Xəbərlər
25.02.2026, 18:45
“DƏMİR QANADLI QARTAL”IN SON UÇUŞU - FOTO
Məhəmməd Nərimanoğlu,
Bakı şəh. 25 fevral 2026-cı il,
“Şairelli, şirindilli KƏNDİMİZ” kitabından
Bir kök üstə bitən min ağac...
Kəlbəcərdə kasıbçılıq hökm sürsə də, heç kimin özünü kasıb hesab eləmədiyi illərdən “qara nağıl” danışacam. Nağıl dili yüyrək olar”, deyib böyüklərimiz, yəni tez başa çatar. Ona görə də oxumağa tələsməyin, bu, həm də bir ailənin yox, bir elin faciəsidir, kədərli notlarla yazılıb.
Otaqlıda axtaranda, bütün nəsil-tayfalar bir-birinə bağlı idi. Yəni kökü bir nəsilə gedib çıxırdı. Səfərlər nəslindən olanlar, az qala, bütün beş kəndimizə səpələnmişdi: qız verib, qız alan tayfalar qohumlaşmış, doğmalaşmışdı. Əsgər dayının da nəsil şəcərəsinin bir ucu Səfərlərə bitişik idi, məhlələri kimi.
Əsgər dayıgilin evi kənddən yaylağa gedən yolun üstündəydi. Güneydə, daş-qa¬ya-nın qoyun-qoltuğuna sığınan bu kasıb komada bir çətən külfət yaşayırdı. Kənddən Dikyurd yaylağımıza, biçənəklərə aparan piyada yolunun (sonradan Əsgər dayının oğlu Heydər həmin yolla “DT-85” taraktorla dağa-arana gedib gəlirdi) kənarında idi məhəllə.
Əsgər dayı¬nı göz açandan kolxozun subay malının naxırçısı kimi görmüşdük. Həyat yoldaşı Zər¬ni¬gar xala Muradlardan idi, daha doğrusu, Abdullanın, Həbibin anası Zərnişan xalanın, Həcərin ba¬cısı...
Nəcəfov Əsgər İsmayıl oğlu 1925-ci ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan, 01 aprel 1993-cü il tarixdə Kəlbəcərdə şəhid olub. Amma məzarı və başdaşı olmadına görəı bu tarix daşa yazılmadı, balalarının sinsinə həkk edildi.
Əsgər dayının həyat yoldaşı Zərnigar Hüseyn qızı da 1932-ci ildə bu kənddə dünyaya göz açmışdı. 1984-cü ilin 14 dekabr tarixində rəhmətə gedib, balalarını böyük qızı Qəmərə tapşıranda Qafarla Reyhan ana itkisinin nə demək olduğunu hələ anlamırdılar. Ailənin böyük uşağı Qəmər 1952, Şəmşir 1954, Heydər 1957, Dilqəm 1961, Qafar 1965, sonbeşik Reyhan isə 1968-ci ildə anadan olublar.
Əsgər dayı və qardaşı Novruz (o, ailə qurduqdan sonra Barmaqbinədə yaşayır, kəndin qoyun sürüsünü otarırdı, Allah rəhmət eləsin! Ölümü də qəfil olmuşdu Novruz əminin. Günortaya yaxın elə yaylaqda, sürünü otararkən “qara sancı”dan dünyasını dəyişmişdi. Sən demə, o vaxtlar başı çıxılmayan azar imiş “qara sancı” (əslində, “kor bağarsaq” - bağarsaq keçməzliyi xəstəliyi imiş). Vaxtında həkimə çatdırsalar, əməliyyatla həyatını xilas edə bilərdilər.
Kəndin ən fağır Allah bəndəsi...
Biz gördük və böyüklərimizdən eşitdik ki, Əsgər dayı “bir qarışqa ayaqlamayıb”- o qədər ki, Allah adamı idi. Balalarını kasıbçılıqla dolandırırdı. Lakin balaları da ata-analarını hələ kiçik yaşlarından darda qoymamışdılar. Ailənin böyük qızı Qəmər anası Zərnigar xalaya, oğlanları Şəmşir, Heydər, Dilqəm və Qafar isə kəndin quzusunu otarmaqla ailənin yükünə kömək olurdular.
Beş kəndimizi bir sovetlikdə (indiki inzibati ərazi) birləşdirmiş və kolxoz (ümumi təsərrüfat) yaratmışdılar. Əsgər dayı qonşusu, Cəmilin oğlu Yusif və Dərəqışlaq kəndindən olan Məşədi Kazımın oğlu Əhməd kişi ilə Kalinin adına kolxozun subay mal naxırçısı idi. Bu adam, inanmıram ki, bircə gecə öz ailəsində, balalarının yanında, isti ocağında yatıb dincəlmişdi. Həyatını və ömrünün əzablı illərini çöldə-bayırda, qaramal yanında keçirmişdi. Kimin ağlına gələrdi ki, daşnak erməni vandalları onun da ömrünə qənim qəsiləcək...
1993-cü il, aprel ayının əvvəlləri - Kəlbəcərin işğal edildiyi dəhşətli günlər idi. Hələ mal-qara qışlaqdan çıxmamışdı. Əsgər dayı da hərdən Barmaqbinədən Otaqlıya, balalarının yanına gələrdi. Həmin ağır günlərdə evdə idi. Kənd camaatı əlacsızlıqdan baş götürüb qaçsa da, o, inana bilmirdi ki, kasıb daxmasını ermənilər darmadağın edər, onu əsir aparar. İnanmadığı üçün də, kənd cammatı ev-eşiyini tərk edəndə onu da balaları məcbur edib Kəlbəcərə, əlsiz-ayaqsızları mühasirədən çıxarmağa göndərilən hərbi vertolyot (helikopter) uçan Yuxarı düzdəki futbol meydançasına gətirmişdilər. Qoca-qarıdan, uşaqdan tutmuş böyüyədək burada adam əlindən tərpənmək olmurdu.
Böyük oğlu Şəmşir onu sonuncu vertolyota mindirəndə Əsgər dayı qəti etiraz eləsə də, vəziyyətin ağırlığını başa düşüb, susmuşdu. Nə biləydi ki, bu, onun “son uçuşu” olacaq. Kimsə bilmirdi başına nə gələcək. Ermənilər qurudan (Ağdərə istiqamətindən) yollarımızı bağladıqları kimi, havaya da qənim kəsilmişdilər. Murovdağdan aşan vertolyotu hədəfə alanda elə düşünmüşdülər ki, onun içərisində daxili işlər naziri, illərdir ki, erməni daşnaklarının qənimi kimi tanınan general İsgəndər Həmidov da var. Ona görə də vertolyotu vurmuşdulr.
Onada “ara qarışıb, məssəb itən” günlər idi. Kimlər o vurulan vertolyotda həlak olmuşdusa, bilinmədi.
Əsgər dayının həmin qara, qanlı xəbərdən xəbəri yox idi, yoxsa, “iki dünya bir olsaydı”, yenə vertolyota minməzdi. Çox güman ki, elə onun balaları da bundan xəbərsiz idilər.
Qəfil qada, yoxsa planlı faciə?
Həddindən artıq yüklənən “dəmir qanadlı quş”un yerindən qalxa bilmədiyini vertolyotdakılar hiss etməsələr də, yerdə qalanlar “Allah, sən saxla!” nidası ilə qışqırırdılar. Vertolyotun pilotları da yəqin ki, belə qışqırıqlara neçə gün idi ki, öyrəşmişdilər. “Qorxmayın, sakit olun”la onlara təsəlli versələr də, vertolyotun sanki “qədəmləri qırılmışdı”, havaya qalxa bilmədi, Qayanın başından qalxmaq istəyəndə Basarkeçər istiqamətdən atılan raket, onu bir az da silkələdi və o, qayaların başından özünü Şaplar kəndinə gedən yola çatdıra bilməyib, Tərtər çayının sahilində daş-qayaya çırpıldı. Bunu içəridəkilər necə hiss elədisə, onu da bilmədik.
O gün kəlbəcərlilər daha bir dəhşətli qanlı hadisənin -vertolyot qəzasının şahidi oldular. Hələ 1989-cu ilin iyulunda gördükləri vertolyot “qəzası”nın şokundan, xofundan çıxmamış (həmin hadisədə 8 məktəbyaşlı oğlan uşağını biçib-tökmüşdü hərbi vertolyot. 8 nəfərlik saqqallı erməni silahlı quldur dəstəsini tərksilah edən ağdabanlı qadınlarımızın əlindən alıb, Xankəndinə - quldur yuvasına aparmağa gəlmişdi həmin “dəmir qanadlı quş”), daha birini yaşadılar...
Poçtda telefon çəkilişi ilə bütün kəndlərdə hamının ən əziz qonağı olmuş Vəli Abduləli oğlu da vertolyotun qəzaya uğradığını eşidib, özünü hadisə yerinə çatdırmışdı. Ölənlərin arasında Əsgər kişini də görüb. Onsuz da yaralıların bir yana çıxarılması müşkül iş idi. Ona görə də Vəli dayı Əsgər əmini eləcə orada – ana yurdu Kəlbəcərdə “qara torpağa əmanət” verməli oldu. Heydər o gün Kəlbəcərdən qağasız (uşçqlar atalarına qağa deyə müraciət edirdilər) gəlmişdi...
İllər sonra, 2020-cilin sentyabrında başlayan İkinci Qarabağ savaşlarından sonra Kəlbəcər də doğmalarına qovuşdu. İllərlə atasızlığın ağrı-acısını yaşayan uşaqlar Kəlbəcəri ziyarət edəndə kəndə yox, Əsgər dayının “dəfn edildiyi” həmin yerə getsələ də, Tərtər çayının sağ-sol sahilini “ələk-fələk” eləsələr də, atalarından bir nişanə belə tapa bilmədilər.
“Göylərin yeddinci qatı”ndan gələn səda və nurlu sima
Ailənin sonbeşiyi olan Reyhan göz yaşlarını gizlədib, ürəyinə axıda-axıda deyir ki:
-Kəlbəcərimizin işğaldan azad edildiyi gün bizə də toy-bayram olmuşdu ki, illərdir məzarını ziyarət edə bilmədiyimiz atamızın ruhunu şad edəcəyik. Təəssüf ki, bu arzumuz gözlərimizdə qaldı. Atamızın basdırıldığı yeri dizin-dizin süründüm, qarış-qarış axtardıq. Heç nə tapa bilmədik. Qardaşım Heydərlə Şəmşir stadionda onu vertolyota mindirəndə birinə yer olmayıb. Şəmşir qalıb, Heydərə birtəhər yer eləyiblər ki, qoca atasının yanında olsun. Vertolyot qayadan üzüaşağı şığıyıb, Tərtərin sahilində parça-parça olanda Heydər də yaralanmışdı. Vəli dayı özünü yetirəndə Heydər yaralı-yaralı atamı bir tərəfə çıxarmaq istəsə də gücü çatmayıb. Vəli dayı Heydərə kömək edərək, əlləri ilə ikisi də ona “qəbir” qazıblar, yəni balaca bir çuxur olub, qayanın dibində. Qağamı orada torpağa müvəqqəti əmanət ediblər ki, ara sakitləşər, qayıdıb aparıb kənddə dəfn edərlər.
İllər sonra həmin yeri ziyarət edəndə orada bir ağacın bitdiyini gördük. Atamız ağaca çevrilmişdimi, yoxsa həmin ağac onun qəbrinimi qorumuşdu, bilmədik. O qədər harayladım ki, qağam səsimə səs vermədi, yəqin ki, ruha çevrilib, xaraba qalan kəndimizə, məhləmizə uçmuşdu. Orada da çağırdım, səsim içimdə qırıldı. Səs-səmirim batdı. Qağam da yəqin ona görə eşitmədi, tapa bilmədik, heç olmasa paltarından, sümüklərindən bir nişanə olsaydı...
O gecə gözlərimə yuxu getmədi. Bir balaca mürgüləmişdim, nə görsəm yaxşıdır?! “Göylərin yeddinci qatı”ndan yerə gələn qağam yuxumda da göylərdə idi sanki. Buludların arasında bir nurlu sima vardı. Mənə dedi ki: “ağlamayın, şükr edin ki, Kəlbəcərə gələ bildiniz, qayıtdınız, mən sizi görürəm”! Valalh, O, qağamın ruhu idi...”
Bu “qara nağıl” burada bitdi, amma onun verdiyi ağrı-acı, göz yaşları bitdimi? Çətin. Sonbeşik qız balası Reyhan heç olmasa yadigar bircə şəkli də olmayan qağası haqqında danışa bilmədi, göz yaşları imkan vermədi ki, atasına bir ağı-bayatı desin. Burada verdiyimiz ağı-bayatıları o, göz yaşları yazıb bizə yollayanda Allah bilir, necə hala düşmüşdü:
Eləmi qara yazım,
Ver qələmi, qara yazım.
Atasızlıq dərdimi,
Ağ yazım, qara yazım?!
Göynəın gedən quşdumu,
Qanadı qurumuşdumu?
Allah, Qağam olan uçağı
Yağılar vurmuşdumu?!
Kəfənsiz olanım, hey!
Yazımda solanım, heey!
Bizdən etibarlı oluf,
Yurdunda qalanım, hey!
Üz-gözü gülməyən atam,
Dərdimi bilməyən atam!
Kəndini daha əziz tutub,
Bizimlə gəlməyən atam!
Tərtər, nələr eylədin,
ağrım başın teylədin!
Qırdın Reyhanın dizini,
Sahilndə əylədin!

“DƏMİR QANADLI QARTAL”IN SON UÇUŞU
Əsgər dayı kimi neçələrinin ömrünə qənim kəsildi o gün: yarıyol-yarımənzil oldular