Xəbərlər / Nesr
5.10.2023, 22:58
VƏTƏN UĞRUNDA ÖLÜM HƏYATIN DAVAMIDI - FOTOLAR
VƏTƏN UĞRUNDA ÖLÜM HƏYATIN DAVAMIDI
Elçin Süleymanov da şərəfli ölümü ilə ölümsüzlüyə qovuşdu
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: ŞƏHİDLİK ZİRVƏSİ! Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, unudulub gedir, elə gün də var ki, heç vaxt unudulmur, daim xatırlanır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər! Gözlərimiz hər gün açıb baxdığımız bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq!
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq!
Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər!
Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan yolda canlarını fəda edənlərdir şəhidlər (Yaşadığımız son 30-35 ilin reallığı budur ki, buna səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olub)!
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər!
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, xalqın kimliyini, mənliyini qoruyan insanlardır şəhidlər!
Bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır şəhidlər!
Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik olsa da, dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar.
Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Canını Vətənə qurban edən şəhidlərdən biri də Elçin Tehran oğlu Süleymanovdur. 29 noyabr 1991-ci ildə Füzuli rayonunun Bəhmənli kəndində dünyaya göz açmış bu igid eloğlumuz kənddəki orta məktəbdə on il təhsil almışdı. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra 2010-cu ildə həqiqi hərbi xidmətdə olmuş və 2011-ci ildə başa vurub el-obasına qayıtmışdı. 2014-cü ilin mart ayından müddətdən artıq hərbi xidmətçi kimi yenidən döyüşən ordu sıralarında xidmətə başlamışdı. 2016-ci ilin aprel döyüşlərində igidlik və fədakarlıq nümunəsi göstərmişdi. 27 sentyabr 2020-ci il İkinci Vətən savaşında da ilk günlərdən qanlı döyüşlərə atılmış, düşmənin xeyli hərbi texnikasını və canl qüvvəsini məhv etmişdi. 44 günlük savaşımız ordumuzun qələbəsi ilə başa çatdı. Amma Elçin bu günləri görə bilmədi. Çünki 30 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunda gedən döyüşlərdə gözlərini əbədiyyətə yumaraq şəhidlik zirvəsinə ucaldı. Şəhidliyindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Elçinin 1 övlad yadigarı var.
Bu tanıtma xarakterli məlumatları 33 illik jurnalist dostum, “əmioğlu” kimi müraciət etdiyim “Əməkdar jurnalist”, “Ədalət” qəzetinin şöbə müdiri Faiq Qismət oğlu Hüseynovun bu yaxınlarda çapdan çıxmış “Dünyanın o üzü” kitabından (ideya müəllifi Zeynəb Bəhmənli, redaktoru Sabir Hüseynovdur) götürmüşəm. Əvvəlcə qeyd edim ki, “Dünyanın o üzü” müəllifin ilk kitabıdır. Uzun müddət arzusunda olmuşam ki, dostumun kitabı dərs edilsin, biz də onun sevincinə şərik olaq. Nəhayət, Faiq müəllim bu sevinci özü kimi, bizə də yaşatdı.
Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Faiq Qismətoğlunun bu əsəri ilə rahat oldu şəhid Elçinin ruhu! O da əllərdə olan bir Azərbaycan övladıdır! Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi var. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın, Elçin Süleymanov kimi şəhidlərimizin ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Elçinin hünəri ilə tanış olduqdan sonra gərək deməyək ki, Vətən bizim üçün nə edib. Fəxarət və qürurla deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Elçin Tehran oğlu Süleymanov kimi oğullarımızın işğal altında inildəyən torpaqlatrımızın azad olunmasına, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün, bizim hər birimiz üçün qürurvericidir. Bu kitabı oxuyub tanış olduqdan sonra Elçinin ailəsinin, oxuduğu məktəbin kollektivinin, yaşadığı kəndin əhalisinin, döyüşçü yoldaşlarının fəxr edib, qürur duyduğunu hiss etmək elə də çətin deyil.
Faiq müəllimin zehninin məhsulu olan “Dünyanın o üzü” kitabını vərəqlədikcə Elçinsevərlərin göz yaşlarını, bir gözü ağlar, bir gözü də gülər olan füzulililərin kədərini hər sətirdən, hər kəlmədən görmək olur. Elçin kimi mərd ürəkli igidlərin gözlərində vətən sevgisindən uca heç nə yoxdur. Geridə qoyduqlarını Allaha, dövlətə əmanət edərək cəsur ürəklə düşmənə sipər olmağa gedən igidlərimiz kimi, Elçin Süleymanov da döyüşə atılarkən yalnız bir fikir barədə düşünürdü: düşmənə qan uddurmaq, həsrət çəkdiyimiz torpaqlarımız uğrunda döyüşmək və bu yolda şəhadət şərbətini içmək!
...Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid övladlarımızdan birinin bu günlərdə dəfn mərasimində eşitdiklərim və gördüklərim Faiq Qismətoğlunun mənə verdiyi bu kitab haqqında yazacaqlarımı tezləşdirdi. Öz hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.
Həmin səhnə məni varımdan yox elədi. Burada səsləndirilən ağrılı-acılı fikirlər məni bu sətirləri yazmağa vadar etdi: - Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yarında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu, bir ata üçün çox çətin və əzablı olardı. Min əziyyətlərlə böyütdüyü oğluna nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, - deyir, oğlunun nəşi üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarından təskinlik tapır... Hər kəs baş əyir məzarının önündə, "səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni" deyir.
Elə Faiq müəllimin kitabını oxuyanda həmin səhnə gözlərim önünə gəldi və Elçin Süleymanovun şəhidliyinin əzəməti atasıTehran kişinin, anası Xalidə xanımın, əmisi hacı Təbrizin, həyat yoldaşı Aminə xanımın, qızı Xalidənin, qardaşı Telmanın, bacısı Nübarın, digər qohumlarının, yaxınlarının, dostlarının fəxarətli, qürurlu fikirləri qəlbimi göylərə qaldırdı: Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Elçin Süleymanov da özünün şərəfli ölümü – şəhidliyi ilə uca zirvəyə, ali məqama yüksəldi. Və bundan sonra bu qənaətə gəldim: Vətən uğrunda ölüm həyatın davamıdı!..
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay