Nesr
27.05.2019, 22:47
Heydər Əliyevin istiqlalçı dühası
Xalqımız üçün olduqca əziz olan Respublika Günündə fəxrlə deyə bilərik ki, tarixə obyektiv münasibət mühiti bu gün Azərbaycanda artıq formalaşmaqdadır. Bu da, heç şübhəsiz, dövlət müstəqilliyimizin müəllifi və təminatçısı Heydər Əliyevin istiqlalçı dühası və davamlı səyləri nəticəsində mümkün olmuşdur. Bu gün heç kəsə gizli deyil ki, təhsilinə görə tarixçi olan Heydər Əliyevin tariximizi öyrənmək və ona qərəzsiz yanaşmaq, obyektiv münasibət bildirmək barədə özünün elmi yanaşma üslubu vardı.
"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz". Heydər Əliyevə məxsus olan bu fikirlərdə çox böyük hikmət var və bu hikmət bizə imkan verir ki, tariximizin bütün kəşməkəşli və ziddiyyətli dövrləri haqqında yalnız həqiqəti deyək.
Doğrudan da, Azərbaycan xalqının bu gün tarixi həqiqətləri bilməyə çox böyük ehtiyacı var. Tarix ona böhtan atanları bağışlamır. Tarixlə möhtəkirlik edənlər də cəzasız qalmır. Xüsusilə Vətənin tarixi, xalqın tarixi ilə alver etmək, onu saxtalaşdırmaq və öz xudbin niyyətlərinə tabe etmək şərəfsiz və həm də ümidsiz oyundur. Ona vicdanın, həqiqətin gözü ilə baxmağı öyrənmək lazımdır. Azərbaycanda Xalq Cümhuriyyəti qurulmasının 88-ci ildönümü ərəfəsində düşüncələrimi bir xalq hikməti ilə başlamaq istərdim: keçmişinə xor baxan, gələcəyinə kor baxar. Həm də elə bir keçmişinə ki, onun tarix qarşısında üzü ağdır, o, məğlubların deyil, qaliblərin tarixidir. Qaliblər isə mühakimə olunmur. Buna təşəbbüs göstərənləri tarix özü mühakimə edir.
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin olduqca şərəfli və kəşməkəşli bir tarixi var. 1917-1920-ci illərdə Azərbaycanın müxtəlif ərazilərində müxtəlif hakimiyyət qurumlarının yaradılması danılmaz reallıqdır. Belə ki, Petroqradda oktyabr çevrilişindən dərhal sonra Bakıda bolşeviklərin rəhbərliyi altında heç bir müqavimətə rast gəlinmədən Sovet hakimiyyəti elan edildi. 1917-ci il dekabrın 12-də Bakı Sovetinə ilk seçkilər keçirildi. Bura 48 bolşevik, 85 sol eser, 36 daşnaq, 18 müsavat, 13 menşevik və digər partiyaların nümayəndələri seçildi. Qeyd etmək lazımdır ki, həmin dövrdə Bakıda Sovetlərdən başqa da hakimiyyət iddiasında olan digər qüvvələr - şəhər duması, Müsəlman Milli Şurası, Rus Milli Şurası, Erməni Milli Şurası və digər qurumlar üstünlük təşkil edirdi. Şəhər dumasının üzvləri "Bütün hakimiyyət şəhər dumasına!" şüarı ilə çıxış edirdi. Lakin bütün bunlara baxmayaraq, Bakı bütövlükdə bolşeviklərin təsiri altında idi. Düzdür, onların mütləq söz demək üçün qüvvələri kifayət etmirdi. Bir çox məsələlərdə eser, menşevik, daşnak və müsavat partiyaları ilə hesablaşır, taktiki manevrlər etməyə məcbur olurdu.
Həmin dövrdə, yəni 1917-ci ilin noyabrında Tiflisdə başqa bir hökumət yaradılmışdı. Bu da müsavat, menşevik, eser, daşnak və digər qeyri-proletar partiyaların nümayəndələrindən ibarət Zaqafqaziya Kamissarlığı idi. Milli burjuaziya partiyalarının bu koalision hökuməti ABŞ konsulluğu, İngiltərə və Fransanın hərbi agentlərinin himayəsi altında işləyirdi. Eyni zamanda, həmin dövrdə Gəncə şəhərində Müsəlman Milli Komitəsi fəaliyyət göstərirdi. Onların qüvvələri 1918-ci il yanvarın 9-da Şamxor stansiyasında cəbhədən qayıdan əsgərlərdən çoxlu silah əldə etmişdilər.
Göründüyü kimi, Azərbaycan ərazisi müxtəlif xarici qüvvələrin himayədarlığı ilə yaradılmış və müxtəlif zümrələrin mənafeyini ifadə edən 3-4 hakimiyyət qurumu tərəfindən idarə olunurdu. Bütün bu hakimiyyət strukturlarının öz məram və məqsədləri vardı. Lakin xarici qüvvələrin başlıca niyyəti Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaq və onun var-dövlətini zəli kimi sormaqdan ibarət idi. 1918-ci il iyunun 2-də Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında Bakı şəhər Sovetinin dekretindən sonra xarici müdaxiləçilərin Azərbaycana təcavüzkar niyyətləri daha da gücləndi. Bu dekretdən sonra respublikada neft hasilatı birdən-birə yüz min ton artdı. Əgər dekretdən əvvəl, may ayında Bakıda 180 min ton neft çıxarılırdısa, iyunda bu rəqəm 293 min tona çatdırılmışdı. Həmin ilin yaz və yay aylarında Bakıdan Sovet Rusiyasına 4 milyon 300 min ton neft və neft məhsulları göndərilmişdi. 1918-ci ilin yazında İngiltərə, ABŞ, Fransa və Yaponiya qoşunları Sovet Rusiyasını susdurmaq və onun təsir dairəsində olan imkanlı rayonları, o cümlədən, neftli Azərbaycanı ələ keçirmək üçün geniş miqyaslı müdaxilə kampaniyasına başladılar. Həmin dövrdə ingilis müdaxiləçiləri İranda oturub daşnak, eser və menşevik, habelə müsavatçılarla gizli əlaqə saxlayırdı. May ayının ikinci yarısında türk-alman qoşunları Zaqafqaziyaya daxil oldu və türk qoşunları may ayının 27-də Gəncə şəhərini tutdu. Həmin gün Tiflisdə Zaqafqaziya komissiyası ləğv edildi və səhəri gün, may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.
Bu hadisə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəlində başlanmış və Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalq Cümhuriyyəti həmçinin yüksək istedad və qabiliyyəti, özünəməxsus zəngin mədəniyyəti ilə seçilən xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və idarəçilik potensialının göstəricisi oldu".
Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən iki ay sonra, iyunun 31-də Bakı Xalq Komissarları Soveti öz fəaliyyətini dayandırmağa məcbur oldu. Onun əvəzinə 1 avqust 1918-ci ildə eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi diktaturası" yaradıldı.
Təəssüf ki, tariximizin kəşməkəşli və təzadlı dövrünü öyrənən tədqiqatçı alimlərimiz bu məsələlərə münasibətdə çox vaxt tendensiyalı mövqe tutmuş, gah bolşeviklərə, gah da müsavatçılara üstünlük verməklə real, ziddiyyətli siyasi mühiti doğru-düzgün əks etdirməkdən çəkinmişlər. Çox yaxşı haldır ki, müstəqil Azərbaycan Respublikasının kamil qurucusu, xalqımızın böyük rəhbəri, tariximizin və mədəniyyətimizin dərin bilicisi Heydər Əliyev artıq keçmişimizə elmi yanaşma metodologiyasının bariz nümunəsini vermiş və öz çıxışlarında bu münasibəti əyaniləşdirmişdir.
Özlərini Azərbaycan Xalq Cümhuriyyətinin şəriksiz mənəvi varisi elan edən AXC-Müsavat cütlüyü hakimiyyətə ideyasızlaşdırma, siyasətsizləşdirmə, partiyasızlaşdırma şüarı ilə gəldilər. Ona görə də "bəylər" milli dövlət ideologiyasının formalaşdırılması üçün heç bir iş görmədilər. Hazırda milli ideologiyamızın özül daşları və Azərbaycan dövlətinin mənəvi dayaqlarının təməli qoyulmaqdadır. Aydın məsələdir ki, dövlət varsa, onun ideologiyası da zəruri haldır. O ki, qaldı "bəylərin" ideyasızlaşdırma şüarı ilə çıxış etmələrinə, bu, özünün ideoloji potensialı və cəmiyyətə deməyə sözü olmayanların "yoxsulluq fəlsəfəsidir". "Cəbhəçilər" özlərini Azərbaycan Xalq Cümhuriyyətinin şəriksiz mənəvi varisi hesab etsələr də, onlar faktiki olaraq istiqlalçı sələflərindən ideoloji miras kimi yalnız terminlər və islahatlar əxz etmişlər. Düzdür, 1918-ci ilin 28 may günlərində Tiflis şəhərində istiqlaliyyətimizi elan etmiş 27 nəfər ziyalı özlərindən sonra dövlətçilik təcrübələrinə dair elə bir ədəbi irs qoymamışlar. Bunun əsl səbəbi ondan ibarətdir ki, tarix onları qəflətən yaxalamışdır və hadisələrin gərgin gedişatı onlara özlərindən sonra irs qoymağa imkan verməmişdi. 1917-ci ilin Oktyabr inqilabına qədər Rusiya Federasiyasının tərkibində "Azərbaycana muxtariyyat" istəyi ilə yaşayan bu adamlar Oktyabr çevrilişindən sonra fəhlə sinfinin mübarizə səngərlərində qazandığı demokratik şəraitdən istifadə edərək milli istiqlal, azad, müstəqil dövlət istəyinə düşmüşdülər. Hətta oktyabr çevrilişinin yaratdığı belə real imkandan sonra da milli burjua ziyalıları arasında "istiqlaliyyət", yoxsa "ilhaq?" sualına cavab axtaranlar olmuşdur. Mayın 28-də Tiflisdə toplaşan müsavatçı ziyalıların bir hissəsi Azərbaycanın Türkiyəyə birləşdirilməsi təklifi ilə çıxış etmişdir. Mayın 27-də Gəncəni tutmuş türk ordusunun nümayəndələri "Türkiyə ilhaqa razı deyil" xəbərini göndərdikdən sonra ilhaqçılar məcbur olub istiqlaliyyət xətti götürmüşdülər. Ümumiyyətlə, o dövrün çox mürəkkəb beynəlxalq və daxili gərginlik şəraitində hadisələrdən baş açmaq, siyasi proseslərin qlobal və regional cərəyanlarını nəzəri-siyasi və əməli cəhətdən uzlaşdırmaq, təhlil etmək və düzgün nəticə çıxarmaq üçün həmin dövr ziyalıları arasında kifayət qədər dövlətçilik , idarəetmə və diplomatiya təcrübəsi olan mütəxəssis kadrlarımız olduqca az idi. Hər şey yox yerdə və çox böyük müqavimətlə, olmazın çətinliklərlə yaradılırdı. Ona görə də biz 23 ay hakimiyyətdə olmuş AXC hökumətindən mükəmməl ideoloji miras ala bilməmişik. Lakin onların əzmkar əməli səyi, milli keyfiyyətləri indiki nəsil üçün müəyyən material verir. Yaradıcı fikir sahibi kimi ulu öndərimiz Heydər Əliyevin tariximizin ziddiyyətli keçid mərhələlərinə aid tədqiqatçılara düzgün istiqamət verən çox dərin elmi, ümumiləşdirici ideyaları var. "Mən həmişə həqiqəti sevmişəm və həyatım da həqiqət üzərində qurulmuşdur" deyən Heydər Əliyev tarixə həmişə həqiqət meyarı ilə yanaşmağı tövsiyə edib. Tarixi keçmişimizin bütün dövrlərinə, xüsusilə, ötən 70 ilə qiymət verilməsində, qonşu dövlətlərə münasibət bildirilməsində, Azərbaycan dilinin dövlət dili olması haqqında müzakirələrdə və s. bu kimi taleyüklü məsələlərə münasibətdə ulu öndər Heydər Əliyev həmişə obyektivlik və həqiqət meyarından çıxış etmişdir.
Müstəqillik böyük sərvətdir. Biz uzun illər, əsrlər boyu bu sərvətdən məhrum olmuşduq. Bu gün isə biz müstəqil dövlətik, Azərbaycan dünya birliyinin üzvüdür. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə ictimai-siyasi vəziyyət normallaşdı, xalqı narahat edən, təhlükə törədən problemlər aradan qaldırıldı və ölkə dinamik inkişaf yoluna qədəm qoydu. Məhz o illərdə Azərbaycan dünya birliyində yerini möhkəm tutdu. Azərbaycanda başlanmış iqtisadi islahatlar hazırda çox sürətlə aparılır və indi Azərbaycan iqtisadi inkişaf sürətinə görə nəinki keçmiş sovet respublikaları arasında, həm də dünyada birinci ölkədir. Bütün bunlar bir daha onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri olmuşdur. Hazırda bu siyasət inamla davam etdirilir, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir. Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun. Bu gün bu var və bunun təməli məhz 1990-cı illərin ortalarında qoyulmuş, Azərbaycan bütün potensialını işə sala bilmişdir. Bu gün bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın."
Heydər Əliyev siyasəti bu gün Azərbaycanda hər bir sahədə davam etdirilir. Xarici siyasətimiz çox uğurlu və fəaldır. Azərbaycan beynəlxalq təşkilatlarda çox önəmli yer tutur və mövqelərimiz möhkəmlənir. Xeyli müddətdir ki, Azərbaycanda Heydər Əliyevin yeni neft strategiyası uğurla həyata keçirilir və neft hasilatı ildən-ilə artır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu il istismara veriləcəkdir. Bizim enerji daşıyıcılarımız dünya bazarına, Avropa bazarına çatdırılacaqdır. İlk növbədə, ölkə bundan çox böyük iqtisadi mənfəət götürəcək. Azərbaycanın bölgədəki, qitədəki və dünyadakı mövqeləri getdikcə möhkəmlənir.
Cəmil Zəbhullaoğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











