“Ruhun coğrafiyası: Əlabbas və Əşrəf Dali nəsrində insan və müqavimət” yazısını oxuyarkən aydın olur ki, burada söhbət yalnız iki yazıçının yaradıcılığının müqayisəsindən getmir. Adilə Nəzərova Əlabbas və Əşrəf Dali yaradıcılığını qarşılaşdırmaqla, iki fərqli coğrafiyanın, ədəbi mühitin və milli yaddaşın bir-birini necə tanıya bildiyini göstərir. Qahirə ilə Azərbaycan əyaləti arasında məsafə böyük olsa da, insanın ağrısı, ləyaqət hissi, tənhalığı və müqavimət ehtiyacı bu məsafəni mənasızlaşdırır.
Yazının diqqətçəkən tərəflərindən biri “İpək Yolu” anlayışının yalnız tarixi-coğrafi məfhum kimi deyil, mənəvi və ədəbi körpü kimi təqdim edilməsidir. İpək Yolu ilə yalnız mallar deyil, düşüncələr, yaddaş və mədəniyyətlər də hərəkət edib. Əşrəf Dalinin “Bu gün İpək Yolu” layihəsi ilə Əlabbas yaradıcılığının qarşılaşdırılması da bu baxımdan əhəmiyyətlidir. Əlabbasın “Gözəl” povestinin ərəb dilinə çevrilməsi yalnız tərcümə hadisəsi deyil, Azərbaycan insanının yaşadığı ağrının başqa bir xalqın yaddaşına daxil olmasıdır.
“Gözəl” əsərində müharibədən sağ çıxan qadının öz cəmiyyəti tərəfindən mənəvi təcridə məruz qalması xüsusilə təsirlidir. Gözəl fiziki olaraq əsirlikdən qayıtsa da, cəmiyyətin şübhəsi və amansız münasibəti onu ruhən məhv edir. Onun özünü yandırması yalnız fərdi faciə deyil, insan ləyaqətini anlamayan bir mühitə qarşı dəhşətli etiraz kimi görünür.
Bu motiv Əşrəf Dalinin “Şəmavis” romanındakı mənəvi terrorla maraqlı paralel təşkil edir. “Şəmavis”də böhtan, saxta video, texnologiya və sosial manipulyasiya vasitəsilə insanın məhv edilməsinə cəhd göstərilir. Hadisələr fərqli olsa da, nəticə eynidir. Saf və müdafiəsiz insan cəmiyyətin mənəvi qüsurlarının qurbanına çevrilir. Beləliklə, düşmənin həmişə qarşı tərəfdə olmadığı fikri ön plana çıxır. Bəzən insanı ən ağır şəkildə yaralayan qüvvə öz cəmiyyətindəki laqeydlik, qorxaqlıq, riyakarlıq və sevgisizlikdir.
Yazının mühüm ideyalarından biri “qiyam” anlayışının mənəvi məna daşımasıdır. Qiyam yalnız siyasi və fiziki üsyan deyil, insanın öz daxilindəki təmizliyi qorumaq cəhdidir. Ləyaqət, yaddaş, torpağa bağlılıq, sevgi, sənətə sədaqət və vicdan müqavimətin əsas dayaqlarına çevrilir. Əlabbasın qəhrəmanlarında bu müqavimət daha çox daxili və səssiz xarakter daşıyırsa, Əşrəf Dalidə mənəvi gərginlik kollektiv etiraza və qiyama çevrilir.
Bədii məkanların təhlili də yazının maraqlı cəhətlərindəndir. Şəmavis və Əyriqar sadəcə hadisələrin baş verdiyi yerlər deyil, yaddaş daşıyıcısı və insanın mənəvi vəziyyətini əks etdirən obrazlardır. Torpağın, kənd həyatının və təbiətin dəyişməsi insan ruhunun aşınması ilə paralel təqdim olunur. Əyriqar, Çalmalı, Naltökən kimi toponimlər də yalnız coğrafi adlar deyil, ayrılığın, tənhalığın və həyatdakı maneələrin simvollarına çevrilir.
Hər iki müəllifin əsərlərində mənəvi saflığın cəmiyyət tərəfindən qorunmaması da mühüm motivdir. Gözəl, Nərgiz Kamal, Şəhriz və digər obrazların taleyi bir sualı gündəmə gətirir. Cəmiyyət niyə özünün ən həssas və müdafiəsiz insanlarını qorumaqda acizdir? Bu sual oxucunu hadisələrə kənardan baxmaqdan çıxarıb özünü həmin cəmiyyətin üzvü kimi düşünməyə vadar edir.
Medianın, texnologiyanın və saxta ziyalılığın tənqidi də bu mənəvi problemin başqa təzahürləridir. “Şəmavis”də texnologiya həqiqətin manipulyasiyasına xidmət edir, “Qiyamçı”da isə elm adı altında səthilik və cəhalət ifşa olunur. Heyvan obrazları və yırtıcı simvollar da insanın mənəvi sərhədlərini itirməsini ifadə edir. İnsan vicdanını itirdiyi anda mənəvi baxımdan vəhşiləşir.
Əsərlərdə xalq inancları, ağsaqqal obrazları, atalar sözləri və mənəvi yaddaş daşıyıcıları da xüsusi yer tutur. Bunlar yalnız folklor elementləri deyil, müasir dünyanın səs-küyü içərisində insanın itirməkdə olduğu vicdanın səsi kimi çıxış edir. Hər iki yazıçı insanın gələcəyinin yalnız texnologiya və inkişafla deyil, yaddaş və mənəvi köklərlə münasibətindən asılı olduğunu xatırladır.
Adilə Nəzərovanın yazısının əsas uğuru da məhz buradadır. Müəllif iki yazıçını sadəcə müqayisə etmir, onların yaradıcılığında ortaq mənəvi suallar axtarır. Əlabbasın nəsrində bu suallar torpaq, Qarabağ, yaddaş, sevgi və tənhalıqla, Əşrəf Dalinin yaradıcılığında isə modernləşmə, sosial ədalətsizlik, texnologiya və mənəvi terrorla bağlıdır. Lakin hər iki halda insan olaraq qalmaq necə mümkündür? sualı durur.
Məncə, yazının ən güclü anlayışı “ruh coğrafiyası”dır. Bu coğrafiyanın sərhədləri xəritədə deyil, insanın yaddaşında, sevgisində, vicdanında və ağrısında müəyyənləşir. Əlabbasın Gözəli ilə Əşrəf Dalinin qəhrəmanları bir-birini tanımadan da eyni mənəvi dildə danışa bilirlər. Çünki böyük ədəbiyyatın əsl coğrafiyası ölkələr deyil, insan ruhudur.
Bu baxımdan “Ruhun coğrafiyası” yalnız iki yazıçının yaradıcılığına həsr olunmuş müqayisəli araşdırma deyil. O, Azərbaycanla ərəb dünyası arasında ədəbi-mənəvi dialoqun əhəmiyyətini göstərən bir düşüncə mətnidir. Yazının sonunda önə çıxan “söz” anlayışı da təsadüfi deyil. Söz yaddaşı qoruyur, həqiqəti gələcəyə çatdırır və mənəvi müqavimətə çevrilir.
Ədəbiyyat müharibəni dayandıra, insan faciəsini geri çevirə bilməz. Lakin o, yaşananları unudulmağa qoymur. Məhz buna görə “Ruhun coğrafiyası” bizə xatırladır ki, ədəbiyyatın sərhədləri ölkələr deyil, insan ruhudur və həmin ruhun dili sərhəd tanımır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31