
Xəbərlər / Nesr
3.03.2022, 01:00
HƏYATSEVƏR VƏ NİKBİN İNSAN - Daşdəmir ƏJDƏROĞLU
HƏYATSEVƏR VƏ NİKBİN İNSAN
Basqallı Ayaz Hüseynov mənim yaddaşımda belə qalıb
Əgər insan öz ölçü və dəyərinin qiymətini bilməsə, onun cəmiyyət içərisində hörməti olmaz. Başqalarının yanında hörmətin olmadığını hiss edə-edə yaşamaqdansa, ölüm daha yaxşıdır.
Əgər insan öz ölçü və dəyərinin qiymətini bilməsə, onun cəmiyyət içərisində hörməti olmaz. Başqalarının yanında hörmətin olmadığını hiss edə-edə yaşamaqdansa, ölüm daha yaxşıdır.
Ölüm kabusu tək nifrət altda sən,
Çalış əməlinlə sürünməyəsən.
Pul üçün, var üçün, imtiyaz üçün,
Namusu libastək bürünməyəsən.
Çalış əməlinlə sürünməyəsən.
Pul üçün, var üçün, imtiyaz üçün,
Namusu libastək bürünməyəsən.
Ümumiyyətlə, insansansa, insanlıq adını qorumağı bacarmalısan. Qoy sənə yaxından bələd olmaq istəyən hər bir kəs sənin yaxşı insan olduğunu görsün və sənin şəxsiyyətinə hörmət etsin. İnsanın zahiri görkəminə uyub onun haqqında düzgün qərar çıxarmaq olmaz. Zahiri görkəm insan şəxsiyyətini məhdud çərçivədə təcəssüm etdirə bilər. Lakin bəzi hisslər var ki, o hisslərin zahiri təcəssümü insanın daxili vəziyyətini müəyyən dərəcədə aydınlaşdıra bilmir.
Bu yazıda artıq haqqında keçmiş zamanda danışdığım Ayaz Alıhüseyn oğlu Hüseynov o insanlardandır ki, zahiri də bəlli idi, daxili də. Sözübütöv və prinsipial insan kimi hələ uzun müddət yaddaşlarda yaşayacaq. O, təkcə mənim xalamın ömür-gün yoldaşı yox, həm də anamın dayısı oğlu idi. İkitərəfli qohum idik. Uşaqlıqdan ona, ailəsinə o qədər mehrimi salmışdım ki, bunu sözlə ifadə edə bilmirəm. 2018-ci il sentyabrın 6-da Maniyə xalamızı itirdik. Üstündən bir həftə keçəndən sonra ona baş çəkməyə getmişdim. Mənə “bacıoğlu” deyə müraciət edirdi.
- Ay bacıoğlu, belim qırıldı Maniyədən sonra. Allah məni də aparsaydı, bu, daha ədalətli olardı.
Ürək-dirək verir, bunun bir Allah işi olduğunu ona dönə-dönə xatırladırdıq. Rəhmətlik anamdan sonra atam da bu sözləri tez-tez təkrarlayırdı. Onda öz-özümə düşünürdüm ki, axı bu kişilər niyə belə danışır?
Hələ xalam sağlığında evin içində yıxılmış Ayaz əmi ömrünün sona çatdığını düşünmüşdü. Təsadüfi bir tanışlıq onu fikrindən daşındırmışdı. Bu da onun sınmış ayağını sağaltmağa gəlmiş loğman Füzuli ilə bağlıdır. Əslən Cəbrayıl rayonundan olan bu loğman indiki 100 həkimin bacarmadığı bir işi gördü, Ayaz əmini 2 ay ərzində sağaldıb ayağa qaldırdı. Müalicə zamanı ağıllı məsləhətlər verən Füzuli həkim sanki Ayaz əmidən daxili enerji alırdı. Onun təmkini, səbri, ağrı-acılara dözmək bacarığı loğmanın çox xoşuna gəlmişdi. Ona görə həm həkim məsləhətlərini, həm də insani dəyərlərini ondan əsirgəmirdi. Atamın da sınmış qıçını o sağaltmışdı. Həmişə Ayaz əmidən danışır, onu atama misal çəkirdi. Ayaz əmiyə də, atama da demişdi ki, təcrübəsində belə yaşlı insanların sağalması çox az olub. İkisi də sağalanda sevincindən az qala uçmaq istəyirdi. Hətta atam ilk dəfə ayağa qalxıb müstəqil, sərbəst gəzməyə başlayanda tabureti əli ilə çalıb oynayırdı. Onun bu hərəkəti bizdə gülüş doğursa da, atamda loğman Füzuliyə qarşı inam doğurmuşdu. O bizə gəlməyəndə atam sakitlik tapa, rahatlana bilmirdi.
Ayaz əmi ali təhsilli olmasa da, sanki bir alim, ziyalı kimi danışırdı. Kənardan onu müşahidə edən bilməzdi ki, Ayaz əmi orta təhsillidir. Uşaqlığı 1941-1945-ci il Böyük Vətən müharibəsinə düşdüyü üçün, görünür, ailənin saxlanmasının ağırlığı atam kimi, onun da çiyinlərində olubmuş. Ailədə Sürnaz adlı bir qız, Qüdrət, Ayaz, Firdovsi, Tofiq adlı 4 oğul böyümüşdü. Evin böyüyü qız uşağı olmuşdu. Böyük qardaşı Qüdrət müəllim kimi fəaliyyət göstərmişdi. Ondan sonra gələn Ayaz Hüseynovun başı ailənin problemlərinə qarışdığından oxumağa vaxtı olmamışdı. Amma atam qiyabi olsa da, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət Universitetinin tərkibində olduğu illərdə) mühasibatlıq fakültəsini bitirmiş, kənddəki toxuculuq sexində çalışmışdı. Uşaqlıqdan ağır işlərə baş qoşan A.Hüseynov elə bu tərbiyə və əqidə ilə də ömrünün sonunadək yaşadı, təqaüdə çıxanadək müxtəlif nazirliklərin və birliklərin idarələrində çalışdı, hətta neçə-neçə nazirlə, direktorla yol yoldaşı oldu, onlardan çox şey öyrəndi. Həyat təcrübəsi çox idi. Yeri gələndə biz də ondan öyrənirdik. Sözün əsl mənasında, təşkilatçılığı ilə də seçilirdi. Hansısa işi layiqincə icra edirdi – istər idarədəki, istərsə də adi həyatdakı, ailədəki problemləri təkbaşına, məharətlə yoluna qoyurdu. Bax qohumlar da, tanışlar da Ayaz əminin bu bacarığına heyran qalır, hamı ona oxşamağa çalışırdı.
Gözlər ürəklərin xəzinədarı,
Ürəklər gözlərin qışı, baharı.
Ey qafil ürəkli sevgili yarım,
Eşqini bəyan et gözündə barı.
Ürəklər gözlərin qışı, baharı.
Ey qafil ürəkli sevgili yarım,
Eşqini bəyan et gözündə barı.
Ürəkdən keçən hiss və istəkləri zahirən bildirmək bütün canlılara nisbətən insanda özünü daha qabarıq büruzə verir. İnsanlar danışmadan müəyyən hiss və ehtiraslarını bir-birlərinə düzgün başa sala bilərlər. Lakin insanların
bu xüsusiyyəti hələlik çox zəif, həddindən artıq zəif inkişaf edib. İnsan cəmiyyəti inkişaf etdikcə insanların bu xüsusiyyətlərinin də inkişaf edəcəyinə ümid bəsləmək olar.
İnsan qəlbinin incəlikləri o qədər rəngarəngdir ki, onun dərinliklərinə nə qədər baş vursanız, o qədər ünsiyyətli və xoşrəftar bir xislət kimi o insanın ən yaxın dostuna və həmdəminə çevrilə bilərsiniz. Bunu da qeyd etmək lazımdır ki, zahiri gözəllik təbiətin hədiyyəsidir, mənəvi kamilliyi insan yalnız həyatda qazana bilər. Onunçün də insan başqalarının yaxşı əlamətlərini götürməklə yanaşı, elmlə də məşğul olmalıdır. Haqqında bəhs etdiyim Ayaz Hüseynov da xoş rəftarı, ünsiyyəti, səmimiyyəti, mehriban davranışı, ağayana hərəkəti ilə bir çoxuna nümunə idi.
Elə bir bayram, əlamətdar gün olmazdı ki, hamıdan əvvəl məni, ailəmizin digər üzvlərini, öz qohumlarını, yaxınlarını, dost-tanışı Ayaz əmi təbrik etməsin. Həmişə də heyrət və xəcalət içində qalırdım. Axı o, məndən də, digər təbrik etdiklərindən də yaşda böyük idi. Gərək mən də, digərləri də əvvəlcə ona zəng edərdik. Bu danlağım heç zaman bəhrə vermirdi. Bir müddət idi ki, o zəngi, o təbriki itirmişdim. Onun yoxluğna heç inanmağım da gəlmir. Çünki Ayaz əmi o qədər həyatsevər, nikbin insan idi ki… Həmişə təbəssümlü çöhrəsindəki səmimiyyət, qeyri-adi bir xoş emosiya mənə qəribə təsir edərdi. Qeyd etdiyim kimi, uzun illər rəhbər vəzifəli şəxslərlə çalışmışdı. Olduqca sadə təbiətə, mehriban xasiyyətə malik idi. Hərdən inanmağım gəlməzdi ki, dostluq etdiyim, müsahibim olan, mənəvi cəhətdən çətinə düşəndə üstünə qaçdığım, dərdləşdiyim bu insanın etiraf etdiyi kimi özü də sıradan biri idi. Amma yüksək intellektual səviyyəsi, fəal mövqeyi, ən başlıcası, səmimiyyəti ilə məni və ünsiyyətdə olduğu digər insanları da özünə bağlamışdı.
… Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Necə ki indi mən yaza bilmirəm. Artıq bu mövzuda nəyisə qələmə almaqda tükənmişəm. Son illərdə nə qədər insanı itirdik gözümüz görə-görə. Hələlik sonuncumuz isə Ayaz Alıhüseyn oğlu Hüseynovdur.
Allah sənə rəhmət eləsin, Ayaz əmi. Yerin behişt olsun!
Dərin hörmətlə;
bacıoğlun Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













