ALTI MEHRİBAN DOST
ALTI MEHRİBAN DOST

Onların ikisi – Lətif Süleymanlı və Məhəmmədəli Mustafa xatirələrdə işıqlı və nurlu adam kimi yaşayır…

2 il əvvəl biz dostları tərk etmiş tanınmış filoloq, ədəbiyyatçı, istedadlı jurnalist Məhəmmədəli Mustafayevin (Məhəmmədəli Mustafa) sentyabrın 1-də ad günüdür. Onun haqqında əvvəlcə mənə “əmi oğlu” deyə müraciət edən istəkli dostum, qardaş qədər xətrini istədiyim qələmdaşım Faiq Qismətoğlunun, indi isə istedadlı yazar, digər əvəzedilməz dostum Asif Talıboğlunun kövrək duyğulu yazılarını oxudum. Nəinki kövrəldim, için-için, zülüm-zülüm ağladım. Bu hiss məni tərk etməmişdi ki, Faiq qardaşım telefonla zəng edib Asif müəllimin yazdığı xatirənin feysbuk variantını oxuya bilmədiyini bildirdi. İkimiz də Məhəmmədəlinin ruhuna dualar edib Asif müəllimin ünvanına özlüyümüzdə təşəkkürümüzü etdik. Bu yazıya başlamazdan əvvəl Bakı Dövlət Universitetində xarici ölkələr ədəbiyyatından oxuduğum bir nağıl yadıma düşdü. Bu, Birma xalqının “Beş mehriban dostun nağılı”dır.
“Keçmiş zamanlarda dörd qardaş, bir də onların ən yaxın dostu və nökəri var idi. Ancaq bu nökər adi nökərlərdən deyildi. Buna yaxşı olardı ki, böyük dost, başçı deyəydin, çünki bu, dörd qardaşın dördündən də qüvvətli və təcrübəli idi.
Bu böyük dostun adı Qüvvətlicə idi. O, ucaboy deyildi, ancaq ətli-canlı və qüvvətli idi, ona görə də ona Qüvvətlicə ad qoymuşdular. Qardaşların böyüyünün adı Davakar idi, çünki, o, həmişə hamıdan qabaq dava-dalaş salardı.
İkinci qardaşın adı Hamıdanuca idi. Çünki o, doğrudan da qardaşların hamısından uca idi.
Üçüncü qardaşın adı Xəzinədar idi, çünki qayğıkeş, yığımcıl və ehtiyatlı idi.
Dördüncü qardaş da boyca hamısından kiçik olduğu üçün ona Balaca deyirdilər.
Bu beş mehriban dost uzun müddət dünyanı gəzib dolaşdı və cürbəcür igidliklər göstərdi. Bir dəfə də onlar zalım bir padşahın şəhəri olan böyük və varlı bir şəhərə gəlib çıxdılar.
Qüvvətlicə dedi:
- Bəsdir daha dünyanı gəzib dolaşdıq və xırda-para, boş-boş işlərlə məşğul olduq! Bunlarla biz ad-san qazanmayacağıq. Yaxşısı budur, gəlin, bu padşahın yerini ələ keçirib şəhəri zalım padşahın zülmündən azad edək. Onda adamlar bizim adımızı həmişə şərəflə yad edəcəklər.
Qardaşlar razılaşdılar. Beş hörmətli dost şəhərin qızıl divarlarına yaxınlaşdı.
Davakar qabağa çıxıb padşahı davaya çağırdı. Şiddətli vuruşma başlandı. Beş mehriban dost padşahla və onun qoşunu ilə mübarizəyə başladı. Bu davada Hamıdanuca xüsusilə fərqləndi. Axırda zalım padşah məğlub oldu, şəhər də azad edildi.
Beş mehriban dost da oturub fikirləşməyə başladı ki, şəhəri kim idarə etsin?
Dörd qardaş deyirdi ki, şəhəri gərək Qüvvətlicə idarə etsin, çünki Qüvvətlicə onların başçısıdır və hamısından da böyük və təcrübəlidir.
Qüvvətlicə razı olmadı. O, dedi ki, şəhəri gərək Davakar idarə etsin, axı padşahı davaya o, çağırıb və döyüşü də başlayıb. Davakar da razı olmadı. O, dedi ki, şəhəri gərək Hamıdanuca idarə etsin, çünki o, hamımızdan zirək vuruşurdu və bizə qələbə qazandıran da odur.
Ancaq Hamıdanuca da razı olmadı. O, dedi ki, şəhərin bu qədər varı-dövləti var, o bunu sayıb qurtara bilməz! Yaxşısı budur ki, Xəzinədar şəhərin başçısı olsun.
Ancaq Xəzinədar da razı olmadı. O, dedi ki, şəhəri gərək Balaca idarə etsin, çünki o, hamımızdan kiçik və zəifdir. heç vaxt özü üçün başqa padşahın yerini ələ keçirə bilməz. Ancaq Balaca dedi ki, o, çox zəifdir, ona görə də yaxşı hökmdar ola bilməz.
Beş mehriban dost çox götür-qoy etdi, axırda belə qərara gəldi: “Şəhəri, beşimiz də birlikdə idarə edək!”. Qərara aldıqları kimi də elədilər. Dünyada bu beş mehriban dost kimi hakim, yer üzünə gəlməmişdi.
İndi də, uşaqlar, öz əlinizə baxın. Sizin də beş mehriban dostunuz var ki, bunlar da sizə canla-başla işləməyə hazırdırlar. Baxın görün: sizin böyük barmağınız - Qüvvətlicədir: o qüvvətli və möhkəmdir. Şəhadət barmağınız - Davakardır: axı siz birini hədələmək istəyəndə şəhadət barmağınızı onun üçün silkələyirsiz. Sizin orta barmağınız - Hamıdanucadır: o elə doğrudan da o biri barmaqlardan böyükdür. Adsız barmaq Xəzinədardır, çünki böyüklər qızıl və gümüş üzükləri bu barmağa taxırlar. Sizin çeçələ barmağınız isə Balacadır - bu barmaq həm balacadır, həm də zəif və gülməlidir!
Bax, görürsüz, demək sizin də hər şeydə sizə kömək etməyə hazır olan beş mehriban dostunuz var. Onlar sizə xoşbəxt olmaqda kömək edərlər”.
***

Məhəmmədəli Mustafa da dostluğa çox əhəmiyyət verərdi...
Dostluq kəlməsinin hikmətini, əzəmətini çox uca tutardı. Deyərdi, bəxtiyar o insandır ki, ayrılmaz duyğularla bağlandığı, tapdığı sadiq dostları var. Adama arxadır, dayaqdır dost. Elə bu səbəbdən “dostum qonaq gəlir”, – deyəndə gözlərində parlayan balaca bir uşaq sevincini doğmaları, dostları dərindən hiss edərdi. Bu gün qovuşduğu axirət dünyasından bizi qürur və sevinclə seyr edən Məhəmmədəli Mustafanın əsl dostluğundan, fədakarlığından danışıram.
Dostluğu elə gözəl ifadə edir, həvəslə səsləndirirdi ki, dostu olmayanlar onu bircə dəfə görsəydilər, mütləq dost axtarışına çıxardılar. Çünki elə bir zirvəyə qalxmışdı ki, hamı həsəd aparırdı. O zirvə çox mötəbər yerləri fəth etmək gücünə sahib idi. Onun dostum dediyi sevdiklərini sıralasaq, birinci dostu qardaşı Azər, digər dostları isə ailə və ailəsi qədər sevdiyi ən yaxın mənəvi dostları idi. Hətta dostlarının hərəsini ailəsinin bir üzvü hesab edirdi. Dostuna elə ürəkdən bağlanır, elə sahib çıxırdı ki, yer-yerindən ayrıla, qalaktika dünyadan üz çevirə, dostlarının təəssübünü kimsəyə verməzdi…
Gürcüstanın Borçalı elində, Dmanisi rayonunun Az.Gəyliyən kəndində dünyaya göz açmış M.Mustafa orta məktəbdə oxuyanda ədəbiyyata, ana dilimizə böyük maraq göstərər, bu fənndən həmişə “5” alardı. Digər fənlərə də maraq və həvəs göstərərdi, amma ədəbiyyatı daha çox sevərdi. Özünün tutarlı, dürüst cavabları ilə müəllimlərini heyran edər, sinfi isə sükuta qərq edərdi. Bütün nəzərlər ona dikilərdi. Sinif yoldaşlarının gözündə çox böyüyərdi… Və böyüyə-böyüyə gəlib günlərin birində ali məktəb tələbəsi oldu. Özünü indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin auditoriyasında hiss edəndə bəlkə də ondan xoşbəxti yoxuydu dünyada… Ata-anası uzaq Gürcüstandan bu xəbəri eşidəndə Məhəmmədəlinin ayaqları altında qoç kəsməyi qərara aldılar. Kəndə gedəndə hamı – uşaqdan böyüyədək sevinir, müəllimləri fərəhlənir, əziyyətlərinin yerdə qalmadığını qeyd edirdilər. Ən çox sevinən, qürurlanan isə təbii ki, valideynləri, doğmaları idi…
Ali məktəbi də əla qiymətlərlə başa vurdu, aspiranturada təhsil almağa başladı. Bir sıra sahələrdə çalışdı. Öyrəndi, təcrübə topladı. Mətbuata isə 1990-cı il iyulun 26-da ilk dəfə nəşr edilən “Ədalət” qəzetindən başladı. Əslində bizim dostluğumuz, yoldaşlığımız də elə həmin ildən, bu qəzetdən başlamışdı. Ötən yazılarımda qeyd etmişdim ki, şəxsi dostluq ailəvi dostluğa çevrilmişdi. Məni onun ailələrində hamı tanıyırdı, Gürcüstanda evlərində olmuşdum. Bacısının ömür-gün yoldaşı Vidadi Orucovla da şəxsən tanışlığımız və dostluğumuz bu gün də davam edir. Onlar qohum yox, sanki bir-birinə qardaş olublar. Şəxsən mən bu qohumluğa, dostluğa, qardaşlığa yaxşı mənada həsəd aparmış, çoxuna belə xoşmünasibətin olmasını tövsiyyə etmişəm. Qardaşı Azər də bu ailənin ləyaqətli, dəyanətli, elmli övladıdır.
Doğulduğu Az.Gəyliyən kəndi bizim Basqala çox oxşayır, deyərdim ki, elə bil əkiz qardaşdır bu iki kənd. Rəhmətlik atam, anam, əmim, gəlinbacım onu tanıyır, “əmi” deyə çağırdığım mərhum Miryavər Hüseynov bizim dostluğumuzu qəbul edirdi. Bir yay onsuz kəndə gedəndə onların gözü Məhəmmədəlini axtarar, aramızda bir şey olub-olmaması ilə maraqlanardılar. Mən isə sülh şəraitində çalışdığımızı və işlədiyimizi qeyd edirdim. Ondan sonra sakitləşirdilər… İndi həyatda nə Məhəmmədəli var, nə onun valideynləri, nə də mənim ata-anam… Amma beynimdə hamısının şirin, xoş xatirələri yaşayır…
Bəli, onunla “Ədalət” qəzetində nə az, nə çox – düz 13 il işlədik, çörək kəsdik, xeyir-şərimizdə iştirak etdik.. Bəzən bir-birimizlə dostyana zarafat edir, bəzən acıqlanırdıq. Amma heç bir gün keçməmiş heç nə olmamış kimi yenə münasibətimizi davam etdirirdik…
***

Savadlı alim kimi onu elm adamları qəbul edir, çoxu ondan öyrənir, faydalanırdı. “Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədə­biyyatının tədqiqi problemləri (akademik F.Qasımzadənin yara­dıcılığı əsasında)” mövzusunda namizədlik və “XIX əsr Azərbaycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədəbiyyatşünaslıqda” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi.
”XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda”, ”Ədəbiyyatşünaslığımızın xan çinarı” və “Akademik F.Qasımzadə” adlı elmi əsərlərin müəllifi kimi də yaddaşlarda qalıb.
Lənkəran Dövlət Universitetində (2004-2009-cu illərdə) və Sumqayıt Dövlət Universitetində (2005-2014-cü illərdə) pedaqoji fəaliyyətlə məşqul olmuşdu. Ömrünün sonundaək AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində Baş elmi işçi vəzifəsində çalışırdı.
Elmi özlərinə həyat amalı seçənlər bəşəri dəyərlərin zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Bu insanlar yaşadıqları mühitin hüdudlarına sığmır, hamı tərəfindən sevilir, böyük hörmət və ehtiramla qarşılanır, əsl ziyalı, vətəndaş vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, səriştəli, yüksək intellektli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi, dəst-xətti ilə tanınan Məhəmmədəli Mustafa oğlu Mustafayev də məhz belə - xalqına daim hörmət qazandıran, onun şərəfini yüksəklərə qaldıran alimlərimizdən idi. Bütün rahatlığını elmdə tapan, bu illər ərzində yalnız elmi ictimai fəaliyyəti ilə deyil, həm də xoş ünsiyyəti, təvazökarlığı, xeyirxahlığı ilə seçilən M.Mustafanın həyatda tutduğu yol - neçə-neçə nəslə elmin sirlərini öyrətmək, mənəviyyatımızın saflığını, zənginliyini qorumaq yolu olub. O, ədəbiyyat elmini daim inkişaf etdirən görkəmli alim, əvəzsiz tədqiqatçıdır.
Məhəmmədəlinin arxada qoyduğu illər mənalı bir ömürdən, bu ömrün daşıyıcısının işıqlı şəxsiyyətindən, yüksək amallara sərf edilmiş həyatından xəbər verir. Böyük alimin soykökünün xoş əks-sədası əsrlərin dərinliyindən eşidilir...
Görkəmli alimin bütün həyatı öz xalqının gözü qarşısında keçib... Dərin bilik və böyük nüfuza malik alimin sadə, təvazökar, ətrafındakı insanlarla mehriban münasibəti, xoş ünsiyyəti ona daim hörmət qazandırırdı. Məhəmmədəli Mustafa Vətəni üçün yaşamaqda və yaraqmaqda davam edirdi. Elmin cəfakeşi olan M.Mustafa onu tanıyanlara bir zəhmətsevərlik, Vətən təəssübkeşliyi, seçdiyi sənətə və tutduğu yola sadiqlik nümünəsi göstərərək yaşayırdı...
Yazımın əvvəlində beş dostun nağılından bəhs etdim. Biz isə altı dost olmuşuq: Asif Talıboğlu, Lətif Süleymanlı, Faiq Qismətoğlu, Lətif Quliyev, Məhəmmədəli Mustafa və mən. İndi isə 4 dost qalmışıq. Dünyalarını dəyişən Lətif Süleymanlı da, Məhəmmədəli Mustafa da bu gün xatirələrdə yaşayır. İşıqlı və nurlu adam kimi!
Və sonda Məhəmmədəlinin ruhuna dualar oxuyur və Allahdan rəhmət diləyirəm. Rahat uyu, əziz qardaş!
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031