
Xəbərlər
17.02.2025, 20:39
Məhəmməd Nərimanoğlu : Tanınmadığınız tanışlar... - FOTO

Tanınmadığınız tanışlar
Yolayrıcı - sənətdən sənətkarlığadək
Kəlbəcərdə “Dəllək Allahverən” kimi tanıdığımız usta həm də sözün, kəlmənin ustadı imiş
Nədənsə, mənim qələmə aldığım nə varsa, bir səbəb-bəhanədən yaranır. Bilmirəm ki, hər kəsdə belədir, yoxsa elə mənim qismətimə yazılıb bu?! Əlbəttə, səbəbsiz bir şey yoxdur. Elə insanın özü də bu dünyaya səbəbsiz gəlməyib, yaxud da gətirilməyib.
Bir-iki ilin söhbətidir. Gecənin bir aləmi FS-dəki səhifəmdə olan yazılarımı oxuyub həmişə “layk edən”, aradabir “var olun, nə yaxşı ki, elimizin sizin kimi qələm-söz adımı varmış”... kimi cümlələrlə könlümü almağa çalışan bir nəfər mənə mesencerdən “giley-güzarını” da gizlətmədi.
Düzü, iradı ilə razılaşdım. Haqlı idi, ərki ilə. Bu adam məni yaxından tanıyırmış, həm də bir elin övladı olduğumuzu da bildirirdi. İradı nəydi: “Niyə ancaq tanınmışlardan yazırsız, məgər mənim anam kimi, sadə bir kəndçi qızından yazmaq olmazmı?!”
Sanki ürəyimin başını hədəf seçmişdi. Nişangahdaydım. İradını qəbul edib dedim:
-Ananız kimdi, nəçidir, nə işlə məşğuldur? Tanımadığım birindən nə yazım ki, ay bala?!
-Yox, yaxşı tanıyırsınız: Kəlbəcər rayonunun Barmaq binə kəndindən Bəylər oğlu Əlinin, Gülüsümün, Nabatın qızı Səlvinin oğluyam. Dayılarımı da yaxşı tanıyırsız: xalıqverdi, İmamverdi qardaşlarıdır. Mənim ana babam Bəylər bəy olub vaxtilə. Onu da bilməmiş deyilsiniz. Anam sizin qohumdur, nə olsun ki, işi, vəzifəsi, qələmi-sözü olmayıb. Həmin ailənin üzvlərindən biridir mənim anam. İstərdim ki, onun haqqında da sizin bir məqalənizi oxuyum. Mümükün deyilmi? Amma mənim adımnan bir şeir də yazarsnız, xahiş edirəm.
Gizli təxəllüslü, açıq qəlbli şair
Bu söhbətin nəticəsi olaraq o gecə sabaha kimi mən həmin istəyi yerinə yetirdim...
Bir-iki gün bundan öncə FS-də Vahid Alıyevin səhifəsində paylaşılan şeirləri oxudum. Əvvəlcə elə düşündüm ki, onun öz yaradıcılıq nümunələrindəndir. Yanılırmışam, Kəlbəcərli Səyyad onun atası, Kəlbəcər şəhərində “Dəllək Allahverən” kimi tanınan bir ustaya məxsus imiş. Maraqlıdır. Nədən bəs öz adı deyil, Kəlbəcərli Səyyad? Bunu oğlu Vahiddən soruşdum. Bildirdi ki, atamın təxəllüsünü rəhmətlik Həmid müəllim (rus dili müəllimimiz olmuş Həmid Hacıyev) verib:
-Atam utanırmış öz adıyla şeir yazmağa. Səbəbini biz də bilmirdik. Elə o vaxtdan Səyyad təxəllüsü ilə yazıb. İki kitabını qaçqınlıq-köçkünlük illərində buraxdım. Arzusu idi. Amma kitabı naşılar çap ediblər, xeyli texniki qüsurları da var. Əlbəttə, sevinərdim ki, atamın şeirlərinə sizin də münasibətiniz olsun. Ən azı, atamı Kəlbəcərdə tanıyan qələm adamlarından biri də siz olmusunuz.

Söhbətimiz burada bitdi. Budur indi kəlbəcərlilərin yaşlı nəslinin qalanlarının Dəllək Allahverən kimi tanıdığı şair qəlbli Səyyad Kəlbəcərlidən söz açmaq istəyindəyəm. Özünü yazılarında Səyyad Kəlbəcərli kimi təqdim edən bir saç ustasının (Məişət Xidməti Kombinatının işçilərindən biri, dəlləkxanası isə elə bazara yaxın idi) ustadlığadək keçdiyi ədəbi yolun başlanğıcındayam. Şeirlərini saf-çürük eləməkdən uzağam. Sadəcə, məni heyrətləndirən odur ki, kəlbəcərlilərin şeir yazmayanı olmayıb, yəqin. İllər boyu Bəhməni, Sücayəti, Ənvər Rzanı, daha sonrakı ədəbi nəsli tanıyan kəlbəcərlilərin şeir-sənət xiridarı olmaqları bir yana, özləri də yazırmış, sadəcə, öndə olanlardan keçmək, “mən də yazıram”-iddiasından uzaq durublar.
Allahverən əminin oğlu Vahidin bir səmimi etirafını da oxudum səhifəsindən. Kitabdakı texniki qüsurlarla bağlı üzrxahlıq edir. Onu da bildirir ki, atasının çap elətdirdiyi iki kitabdakı şeirləri 1993-94-cü illərdə qələmə aldıqlarıdır, əvvəlkilər Kəlbəcərdə qalıb. Açığı, kitablarının adını da bilmədim. Lakin, təxmin etdiyimə görə, kitablarının adı belədir: “Çoxları ölümə etsə də nifrət, nədənsə, bu, məndə olmadı adət” və “Dağlarsız dağlı”.
Tanışlıq üçün: Usta Allahverənin oğlu Vahid mənə yazdığı məlumatdan öyrənirik ki, Musayev Allahverən Allahverdi oğlu 1914-cü ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Uzun illər boyu Kəlbəcər Rayon Məişət Kombinatında bərbər işləyib. Ona görə daha çox Dəllək Kərim kimi, onu da sənəti ilə tanıyıblar - Dəllək Allahverən ləqəbi ilə. Şeirlərini, nədənsə, Səyyad, Dərdli Səyyad təxəllüsləri ilə yazırmış. Kəlbəcərdə yazdıqlarını götürə bilməyən el şairi yurddan ayrı düşdükdən sonra dərdini şeirlə dilə gətirib.
Beş oğul, iki qız atası olan Dəllək Allahverən yurdsuzluq ağrısına və ayrılığına dözməyərək, 2006-cı ildə Gəncədə dünyasını dəyişmiş, Göygöl rayonunun Aşıqlı kənd qəbristanlığında dəfn edilmişdir. Allah rəhmət eləsin.
Yara qəlbə yara olma, mən ölüm

Gəlin şeirləri Səyyad Kəlbəcərli kimi tanınan Dəllək Allahverən əminin poeziya nümunələrinə birlikdə nəzər salaq. Bəri başdan deyim ki, ustadlığadək ədəbi yolun yolçusu olmuş usta Allahverənin poeziya nümunələrinin əksəriyyəti (mən oxuduqlarım) klassik aşıq şeir növlərində qələmə alınıb. Burada divanidən başlamış, müxəmməsədək hər növdə şeirə rast gəlmək olar. Mövzu baxımından da usta özünü ustadlıq ucalığında təsdiqləyib.
Vətən, itirilmiş yurd, həsrət, ağrı ilə yanaşı, sevgi-məhəbbət və zəmanənin əliəyrilərini tənqid atəşinə tutan satira da bura az deyil. Bir rübaisinə baxaq:
Səyyad, gözümzə yaş qoya-qoya,
Daş qoyduğu yerə baş qoya-qoya,
İnsafmı, mələklər, quş olmasaq da,
Endirir məzara, “quş” qoya-qoya?
Daş qoyduğu yerə baş qoya-qoya,
İnsafmı, mələklər, quş olmasaq da,
Endirir məzara, “quş” qoya-qoya?
Səyyad Kəlbəcərlinin qoşmalarının da mövzusu müxtəlifdir. Burada candan əziz olan Vətən və canan da var. Əsas odur ki, hər ikisi də eyni can deyən dildən süzülüb gəlir. “Gözlərin” rədifli qoşmasında da bu, özünü göstərir:
Dərdli Səyyad bu nisgili dağlasın,
Yurd daşını yarasına bağlasın.
Bir yol görüb, bircə dəfə ağlasın,
Peşkəşdi yolunda yenə gözlərim.
Yurd daşını yarasına bağlasın.
Bir yol görüb, bircə dəfə ağlasın,
Peşkəşdi yolunda yenə gözlərim.
Bildiyimiz kimi, qoşmaların müxtəlif növləri var ki, onlardan biri də “qoşayarpaq”dır. Allahverən əmi ədəbiyyatı, şeiriyyatı yaxşı bilməsəydi, məgər o, qoşayarpaq yazardımı? Nümunəyə baxaq:
Ay ellər gözəli, sözü məzəli,
Düşmüşəm bir işə, gümana gəlim.
Odlanıb əməlli, aşiqin bəlli,
Can umur canannan, dərmana gəlim.
Səri-kuyin Vətən eyləmişəm mən,
Xəta bəxtikəmnən, əfv etmək sənnən,
Bürünmüşəm həmən, boynumda kəfən,
İqrar versən əgər, qurbana gəlim.
Düşmüşəm bir işə, gümana gəlim.
Odlanıb əməlli, aşiqin bəlli,
Can umur canannan, dərmana gəlim.
Səri-kuyin Vətən eyləmişəm mən,
Xəta bəxtikəmnən, əfv etmək sənnən,
Bürünmüşəm həmən, boynumda kəfən,
İqrar versən əgər, qurbana gəlim.
Gözəllərə yazılan şeirlər gözləri də sevindirir, gözəlləri də. Şair təbli ustamızın (ustadımız) bir “yalvarışı”na da nəzər salaq. Sanki eşqin girdabında boğulan aşiqin səsidir gəlir:
Elə baxma, baxışından od düşər,
Yara, qəlbə yara olma, mən ölüm.
Yar olmadın, azar oldun, a zalım,
Yara dildə, yara dəlmə, mən ölüm.
Gülüm, lüğətinnən məhəbbət sözün,
Sil ki, silməmisən ağlayan gözün.
Əyri kötüklərdə kəsilən düzün,
Baxıb taleyinə, gülmə, mən ölüm.
Dərdli Səyyad, əhdə tapşırdı səni,
Əfv eyləsə, sində yanar kəfəni.
Barı, o dünyamnan eyləmə məni,
Məzarım üstünə gəlmə, mən ölüm.
Yara, qəlbə yara olma, mən ölüm.
Yar olmadın, azar oldun, a zalım,
Yara dildə, yara dəlmə, mən ölüm.
Gülüm, lüğətinnən məhəbbət sözün,
Sil ki, silməmisən ağlayan gözün.
Əyri kötüklərdə kəsilən düzün,
Baxıb taleyinə, gülmə, mən ölüm.
Dərdli Səyyad, əhdə tapşırdı səni,
Əfv eyləsə, sində yanar kəfəni.
Barı, o dünyamnan eyləmə məni,
Məzarım üstünə gəlmə, mən ölüm.
Qul xətasız, aşiqlər butasız olmaz, -deyiblər. Şairlərin ilham pəriləri səmalardan enməz. Ona görə də həmişə onlar haqqın dərgahından umurlar hər şeyi, elə gözəllərin könlünü almaqdan, onları vəsf etməkdən də ötrü. Keçmiş dəlləyimiz (həm də xatırladım ki, şair təbli ustamız təbiətən o qəədər sakit, mülayim, səbirli idi ki, heç kim onun söz-söhbətini buraxıb, “usta, mən gecikirəm, xahiş edirəm...”,-deməzdi. Elə bu sətirlərin müəllifi ilə də ustanın xeyli söhbətləri olmuş və bir gün “Yenilik” rayon qəzetində oxuculara təqdim edilmişdi. İndi ona heyfsilənirəm ki, Kəlbəcərdə olarkən, orada Şamil Dəlidağın yaratdığı “Dəlidağın nəğmələri” ədəbi birliyinin ayda bir dəfə Kəlbəcər rayon mədəniyyət evində keçirilən toplantısında iştirak edən usta Allahverənin umacağını, istəyini niyə anlamamışıq. Sən demə, elə bu yığıncaqlarda bir-birini tənqid edən şairlərin onun da şeirlərinə münasibətini öyrənmək keçirmiş ustamızın xəyalından? Bəs nədən utanıb-çəkinib? Orada Mehdixan Kəlbəcərli, Vaqif Səlimov, Qəmkeş, İdris, Əyyub-Yaqub qardaşları, Mirsəyyaf, kamil Təbib, Surxay Səlim,Yusif Hüseyn, sadalamağa ehtiyac duymadığım neçə-neçə söz sərrafı olduğuna görə özünü, sözünü büruzə verməkdən çəkinib. Axı, onda xarakter olaraq bir utancaqlıq da hiss edirdik həmişə: uşaq təbiətli idi. Amma söhbətdən nə özü doyardı, nə də saçına-başına əl gəzdirdiyi müştərisi. Bu adam sanki xidmətinin əvəzini qəpik-quruşla, pul-para ilə deyil, şeirlə istəyirdi müştərisindən. Yerin behişt olsun, ustad!)
“Gülüm” rədifində yazdığı qoşması da bu qəbildəndir. Möhürbəndə baxaq:
Yolunda cəfakeş say olsa əgər,
Mərhəmət olunar, sayılsa əgər...
Eşqi-divanələr sayılsa əgər,
Bu Dərdli Səyyadı başda san, Gülüm.
Mərhəmət olunar, sayılsa əgər...
Eşqi-divanələr sayılsa əgər,
Bu Dərdli Səyyadı başda san, Gülüm.
Yuxarıda qeyd etdim ki, Səyyad Kəlbəcərlinin yaradıcılığında klassik şeir növlərinin demək olar ki, əksəriyyətinə rast gəlmək olar. “Siqaret” rədifli divanisi də bunu təsdiqləyir. Şair cana dərman eləmək əvəzinə, “canalanın nazı” ilə oynamağın necə təhlükəli olduğunu sevimli oxucularına belə çatdırır:
Kəsilmisən bizə qənim, vermirsən aman, siqaret,
Barmaqlarım arasında edirsən cövlan, siqaret.
Səni çəkənlər görmədim olmuya peşman, siqaret,
Açıqlasam möhnətini, yazarlar dastan, siqaret.
Başıma bir daş düşəydi, kələyinə uyanda mən,
Kaş ki, dönəydim külünə, ləzzətini duyanda mən.
Tüpürürəm ləzzətinə, axşam, səhər öyəndə mən,
Özümü ayrı tutmuram hər gün səni söyəndə mən,
Yetmiş il dözdüm nazına, məkirli şeytan-siqaret.
Pulumu püflədin göyə, pozdun canımda şəfamı,
Ətəyimi xəlbir etdin, yenə yandırdın çuxamı.
Tüstün zəhrimar kimidi, iyrənc edirsən havamı,
Sən Ənzəli qəmişinnən əgər, qurtarsam yaxamı,
Saçlarıma sığal çəkib, yaşaram doxsan, siqaret.
Barmaqlarım arasında edirsən cövlan, siqaret.
Səni çəkənlər görmədim olmuya peşman, siqaret,
Açıqlasam möhnətini, yazarlar dastan, siqaret.
Başıma bir daş düşəydi, kələyinə uyanda mən,
Kaş ki, dönəydim külünə, ləzzətini duyanda mən.
Tüpürürəm ləzzətinə, axşam, səhər öyəndə mən,
Özümü ayrı tutmuram hər gün səni söyəndə mən,
Yetmiş il dözdüm nazına, məkirli şeytan-siqaret.
Pulumu püflədin göyə, pozdun canımda şəfamı,
Ətəyimi xəlbir etdin, yenə yandırdın çuxamı.
Tüstün zəhrimar kimidi, iyrənc edirsən havamı,
Sən Ənzəli qəmişinnən əgər, qurtarsam yaxamı,
Saçlarıma sığal çəkib, yaşaram doxsan, siqaret.
Yeri gəlmişkən, mən ustadın oğlu Vahidə demək istəyirəm: sən heç də qəm eləmə ki, atanız Kəlbəcərdə dəllək Allahverən kimi tanınırdı. Gərək elə müəllifin öz adını verəydiniz kitaba. Çünki Kəlbəcərdə söz xiridarlarının arasında Dəmirçi Abbasımız, Sandıq Süleyman kimi sənəti ilə şan-şəhrət qazanmışlarımız az deyildi. Şairlik isə elmlə ölçülmür. Ustadlarımızın poeziyası elmli, fəlsəfi düşüncəlidir, alim olmasalar da, onlara haqqın, ədalətin yolunu poetik dillə göstərirlər.
Ustad Ələsgərimiz necə deyirdi:
“Dərsiazlar Ələsgərdən dərs alsın...”
Azərbaycan ədəbiyyatında qəzəlin öz yeri var. Yaxşı bilirik ki, qəzəlxanlarımız Nizamidən, Füzulidən, Nəsimidən bu yana unudulmayan qəzəl janrına bu gün də biganə deyillər. Avropa ədəbiyyatından dünyaya “at çapan” modernizm janrı ulu tarixli qəzəlin bircə beyti qədər dəyər qazana bilmədi. Son dövrlər lirikadan çox-çox uzaq, texniki, məişət ifadələrinin yığnağı olan “bəstələr”də də bu, özünü qabarıq göstərir. Heç bir məna kəsb etməyən “mahnılar” nə qədər “dəbə minsə də”, “dəvənin quyruğu yerə dəyəndə” elə şoular sevilə bilər. Bu mənada qəzəl janrının bütün əsrlər dövrü dəbdə olması təbiidir. Çünki qəzəldə fikir rəvan verilir, əruzun bu janrı ona görə sevilir. Maraqlıdır ki, ədəbiyyat adamı kimi tanınmayan ustamız da qəzəl yazmaqdan çəkinməyib, əksinə, qəlbinin sızıltılarını bu janrda daha gözəl verib. Onun qəzəllərindən birinə baxaq:
Zahida, Kəlbəcərə bənzəri yox cənnətin,
Haqqın var qınayasan, eyləsəm onun minnətin.
Torpağı duz tamında, ab-havası tər-təmiz,
Möminlərin xülyasıdır, dilikeşidir təbiətin.
Bir sirr də açım sənə, yolun düşsə, diqqət elə,
Daşından da duymaq olar qonağına məhəbbətin.
Haqqın var qınayasan, eyləsəm onun minnətin.
Torpağı duz tamında, ab-havası tər-təmiz,
Möminlərin xülyasıdır, dilikeşidir təbiətin.
Bir sirr də açım sənə, yolun düşsə, diqqət elə,
Daşından da duymaq olar qonağına məhəbbətin.
Şairimizi narahat edən məsələlərdən biri də yeni gələn müdirlərin köhnələrin kadrları ilə işləyə bilməmək xofudur. Bu, Kəlbəcərli Səyyadın da diqqətindən kənarda qalmayıb. “Müdir” rədifli gəraylı da bu qəbildən olan şeirlərindəndir:
Bizlərdə köhnə qaydadı,-
Hər gələndə təzə müdir.
Dincələ bilmir, köhnəlmiş
Çıxartmasa məzə müdir.
Ayağınnan yaman, yaman,
Builki qış vermir aman.
Belə getsə, azdı güman,
Çətin çıxaq yaza, müdir.
Köşkümüzdə hər deşiyə
Əskilər olub haşiyə.
Döndərmişik pir-beşiyə,
Gəlimməyək gözə, müdir.
Hər gələndə təzə müdir.
Dincələ bilmir, köhnəlmiş
Çıxartmasa məzə müdir.
Ayağınnan yaman, yaman,
Builki qış vermir aman.
Belə getsə, azdı güman,
Çətin çıxaq yaza, müdir.
Köşkümüzdə hər deşiyə
Əskilər olub haşiyə.
Döndərmişik pir-beşiyə,
Gəlimməyək gözə, müdir.
Deyirəm bəlkə şairin qələmindən boy verən nəzmə çəkilmiş həyat hekayələrinə də diqqət ayıraq? Haqqında bəhs edilən kitabda şairin poemaları yer alıb ki, onlardan biri də “Əsil savabın hekayəti” poemasıdır. Baxaq:
Kəndə xəbər gəldi ki, hazırlaşsın bu gecə,
Yığışsınlar mərkəzə tezdən, gedənlər Həccə.
Eşidənlər bildilər, vədə olubdu tamam,
İlahinin borcunu verməyə çatıb məqam.
Ürəkdən sevindi o, alanda bu xəbəri,
Ley kimi cumdu evə, özün təpdi içəri...
Yığışsınlar mərkəzə tezdən, gedənlər Həccə.
Eşidənlər bildilər, vədə olubdu tamam,
İlahinin borcunu verməyə çatıb məqam.
Ürəkdən sevindi o, alanda bu xəbəri,
Ley kimi cumdu evə, özün təpdi içəri...
Poemadan aydın olur ki, müqəddəs Həcc ziyarətinə gedənlərin arasında arzusu-niyyəti olanlar az olmasalar da, bu yola layiq olmayanlar da etdikləri günahların savabını qazanmaq istəyirlər ki, o da bayağı görünür. Oğruların, əyrilərin bu müqəddəs yolda da görünmələri şairin poetik dillə tənqid atəşinə tutması təqdirəlayiqdir.
Səyyad Kəlbəcərlinin daha bir gərayılsı ilə fikrimi sona çatdırmaq istəyirəm. Bu gün dəbdə olan “A ceyranım” saz havası usta-ustad Allahverən əminin də yaradıcılığından yan keçməyib:
Xoşdur mənə, eşqində gər,
Nələr yansam, ay ceyranım.
Xoşlamazlar külə dönsəm,
Hədər sansan, ay ceyranım.
Könül quşun uçsa hara,
Düşməsin qoy meyli sara.
Qəlbimizi çəkər dara,
Xara qonsa, a ceyranım.
Dərdli Səyyad dərsə səni,
Dağlanardı dərdi-qəmi.
Yer üzünə Günəş kimi
Ərməğansan, a ceyranım.
Nələr yansam, ay ceyranım.
Xoşlamazlar külə dönsəm,
Hədər sansan, ay ceyranım.
Könül quşun uçsa hara,
Düşməsin qoy meyli sara.
Qəlbimizi çəkər dara,
Xara qonsa, a ceyranım.
Dərdli Səyyad dərsə səni,
Dağlanardı dərdi-qəmi.
Yer üzünə Günəş kimi
Ərməğansan, a ceyranım.
Allah ustamıza və ustadımıza rəhmət eləsin. Kəlbəcərlilərin qəlbinin poetikliyi çox bənzərdir bir-birinə. Dünyasını dəyişənlərimizə Allahdan rəhmət, qalanlarına cansağlığı diləyirəm. Kaş, bütün övladlar bax belə - Vahid və qardaşı kimi olaydı. Onda tanımadığımız çox kəlbəcərlinin necə incə qəlbə malik olduğunu öyrənərdik.
Çünki bir ustanın ustadlığadək keçdiyi yola nəzər salanda onun poetik dünyasını görümək çətin olmur...
Bakı şəh. 17 fevral 2025-ci il.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

