Xəbərlər
27.08.2026, 00:05
SƏMƏD VURĞUN-120

“SƏMƏD VURĞUN “CEYRAN”I MƏNİM SÖYLƏDİKLƏRİM ƏSASINDA QƏLƏMƏ ALIB”
Əsl şair üçün dünyada xalq məhəbbətindən yüksək sərvət yoxdur. Bu il 100 illik yubileyi qeyd olunan Səməd Vurğun da belə sənətkarlardandır. O daim xalqla təmasda olub, Azərbaycanın hər guşəsini qarış-qarış gəzib-dolaşıb. S.Vurğun belə məqamlarda ova çıxmağı da sevirdi. Deyilənlərə görə, o, əslində söz ovuna çıxırmış.
S.Vurğun Sabirabad rayonunda dəfələrlə olmuş, bu yerlərin insanları ilə dostluq da etmişdir. Bu günlərdə rayonun Qasımbəyli kəndində olarkən şairi yaxından tanıyan 93 yaşlı Mirhadı ağa Həşimov və 84 yaşlı Qəzənfər Əsgərovla həmsöhbət olduq. Mirhadı ağa şairlə bağlı xatirələrinə belə başladı:”S.Vurğunun kəndimizə hər gəlişi toy-bayrama çevrilirdi. Hər kəs onunla görüşməyə can atırdı. Camaat şairlə görüşdən elə bil ilham alırdı. El ağsaqqalı, müdrik şəxsiyyət məqamına çox erkən çatmışdı o. Həmişə fikirli olan gözləri gülürdü. Geyim-kecimi olduqca sadə idi. Yeri gəlmişkən, onu da deyim ki, rəhmətlik qardaşım Seyidhəşim ağa ilə də şairin çox görüşləri olmuşdur. Bizim S.Vurğunla tanışlığımız da elə onunla ova getdiyimiz vaxtlara təsadüf edir. Həmişə İmişli ilə Sabirabad rayonları arasındakı ərazidə ov edirdik. O vaxtlar həmin ərazidə, daha doğrusu, Cərdələn qobusunda ceyranlar sürü ilə gəzirdi. Xatirimdədir, bir dəfə ceyran ovuna getmişdim. Qarşıma çıxan doqquz ceyrandan birini nişan alıb, tətiyi çəkdim. Qana boyanmış ceyran səndələyib yıxıldı. Bu zaman bir bala ceyran qəflətən peyda oldu və ölümlə çarpışan ceyranı əmməyə başladı. (Sən demə, mən ana ceyranı vurmuşammış). Ana ceyran gözlərindən gilə-gilə yaş axıdaraq, dodaqları ilə nəsə pıçıldayırdı. Onu bu vəziyyətdə görəndə çox təsirləndim. Hətta mənim də gözlərimdən yaş çiləndi. Bu hadisədən sonra bir daha ceyrana güllə atmadım. (Bəlkə də o zaman bu hərəkətimə görə Allah-Təalanın qəzəbinə tuş gəldiyim üçündür ki, indi gözlərim tutulub, dünya işığına həsrət qalmışam). Bu əhvalatı mən o vaxtlar S.Vurğuna nəql etdim. Mənə elə gəlir ki, dahi şairimiz məşhur “Ceyran” şeirini elə mənim ona söylədiklərimdən təsirlənib qələmə almışdır”.
Söhbətinin bu yerində dərindən köks ötürüb həmin şeirdən bir bənd deyən Mirhadı ağa şairin bu sözlərini xatırladı:”Muğanın yaraşığı olan ceyranı qoruyun. Əks halda, gələcək nəsillər bu tərəflərdə belə bir varlığın olduğunu yalnız kitablardan öyrənə biləcəklər”.
Söhbət əsnasında Mirhadı ağa hazırda Muğanın ceyransız qaldığından təəssüfləndiyini də bildirməklə yanaşı, belə bir sual da verdi:”Qoruya bildikmi?”
Həyatının qırx ilini pedaqoji fəaliyyətə həsr etmiş Q.Əsgərov bizi Kürün qırağına apardı. Və şairin bərə ilə Kürdəmir ərazisinə necə keçdiyindən söz açdı:”Mən də onların ocağının qırağında oturardım. O vaxtlar bu ərazilər keçilməz meşəliklərdən ibarət idi. Meşəyə girəndə adamı vahimə bürüyürdü. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mirhadı ağagildə olarkən şair Sahib Tehmirlə də görüşdük. Söhbət əsnasında məlum oldu ki, o, S.Vurğun haqqında geniş həcmli əsər yazır. Daha doğrusu, o, Mirhadı ağa və Qəzənfər müəllimin şairlə bağlı xatirələrini qələmə alır.

(Elçin Nəsibin “Ədəbi düşüncələr” adlı kitabından)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





