KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR
Könüllərdəki yeri daha uca olan jurnalist Rüstəm Rüstəmovun 75 illik yubileyinə

Ağır təbiətli, sakit, kövrək adamdır. İnsana yad olan mənfi xüsusiyyətlər ona da yaddır. Hər kəsə eyni sevgi bəsləməyə çalışıb, çətin anlarda belə xoş hisslərə, ümidlərə qapılmağı üstün tutub. Özünü unudub ehtiyacı olana təskinlik verib. Cibinin son manatını səninlə bölməyə hazırdır.
Sevdiyi peşəsinə məsuliyyətlə yanaşıb. Çünki bu sənətin nə qədər önəmli olduğunu, özünün isə bu sənətdə nə qədər kiçik olduğunu başa düşüb. Bu dahiyanə anlam onu hörmətli edib, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən tanınmış yazıçı-publisist, satirik yazar pilləsinə yüksəldib. Bu xüsusiyyətlər 75 illik ömür yolunda onunla yoldaş olub.
Məndən 15 yaş böyük olsa da, sanki həmyaş olmuşuq. Onunla həmkar olduğuma görə iftixar hissi keçirmişəm. Sadəcə iş yoldaşı deyil, dost olmuşuq. Hətta kənardakı isti münasibətimiz dostluğa da çevrilib.


O, ömrünün yarım əsrə yaxın dövrünü qələmə, yaradıcılığa həsr edib, saysız-hesabsız oxunaqlı mətbu yazıları, mükəmməl, diqqətçəkici bədii təsvirli əsərləri – povestləri, oçerk və hekayələri, satirik yazıları, kitabları ilə yadddaşımıza həkk olunub.
Qəzetçilik sahəsində, xüsusən də tərtibatda bilik və bacarığı ilə fərqlənib, hələ sovet dönəmində “Sovet kəndi” qəzetindən başlayan yolu onu sonralar dövlət qəzetinə gətirib çıxarıb. Belə ki, adıçəkilən qəzetin məsul katibi vəzifəsindən tutmuş son iş yeri olan “Azərbaycan” qəzetində uzun müddət məsul katib, baş redaktor müavini vəzifəsində də olanda yaradıcı mühitə daim üstünlük verib. Sonuncu iş yeri olan “Azərbaycan”a bağlılığını xüsusi qeyd etmək istərdim. Bağlandığı peşəsinə vurğunluğu olub onu əsl ziyalı, tanınmış jurnalist, şəxsiyyət kimi formalaşdıran.
Söhbət 4 ildir bizdən uzaqlaşmış, sevdiyi peşəsini təqaüd dövrünə dəyişmiş qəbələli Əməkdar jurnalist, “Qızıl qələm” mükafatçısı Rüstəm Məhəmmədəli oğlu Rüstəmovdan gedir. Uşaqlıqdan arzu və xəyallarında dolaşan xoş məramlı fikirləri məktəb illərindən, gənclik çağından Rüstəm müəllimin stimuluna çevrilib. Tələbəlik vaxtı, müxbir kimi çalışdığı illərdə daxildəki hayqırtısını müxtəlif səpgili, janrlı yazılara, satiraya hopdurub. Bulaq kimi axan təbinə sevincini, hönkürtüsünü, kövrəkliyini qatıb. Zəhmətə, işə alışqanlığı onun mətbuat sahəsində, jurnalistikada əsl ziyalılıq obrazını canlandırmağa təkan verib.

Belə bir fikir var ki, yüksək sənətkarlıq nümunələrinin sirri onun yaradıcılarının digər elmlərə də vaqif olması ilə şərtlənir. Bu mənada o, müasirlərindən fərqlənə bilib. Hətta kiçik bir yazıda belə özünəməxsus şirin, bənzərsiz çalarlarla oxucu könlünə yol tapıb, onu riqqətə gətirib. Bu hər yazara nəsib olmur, yəni fitrətinə uyğun deyil.
Böyüklərdən, şəxsiyyətlərdən müsbət mənada əxz etdiklərini özünün nümunəsində örnəyə çevirib. Zirvəyə ucalan pillələrə qədəm qoyduqca media mənsubları olan azman yazarların məhəbbətini qazana-qazana şöhrətpərəstlikdən, mənəmlikdən uzaqlaşmağa cəhd edib. Çünki onu hörmətlə qarşılayıb, əsərlərini, yazdıqlarını alqışlayanların sayı heç də az olmayıb.
Rüstəm Rüstəmov işıqlı şəxsiyyət ömrünü şam kimi bu yolda əridib. Qəzetçiliyin mahir bilicisi, mətbuatımızın mogikanı kimi yetirmələrini, çiyin-çiyinə çalışdığı istər yaşlı, istərsə də gənc yoldaşlarını, həmkarlarını parlaq gələcəyə doğru aparmağa müvəffəq olub, ömründən ötən bu şərəfli illərdə neçə-neçə adlı-sanlı yaradıcı insanla üz-üzə gəlib.
***

Ədəbiyyata "Tövbə" kitabı ilə gələn Rüstəm Rüstəmov yumorlu qələm sahibi olduğuna məharətlə imza atıb. O, yolunu seçdiyi məşhur gülüş ustalarının yaradıcılıq missiyasını ləyaqətlə və özünəməxsus tərzdə davam etdirdiyini ədəbi zəhmətilə təsdiqləyib.
Müəllifin növbəti çapdan çıxmış kitabı "Söz var gələr keçər, söz var dələr keçər" adlanır. Müəllifin bu kitabında sözün seçdiyi hədəf konkret və dəqiqdir. Ona görə də Söz güllələrinin atəşi öz ünvanına birbaşa tuşlanır. Onun qəhrəmanları əsasən müxtəlif peşə sahibləri olan, bəzən də aramızda, qonşuluğumuzda, eləcə də bizimlə bir müəssisədə işləyən insanlardır. Rüstəm Rüstəmovun müşahidə etdiyi, gördüyü, duyduğu nöqsanları, bəzən də üzləşdiyi yalanları tənqid etmək üçün qələmini novella janrında məharətlə işlədib. Müəllif əyriləri, fırıldaqçıları, yaltaqları, şəxsi mənafe naminə hər cür xəyanətə əl atanları gülməli vəziyyətə salaraq onları öz hərəkətləri, söhbətləri ilə islah etməyə üstünlük verib…

Yazımın bu yerində bir qələm dostumuzun – mərhum Oqtay Ərgünəşin vaxtilə Rüstəm müəllim haqqında söylədikləri yadıma düşdü: “...əvvəl yoldaşlığın, sonra insanlığın, ardından isə dostluğun haqqı nəyi gərəkli edibsə, ona sədaqətlə əməl eləyib. Hələ cavanlıq illərindən ağır oturub, batman gələn Rüstəm Rüstəmovun simasının dəyişməzliyi, xarakterinin kamilliyi və mənəvi bütövlüyünün elə gözlə də görünən fəzilətidi. Qızılgül yağı kimi zərrə-zərrə toplanılan bu yüksək əxlaqi dəyərləri onun yalnız parlaq şəxsiyyətlərə məxsus məharətlə qoruyub saxlamaq heç də hər kəsə nəsib olmur”.
***

Hər dəfə onunla bağlı düşüncələrimi göz önünə gətirəndə, özündən sonra onun barəsində söz düşəndə gözlərim önündə Nur Topası canlanır, həmişə də o nurdan işqlanır, saflaşıram...

Elə bunun fərqinə vara-vara yenə Rüstəm Rüstəmovun timsalında Ziyalı anlayışının əsl mahiyyətini də dərk etməyə çalışıram, öz işığını başqalarına bol-bol, həm də təmənnasız yaymaq kimi dərin missiyanı anlamağa cəhd göstərirəm.
Onun bu həyatdakı ömür missiyasını böyük səxavət və ürəkgenişliyi ilə gerçəkləşdirdiyinə tamamilə əminəm...
Rüstəm Rüstəmov çətinliklərlə, ağrı-acılarla, eyni zamanda da hədsiz dözüm sayəsində qazanılan uğurlarla dolu həyat yaşayıb. İndi, illər ötəndən sonra keçilmiş yolun əriş-arğacını yaddaşında canlandırdığı məqamlarda, yəqin ki, haqlı olaraq daxili rahatlıq hissi keçirir. Çünki çəkdiyi zəhmət və əziyyət hədər getməyib, qarşısına sanballı nüfuz, əsərlər, ictimai mövqe, bir də qazandığı çoxsaylı dost şəklində çıxıb...
Amma o, haqqı olan məqama çatanda belə, mənən dəyişməyib, ZİYALI ucalığında qalıb, elə buna görə də könüllərdəki yeri daha ucadır…
Və sonda. 75 illik yubileyiniz mübarək olsun, dəyərli Rüstəm müəllim!

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31