki bir-birimizi yaxşı tanımırdıq. Rəşidlə söhbətləri, zarafatları alınırdı. Belə məqamlarda Yusif üzünü mənə tutub zarafatını davam etdirmək istəyəndə, sözün açığı, acığım tuturdu ona. Bir dəfə ona qəti bildirdim ki, mənimlə zarafat etmə. O da “baş üstə” deyib bir daha mənimlə zarafat etmədi. Amma zarafatsız keçinmək olmurdu. Çünki o da, mən də ağır və gərgin işdən yorulur, hətta əsəbiləşirdik. Çıxış yolumuz zarafata qalırdı. Bax, beləcə zarafat edə-edə dostlaşdıq, münasibət qurduq, bir-birimizi də tanıdıq... Mən onu tanıyıram, növbəni sizə ötürürəm, əziz oxucular, dostlar!
TANITMA
Yusif Seyid oğlu Əhmədov 20 may 1955-ci ildə dünyanın cənnət guşəsində - qızılgül, lavanda diyarı sayılan Zaqatala rayonunun Höytala kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İbtidai sinifləri öz kəndində, orta məktəbi isə Makov kəndində oxuyub. 1971-ci ildə Bakı şəhərində poliqrafçılar hazırlayan 3 saylı Texniki-peşə məktəbinə daxil olub. 1974-cü ildə bu məktəbi bitirdikdən sonra "Azərbaycan" ( o zaman" Kommunist" adlanırdı) nəşriyyatında fəaliyyətə başlayıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib. 1978-1982-ci illərdə Tomsk şəhərində Politexnik İnstitutunda Kitabxanaçı-mühəndis ixtisası üzrə təhsil alıb.
Nəşriyyatda işlədiyi dövrlərdə müxtəlif mətbuat orqanlarında həm də fəhlə müxbir, ştatdankənar müxbir kimi maraqlı yazılar ilə çıxış edib. O dövrdə çalışanlar bilirlər ki, onda redaksiyalarda bu ştatlar mövcud idi. Müstəqillik dövründə texniki işçi kimi "Azadlıq", "Müxalifət" qəzetlərində, daha sonra "Müxalifət" qəzetinin əlavəsi olan "Qalmaqal" qəzetində redaktor kimi çalışıb. 2000-ci ildə təsis edilən "Proqnoz" qəzetində baş redaktorun müavini vəzifəsini aparıb. 2004-cü ildən 2024-cü ilədək "Paralel" qəzetində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Bütün bu illər ərzində əsas iş yeri olan "Azərbaycan" nəşriyyatında çalışarkən dövlətimiz fəaliyyətini yüksək qiymətləndirib. Mətbuat sahəsindəki zəhməti, xidməti Azərbaycan Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılıb. "Azərbaycan" nəşriyyatındakı fəaliyyətinə görə isə 2019-cu ildə Əmək veteranı fəxri adına layiq görülüb.
YUSİF HAQQINDA YAZMAĞA DƏYƏR
Bu qeydləri 40 ilə yaxın dostluq etdiyim Yusif Seyidin xahişimlə mənə göndərdiyi cızmaqara (əslində bir redaksiya məqaləsidir) əsasında edirəm. Onun vaxtilə və hazırda da çalışdığı sahə elədir ki, biz qələm sahibləri peşə bayramlarımızda nədənsə onların əməyinə göz yummuşuq və hazırda da unuduruq. Vaxtilə mətbuatda çalışmış insanları qəzet səhifəsinə gətirəndə fikirləşmişəm ki, bu sadə insanlardan niyə də yazmayaq? Təxminən on il əvvəl belə insanlardan biri haqqında oçerki qələmə alanda kövrəlib demişdi ki, nəhayət, biz də yada düşdük. Yusif Seyid haqqında sidq-ürəklə yazmağı qərara alanda və bunu özünə deyəndə əvvəlcə bir qədər tərəddüd içində qaldı. Amma daş qayaya rast gəlmişdi. Bilirdi ki, inadımdan, fikrimdən dönməyəcəyəm. Çünki Yusifin buna tam haqqı var...
Yusif Seyid! Bu gün bu imza, bu ad onun doğulub boya-başa çatdığı təkcə Höytala kəndində, Zaqatala rayonunda deyil, illərlə sakini olduğu Bakıda, ünsiyyət bağladığı “Azərbaycan” nəşriyyatında da çoxuna yaxşı tanışdır. Poliqrafiya sahəsində tanınan işçilərdəndir, 51 ildir bu sahədə kişi kimi külünc vurur. Harada çalışmasından asılı olmayaraq özünün ünsiyyəti, səmimiyyəti, mehribanlığı və xoş rəftarı ilə hamımızın dərin hörmətini qazanıb. Bununla belə, onu tanıdan və sevdirən başqa keyfiyyətləri də var. Söhbətlərinə diqqət kəsiləndə görürsən ki, hər sözündən dürr tökülür, fikrindən səmimiyyət yağır, Vətən, torpaq ətri gəlir, düzgün danışığı ilə insanları halallığa, düzlüyə, sədaqətə, saf məhəbbətə səsləyir. Ən başlıcası isə səmimi insandır, sədaqətli dostdur. Öz müşahidələrimə və danışıqlarına əsasən deyə bilərəm ki, təmənnasız dostdur, bir üzü olan kişidir, dəqiqdir, düzgünlüyü sevən və qiymətləndirəndir, dost üçün lazım olsa, varından, canından belə keçməyə hazır olandır. Gücü çatmayan işə söz verməz, söz verdisə, mütləq yerinə yetirməlidir.
Bir insan kimi ürəyi böyükdür, sinəsi genişdir, içində xılt yoxdur, başdan-baş nurdur, işıqdır, şeiriyyətdir, poeziyadır Yusif qardaşımız.
YUSİFİN YARALI YERİ...
Onunla aramızda, qeyd etdiyim kimi, uzun illərin səmimi dostluq münasibəti var. Bizi bir-birimizə bağlayan bir səbəb də odur ki, o, yaradıcı adamdır, özü yazmamağını etiraf eləsə də, əslində içi yazmaq həvəsi ilə doludur, əməkdaşlıq etdiyi qəzetlərdə müxtəlif məzmunlu, janrlı yazılarına rast gəlmişəm. Vaxt baxımından imkan düşəndə ona təşəkkürümü də bildirmişəm.
Yusiflə söhbət edəndə özü belə deyir: “Dünyanın yaxşı-yamanını bildiyim andan mənim üçün “ata”, “ana” kəlmələri ilə yanaşı, bir də “Höytala” kəlməsi əziz olub. Odundan od aldığım, istisinə isindiyim Höytala - böyük Vətənin kiçik, amma mənim üçün dünyalarca əziz olan bir parçası, ulu Zaqatalanın qeyrət qalası”. Və özü böyüyüb yaşa dolduqca doğulduğu məkan da bir az böyüyüb gözlərində...
YAMANLIĞA YAXŞILIQ EDƏN YUSİF SEYİD
İnsanlarla fəsillər arasındakı harmoniyaya, bağlılığa diqqət yetirmisinizmi? Onlar da xarakterlərinə, yaşamlarına, fəaliyyətlərinə, düşüncə tərzlərinə görə sanki fəsilləri xatırladır. Çox vaxt da həmin fəsildə doğulduqlarına görə deyil, məhz xarakter oxşarlıqlarına görə olur bu bənzəyiş. Məsələn, mənim təsəvvürümdə Yusif Seyid “payız adam”dır. Yazın könüloxşayan may ayında doğulsa da, sözlə portretini cızarkən gözümün önündə ancaq payız palitrasının rəng çalarları canlanır. Haqqında 70 illik yubiley yazısını da indi yazmağım deyərdim ki, bu düşüncə, söz adamının xarakter xüsusiyyətləri payız fəsli ilə üst-üstə düşür, onlar arasında bir bağlılıq var.
Özü ilə bu ərəfədə bir xeyli söhbət etdik. Bildirdi ki, milli mənsubiyyətinə görə avardır, bununla da fəxr edir. Azərbaycan vətəndaşı olaraq vətənimi sevir və ona sadiq olmağa çalışır. Dostluğa yüksək dəyər verir və buna sadiq olmağa çalışır: “Haqq ədalət uğrunda mübarizə aparmaq nə qədər çətin olsa belə, bu yoldan heç zaman çəkilmədim. Yalan danışan insanlara nifrət edirəm və onlardan uzaq durmağa çalişiram. And içən insanlara isə əsla inanmıram.
İrqindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq insanların hamısını çox sevirəm və onlara inanmağa çalışıram. Buna görə də məni aldatmaq çox asandır, ancaq bu yalnız bir dəfə ola bilər.
Mənə pislik edən insanlara belə yaxşılıq etməyi bacaran birisiyəm. Necə deyərlər, o, pislik etməkdən qalmırsa, mən nə üçün yaxşılıq etməkdən qalım? Balıq bilməsə də, nə vaxtsa Xaliq biləcək.
Bəlkə də dünyada düşməni olmayan insanlardan biri də mənəm .
Həyatım hec də asan keçməyib, nəyə nail olmuşamsa, çox çətinliklə əldə etmişəm. Buna səbəb isə xarakterimin olduğunu düşünürəm. Kimdənsə kömək istəmək, yaltaqlıq, riyakarlıq, rüşvətlə iş düzəltmək kimi xüsusiyyətlərə malik olmamağım həyatımı çətinləşdirən amillərə çevrilib. Ancaq dəyişə bilmədim və daim olduğu kimi qaldım”.
Ata-ana onun yaralı yeridir. Görünür yeniyetməliyindən valideynlərinin yanında olmadığı üçün onların adı şəkiləndə nostlji hisslərə qapılır: “Valideynlərimə çox bağlı insanam . Heç zaman onların bir sözünü iki eləməmişəm, cavab qaytarmamışam. Bu, bəlkə də çox erkən yeniyetməlik çağlarımda onlardan ayrı düşməyimlə bağlıdır. Ən böyük arzum başımı anamın sizləri üstə qoyub azacıq dincəlmək olub, heyhat...”
Ailədə altı qardaş, bir bacıdırlar. Onları çox sevir. Tez-tez görüşmək imkanlarının olmadığını dilə gətirən Yusif deyir ki, münasibətləri səmimiyyət üzərində qurulub. Çətin anlarda bir-birinə dəstək olmağa çalışır. Onu da vurğulayır ki, böyük qardaş olmaq da asan deyilmiş!..
Yusif ailəlidir, həyat yoldaşı Subeybat xanım uzun müddət mətbəədə, montaj sexində çalışıb. Özünün nümunəvi, normal işi ilə kollektivdə daim seçilib. Bu ailədə bir oğul, bir qız böyüyüb. Bu xoşbəxt cütlüyün üçü oğlan, biri qız olmaqla dörd nəvəsi var. Yusiflə söhbət edəndə gözlərində sanki fərəh qığılcıma var idi. Bildirir ki, böyük nəvəsi Rüfət BDU-nu bitirib, hazırda Krakov Universitetində magistraturada təhsilini davam etdirir. Digərləri məktəblidirlər.
Yusif Seyid, sözün tam mənasında, fikir, söz, düşüncə adamıdır. Simasından, xarakterindən bir payız müdrikliyi boylanır, çoxşaxəli yaradıcılığı da payızın rəng çaları qədər rəngarəng, möhtəşəmdir, zəngindir. Xarakterində həm payız havasının ilıqlığı, mülayimliyi var, həm də sərtliyi, tələbkarlığı. Peşəkar poliqrafçı, qələm sahibi, müdrik düşüncə sahibi, - bir ifadəyə sığışdırsaq, - nurlu bir insandır Yusif qardaşım!
ALLAHA YAXIN ADAM - YUSİF SEYİD
Adətən, mətbuatda işdən ən gec çıxan mətbəə işçiləri olur, evə gedəndə yorğun görünürlər. Özünün dediyini görə, çox vaxt səhərə yaxın evə dönür. Amma yorğunluq Yusifə xas deyil. O, mətbəədən çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır. Həm də işdəki gərginliyi, yorğunluğu ailəyə hiss etdirmək istəmir, bunu xoşlamır.
Yusif Əhmədovun 70 yaşı tamam olur. Sözün düzü, görkəmindən bu, o qədər də hiss olunmur. Bəlkə ona görə ki, o, həmişə işləyib - zəhmət onu cavan saxlayıb, bəlkə heç kimə pislik etməyib, əksinə həmişə hamıya yaxşılıq edib - xislət onu cavan saxlayıb. Bəlkə insanlara yaxşılığı insanlığı sevdiyi üçün eləyib - sevgi onu cavan saxlayıb. Bəlkə biliyindən həmişə hamıya pay verib - dualar onu cavan saxlayıb. Bəlkə hamıya hörmət və ehtiramla yanaşıb - xeyirxahlıq və mədəniyyət onu cavan saxlayıb... Belə insanlara el içində “Allah adamı” deyirlər.
LAVANDADAN BAKIYA UZANAN YOLLAR....
Yubilyar haqqında yazdığım oçerkin sonunda yenə onun fikirlərinə müraciət etmək istəyirəm: “50 ildən artıq çalışdığım kollektivdə, eləcə də jurnalistika camesində həqiqətən də dürüst, səmimi çox dost qazandım . Bir coxu artıq haqq dünyasındadır və xatirələrdə yaşayır, Allah məkanlarını cənnət, ruhlarını şad eləsin, inşallah! Qalanlarına cansağlığı, uzun ömür diləyirəm.
Dünyanın cənnət guşəsində - lavandada həyata göz açıb, təhsil, elm, savad üçün şəhərə gəldim, burada da qaldım. Allah-taala burada mənə hər şeyi verdi. Gözəl ailəm, ovladlarım, nəvələrim, səmimi dostlarım var. Ancaq bu şəhər mənə qocalıqdan başqa heç bir şey vermədi.
Səni tanidıgım vaxtdan uzun illər kecir – 30, bəlkə də 35 və daha çox. Səmimiyyətimə inan ki, indi sənin kimi saf insanlara rast gəlmək çox çətin məsələdir. Bu yazını da özün düşündüyün kimi yazacağına heç bir şübhəm yoxdur.
Və sonda. Bu günlərdə sosial şəbəkədə belə bir yazıya rast gəldim. Dəqiq yadımda qalmayıb, məğzini qeyd edirəm .
İki kişi eyni anda vəfat edir və Allahin hüzuruna çıxırlar. Allah birinci kişidən soruşur: - Səndən kömək istəyənlərə kömək etdinmi? Kişi cavab verir ki, bəli, ona cənnətin qapılarını açırlar. Allah eyni sualı ikinci kişiyə də ünvanlayır. Kişi cavab verir ki, etmədim. Kişi cavab verir ki, mən ehtiyacı olanlara kömək elədim, onlardan bunu istəməyi gözləmədim. Allah mələklərə əmr edir ki, onu cənnətin ən yüksək məqamında yerləşdirin. Yazının məğzi budur ki, ehtiyacı olanlara, təmənnasız kömək etmək lazımdır. İstəyənə hamı kömək edər“.
YUSİF SEYİDİ SEVƏNLƏRİN ALQIŞI
Müdriklik dövrünü yaşayan Yusif Əhmədov yenə öz ideyalarına, adət-ənənələrinə, düşüncələrinə uyğun yaşayır. Yenə qapını açıb vaxtilə 3 mindən çox adamın çalışdığı “Azərbaycan” nəşriyyatına daxil olur, yenə mətbəədə oturub işləyir, yenə buraya təzə gəlmiş işçilərə, poliqrafçılara, çapçılara məsləhətlər verir, yenə mətbuat orqanlarında müxtəlif səpkili yazıları ilə çıxış edir, yenə məqalə və oçerklər yazır. Bütün bunları o, vəzifə borcu kimi edir, amma bəlkə də bilmir ki, ətrafındakılar onunla – belə təcrübəli poliqrafçı, istedadlı qələm sahibi ilə birlikdə çalışmaqdan məmnunluq duyur, ondan faydalanmağa can atırlar.
Səmimi, sadə, xeyirxah və sevimli insan Yusif Seyid!
70 illik ömrü nağıl kimi oxunan insan! Əgər bu yaz günlərində göylərdən sənə bir ovuc yaz yağışı çilənsə, bil ki, bu, Azərbaycanda səni tanıyan, xatırlayan, sevən insanların alqış, minnətdarlıq duasıdır. Həmin yazı sənin məhz bu may günlərdə 70 illik həyat yoluna minnətdarlıq alqışıdır… Onların arasında və ən başında da mən də varam!
Bu yubiley günündə hamı Yusiif qardaşımızın sevincinə qoşulur, onu təbrik edir, ona cansağlığı, uzun ömür, yeni əmək nailiyyətləri, sevincli və xoşbəxt günlər, nəvələrin xeyir işini və sair arzularını bildirirlər. Səni ömrünün müdriklik çağı, 70 illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm.
Hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU,
jurnalist
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















