45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Cəmil Zəbhulla oğlu Dadaşov..
![]()
Salam hörmətli və dəyərli seçicilərim!
Mən təbliğat-təşviqat kampaniyasına 45 saylı Abşeron seçki dairəsi ərazində yaşayan yüzlərlə vətəndaşın xeyir-duasını alaraq start vermişəm. Mənim üçün deputat olmaq xalqına vicdanla xidmət etmək, Azərbaycanı yerli və beynəlxalq tribunalarda qürurla təmsil etmək deməkdir. Deputat olmaq hər bir seçicinin qayğısına qalmağı, hər bir seçiciyə diqqət göstərməyi tələb edir. Ötən dəfə də Milli Məclisə seçkilərə bu dairədən namizədliyimi irəli sürmüşdüm. Söz vermişdim ki, deputat seçilsəm Sizin yanınızda olacaq, müraciətlərinizin öz həllinin tapmasına çalışacağam. Bu gün də bu imkandan istifadə edərək bir daha bəyan edirəm: seçki kampaniyasının demokratik, sivil qaydada, yüksək mütəşəkkilliklə keçiriləcəyinə əminliyimi ifadə edir və bütün rəqiblərinə hörmətlə yanaşıram.
Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı üzrə çoxlu sayda dövlət proqramları qəbul olunur. Azərbaycan inkişaf edir, dünya miqyasında əsl söz sahibinə çevrilir. Bütün bunlar isə prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçısı qeyd edirdi ki, o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Vaxt ötdükcə hər bir insan bunun şahidi olur.
Dəyişən dünyanın dəyişən reallıqlarına adekvat münasibət ortaya qoymaq, milli şüur və düşüncəmizi, milli kimliyimizi qorumaq baxımından həm də böyük ictimai missiya yerinə yetirən Mllli Məclisin qarşıdakı beş ildə görəcəyi işlər həddindən çoxdur. Milli Məclisin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının aradan qaldırılmasına yönələn təşəbbüsləri, ətraf aləmdə baş verənlərə münasibətdəki çevikliyi yekun nəticə etibarilə hər bir vətəndaşda dövlətinə inamı artırır, milli şüur və milli kimlik hissini daha da möhkəmləndirir. Vətəndaş dəstəyini hiss edən hər bir dövlətin əzmi də bundan asılıdır.
Ona görə tam sərbəst formada deyə bilərəm ki, Ali qanunverici orqanın fəaliyyət mütəhərrikliyi xalqın onu necə formalaşdırmasına bağlı olan məsələdir. Kimə dəstək verməsindən asılı olmayaraq mən Azərbaycan xalqının layiqli seçim edəcəyinə inanıram. Sizlərin layiqli namizədiniz olmaq istəyimi ifadə etmək üçün seçkilərə qatılmışam.
Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, dövlət başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı bu siyasi kursun icrasına dəstək bundan sonra da dönməz xarakter daşımalıdır. Hesab edirəm ki, Milli Məclisin deputatı olmaq istəyən şəxs məhz bunu düşünməli, əməli fəaliyyətini, bacarığını mövcud istiqamətdə səfərbər etməli, xalqın istək və arzularının ifadəçisinə çevrilməli, məramı səmimiyyətdən, Vətənə, vətəndaşa, dövlətçiliyə sədaqətdən yoğrulmalıdır. Mən namizədliyimi sizlərə sadiqlik əzmimi ortaya qoyaraq irəli sürmüşəm. Sizlərə loru desəm, qızıldan dağlar vəd etmirəm. Üzləşdiyiniz problemlərin həllində yardımçı olmağı, dostunuz, qardaşınız olmağı vəd edirəm. Parlament üzvü seçici etimadına layiq görüldüyü bölgə ilə nəfəs almalıdır. Bölgənin üzləşdiyi çətinlik onun Milli Məclisdəki çıxışlarının tezislərinə çevrilməlidir. Mən bunun üçün özümdə güc hiss edirəm.
Hörmətli abşeronlular!
Abşeron rayonunun qəsəbə və kəndlərinin əhalisi üçün xarakterik olan problem və çətinliklərdən xəbərdaram, bu problemlərin həlli üçün konkret işlənib hazırlanmış planla seçicilərin qarşısına gəlmişəm. Mən onların hansı problemlərdən əziyyət çəkdiklərdən, hansı çətinliklər ilə gündəlik həyat fəaliyyətlərində qarşılaşdıqlarından xəbərdaram və bu cür problemlərin, çətinliklərin müasir dövrdə minimum həyat şəraiti üçün də uyğun gəlmədiyini bilirəm. Məhz buna görə də onlarla birlikdə, bir məqsəd və amal uğrunda çalışmağı özümə şərəf bilərək burdayam. Abşeronun çox böyük potensialı var və bu potensialı işə salacaq sistemi yaratmaq kifayətdir ki, sistem özü problemlərin öhdəsindən gəlsin, Abşerona yaraşmayan problemləri, işsizlik kimi qlobal xarakterli bəlanı aradan götürsün.
Artıq 2-ci dəfədir seçki kampaniyasında iştirak edirəm. Yenə də bu missiyanı mənim üçün doğma olan Abşerondan davam etdirmək istəyirəm. İnanıram ki, seçkilərdə yüksək fəallıq nümayiş etdirərək Milli Məclisdə sizi ən layiqli şəkildə təmsil etmək bacarığı olan şəxsə səs verəcəksiniz.
Depuatatlığa namizəd kimi seçki platformamda yer alan başlıca müddəalardan biri də Azərbaycan həqiqətlərinin təbliğidir. Əlbəttə, Milli Məclisin deputatı seçiləcəyim təqdirdə qatılacağım beynəlxalq tədbirlərdə bu işi həyata keçirəcəyəm. Xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə durmadan çatdırılmasına böyük ehtiyac var. Ancaq hesab edirəm ki, bu işə daha fundamental yanaşma mediadan keçir. Mütərəqqi ənənərə malik Azərbaycan mediasının fəaliyyətinin bir qədər də təkmilləşməsi, yeni çalarlar əldə etməsi qanunvericilik təşəbbüslərindən də asılıdır. Zaman-zaman, nəşrə başladığı 2003-cü ildən bəri təsisçi olduğum “Ədalət və həqiqət” qəzeti də yaralı yerimiz olan Dağlıq Qarabağ probleminə toxunub, qloballaşmaqda olan bu problemə öz mövqeyindən çıxış edib və bundan sonra da həmin missiyanı davam etdirəcək.
Bir sözlə, mənim fəaliyyətim Sizin gözünüz qarşısındadır. Mən heç kəsdən, heç nədən çəkinməmişəm, çəkinmirəm və bundan sonra da çəkinməyəcəyəm. Mən söz verməyi də xoşlayan insan deyiləm. Ancaq çalışmışam ki, fəaliyyətim boyu xalqıma, dövlətimə, seçicilərimə ləyaqətlə, şərəflə xidmət edim. Nə etmişəmsə də, bu, mənim borcumdur. Mənim kimdənsə gizlədiləsi heç nəyim yoxdur. Mən bu günə kimi xalqım, dövlətim, seçicilərim üçün nə etmişəmsə çalışacağam ki, bundan sonra da əlimdən gələni xalqım, dövlətim, millətim, seçicilərim üçün əsirgəməyim.
Diqqətinizə görə təşəkkür edirəm.![]()
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










