Turaztv.az » Xəbərlər » Dost-tanışa ümid “bəxş etməyi” bacaran insan- FOTO
Xəbərlər

Dost-tanışa ümid “bəxş etməyi” bacaran insan- FOTO

21.08.2025, 00:03 142
İlqar Həsənov - 66
Dost-tanışa ümid “bəxş etməyi” bacaran insan Yaxud, 66 Yevlaxın avtomobil seriyasıdır, İlqar Həsənov

Dünən öyrəndim ki, avqustun 24-də onun – ölkə mətbuatında hamının dostu, tanışı, söz demək, xahiş eləmək üçün ümid yerlərindən biri olan İlqar Həsənovun 66 yaşı tamam olur. Bu faktı öyrənəndə yadıma düşən ilk məqam onun kiminləsə söhbətdə eşitdiyi birdən yüzə qədər olan istənilən rəqəmə qəribə reaksiya verməsi oldu. “36 Qəbələnin nömrə seriyasıdır”, “60 Tovuzun avtomobil seriyasıdır” və sair bu kimi replikaları ondan çox eşitmişik. Elə isə 66 da Yevlaxın avtomobil seriyasıdır.
O Yevlaxın ki, bu il iyulun 22-də – Milli mətbuatımızın 150 illiyi münasibətiylə şəhər icra hakimiyyətinin başçısı bir qrup mətbat təmsilçisi ilə görüşmüş, onları təbrik etmiş, fikirlərini, ürək sözlərini dinləmişdir. Bəlkə də kimsə deyə bilər ki, bir həmkarın ad günü münasibətilə qələmə alınan yazıda hansısa şəhər icra hakimiyyətində keçirilmiş tədbiri – həm də bir ay ötəndən sonra – yada salmağın nə mənası var? Dərhal cavab verirəm ki, həmin xatırlatmanın mühüm mənası var.


Belə ki, mən hələ “Dalğa” qəzetində və ya Dövlət radiosunda çalışdığım illərdə ( hətta ondan əvvəllər də) daim “Xalq qəzeti”ni sevmiş və onun təəssübkeşi olmuşam. İlqar isə bizimlə bərabər çalışdığı bütün illərdə bu qəzetə nüfuz qazandıran, üz ağlığı gətirən əməkdaşlarımızdan olmuşdur. Mənim bu arqumentimə inanmaq üçün indi yada saldığım tədbir haqqında oxuduğum informasiyada jurnalistlərin sıralanmasına nəzər yetirmək kifayətdir: ““Xalq qəzeti” nin bölgə müxbiri İlqar Həsənov, “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Dialoq.az” xəbər saytının rəhbəri Natiq Əliyev, İTV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov, ELTV-nin Baş direktorunun yaradıcılıq işləri üzrə müavini Rəna İbrahimova…” Halbuki, həmin tədbirdən hazırlanmış materialla birlikdə verilən foto-şəkillər də sübut edir ki, orada İlqar Həsənovdan yaşca böyük olanlar az deyildi. Qərəz, 66 Yevlaxın avtomobil nömrə seriyasıdır.

… Dəqiq bilmirəm, jurnalist kimi fəaliyyət göstərdiyim on illər boyu bəlkə də əllidən çox şəhərdə olmuşam. Amma Daşkənd – Səmərqənd sürət qatarı ilə getdiyim saat yarımlıq yolda da keçirdiyim həyəcanın “anoloqunu” xatırlamıram. Çingiz xanın darmadağın edib viranəyə çevirdiyi Əfrasiyab şəhərinin ( indi adı Səmərqənddir) orda-burda görünən qalıqlarını, Əmir Teymurun fəth etdiyi bütün ölkələrin ləl-cəvahiratını, zər-zibasını və yaradıcı insanlarını daşıyıb gətirərək möcüzədən də qeyri-adi olan, heyrətamiz bir şəhər yaratdığını düşünə-düşünə ətrafa böyük acgözlüklə nəzər salırdım. Elə bilirdim Əmirin atlarının ayaq səslərini, şəhərin ərsəyə gəlməsində iştirak etmiş soydaşlarımızın hansınınsa səsini eşidəcəm. Sən demə bütün maraq, təlaş, heyrət və həyəcan dolu baxışlarım və hərəkətlərim yanımdakıların hamısının diqqətini çəkibmiş.
– Özbəkistanda ilk dəfə olursunuzmu əkə? – deyə, kimsə sanki məni aludə olduğum fikirlərdən ayırmaq istədi.
– Bəli. Qazaxıstanda, Türkmənistanda, Qırğızıstanda çox olmuşam. Düşündüm ki, ömür qısadır, Daşkəndi, Səmərqəndi də görüm.
– Ömür qısadır deməyin, əkə. Siz bizə hələ çox lazımsınız.
Körpə uşaq kimi çaşdım. Çünki bu sözü indiyədək mənə ancaq İlqar Həsənov deyib. Özü də, bəlkə hər ay.
– Sizə deyəndə, mən kimə lazımam ki?
– Yaşın bu həddində də türk ölkələrini gəzib-dolaşan, hamısını görmək, təbliğ etmək istəyən qələm sahibi özbəyə, qazağa, qırğıza, türkmənə, Anadolu türklərinə – hamımıza lazımdır. Ömürün qısa olduğunu unudun ki, Allah ömrünüzü daha bərəkətli eləsin.
… Adilxon Capparov adlı həmin müəllimlə xeyli söhbət etdik. Ona xatırlatdım ki, “sən hələ bizə çox lazımsan!” – ifadəsini eşitdiyim ikinci adamsan.
– Birinci adam hansı şəhərdəndir? Bakıdandır, Yoxsa Daşkənddən?
– Gəncədən.
– Nizaminin Gəncəsindənmi?
– Bəli.

… Bəli, mənim əsəblərimin yerində olmadığını, on illər boyu ürək problem ilə yaşadığımı bilən İlqar Həsənov üzləşdiyim istənilən problemdən ( həmin problemlər isə heç zaman əskik olmayıb) xəbər tutanda dərhal zəng edib ki, hacı, fikir vermə, özünü qoru: “Sən hələ bizə çox lazımsan”. Qəribədir ki, emosional adamlar belə təskinliklərə dərhal inanırlar. Mən də həmçinin. Üstəlik, bu ümidi mənə təkcə problemlərlə üzləşdiyim vaxtlarda deyil, tez-tez bəxş edir. Daha maraqlısı odur ki, mən işdən çıxandan sonra ən çox zəngini eşitdiyim həmkarımız məhz odur.
… Onun özünəməxsus “üçbucağı” var. Mən bir dəfə zarafatla “sənin Bermud üçbucağın” ifadəsini işlətmişdim. Nə üçünsə reaksiya verməmişdi. Bəlkə də onun sevdiyi şəhərlərlə bağlı olan üçbucağını Bermuda oxşatmağım xoşuna gəlməmişdi. Əslində haqlı idi. Çünki Bermud üçbucağında ümidlər itir, işıqlar sönür. Onun yaratdığı Gəncə – Bakı – Zaqatala üçbucağında isə daim ümid yaranır, işıq parıltısı görünür. Nə zaman zəng eləsək, mütləq bu üç şəhərin birində olur. Öz üçbucağında yaratdığı ümidin bir hissəsini isə mütləq kimlərəsə bəxş edir. Mənə də həmçinin.
Aydın Canın “qoca oğlan” adlandırdığı bu gənc həmkarımızın ad gününü təbrik edirik!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Xırdalan, İsi Məlikzadə küçəsi, 18 avqust, 2025-ci il.

Oxşar xəbərlər