Xəbərlər
Batareyasız işləyən sensor ixtira edilib
ABŞ-nin Arkanzas və Miçiqan universitetlərinin tədqiqatçıları elektrik kabellərinin yaratdığı zəif maqnit sahələrindən enerji əldə edərək batareyasız işləyə bilən qrafen əsaslı temperatur sensoru hazırlayıblar.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yeni texnologiya ənənəvi batareyalara ehtiyac duymadan, çox aşağı enerji sərfiyyatı ilə uzun illər müstəqil işləyə bilən sensorların yaradılmasına imkan verir.
Sistem ABŞ-də istifadə olunan 60 hers tezlikli dəyişən cərəyan kabellərinin ətrafında yaranan elektromaqnit sahələrindən enerji əldə etmək üçün xüsusi qrafen induktorundan istifadə edir. Toplanan enerji sabit cərəyana çevrilərək cihazın işləməsi üçün istifadə olunur.
Sistemin topladığı enerji kondensatorlarda saxlanılır. Bu yanaşma elektrik enerjisinin kəsilməsi zamanı belə sensorun müəyyən müddət işləməsini təmin edə bilər. Tədqiqatçılar cihazın ehtiyat enerji hesabına bir həftəyədək işləyə biləcəyini bildirirlər.
Qrafen əsaslı sensorların günəş enerjisi ilə işləyən versiyası da hazırlanıb. Gələcəkdə bu texnologiyanın istilik, səs və hərəkət kimi müxtəlif mənbələrdən eyni vaxtda enerji toplayan sistemlərə çevrilməsi nəzərdə tutulur.
Yeni texnologiya birdəfəlik batareyalardan asılılığı azaltmaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq və cihazların texniki xidmət xərclərini aşağı salmaq baxımından perspektivli hesab olunur.
















