
Xəbərlər
25.03.2024, 20:46
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN XEYRULLA İBRAHİMOV - FOTOLAR
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN XEYRULLA İBRAHİMOV
Tamilla Teymurqızının “Ruhum qaldı Qarabağda” kitabı eloğlumuzun hünəri, döyüş rəşadəti barədədir
Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Buna ölümlərin ən şərəflisi də deyirlər. Bu, müqəddəs Şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Yalnız müqəddəs amallar uğrunda, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu uca zirvəyə. Bu yüksəkliyə ucalanlar ölmürlər, əksinə ölümləri ilə əbədilik qazanırlar.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə hər zaman dərin ehtiram bəslənilir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.
Azadlığı, müstəqilliyi, babalardan miras qalan Vətən torpağı uğrunda şəhid olmağı bacaran xalq xoşbəxtdir. Bu mənada xalqımızın qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Ölkəmizdə şəhid ruhu ən yüksək zirvədə dayanır. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. 1990-cı ilin 20 yanvarından başlanan şəhidlik yolu Birinci Qarabağ müharibəsinin döyüş meydanlarında davam etdi, əcdadların qəhrəmanlıq ənənələrinə sadiq Vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Onların döyüş yolları, fədakarlıqları gənc nəslə örnəkdir.
Qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində layiqincə iştirak edən qəhrəman oğullarımızdan biri dəəslən basqallı, “Kobra” rəqəbli artilleriyaçı – polkovnik-leytenant Xeyrulla Mais oğlu İbrahimovdur.
Bu müharibənin istər şəhid, istər qazi oğulları, istərsə də müharibə veteranları barədə hələ ki, kino çəkilməyib, onların həyatları, döyüş yolları ekranlaşdırılmayıb. Amma belə oğullar haqqında dastanlar, poemalar yazılıb, qəhrəmanlıqları oçerklərdə əks etdirilib, kitablaşdırılıb. Xeyrulla İbrahimov haqqında maraqlı bir kitab yazılıb ərsəyə gətirilib. “Ruhum Qarabağda qaldı” adlı kitabın müəllifi tanınmış jurnalist, istedadlı qələm sahibi Tamilla Teymurqızıdır. Özünü şəxsən tanımasam da, imzasına müxtəlif yazılarda rast gəlmişəm. Əvvəlcə qeyd edim ki, belə kitab yazmaq olduqca çətin və məsuliyyətli işdir. Müəllif hər sətrinə, cümləsinə ehtiyatla yanaşır, ifadələri ustalıqla işlədir ki, şəhidin ailəsinə toxunmasın, onun qəlbini oxşasın, həm də bu prosesdə yaddan çıxan bir nəfər belə olmasın. Bu mənada Tamilla xanım məsuliyyətli və ağır işin öhdəsindən məharətlə gəlib. Bu münasibətlə həmkarımı təbrik edib ona yeni yaradıcılıq uğurları arzulayıram.
Kitabda müxtəlif bölümlər var. Giriş hissəsi şəhid Xeyrullanın şərəfli, gənclərə örnək olası tərcümeyi-halı ilə başlayır. Biz də həmin gənclərin şəhidimizi unutmamaları üçün onun tərcümeyi-halını bir daha xatırladırıq.
Xeyrulla İbrahimov 19 aprel 1971-ci ildə Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978-1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb.
O, 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.
X. İbrahimov 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.
1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan Xeyrulla İbrahimov 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də "Baş leytenant" hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə kapitan hərbi rütbəsi verilib.
1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət edən Xeyrulla İbrahimov 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Academiyasında dinləyici olub. 2000-ci il iyunun 30-da mayor hərbi rütbəsi verilib.
O, 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini — MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da polkovnik-leytenant hərbi rütbəsi verilib.
2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Növbəti 7 il ərzində Xeyrulla İbrahimov hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə 2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissənin, 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər isə Naxçıvan şəhərində yerləşən "N" sayı hərbi hissənin komandiri olub.
Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. 20 il davam edən qüsursuz xidməti ərzində "Kobra" ləqəbini qazanıb.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədildi və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verildi. Könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimova dərhal müsbət cavab verildi və o, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollandı.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Ermənistan Ordusunun rəhbərliyi döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsinə pul ödənişi belə təyin etmişdi. O, oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid oldu. II Şəhidlər Xiyabanında dəfn edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı, 15.12.2020-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Xeyrullanın təltifləri bununla bitmədi. Belə ki, o, ölümündən sonra Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə", 24.06.2021-ci il tarixli sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qaldı.
İki il əvvəl çapdan çıxmış bu kitab haqqında şəhid Xeyrula İbrahimovun ailəsinin qonağı olarkən eşitmişdim. Tirajı az olduğu üçün Xeyrullanın anası Xalidə xala Hacı İlqarla mənə demişdi ki, təkrar çap olunanda mütləq bizim payımızı çatdıracaq. Novruz bayramı öncəsi Xalidə xala telefonla zəng zamanı bildirdi ki, ikinizə də kitab ayırmışam və yaxın qohumu dəyərli basqallımız Vüqar Zeynalovla göndərəcək. Bəli, Vüqar qardaşımız kitabı Hacı İlqar vasitəsilə mənə çatdırdı.
Budur, “Ruhum qaldı Qarabağda” kitabı stolumun üstündədir. Vərəqləyirəm, çox orijinal, sadə dildə yazılmış kitaba marağım birə on qat artır. Kitaba “Şəhid ruhlarına elegiya” adlı “Ön söz”ü tanınmış jurnalist-publisist, filologiya elmləri doktoru, professor, hər şeydən öncə, gözəl insan Qulu Məhərrəmli yazıb. Qulu müəllim yazır ki, damarlarında döyüşçü qanı axan, artıq istefada olan Xeyrulla İbrahimov da həmin tarixdə (27 sentyabr 2020-ci il nəzərdə tutulur – müəllifdən) Vətənin çağırışına səs verərək könüllü olaraq cəbhəyə yollandı: “Hərb işinin mükəmməl bilicisi, mükəmməl artilleriyaçı olan X.İbrahimov yüksək hərbi vəzifəyə - korpus rəisliyinə təyin edildi. İşğal altındakı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə dəqiq həmlələrlə düşmən mövqelərinin darmadın olunmasında iştirak etdi. Lakin tale Şuşaya gedən yolu açanlardan biri olan bu qəhrəman döyüşçüyə Azərbaycanın cənnət guşəsinin alınmasını görməyi qismət etmədi. Cəsur döyüşçü oktyabrın 26-da gedən döyüşlərdə şəhid oldu... O, həyata gözlərini əbədi yumduğu anlarda bu ölümdən xəbərsiz olan ana Xeyrullaya dayanmadan zəng edərək ona oğlunun ad gününü təbrik etməyi xatırlatmağa çalışırdı... ”
Tamilla xanım müqəddimədə kitabın yazılma məramını, məqsədini qeyd edir və bildirir ki, övlad itkisinin nə olduğunu o qədər gözəl bilir ki... İllərlə bunu anasının yol çəkən baxışlarında, bəyaz saçlarında, oğul adı çəkiləmdə səyriyən dodaqlarında, axan göz yaşlarında görüb: “Həmin o illəri mən anan Xalidə xanımla görüşdüyüm bir neçə saaat ərzində yenidən yaşadım. O danışdı, mən dinlədim, ehtiyatla verdiyim sualları özünəməxsus xanımlıqla cavablandırdı, için-için ağladı. Çox astaca dedidyi: “Xeyrulla üçün çox darıxıram” sözləri həmin anda bir cahanın ana fəryadı kimi gəldi mənə. Və yalnız bu görüşdən sonra tərəddüd içində qaldığım qərara nöqtə qoydum. Sənin xatirən üçün arzu olunan kitabı Allahıma təvəkkül edib, qələmimə güvənərək ərsə gətirəcəyəm, şəhidim. Çünki yoxluğunuza varlığımızı borcluyuq!”.
Atası Mais əminin xatırlamasında maraqlı məqamlar çoxdur. Onun fikrincə, valideynin övlad itkisini yaşamaq çox ağırdı: “Buna dözmək də, onun yoxluğu ilə barışmaq da ata-anadan böyük səbir tələb edir. Səbir isə Allahın adlarından biridir, ona qarşı kim çıxa bilər ki... İlk övladım idi Xeyrulla. Ona atamın adını qoyduğumdan tez-tez zarafatla mənə: “Bax, mənim oğlumsan, bunu unutma” deyirdi. Aralarında ya. Fərqi çox olmasa da özündən sonra gələn bacısına və qardaşına hər zaman ona güvənə biləcəklərini kişik yaşlarından hiss etdirib”. Və atanın xatirəsi bu fikirlərlə tamalanır: “... Oğlu deyəndə ki, ata, sən bizə lazımsan, Xeyrulla ona: “Mən də Vətənə lazımam” deyib getmişdi...”.
Şəhid anası Xalidə xanım Xeyrulla ilə bağlı xatirələrini bölüşür, onun şərəfli həyat yolunun məqamlarına toxunur, oxucuya oğlunun döyüş yollarından maraqlı bilgilər verir. Və xatirələrini bu fikirlərlə yekunlaşdırır: “Oğlum müharibəyə şəhid olmaq arzusu ilə getmişdi. Bunu bizlərlə söhbət edəndə də deyib, müharibədə bir polkovnik yoldaşına da. Xeyrulla arzusuna çatdı, lakin özündən sonra iki boynubükük bala, qəlbi qan ağlayan bir ana qoyub getdi...
... Xeyrulla mənim üçün hər kəsdən fərqli Tanrı payım idi. Bu gün onu nə övladlarım, nə də təsəllim olan o iki yadigar nəzəm əvəz edə bilir. Çox darıxıram Xeyrulla üçün. Lakin bir şəhid anası olaraq oğlumla o qədər qürur hissi yaşayıram ki,.. Çünki Qarabağ kimi ağır dərdi o, övladlarının çiyninə bir yük qoyub getmədi. Dövlətimiz oğlumun şəhadətinə böyük ehtiram göstərərk yüksək qiymətləndirdi. Ümid edirəm ki, onun layiq olduğu “Vətən Müharibəsi qəhrəmanı” adını alacağı günü də Tanrı mənə nəsib edəcək”.
Qızı Ləman xanımın acı göz yaşları ilə yazdığı xatirəni oxuyub biz də kədərlənir, onun dərdinə şərik olmağa çalışırıq. Yazısına əvvəldə də, sonda atasının anasına həsr etdiyi şeirdən iki bəndi əlavə edib. Bu misraları həyəcansız oxumamaq mümkünsüzdür:
Bir ölüyəm, gəzirəm torpaqda sənsiz,
Bir ölüyəm, uçuram ruhsuz, bədənsiz.
Sən bəlkə anlamırsan nə demək sənsiz?
Küləyəm, havatyam qalmayıb bu hiss.
Qoyub getdin sən məni, ömür dilbərim,
İndi söylə, həyatda sənsiz neyləyim?
Bu boşalmış dünyanı hüzur eləyim?
Ya da başqa çarə var – gözlə mən gəlim.
Ləman xanım atasızlığı, anasızlığı dərk edərək çarəsizliyini dilə gətirir: “Ömrü verən də, qədəri yazan da Allahdı, bunu bilirəm. Tanrıma yalvarıram ki, heç kəsin qapısını vaxtsız əcəl döyməsin. Ömür boyu bu ağrı ilə yaşasam sa, yenə də sizdən görüb-götürdüyüm kimi şükürlü olacağam, çünki nə vaxtsa ruhlarımızın qovuşacağını bilirəm”.
Ömürlük xatirə qoyub getdi deyən oğlu Anar isə atasına xitabən müraciət edir: “Ata, illər keçəcək, yaş üstünə yaş gələcək. Nə vaxtsa ocağından sənin adını daşıyan bir körpənin səsiətrafa yayılacaq. O körpə səni də, anamı da şəkillərdən tanıya-tanıya, Ləmanla mənim danışdığım xatirələri dinləyə-dinləyə böyüyəcək. Hansı yolu tutacaq, onu bilmirəm. Amma əminəm ki, daşıdığı ada mütləq layiq olacaq”.
Onsuz bir ömrümün olacağına inanmazdım deyir bacısı İlhamə xanım: “Bir məsəl var: “Qardaş ata və anadan qalan mirasdır”. Sən bunu mənə çox gördün, qardaşım, çünki özünün Vətən adlı mirasına sahib çıxdın”.
- Kaş onu yenə də tapa biləydim, - deyə xatirələrini oxucularla bölüşür qardaşı Zaur İbrahimov: “Xeyrulla ilə sonuncu danışımızdan bir az sonra dayanmadan ona zəng çalmağa başaldım. Lakin zənglər cavabsız olaraq da qaldı. Mən ona o qədər arxayın idim ki, qardaşımın qələbə ilə qayıdacağına qəti şübhəm yox idi. Amma o, şəhadəti daha üstün tutdu...”.
Kirabln müxtəlif bölümlərində Xeyrulla İbrahimovun yaxın qohumlarının, döyüşçü dostlarının xatirələri, fikirləri də yer alıb. Bu yazımızın genişliyini, böyüklüyünü nəzərə alıb həmin xatirələri sonrakı yazımıza saxlayırıq.
Və sonda əlavə edim ki, Vətəni sözlə yox, əməllərimizlə sevməyi və sevdirməyi bacarmalıyıq. Mən müstəqil Azərbaycanın övladı olmaqdan qürur duyuram. Bu dövləti sevməyi, sevdirməyi, təbliğ etməyi özümə ən böyük borc bilirəm.
Şəhidlərimiz Vətənini sevdilər. Bu sevgi müqəddəs sevgidir. Bu sevgi sipərə dönən sinədir, bu sevgi Vətən yolunda qurban verilən "can"dır. Şəhidlər ölməz, yaddaşlarda, əqidələrdə yaşayarlar. İllər keçsə də, unudulmaz, daim anılarlar. Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Biz azadlığımızın, istiqlalımızın carçısı olan şəhidləri – Xeyrulla Mais oğlu İbrahimovu ən səmimi hiss və duyğularla anırıq – dastanlarda, hekayələrdə, poemalarda, kitablarda.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


















