
Mən sənə borcluyam Vətən

İstedadlı şair Şəhla Xəlilqızının (Bayramova) “Getmə amandı” kitabı tezliklə poeziyasevərlərin rəğbətini qazanacaq
… Açıq pəncərə… O tayda görünən bir mənzərə… Həyat mənzərəsi… Uzaqlardan ilan kimi qıvrılaraq uzanan asfalt yollar… Və bu yollarla heç nəyə baxmadan - hətta gecəyə, gündüzə də - şütüyən sadə bir avtomobil dəstəsi… Haradan gəlir bu dəstə və yolu harayadır? Bu suala onun səsi və nəfəsi – asfalt yollarla yorulmadan "öcəşən" təkərlərin deyingən fışıltılı səsi və bu səsi səbrlə həzm edən motorun buraxdığı tüstüsü qədər bilən və anlayan ikinci bir şahid olmaz yəqin. Bu nəfəsin fonundakı həyatı həmin o yollarla deyişən təkərlər nəql edirdi.
1968-ci ildə dünyaya göz açdı qədim Qəbələ rayonunun Yeni Dızaxlı kəndində. Qədim oğuz yurdunda sayılıb-seçilən kişilərdən olan Xəlilin ailəsinə yeni nəfəs gətirmiş bu uşağa “Ya Allah” deyib adını Şəhla qoydular. “Ad bizdən, həyat Yaradandan”, - deyib babalarımız. Əsas odur ki, yerdə qoyulan adın səsi, sədası göylərə çata bilsin. Bu, hələ sonranın işidir. Hələlik isə valideynləri onu göydən yerə endirmişdilər. Lakin bu yaranmışın bir xoşbəxt yazısı o idi ki, həmin bu valideynlər onu həm də bir müəllim olaraq yerdən göyə qaldıracaq idilər. Bu da avtomobilin irəlidəki yollarında baş verəcək olaylarında anlaşılacaqdı. Hələlik isə öz çəhrayı dünyasının çalarlarını çözələməkdəydi bu Xəlilindən xeyir-dua alan mələk. İllər keçdikcə ona yaxın olan mühit daxilində bu rənglər dəyişir və öz həqiqi həyati çalarlarına düşürdü. Uşaqlıq illəri və xəyallar. Bunlar bir-birinin içində doğulub şirin-şirin var olan məfhumlardır. Və sözsüz ki, bir-birindən həm də rişə alan, bir-biriylə nəfəs alan əvəzi, təkrarı, oxşarı olmayan dünya içində bir dünyadır. Heç şübhəsiz ki, bu həm də fərdin real həyatından mayalanan bir dünyasıdır. Kimimiz uşaq dünyamızda quş kimi qanadlı olub səmada süzmək, kimimiz kosmonavt olub başqa planetləri gəzmək, kimimiz isə sanki daha real olan yaxınlıqdakı təki görünən üfüqə qaçıb-qaçıb əlimizi ona toxundurmaq, oradakı buludları bir-birinin ardınca düzmək istəmişik açıq-aydın, adi bir iş kimi. Bu kiçik mələyin isə uşaqlıq illərindəki süzmək arzusu da, gəzmək istəyi də, düzmək səyi də elə elmin səması, onun dərinliyi, sirli-sehrli görüntüləri, hələ o zaman anlamadığı döngələri ilə bağlı olub. İrsiyyətdənmi, tərbiyədənmi, Tanrıdanmı gələn bir diqtə ilə onun xəyal dünyasının yalnız bir qapısı, bir adı, bir rəngi olub - oxumaq, elmin dərinliklərinə vararaq açılmamış səhifələri açmaq, aşılmamış aşırımları aşmaq, həyatın üfüqlərinə doğrudan-doğruya əlini çatdırmaq. Elə onun ilk arzusu da gerçək xəyalı, xəyalı da təbii arzusu olub.
… İnsan dünyaya odla-alovla, ağlaya-ağlaya, yumruqlarını bərk-bərk sıxaraq böyük bir iddiayla daxil olur. Sanki dünya məndə olmalıdır, onu mən qurmalıyam, onu mən yaşatmalıyam ayaqlarım altda, deyərək. Yəqin elə bu fitrətdən gələn yəqinlikdəndir ki, hər bir iddiasına sığmayan normal, sağlam uşaq təbii olaraq dünyanın məhz onun iradəsininmi, əqlininmi, fiziki gücününmü sayəsində qurulacağını düşünür. Bizimsə bu, hələlik özü kiçik, sözü də içində kiçik və kiçik olduğu qədər də qəti, möhkəm, dəqiq və demək ki, bir ömrə bəs eləyəcək qədər təpərli, tutarlı, yaşarı, aydın olan qəhrəmanımızın yalnız bir quracağı dünyası var, o da ƏDƏBİ-POETİK dünyası - yəni ƏBƏDİ DÜNYA. O, müvəqqəti, fani dünyanı özündə deyil, özünü bu poetik, yəni əbədi dünyada hiss edir, əvvəlcə o dünyadan işıq umaraq, ona işığını qaytara biləcək anlaradək. O, dünyanı ayaqları altda deyil, başı üzərində bilir, duyur, özü ilə addımladır, yaşadır. Bu da bir alın yazısımı, yoxsa, insanın sübh çağının sərinliyini, günəş işığının məlhəmliyini duyduğu, hiss etdiyi bir vaxtdan ətraf mühitinin tərbiyəsinin diqtəsimi? Amma hər nə cür olsa da, bu, xoş taledən, hələ qarşıda yaşanacaq həyatın uğurlu qədəmlərindən soraq verən bir başlanğıc idi. Uğursuzluğu, büdrəməyi yadına düşmür. Həyatı boyu şax, şux, iti, qəti yeriyib. Bu da, əlbəttə, həm ona yeriməyi öyrədənin səriştəsində, həm də onun öyrənmək qabiliyyətindən asılı olub. Bütün hallarda o, dizini bükülməz, əqlini yorulmaz edən ilk tərbiyəçisinə, ilk müəlliminə, ilk məsləkdaşına sonsuz minnətdar və borcludur.
Arzu - insan şüurunun və qəlbinin ətrafdan aldığı, qazandığı dünyaya ən məhrəm reaksiyasıdır. Bu reaksiya zəncirvari olaraq zaman-zaman insanın iç dünyasında rezonans yaradan, vulkan kimi gah qabarıb, gah çəkilən, həyati xüsusiyyət daşıyan gözəl bir duyğudur. Başqa sözlə, həyatın içində elə həyatın özüdür. Arzularmı insan xasiyyətini formalaşdırır, yoxsa, xasiyyət arzuları yaradır, onlara qol-qanad verir. Bu da yəqin ki, onların ayrılıqdakı daxili gücündən və bir-birində yaratdığı impulslardan asılıdır. İç dünyamızla və ətrafla apardığımız müşahidəçi duyumumuzla bunların hər ikisinin bir-birinə stimul verdiyini anlayırıq. Özünü, ətrafını dərk etdiyi ilk gündən dəqiqlik, aydınlıq, sadəlik kimi anlamları dərk edən bu günümüzün pedaqoqu, şairi elə dərk etdiyi gündən də bunları həyatının taktına - vurğularına çevirib. Arzusu elmin üfüqünə toxunmaq, xasiyyəti isə hər işi dəqiq, aydın həyata keçirmək olan bu insanın məhz deyilən nöqtədə əməli ilə amalının üst-üstə düşməsi onun artıq bütün uğurlarının bazisi, özülü idi. Bunu o zamanlar yəqin ki, heç düşünmürdü də Şəhla Bayramova. Ancaq çox-çox illər sonra artıq müəyyən nəticə hasil olmuş zaman anında Tanrının əzəl gündən diqqəti üstündə olan bir bəndə kimi doğulduğu qənaətinə gəldi.
Şəhla Xəlilqızı (Bayramova) 1985-ci ildə orta təhsilə yiyələnib. 9-cu sinifdə oxuduğu zaman şeir yazmağa başlayıb. İlk şeiri 1990-cı ildə “Qəbələ” rayon qəzetində dərc edilib. 2003-cü ildə çap olunmuş “Millətin xilaskarı” şeirlər toplusunda Şəhla xanımın “Gəldi harayına” və “Gəl vətən oğlu” adlı şeirləri işıq üzü görüb. Bakıda yaşadığı zaman 2004-cü ildə onun “Yarımçıq toy və onun acı sədası” adlı poemasının bir parçası “Aydın sabah” qəzetində çap edilib. 2007-ci ildə işıq üzü görmüş “Qəbələ - könül dünyamız” toplusunda onun şeirləri çap olunub. Bu onun ilk kitabıdır.
Qəbələdə yaşayan Şəhla xanım ailəlidir, yeganə bir qız övladı var.
Poeziya ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları vardır, insandan peşəkarlıq və bacarıqdan başqa bir də ilahi vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona həsr edən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini dərin və geniş dərk etməyi tələb edir.
Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir…
Şəhla Xəlilqızı (Bayramova) da mənim poetik dünyamda özünəməxsus yaradıcılıq manevrləri olan bir şairdir, mənim üçün mübaliğəsiz bir məktəbdir. İstedadlı yazar Şəhla xanımın “Ecoprint” nəşriyyatının mətbəəsi tərəfindən işıq üzü görmüş kitabı “Getmə amandı” adlanır. Kitabdakı şeirləri oxuyandan sonra dünya, kainat, insan və... sonu belə görünməyən o uca varlıq haqqında məndə qəribə hisslər yaşandı. Ona görə də fikirləşdim ki, belə bir kitab haqqında rəy yazmağa dəyər. Bu onun ilk kitabıdır. Şəhla xanımın yaradıcılığı haqqında danışarkən yalnız “Getmə amandı” kitabı ilə bağlı düşüncələrimi oxucularla bölməyi qərar verdim.
Onu da qeyd edim ki, bu kitabı xahişimlə yaxın qohumu, “Azərbaycan” qəzetində neçə il birlikdə çalışdığımız Rüstəm Kamalla çatdırdı. Şəhla xanım internetdə dostlaşdığım, ünsiyyət saxladığım qələm əhlidir. Yaradıcılığını izləyirəm. Bu mənada onun göndərdiyi “Getmə amadı” kitabı haqqında çoxdan rəy, ürək sözlərimi yazmalı idim. Sağlamlıq durumumda yaranmış problemlər bu istəyimə imkan vermədi. Nəhayət, Şəhla xanımla yenidən internetdə hal-əhval tutduq, utandığımdam bilmədim nə deyim. Bu sətirləri yazmağımdan onun əsla xəbəri yoxdur. İstəyirəm bu yazı onun üçün bir sürpriz olsun.
Şəhla xanımın şeirlərinin mövzusunu araşdırarkən həm onun ifadə etdiyi mövzuları, həm də şeirində şəxsən işlətdiyi mövzuları ayrı-ayrı ortaya qoymaq gərəkdir. Şairin bu kitabında əksəriyyətlə işlətdiyi kök mövzu insan, kainat, Vətən və sevgidir. Kitabdakı şeirlərin əksəriyyəti insan sevgisinə, onun yaşam tərzinə həsr olunub. Əslində burada təəccüb olunası heç bir şey yoxdur. Min illərdən gələn şifahi xalq ədəbiyyatında, poeziyamızda vətənə və insan övladına olan sevgi mövzusu hər zaman mərkəzi yerlərdən birini tutub. Kitabda Vətən mövzusunun işlənməsi diqqəti xüsusi çəkir. Elə ilk şeiri də “Borcluyam Vətən” adlanır.
Bir qarış torpağın can payımızdır,
Vətənsiz günümüz ah-vayımızdır.
Sənin dağın, daşın bil varımızdır,
Mən sənə, anama borcluyam Vətən.
İgidlər iz qoyub tarix yaratdı,
Bölündü qəlbimiz neçə paradır.
Qarabağsız qəlb bil ki qaradır,
Mən sənə, anama borcluyam Vətən.
Doğulub boya-başa çatdığı Qəbələ də bu qədim yurdun əsrarəngiz bölgəsidir. Burada ulu tarix yatır. Ulu tarixi qoruyub saxlayanlar, daha da inkişaf etdirənlər və füsunkarlaşdıranlar isə Şəhla Xəlilqızı kimi yazıb-yaradan insanlardır. Gəlin onun “Qəbələ” şeirindəki bəzi məqamlara diqqət yetirək.
Gül-çiçəkli dağları var,
Naz-nemətli bağları var.
Gənclik dolu çağları var,
Qəlbi bahar, yaz, Qəbələ.
Bütün dünya deyir səndən,
Gözəlləşir günü-gündən.
Şəhla baxıb deyir gendən,
Dərdin olsun az, Qəbələ.
Bir şeirində isə xalqımızın çəkdiyi müsibətlərə, zillətlərə hay verən ulu öndər Heydər Əliyevin portretini yaradan bilib. Namərdlərin xalqımıza divan tutduğu məqamda özünü yetirən dahi şəxsiyyətin əzəmətliliyini, ululuğunu belə qələmə alıb:
Nişanlı qızlar ağlayan zaman,
Bakının üstünü alanda duman.
Namərdlər xalqıma tutanda divan,
Gəldi harayına Heydər babamız.
Bəxş edib bizlərə ömür payını,
Tutub haqq yolunun sağ və solunu.
Müstəqil etməyə hər bir oğlunu,
Gəldi harayına Heydər babamız.
Bu şeir kitabı haqqında söz deməyin öz yönü, dəst-xətti var. Burada oxucu düşüncəsi və şeirin ideya-məzmunu da əsasdır. Hər bir şeir öz müəllifinin yaşam və düşüncə süzgəcindən keçib gəlir. Ona görə də “Getmı amandı” kitabını oxumadan da kitabda hansı fikirlərin, duyğuların sətirlərə köçəcəyini sanki bilirdim:
Günlərim, aylarım ağlatdı məni,
Kədər zəngirlə bağlatdı məni.
Nə üçün axıra saxlatdı məni,
Çıxarın bu dərddən, bu qəmdən məni.
(“Bu qəmdən məni”)
Onu da deyim ki, özgə müəlliflərdən fərqli olaraq Şəhla xanımın bəzi şeirlərini hətta bir neçə dəfə oxuduqdan sonra bu rəy yazmağa başladım. Şeir bir ilahi vergidir, hər kəsə qismət olmur. Hər kəs də baxdığını görə, gördüklərini duya bilməz. Əsl şeir insanın yaşam tərzindən, həyata baxışlarından yaranır:
Qeyrəti, isməti özündən gözəl,
Həyası, abırı üzündən gözəl.
Gülüşü, baxışı sözündən gözəl,
Heyranam Dızaxlı gözəllərinə.
(“Heyranam”)
“Getmə amandı” kitabı həm də Ş.Xəlilqızının iç dünyasının bir güzgüsüdür desək, yanılmarıq. Bu iç dünyada Qəbələ ilə yanaşı, Zəngəzur, İrəvan, Qarabağ və böyük Azərbaycan adlı bir məmləkətin ağrıları yaşayır. Vətən torpaqları ötən əsrin əvvəllərində və sonunda çox müharibələr, qanlar-qadalar gördü. Biz dünyanın bəzi mətləblərini, ikili standartlarını duya bilmədik. Hələ də dünyamızda ağa qara deyənlər, gücə güvənənlər azalmır.
Doğmasan, şirinsən canlardan artıq,
Sənə güvənc olub əl-qol atırıq.
Qarabağ alınsa kama çatarıq,
Ceyranlar qayıdar düzlərə, Vətən.
Şəhlayam, səslərəm birliyə hər an,
Ona yolçu olsun haqq ilə zaman.
Hay çəkək düşməndə qalmasın aman,
Güc-taqət gətir dizlərə, Vətən.
(“Vətən”)
Bir də bu şeirlərdə Abdullanın dünyası yaşayır. Burada Azərbaycan dünyası ilə Şəhla xanımın dünyası birləşir. Şairin dünyalar qədər sevdiyi bu vətənin göyləri və yeri nələr gördü, nələr çəkmədi:
Dərdim sonsuz, giley hədsiz,
Gözüm qəmdən olmur nəmsiz.
Deməyin siz mənə dərdsiz,
Bir düşün gör nə çəkirəm.
(“Gör nə çəkirsən”)
Vətən torpaqlarının işğalı, yurdumuzda gedən bu ədalətsiz müharibəyə qarşı şair qəlbində amansız bir narahatlıq dolaşır. Onun ürəyində böyük Azərbaycan, bir türk millətinin narahatlığı yaşanır.
Bizim hər birimizin ömür yolu vətən dərdlərindən yoğrulub. Hər birimizin vətənə, onun torpağına-daşına ehtiyacımız var. Bu ehtiyac ana məhəbbətindən, övlad sevgisindən gəlir. Ş.Xəlilqızının şeirlərində bu sevgi doğma yurdun içindən keçir.
Ananın qəlbidir, atanın gözü,
Qoy daim alışsın ocağın közü.
Bəd gözdən qorusun qoy Tanrım səni,
Çiçək açan bir bahardır, Səriyyə.
Bədii yaradıcılıq üçün hazır resept olmasa da, sənətkarların bu haqda fikirləri problemə bir qədər aydınlıq gətirir. Elə buna görə də diqqəti həmin məsələ ilə bağlı fikirlərə yönəltmək zərurəti ortaya çıxır. Böyk filosof Platon hesab edirdi ki, yoxdan vara çevrilən hər bir şey yaradıcılıqdır. R.Rollanın fikrincə: ''Yaratmaq ölümü öldürmək deməkdir''. O.Balzak isə belə düşünürdü ki, yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır… A.Blok şairin qabiliyyətini, istedadını xaosdan harmoniya yaratmaqda axtarırdı. U.Folkner etiraf edirdi ki, böyük əsərlər dəhşətli əzablar içində doğulur. O, həm də bu qənətdə idi ki, hər bir insan yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.
Doğrudan da, yaradıcılıq ağrılı, əzablı bir prosesdir. Lakin bu ağrılı-əzablı prosesdən sənətkarın aldığı nəşə, ləzzət heç nə ilə əvəz oluna bilməz. Ilham – yaradıcılıq sevgisi sənətkarı hər cür əzaba, əziyyətə mətanətlə sinə gərməyə sövq edir. İstedadlı şair, müəllim, ləyaqətli vətəndaş, dəyanətli elqızı, ana Şəhla Xəlilqızı da o yazarlardandır ki, daim ilhamı, yaradıcılıq sevgisi azalmır. Ona gələcək yaradıcılığında uğurlar arzulayıb yeni kitablarını gözləyirik.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









